Mənhəcin əsasları

Titulo

20.04.2015

İslam və terror

Həmdüsənalar Allaha məxsusdur. Peyğəmbərimiz Məhəmmədə (sallallahu əleyhi və səlləm), ailəsinə, əshabələrinə və onun yolunu ixlasla davam etdirən hər bir müsəlmana Allahın salavatı və salamı olsun!
Azərbaycan İslam dininə, Onun İlahi məqsədlərinə tamamilə zidd olan terroru, əvvəllər olduğu kimi yenə də qətiyyətlə pisləyirlər. Biz, bu fitnəkar əməllərin yorulmadan ifşasında şəriətin vacib və yaxud bəyənilən bildiyi bütün qanuni vasitələrdən istifadə etməyi bir müsəlman kimi özümüzə borc bilirik.
Günümüzdə çoxalmış terror faktlarının müsəlman ölkələrində "müsəlmanlar" tərəfindən törədilməsi onun dəhşətini daha da artırır. Lakin təəccüblüsü budur ki, bəzi savadsız insanlar, Allaha və Onun Peyğəmbərinə asilik olan bu azğın əmələ (terrora) və ya onu törətmiş şəxslərə müxtəlif yollarla bəraət qazandırmağa cəhd edirlər. Lakin onlar bilmirlər ki: "Bütün bunları İslamın düşmənləri uydurub", "sənə belə etsələr sən nə edərdin", "Allah yolunda lazım gəlsə, belə etmək olar" və sairə bu kimi sözləri onların arasında yayanlar həqiqəti onlardan gizlədirlər.

Müsəlman bacı və qardaşlarım! Allah sizi və məni fitnə-fəsadlardan qorusun! Bilin ki:

1424 h. Ramazan ayında Ər-Riyad şəhərində və ondan bir qədər öncə Məkkətul-Mukərrəmədə baş vermiş partlayışlar bir daha sübut etdi ki, əmin-amanlıq ölkəsinin və orada yaşayan müsəlmanların toxunulmazlığına, Ramazan kimi mübarək bir aya və tutduqları işin aqibətinə heç bir əhəmiyyət verməyən bu kəslərin özləri İslamın düşmənləri mənafeyinə xidmət edirlər. Onlar gördükləri bu çirkin əməllərini, Ümmətə qarşı çıxmış və nahaq qanlar axıtmış xəvaric, mötəzilə və sairə fitnəkar bidət və zəlalət əhlindən miras götürmüşlər.

Hicrətin 360-cı ilində vəfat etmiş imam Əbu Bəkr Məhəmməd b. Hüseyn əl-Acurri "əş-Şəriətu" (səh. 32) əsərində demişdir: "Qədim və müasir alimlər, xəvariclərin Allaha və Onun Peyğəmbərinə (sallallahu aleyhi və səlləm) asi olmuş azğın bir firqə olmasını qəbul etmişlər. Bu kəslərin namaz qılmaları, oruc tutmaları və ibadətlərdə mültəzəm olmaları onlara heç bir fayda verməyəcəkdir. Bəli, xəvariclər yaxşı işləri əmr edərək pis işlərdən çəkindirirlər. Lakin bütün bunların onlara xeyri olmayacaqdır. Çünki bu kəslər Quranı öz istəklərinə uyğun yozaraq müsəlmanlara qarşı çıxırlar. İzzət və cəlal sahibi Allah, Onun Peyğəmbəri (sallallahu aleyhi və səlləm), Raşidi xəlifələr, səhabələr (Allah onların hamısından razı olsun) və onların yolunu ixlasla davam etdirənlər (Allahın onlara mərhəməti olsun) bizə xəvariclərdən qorunmağı dönə-dönə tövsiyə etmişlər. Xəvariclər və onların yolunu davam etdirənlər şər yayan iyrənc və murdar bir kimsələrdir. Onlar ötən əsrlərdə və hal-hazırda öz məzhəblərini bir-birinə miras qoyaraq alimlərin və rəhbərlərin əleyhinə çıxır, müsəlmanların qətlini halal sayırlar. Bu kəslər ilk dəfə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zəmanəsində meydana gəlmişlər. Beləki Peyğəmbər (sallallahu aleyhi və səlləm) qəniməti bölərkən bir nəfər Ona tənə etmiş və: "Ey Məhəmməd, ədalətli ol! Mən səni ədalətsiz hesab edirəm" - demişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona belə buyurmuşdur: "Vay sənin halına! Əgər mən də ədalətsizəmsə, bəs ədalətli kimdir?" Ömər (Allah ondan razı olsun) həmin şəxsi öldürmək istərkən Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu qadağan etmiş və buyurmuşdur: "Sizin namazınız və orucunuz onun və tərəfdarlarının namazları və orucları ilə müqayisədə həqirdir. Lakin bununla bərabər onlar ox yayından çıxdığı kimi dindən çıxacaqlar." Peyğəmbər (sallallahu aleyhi və səlləm) digər hədislərdə xəvaricləri öldürməyi əmr edərək, döyüşən və (xəvariclər tərəfindən) qətlə yetirilən şəxslərin fəzilətlərini bildirmişdir."

Şeyx Abdulla b. Cibrinə: "Cəmiyyətin əmin-amanlığını pozan bu kimsələrə və ya onlara hər hansı bir vasitə ilə köməklik göstərənlərə qarşı müsəlman nə etməlidir? - deyə sual verildikdə o demişdir: "Şübhəsiz ki, müsəlman və mömin olan hər bir kəsin imanı, onu Allaha, Peyğəmbərinə (sallallahu aleyhi və səlləm), Kitabına, müsəlmanların rəhbərlərinə və rəiyyətlərinə nəsihət etməyə vadar edir. Bu şəxs bilir ki, müsəlman cəmiyyətinə sevgi bəsləmək və münasibətlərində səmimi olmaq, onun üzərinə düşən bir vəzifədir. O bununla özünü məsuliyyət daşıdığı cəmiyyətinə zərər vurmaqdan, ona qarşı yönəlmiş pis və şərli əməllərdən qorumuş olur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Sizlərdən hər hansı biriniz özünə istədiyini qardaşına istəməyincə, iman gətirmiş olmaz." Hədisin mənasına görə, bu şəxsin imanı, onu qardaşlarına bəslənilən sevgiyə yönəltməli və o, xeyrin yayılması və şərin qarşısının alınması istiqamətində ciddi səylər göstərməlidir. Dövlətinin əmin-amanlığına xələl gətirməsi və sabitliyi pozması isə, onun zəif imanlı, müsəlmanlara az ehtiram göstərən və ölkəsinə, onun sakinlərinə qarşı qəlbi kin-küdurət və nifrətlə dolu olan birisi olduğuna sübutdur. Bu vəsf həmin adamı din qardaşlığından çıxararaq, onun etibarlı və əmin bir insan olmasına maneçilik törədir. Məsələ ilə üzləşən hər bir müsəlman ona nifrət edir, əməlini pisləyirlər, sözünə əsaslanmaqdan və əlaqə saxlamaqdan çəkinir. Beləliklə də o (cəmiyyətin) yararsız bir üzvü sayılır. Çünki uca Allah buyurur: "Həqiqətən möminlər qardaşdırlar." başqa bir ayədə: "Onun (Allahın) neməti sayəsində bir-birinizlə qardaş oldunuz." Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu kəlamı daha da möhkəmləndirərək buyurmuşdur: "Müsəlman müsəlmanın qardaşıdır. O öz qardaşını zülm, təhqir və rüsvay etməz. İnsanın müsəlman qardaşını alçaltması, onun şər əməl görməsi üçün kifayətdir. Hər bir müsəlmanın qanı, malı və namusu digər müsəlmana haramdır."

Həmçinin şəriət, bu qardaşlığı gücləndirəcək bəzi səbəblər də təyin etmişdir. Məsələn, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Müsəlmanın müsəlman üzərində altı məlum haqqı vardır: Görüşərkən salam verməsi, dəvətini qəbul etməsi, asqıranda dua deməsi, xəstələndikdə baş çəkməsi, öldükdə cənazəsinin ardınca getməsi və özünə istədiyini ona arzulaması." İslam dini hamıya, hətta qeyri-müsəlmanlara belə yaxşılıq etmək üzrə qurularaq, bu işi əmr etmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Kim əhd bağlamış bir kəsi öldürərsə, cənnətin iyini belə duymaz." Bütün bunlar sübut edir ki, İslam dini sevgi və qardaşlığı gücləndirmək və ona zidd olan fəsadlı və şərli əməllərdən çəkindirmək məqsədilə göndərilmişdir. Həmçinin buyrulanlardan bəlli olur ki, müsəlmana zərər vurana Allah Özü zərər vurar. Onu çətinə salanın işini Allah Özü çətinə salar. Kim də aldadarsa, müsəlmanlardan sayılmaz. Hər bir müsəlmana vacibdir ki, qardaşının və yaxınlarının haqlarını bilsin və ona ziyan vurmaqdan çəkinsin. Həmçinin dövlətinə və rəhbərlərinə zərəri və fitnə-fəsadı bilinən şəxslər barədə nəsihət etsin ki, bu pis niyyətli fitnəkarların qarşısı alınsın və onlar öz cəzalarına çatsınlar. Beləliklə də fitnə-fəsadın və onu törədənlərin kökü kəsilsin. Allah, müvəffəqiyyətə çatdıran və kömək edəndir." (Keyfə nualicu vaqiunəl-əlim, səh. 139-145).

Əl-Xabər şəhərində baş vermiş terror haqda qərar:

Həmdüsənalar təkcə Allaha məxsusdur. Özündən sonra peyğəmbər olmayan Məhəmmədə Sallallahu əleyhi və səlləm, Onun ailəsinə və əshabələrinə salavat və salam olsun!

Səudiyyə Ərəbistanı Böyük Alimlər Şurasının 13/2/1417 h. Taifdə keçirilən növbədənkənar onuncu yığıncağında ölkənin şərq bölgəsində yerləşən Əl-Xabər şəhərində 9/2/1417 h. baş vermiş terror hadisəsi və onun tələfatları ilə bağlı müzakirə aparılmışdır. Toplantıda yekdilliklə qəbul edilmişdir ki:

1. a) Bu partlayış, hamıya bəlli olan İslamın, təhlükəsizliyi qorunulan insanların, əmlakın və əmin-amanlığın toxunulmazlığına xələl gətirərək, dinc əhalinin həyatnı təhlükə altında qoymuşdur. Allahın haramlarını aşan, qullarına zülm edən və müsəlmanları qorxu və dəhşətə salan insan, ən böyük cinayətlərdən birini törətmişdir. Allahın əzabı və nifrətini qazanmış və (məzlumların) duaları ətrafını bürüyən bu kəsin vay halına! Allahdan onun ifşa olmasını diləyirik.

b) İslam şəriətinə görə qorunulan insan həyatı, hər bir müsəlmana və müsəlmanlarla əhd bağlamış kimsəyə məxsusdur. Necə ki, uca Allah buyurur: "Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük bir əzab hazırlar!" Allah təalə qorunma haqqı olan zimminin səhvən öldürülməsi haqda buyurur: "Əgər (öldürülən şəxs) sizinlə əhd bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qan bahası verməklə bərabər, mömin bir qul dəxi azad etmək lazımdır." Əgər toxunulmazlığına müqavilə bağlanılmış zimmi səhvən öldürülərsə, qan bahası və kəffarə vermək lazımdırsa, bəs qəsdən öldürən necə? Deməli bu cinayətin cəzası və günahı daha böyük olur. Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) rəvayət edilmiş səhih hədisdə O, buyurur: "Əhd bağlamış kimsəni öldürən cənnətin iyini belə duymayacaq." Bu ağır cinayətlə və varid olmuş cəhənnəm əzabı ilə yanaşı, toxunulmazlıq tələb etmiş şəxi nəinki öldürmək, hətta əziyyət vermək olmaz. Həmçinin cənnətə girməməyi vəd verilən qatilin əməli böyük günahlardan sayılır. Rüsvayçılıqdan Allaha sığınırıq.

c) Bu cinayəit, İslamda qadağan edilmiş bir neçə əməli özündə cəm etmişdir. Məsələn: əhdi pozmaq, xəyanət, nifrət, düşmənçilik, müsəlmanların həyatına təhlükə və sairə. Bütün bunlar Allahın, Onun Peyğəmbərinin (sallallahu aleyhi və səlləm) və möminlərin nifrətlə qarşıladığı pis əməllərdəndir.

2. Yığıncaq bu çinayətin pak Şəriətə əsasən haram olduğunu sübuta yetirərək, İslam dininin ondan uzaq olduğunu bütün dünyaya elan edir. Eynilə də Allaha və Axirət gününə iman gətirmiş hər bir müsəlmanın ondan kənar olmasını bildirir. Yanlış fikir və azğın əqidəyə malik insanın törətdiyi bu əmələ görə məsuliyyəti nə İslam, nə də Qurandan, Peyğəmbərin hədislərindən və Allahın ipindən yapışmaqla İslama riayət edən müsəlmanlar daşımırlar. Onu törətmiş şəxs bu günahına və çinayətinə görə cavab verməlidir. Çünki o, Şəriətin və insan fitrətinin qəbul edə bilmədiyi bir fitnə-fəsad törətmişdir. Bu əməlin çinayət olmasına dair bir sıra dəlillər vardır.

Uca Allah buyurur: "İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır. Ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (İslam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz! Ona: Allahdan qorx! - deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!" Başqa bir ayədə buyrulur: "Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya əl-ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olmalarıdır. Bu cəza onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir".

Pak və nöqsansız Allahdan Onun gözəl ad və sifətləri ilə bu çirkin əməl sahiblərini ifşa etməsini, onların pak Şəriətə görə cəzalandırılmasını, bu və digər müsəlman ölkələrinə üz verən bəlaların qarşısını almasını, Məkkə və Mədinə məscidlərinin xadimi Məlik Fəhd b. Abduləzizi və onun hökümətini, eləcə də bütün müsəlman pəhbərlərini cəmiyyətlərini islah etməyə, fitnə-fəsad və onu törədənlərdən qorumağa müvəffəq etməsini, onların vasitəsilə dininə kömək etməsini, kəliməsinin yüksək olmasını və müsəlmanların halının yaxşılaşmasını diləyirik".

Yığıncağın sədri: Abduləziz b. Abdulla b. Bəzz

Üzvləri: Saleh b. Məhəmməd əl-Heydən, Rəşid b. Xuneyn, Məhəmməd b. İbrahim b. Cubeyr, Abdulla b. Suleyman b. Muneu, Abdulla b. Ğadyən, Saleh b. Favzən əl-Favzən, Məhəmməd b. Saleh əl-Useymin, Abdulla b. Abdurrahmən əl-Bəssəm, Həsən b. Cəfər əl-Ətmi, Abduləziz b. Abdulla Əli Şeyx, Məhəmməd b. Həmd ər-Rəşid, Məhəmməd b. Abdulla əs-Səbil, Abdulla b. Abdulmuhsin ət-Turki, Məhəmməd b. Suleyman əl-Bədr, Abdurramən b. Həmzə əl-Mərzuqi, Əbu Suleyman b. İbrahim, Məhəmməd b. Zeyd Əli Suleyman, Saleh b. Abdurrahmən əl-Ətram, Bəkr b. Abdulla Əbu Zeyd
Əbu Abdurrahmən Sələfi

Blogger tarafından desteklenmektedir.