Mənhəcin əsasları

Titulo

28.04.2008

Məscidimizin imamı ilə ümumi vəziyyət barədə söhbət

- Hazırda, əsasən bidət əhli, xüsusən də təkfirçilər və cihad camaatı hansı mövqedədir?

- Əlhəmdulillahu, vahdəhu, vas-salatu vassəlamu alə mənlə nəbiyyə badəhu, amma bəəd... Ümumi vəziyyət göstərir ki, təkfirçilər bir az geridə qalıblar, cihadçılar isə irəli keçiblər.

- Bunun səbəbi nədir?

- Burda bir neçə səbəb var. Birincisi, təkfirçilərin özləri gördülər ki, hamıya kafir deməklə sonda özləri kafir olurlar. Həmçinin, bəzi müasir alimlərdən hansısa yer üçün cihad demələridir.

- Məsələn, hansı alim? Açıq-aşkar deyib ki, harasa cihaddır və ora getmək lazımdır?

- Tanınmışlardan sadəcə biri - şeyx Cibrin demişdi, lakin onun bu cavabını sayta qoymuşuq. Amma o heç də deməyib ki, ora gedin, tam bəzi şərtlər yerinə yetirilməyincə.

- Hansı şərtlərdir?

- Məsələn, o ən azı 3 şərt qoyub. Birincisi, valideynlərin icazəsi, ikincisi, dövlətin icazəsi, üçüncüsü, əgər ora getmək ölkədə dəvətə zərər verməyəcəksə.

- Başqa alimlərdən hər hansı ölkə üçün cihad deyəni olubmu?

- Mötəbər alimlərdən heç biri deməyib, əksinə bütün alimlər cihadı elmlə aparmağı tövsiyyə edirlər.

- Onda ora getmək günahdırmı?

- Əlbəttə, ora getmək şəri çəhətdən böyük xətadır və günah doğura bilər. Əlbəttə, günahdır. Çünki valideynə qulaq asmamaq ən böyük günahlardandır. Çünki hətta cihadda peyğəmbər (s.a.v.) müsəlmanlardan valideynlərinin olmasını, halını soruşurdu və bəzisinə tövsiyə edirdi ki, qayıdıb valideyninə baxsın. Həmçinin, hakimə qarşı çıxmağında da günah qazanır. Həmçinin, dəvətə zərər nə olacaqsa, günahını o daşıyacaq.

- Ümumiyyətlə, bunlar nəyi dəlil götürürlər?

- Dəlilləri ümumidir, özləri gətirib, istədikləri halda istədikləri yerlərə tətbiq edirlər. Hamısı da savadsızlığın nəticəsidir. Din hissiyat üzərində qurulmamalıdır, din səhih dəlillər və onları düzgün tətbiq etmək üzərində qurulmalıdır. Əgər hər iki tərəfə fikir versəniz, təkfirçilər elə başa düşüblər ki, hamıya kafir deməlisən və əsas din hakimiyyətdir, cihadçılar da elə başa düşüblər ki, islam yalnız cihad eləməkdir, əsas odur ki, cihad eliyib orda şəhid olasan. Nəticədə dinin çox əhkamlarının vacibliyi onların qəlbində zəifləyib, hətta bəzilərinin vacibliyini görmürlər.

- Misal çəkə bilərsiniz?

- Məsələn, təkfirçilər deyirlər ki, hazırda həcc vacib deyil və ora getmək düzgün deyil. Bu islamın beş təməlindən birini dəlilsiz, sübutsuz və ixtiyarları çatmadan ləğv etməkdir. Çoxlarına fikir versəniz bu fikirlərə düşəndən sonra ibadətdə, hətta sünnəyə uyğun etməkdə zəifləyirlər. Çünki onları elə başa salırlar ki, islam elə budur, yəni hakimiyyət və ya cihad məsələləri islamın beş ərkanından da əsasdır və bunun da nəticəsində beş ərkan və digər vacibləri özləri də hiss etmədən yavaş-yavaş tərk edirlər. Sonda bəziləri hətta dindən də çıxırlar. Hətta onlardan biri bu yoldan qayıtdıqdan sonra mənə dedi ki, bu səhv fikrə düşməmişdən əvvəl gecə namazlarını buraxmazdım, o ki qaldı digər namazları. Amma bu yola düşəndən sonra artıq beş namazı tərk eləmək yolundaydım. Əslində onlar elə əsil murciyə özləridir. Çünki bütün əməlləri vacib görməyib tərk ediblər, əsas da o adamı mömin görmək elə özü ircadır. Sadəcə onlar oxusaydılar, düzgün yanaşsaydılar məsələlərə bu yola düşməzdilər.

- Son hadisələrdə biz eşitdik ki, yeni dövlət elan olunub - Qafqaz Əmirliyi, buna münasibətiniz necədir?

- Bilirsiniz, bunlar hamısı sadəcə iddia və boş çıxışlardan başqa bir şey deyil. Çünki biri meşədə oturub, hələ öz yerində səliqə-səhman salmayıb və belə iddia irəli sürməyi doğrudan da əsassızdır. Hətta peyğəmbərin (s.a.v.) zəif olduğu Məkkə dövründə belə çıxış etmədiyini görürük. Bu çıxışlar savadsızlıq, tələsmək, məsləhət və məfsədəni nəzərə almamaqla boş çıxışlardır.

- Əgər bir adam deyirsə ki, cihad fardul-eyndir, bu nəyə gətirib çıxarır? Çünki biz görürük ki, xüsusən də cihadçılar deyirlər ki, cihad həmişə fardul-eyndir.

- Təbii ki, ən birinci daim belə çıxışlar edən elə göstərmək istəyir ki, dində çətinlik var. Çünki biz görürük ki, peyğəmbər (s.a.v.) heç də həmişə döyüşməzdi, məsləhət olanda döyüşərdi, hərdən də sülhə gedərdi və s. O adam ki, hazırda cihada fardul-eyn deyir, demək istəyir ki, bunu tərk edən kafirdir. Həmçinin, demək istəyir ki, kim bu söhbətdən qaçırsa, o da kafirdir, bunu döyüşdən qaçan kimi zənn edirlər. Həmçinin bunu deyən adam vacib edir ki, döyüş meydanına getsin və döyüş meydanından ya qələbə ilə qayıtsın, ya da ölsün. Həmçinin bunu demək istəyir ki, hamı evini tərk edib getməlidir necə olursa-olsun. Bu da görün nəyə gətirib çıxarır. Evdə başçı qalmamaqla bu nəyə gətirib çıxarır. Bunların sözündən belə çıxır ki, hamı getməlidir, bununla da müsəlman ölkələri təhlükədə qalır, müsəlman torpaqları düşmənlər üçün açıq qalır. Həmçinin, bu cür çıxışlar heç də müsəlmanların qələbəsinə aparmır, əksinə dəvətə də böyük zərbə vurulur. Həmçinin, alimlər ittifaqdırlar ki, cihad özlüyündə fardul-kifayədir.

- Bəs nə zaman fardul-eyn olur?

- Üç halda cihad fardul-eyn olur - əgər biri döyüş meydanına gəlibsə, necə ki, Allah Təala buyurur: "Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın! (Düşməni aldatmaq məqsədilə yalandan özünüzü qaçan kimi göstərib) təkrar döyüş üçün bir tərəfə çəkilən və ya (kömək məqsədilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir" (Ənfal, 15-16). İkincisi, əgər düşmən əmin-amanlıqda olan bir müsəlman ölkəsinə düşməncəsinə giribsə, üçüncüsü, əgər hakim bir yerə döyüşə getməyi əmr etsə.

- Göründü ki, bu üç haldan ikincisini cihadçılar dəlil kimi göstərə bilərlər, bu cihadın hansı növü ola bilər - müdafiə yoxsa tələb?

- Bilirsiniz, indiki hadisələrə görə bunu heç kim dəlil gətirə bilməz. Çünki müdafiə cihadının növləri, halları, şərtləri var. Adicə sənin evinə kimsə girsə və sən döyüşsən, bu da müdafiə cihadıdır. Və ya düşmən gəlir, hətta qüvvə yoxdursa, geri çəkilməyə də imkan yoxdursa, heç kim demir ki, döyüşmə. Əks halda belə halda müraciət etmək lazımdır, tələsməmək, baxmaq lazımdır, qərarı da o yerə uyğun hakim və alim verir. Hazırda gedən döyüşlər orda müdafiə cihadı yox, tələb cihadına çağırışın olmasını göstərir, təbii ki, bu da səhvdir. Biz cihadı inkar etmirik, biz deyirik ki, islamda cihad var, sadəcə cihadın qaydası var.

- Müdafiə cihadında qüvvə nəzərə alınmalıdırmı?

- Bəli, necə ibn Teymiyyə (r.) və başqaları deyiblər, bəzi yuxarıda qeyd etdiyimiz hallar istisna olmaqla.

- Hazırda bəzi gedən yerlərdə müdafiəyə də qüvvə lazımdır?

- Buna şəkk yoxdur.

- Yəni ümumi tövsiyyəniz varmı?

- Ən birincisi, Allahdan qorxsunlar, Allahın və peyğəmbərin (s.a.v.) əmrlərinə tabe olsunlar, asilikdən çəkinsinlər. Çalışsınlar elm öyrənsinlər. Müsəlmanların bu vəziyyətə düşməsinə səbəb savadsızlıq və dindən uzaq düşməkdir. Allah hamımızı dində sabit etsin və müsəlmanlara kömək olsun. Amin!

Blogger tarafından desteklenmektedir.