Mənhəcin əsasları

Titulo

15.10.2015

İraq camaatının Hüseyinlə məktublaşması

Yezidi və atası Müaviyənin xilafətini istəməyən, rəhbərlikdə yalnız Əlini və övladlarını görmək istəyən İraq camaatı Hüseynin, Yezid ibn Müaviyəyə beyət etməməsini eşitdikdə Hüseyn ibn Əliyə məktublar yazır və deyirdilər: "Biz hamımız sənə beyət etmişik və səndən başqasını da istəmirik. Bizim boynumuzda Yezid üçün beyət yoxdur. Biz yalnız sənə beyət etmişik". Hüseyn ibn Əliyə belə məktublar çox gəlirdi. Məktubların sayı beş yüzdən çox idi. Bütün məktublar Kufə camaatından gəlir və onlar onun Kufəyə gəlməsini tələb edirdilər.

Bütün bunlardan sonra Hüseyn ibn Əli əmisi oğlu Müslim ibn Əqil ibn Əbu Talibi bu məsələləri dəqiqləşdirmək üçün oraya göndərdi. Müslim ibn Əqil Kufəyə çatanda bu haqda camaatdan soruşmağa başladı və sonda camaatın doğrudan da Yezidi istəmədiklərinin şahidi oldu. Hamı Hüseyn ibn Əlini istəyirdi. Müslim ibn Əqil, Hani ibn Urvənin evində qonaq oldu. Camaat tək-tək, dəstə-dəstə gəlib Hüseynin adından Müslim ibn Əqilə beyət edirdilər. Beləliklə hamının beyəti tamamlandı. Numan ibn Bəşir Kufənin Yezid ibn Müaviyə tərəfindən təyin edilmiş əmiri idi. O, Müslim ibn Əqilin Kufəyə gəlməsindən, Hüseynin adından camaatdan beyət almasından agah olduqda özünü sanki heç bir şeydən xəbəri yoxmuş kimi göstərdi və baş verənlərə əhəmiyyət vermədi. Onun yanında olan bəzi adamlar Şam vilayətinə gedib baş verən hadisələr haqda Yezidə xəbər verdilər və dedilər: Camaat Müslim ibn Əqilə beyət edir, Numan ibn Bəşir isə bunun qeydinə qalmır. Yezid, Numan ibn Bəşirin vəzifəsindən azad edilməsi haqda əmr etdi və problemlərin həlli üçün Bəsrə şəhərinə əmirlik edən Ubeydullah ibn Ziyada Kufə əmirliyini verib onu hər iki şəhərin rəhbəri etdi. Ubeydullah ibn Ziyad özünü tanıtdırmadan gecə ikən Kufəyə çatdı. Yolda qarşısına çıxan insanlara salam verdikdə insanlar onun Hüseyn olduğunu və gecə vaxtı tanınmasın deyə gizlincə şəhərə daxil olduğunu zənn edib ona belə cavab verirdilər: Ey Peyğəmbər qızının oğlu sənə də Allahın salamı olsun. Bunu görən Ubeydullah ibn Ziyad işin ciddiliyini və camaatın Hüseyn ibn Əlini gözlədiyini başa düşdü. Bundan sonra Qəsrə daxil oldu və Məqəl adlı köləsini baş verənlər haqda bir xəbər gətirməyi və bu işə başçılıq edənlərin kimliyini öyrənməyi tapşırdı. Məqəl onlara özünün üç min dinarla Hims vilayətindən Hüseynə kömək etmək üçün gəldiyini dedi. O soruşa-soruşa gəlib Həni ibn Urvənin evinə çatdı. Evə daxil olduqda orada Müslim ibn Əqili gördü və ona beyət edərək üç min dinarı ona verdi və bundan sonra bir neçə gün oraya gələrək baş verənləri tam dəqiqliyi ilə öyrəndi. Sonra Ubeydullah ibn Ziyadın yanına qayıdıb baş verənləri ona çatdırdı.
Blogger tarafından desteklenmektedir.