Mənhəcin əsasları

Titulo

11.09.2008

"Əbu-bəkr"məscidinin imamı Qamət Süleymanov tərəfindən mətbuat açıqlaması

Əbu-bəkr" məscidində 17.08.2008-ci il tarixində törədilmiş terror aktı ilə bağlı KİV-də vaxtaşırı məlumatlar yer alır. Təəssüflə qeyd etmək istəyirəm ki, hazırlanan materiallardan bir qismi balanslaşdırılmamış, qərəzli mövqe əks etdirən yazılardır. Cəmiyyətimizə bir tərəfli, dəqiqləşdirilməmiş informasiyaların çatdırılması yalnız medianın peşəkarlığına xələl gətirmir, eyni zamanda mövzu ilə bağlı yalnış ictimai rəyin formalaşmasına səbəb olur. Odur ki, KİV-lərin baş vermiş hadisə və "Əbu-bəkr" məscidi ilə bağlı məlumat hazırlayarkən informasiyanın dəqiqləşdirilməsi və balanslaşdırılması arzuolunandır.
"Abu-bəkr" məscidinin imamı olaraq mediada yayılan növbəti xəbərə münasibət bildirmək istəyirəm. Verilən məlumata əsasən guya məscidin yerləşdiyi küçənin 1000 nəfərədək sakini məscidin birdəfəlik bağlanmasını istəyirlər. Şikayət "səbəbi" kimi küçənin natəmizliyi və "Əbu-bəkr" məscidinin təhlükəli olduğu göstərilir... (ardı var).

Doğrusu şikayət səbəbləri çox məntiqsiz və gülüncdür. Əvvəla sakinlər tərəfindən bir dəfə də məscidimizə şikayət daxil olmayıb. Əgər hər hansı bir narahatçılıq olsaydı, 10 illik fəaliyyətimiz ərzində heç olmazsa bir nəfər tərəfindən narazılıq bildirilərdi. Əksinə sakinlərlərlə məscid arasında mehriban qonşuluq münasibəti var.
Bilinən faktdır ki, bu gün cəmiyyətimizdə dindar insanların sayı artmaqdadır. Odur ki, ölkəmizdə məscidlərə tələbat gündən günə artır. Belə bir durumda 15000-dən çox istifadəçisi olan "Abu-bəkr" məscidinin bağlı qalması digər məscidlərə dindarların axın etməsinə səbəb olur. Nəticə də həmin məscidlərdə müsəlmanlar yer baxımından sıxıntı yaşamalı olurlar. Bununla yanaşı qonşuluğumuzda yaşayan sakinlərin böyük əksəriyyəti "Əbu-bəkr" məscidinə ibadət etməyə gəlirlər. Bu səbəbdən də məscidin açılmasını daha çox küçənin sakinləri arzu edir.
Mən "səbəb" kimi göstərilən bəhanəyə toxunmaq istəyirəm. İddia edildiyinə görə guya küçənin natəmizliyinə səbəb məsciddir. Halbuki, natəmizliyi yaradan faktorların-küçəyə aid zibil qutularının vaxtında boşaldılmaması, kanalizasiya borusunun zədəli olması və s.- məscidin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Dini icma olaraq, sakinlərin narahatçılığına səbəb olan zibilliyin aradan qaldırılması üçün dəfələrlə icra hakimiyyətinə müraciət etmişik. Qısası, Ü.Bünyadzadə küçəsində mövcud natəmizlik aidiyyatı olan idarələrin həll edəcəyi işlərdir. Onlarla müəssisə sadalamaq olar ki, yerləşdiyi küçə çox natəmizdir.Eyni məntiqlə yanaşsaq, gərək onların da bağlanması istənilsin?
"Əbu-bəkr" məscidi öz ərazisinin təmizliyinə cabavdehdir. Odur ki, müntəzəm olaraq məscidin həm daxilində, həm də həyətində təmizlik işləri aparırıq. Küçənin təmizliyinə isə Mənzil-Kommunal Təsərrüfatı Departamenti cavabdehdir. Natəmizliyin məscidin fəaliyyətini əlaqələndirmək heç bir məntiqə və əsasa dayanmır. Bundan başqa, küçənin müəyyən problemlərinin həll edilməsində məscid yaxından iştirak edib. Məsələn, sakinlərinin ən çox istifadə etdikləri 50 metrlik pilləkanın düzəldilməsi, küçənin elektrik dirəklərinin təmir olunması və s. məscidin daxili imkanı hesabına həyata keçirilib.
Digər tərəfdən məscidə toplaşaraq namaz qılmağı narahatlıq verən səbəb kimi təqdim etmək əsassızdır. Çünki, ətrafda böyük narazılıq yaradacaq yüzlərlə səbəb var: gecələr fəaliyyət göstərən klublar, restoranlar, yaşayış məntəqələrinin tam yaxınlığında inşa edilən şadlıq sarayları və s.
Yalnış olaraq, "Əbu bəkr" məscidini təhlükə obyekti kimi qələmə verməyə çalışırlar. Halbuki, biz radikallığa, terrora qarşı ən çox mübarizə aparan dini icmayıq. Bu məqsədlə də, mütəmadi olaraq islamın radikallığa zidd olduğu barədə dərslərdə, xütbələrdə danışır, bir neçə nəşr də çap etdirmişik. Danılmaz faktdır ki, radikal qruplar mövcuddur. Lakin onları bizim camaatla eyniləşdirmək təməldən yalnışdır. Halbuki, radikal təfəkkürlü kəslər bizim məscidimizi sevmir, oraya ibadətə gəlmirlər. Bu gün "Əbu-bəkr" məscidinin fəaliyyətinin nəticəsidir ki, hazırda bir sıra ölkələrdə müxtəlif adlar altında terror aktları törədən radikal qruplar ölkəmizdə inkişaf edə bilmirlər.
İcmamız 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçərək, hüquqi fəaliyyət göstəririr. Heç bir siyasətə qarışmırıq. Biz islamın barış və sülh dini olduğunu əsas təblığat istiqamətimizdən biri kimi seçərək, fəaliyyətimizi də bu yöndə həyata keçirməyə çalışırıq. Xüsusən də gənclərimizin radikallaşmaqdan çəkindirir, islamın gözəlliklərini yaşamağa dəvət edirik. Dini icmamıızn fəaliyyətinə cəmiyyətimizdə mənəvi dəyərlərin zənginləşdirilməsi, gənclərdə vətənə, dövlətə sədaqətin daha da aşılanması kimi dəyərlər də daxildir. Elə bu kimi səbəblərdən də məhz biz radikal qrupların hədəf mərkəzinə çevrilmişik. Məscidin bağlanmasına görə icmamızın fəaliyyəti də dayanıb.Halbuki DQDK-nın qeydiyyatdan keçmə şərtlərini heç vaxt pozmamışıq.
Biz "Abu-bəkr" camaatı olmaqla yanaşı bu ölkənin vətəndaşlarıyıq.Biz islam dəyərləri ilə yanaşı, bir vətəndaş olaraq da dövlət qanunvericiliyimizə əməl etməyi özümüzə borc bilirik. Bizim məqsədimiz islam dəyərlərindən bəhrələnərək cəmiyyətimiz üçün mənəviyyatlı, əxlaqlı, vicdanlı vətəndaşların yetişməsində öz tövhəmizi verməkdir.
Odur ki, böhtan və iftıra məzmunlu şikayətin nəticəsiz qalacağına ümid edirik. Məkrli qüvvələrin 1000-lərlə insanın haqqını tapdalamaq niyyətinin boşa çıxacağına, dövlətimizin dindar vətəndaşlarının konstitutsion hüququnu qoruyacağına, məscidimizdə azan səsinin eşidiləcəyinə, yenidən müsəlmanların ibadəti üçün açıq olacağına inanırıq!
Blogger tarafından desteklenmektedir.