Mənhəcin əsasları

Titulo

15.10.2015

Möminlərin əmiri Müaviyə ibn Əbu Süfyanın (Allah ondan razı olsun) xilafəti (Hicri 40-60)

Müaviyənin xəlifəlik dövrü müsəlmanlar üçün xeyirli oldu. Çünki onun xilafəti dövründə özbaşnalığa son qoyuldu, döyüşlər bitdi, düşmən təcavüzünün qarşısı alındı, müsəlmanların əvvəllər fəth etdikləri torpaqlar yenidən düşməndən alınaraq geri qaytarıldı. Buna səbəb müsəlmanların vahid rəhbər ətrafında toplaşmaları, cihad ovqatını yüksəldərək fəthlərə başlamaları və bütün qüvvəni xarici qüvvələrə qarşı yönəltmələri idi. Müaviyə öz qoşunu ilə uzaq torpaqları yaxınlaşdırdı və bu xəlifəlik vaxtında ona qarşı çıxan tapılmadı. Az sayda xeyirsiz xəvariclər istisna olmaqla hamı bir nəfər kimi ona itaət etdi. Müaviyənin vaxtında qış və yaz döyüşləri adlı hərəkatlar məşhurlaşdı.

Müaviyənin vaxtında görülən mühüm işlər:
1. Hicrətin əlli dördüncü ilində Misirdə gəmi düzəltmək üçün xüsusi emalatxana düzəltdirmişdir.
2. Hicrətin əllinci ilində Konistontinopola hücum etmişdir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur. "Ümmətimin ilk dəfə dəniz döyüşlərinə çıxan ordusu, ümmətimdən ilk dəfə Qeysər (Konistontinopol) şəhərinə hücum çəkən ordu bağışlanmışdır". Sonra hicrətin əlli üçüncü ilində ikinci dəfə oraya hücum çəkdi və şəhəri mühasirəyə aldı. Mühasirə hicrətin əlli yeddinci ilinə qədər davam etdi. Sonda Tikrit, Rudus, Benizert, Susə, Sicistan, Quhistan şəhərlərini və Sind filayətləri fəth edti.
3. Qeyrəvan şəhərinin əsasının qoyulması.
Rəhbərlik Müaviyəyə keçdikdən sonra xilafət krallığa çevrildi. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) köləsi Səfinə Əbu Əbdürrəhman onun belə buyurduğunu deyir: "Peyğəmbərlik xilafəti otuz ildir. Sonra Allah Öz mülkünü istədiyinə verəcəkdir". Səfinə deyir: Əbu Bəkrin xilafəti iki il, Ömərin xilafəti on il, Osmanın xilafəti on iki il, Əlinin xilafəti isə altı il[1].
Biz tarix kitablarına nəzər saldıqda Əbu Bəkrin iki il üç ay, Ömərin on il altı ay, Osmanın on iki il, Əlinin isə dörd il doqquz ay, Həsənin isə altı ay xəlifəlik etdiyini görürük. Bu rəqəmlər üst-üstə otuz il edir.
İbn Kəsir deyir: Həsən hicrətin qırx birinci ili Rəbiul Əvvəl ayında xilafəti təslim etdi. Bu, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfatından sonra otuz ilin tamamı idi[2].
Əbu Ubeydə Amir ibn əl-Cərrah, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurduğunu deyir: "Dininizin ilk çağları Peyğəmbərlik və rəhmətdir. Sonra krallıq və rəhmət, daha sonra toz-torpağa bürünmüş krallıq, ondan sonra isə krallıq və hökmranlıqdır"[3].
"Dininizin ilk çağları Peyğəmbərlik və rəhmətdir" sözləri Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) özünün və sonra Əbu Bəkr, Ömər, Osman, Əli və Həsənin möminlərə rəhbərliyini nəzərdə tuturdu. "Sonra krallıq və rəhmət olacaqdır" sözləri ilə Müaviyənin dövranına işarə edirdi. "Toz-torpağa bürünmüş krallıq" və ya "krallıq və hökmranlıqdır" sözləri ilə Müaviyədən sonrakı rəhbərlərin hakimiyyətinə işarə edirdi. Bura Ömər ibn Əbdüləziz istisna olmaqla Yezid və ondan sonra gələn rəhbərlər daxildir.
Müaviyə möminlərə iyirmi il, təxminən hicrətin altımışıncı ilinə qədər xəlifəlik etdi. Bu vaxt ərzində heç bir problem yox idi. Əksinə fəthlər və əmin-amanlıq hökm sürürdü. Bu müddətdə hicrətin qırx doqquzuncu ilində Həsən ibn Əli vəfat etdi. Allah ondan razı olsun!
Umeyr ibn İshaq deyir: Mən bir dostumla Həsən ibn Əliyə baş çəkmək üçün onun yanına getdik.
Həsən dostuma dedi: Ey filankəs məndən sual soruş?
Dostum dedi: Mən səndən heç nə soruşmaq istəmirəm.
Sonra bizim yanımızdan qalxıb öz otağına daxil oldu və yenə qayıdıb dedi: Ey filankəs məni itirmədən öncə məndən sual soruş? Allaha and olsun, mən artıq az öncə qara ciyərimin bir hissəsini qusub əlimdə olan ağacla onu qurdalamışam. Mən bir neçə dəfə zəhərləndirilmişəm. Amma beləsinə rastlamamışam. Ona görə sualın varsa ver.
Mən bir şey soruşmaq istəmirəm. İnşəllah, Allah sənə şəfa verər.
Sonra biz oradan çıxıb getdik və səhərisi gün mən yenidən onun yanına gəldikdə o yenə də zəhərdən əziyyət çəkirdi. Hüseyn onun yanına gəlib başı üzərində oturdu və dedi: Ey Qardaşım, səni zəhərləyən kimdir, onu mənə de?
Həsən dedi: Nə üçün? Sən onu öldürəcəksən?
Hüseyn dedi: Bəli.
Həsən dedi: Mən sənə heç nə deyən deyiləm. Əgər məni zəhərləyən yaxın adamımdırsa Allah intiqam alanların ən şiddətlisidir. Allaha and olsun, mən özümə görə günahsız adamın öldürülməsini istəmirəm[4].
Deyilənlərə görə onu zəhərləyən həyat yoldaşı Cədə bint əl-Əşəs olub. Lakin bu haqda doğru bir rəvayət yoxdur.
Zəhəbi deyir: Bu doğru məlumat deyildir. Onun bu əməlinə kim şahidlik edib?[5]
İbn Kəsir deyir: Mənim fikrimcə bu məlumat (yoldaşının onu zəhərləməsi) doğru deyildir[6].


[1] Hədisi Əbu Davud mötəbər isnadla rəvayət etmişdir. Əbu Davud: Kitab əs-Sünnə, Bab fi əl-Xuləfə, № 4646. Müsnəd Əhməd: 4, 273. 5, 50244.
[2] əl-Bidayə vən-Nihayə: 8, 17.
[3] Sünən Darimi: Kitab əl-Əşribə, Bab mə qilə fil muskir, 2, 114. Hədisin isnadında olan rəvayətçilər etibarlıdırlar. Yalnız Məkhulun Əbu Sələbə əl-Xuşənidən eşitmədiyi deyilir.
[4] Tabaqat əl-Kubra: səh 335, № 294.
[5] Tarixul İslam: Müaviyənin xilafəti, səh 40.
[6] əl-Bidayə vən-Nihayə: 8, 44.


Blogger tarafından desteklenmektedir.