Mənhəcin əsasları

Titulo

15.10.2015

Hüseynin (Allah ondan razı olsun) etdiyi üsyanın hökmü və insanların Hüseynin qətlinə münasibəti?

Hüseynin etdiyi üsyanın hökmü nədir?
Hüseynin üsyan etməsində nə din nə də dünya xeiri yox idi. Ona görə o zamanlar böyük səhabələr onun bu işdən əl çəkməsini tələb edirdilər. Bundan əlavə o zalımlar Hüseynin üsyan etməsini bəhanə gətirib Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) nəvəsini zalımcasına qətlə yetirdilər. Onun bu üsyanı etməsinin və qətlə yetirilməsinin bir çox fəsadları oldu. Hansıki, əgər o evində otursaydı bu fəsadlar baş verməzdi. Lakin bu Allahın qəza-qədəridir. Allah bir işin baş verməsini istəyərsə, insanlar onu istəməsələr də o mütləq olacaqdır.

Hüseynin qətlə yetirilməsi heç də Peyğəmbərlərin qətlə yetirilməsindən böyük bir hadisə deyildir. Peyğəmbər Yəhya ibn Zəkəriyyənin kəsilmiş başı bir nəfər zalım üçün mehr kimi təqdim olunmuşdu. Zəkəriyyə peyğəmbər də qətlə yetirilmişdir. Musa və İsa peyğəmbəri də öldürmək istəyirdilər. Digər peyğəmbərləri də öldürmək istəyiblər. Həmçinin Ömər, Osman və Əli kimi insanları da qətlə yetiriblər. Bu insanlar Hüseyndən (Allah ondan razı olsun) daha üstün mərtəbədə olan insanlardır. Ona görə Hüseynin qətlini fikirləşdikdə özünü döymək, sinə paltarını cırmaq və s. bu kimi etmək düzgün deyildir. Əslində bütün bunlar qadağan olunan əməllərdir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "(ölən adamın arxasınca) Üzünə döyən, sinə paltarını cıran bizdən deyildir"[1].
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "(ölən adamın arxasınca) ağı deyəndən, başını qırxan və sinə paltarını cıran insandan uzağam"[2].
Digər rəvayətdə isə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: "Həqiqətən ağı deyən insan Allaha tövbə etməzsə Qiyamət günü əynində qoturdan zireh, qətrandan paltar geyinəcəkdir"[3].
Belə müsibətlər anında müsəlmanın borcu Allahın buyurduğu kimi deməkdir: "O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!" deyirlər"[4].


İnsanların Hüseynin qətlinə münasibəti:
Hüseynin qətli haqda insanlar üç qismə bölünürlər:
Birinci qism: Onlar hesab edirlər ki, Hüseyn haqlı yerə öldürülmüşdür. Çünki o, vahid rəhbərə qarşı çıxmış və müsəlmanların birliyini pozmağa çalışmışdır. Buna dəlil olaraq Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Sizin vahid rəhbəriniz olduğu halda kimsə gəlib sizi parçalamaq istəsə kimliyindən asılı olmayaraq onu öldürün"[5].
Hüseyn də müsəlmanların birliyini dağıtmaq istəyirdi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə insanın kimliyindən asılı olmayaraq öldürülməsini əmr etmişdir. Demək onun öldürülməsi haqlı imiş. Bu rəy, Nasibilərin fikridir. Onlar Hüseyn ibn Əliyə (Allah ondan razı olsun) nifrət edirlər.
İkinci qism: Onların fikrincə Hüseyn, itaəti vacib olan imamdır və o vaxt hakimiyyət də ona verilməli idi. Bu rafizilərin fikridir.
Üçüncü qism: Onlar deyirlər ki, o məzlum olaraq öldürülmüşdür. Bəzi bidətçilərin dedikləri kimi o rəhbər olmamışdı. Yaxud digər tərəfin dediyi kimi üsyankar kimi də öldürülməmişdir. Allah ondan razı olsun. O həqiqətən məzlum halda öldürülmüş və şəhid olmuşdur. Bu haqda Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır"[6].
Hüseynin qiyamçı kimi öldürülməməsinə sübut, onun geri qayıtmaq, yaxud Şam vilayətinə Yezidin yanına getmək istəyi idi. Lakin onlar onun bu təkliflərini qəbul etmədilər və yalnız Ubeydullah ibn Ziyada təslim olmasını şərt qoydular. Bu rəy Əhli Sünnə və Camaatın fikridir.


[1] Səhib Buxari: Kitab əl-Cənaiz, Bab Leysə minnə mən şəqqə əl-Cuyub, № 1294.
[2] Səhih Müslim: Kitab əl-İman, № 167.
[3] Səhih Müslim: Kitab əl-Cənaiz, № 934.
[4] əl-Bəqərə: 156.
[5] Səhih Müslim: Kitab əl-İmarə, № 1852.
[6] Tirmizi: Kitab əl-Mənaqib, Bab Mənaqib əl-Həsən vəl Hüseyn, № 3768.
Blogger tarafından desteklenmektedir.