Mənhəcin əsasları

Titulo

24.02.2016

Allahın hökmünə səbr etmək

Səbr nəfsin təlaş və qəzəbdən, dilin şikayət və asilikdən qorunması, onun tələb etdiyi istəkləri boğaraq kitab və sünnənin hökmlərindən tutunmaq deməkdir. İslam dini ziddiyyətlər və uğursuzluqlarla dolu olan bu dünyada müsəlmanın qarşı-qarşıya gələcəyi çətinliklərdən çıxış yolu üçün mükəmməl həyat prinsipi təqdim edir.

Bu səbəbdən də Qurani-Kərimdə mömini səbrli və təmkinli olmağa səsləyən, onun əhəmiyyətini və təsir qüvvəsini bəyan edən bir çox ayələr mövcuddur.
Allah taala buyurur: "Ey iman gətirənlər! Səbr edin, dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!" (Əli İmran, 200) Həsən əl-Basri buyurur: "Allah taala qullarına, razı qaldığı İslam dinində vacib olan hökmləri yerinə yetirməyin zəhmətinə səbr etməyi əmr edir. Qul yalnız müsəlman olduğu halda yaxşı və pis gündə, darlıqda və bolluqda Allaha dua etməli, Allahınn düşmənlərinə qələbə çalmaq uğrundakı müharibədə üz verən müsibət və çətinliklərə dözməlidir. Ayədə qeyd olunan "hazır olun!" kəlməsi isə İbadət məkanlarında davamiyyətlilik və əzmkarlıq göstərin mənasını verir. Bəziləri həmin kəlmənin izahını "namazdan sonra namazı gözləmək" və "sərhəd boyu növbədə durub cihada hazır olun!" mənaları ilə də izah ediblər".
Başqa bir ayədə Allah taala buyurur: "Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək (möhnətlərə) dözə biləcəksinizmi?" (əl-Furqan, 20) Yəni, Allah taala xeyiri şərlə, faydanı ziyanla, möminləri kafirlərlə sınağa çəkir. Bununla Uca Allah öz əzəli hökmü ilə onlara verdiyi qismətə razı olub-olmadıqlarını ayırd edir. Bütün bunlar dünya xalqları tarixində baş vermiş gerçəkliklərdir. Səbr Allahın öz rəsullarına qələbə, güc və qüvvət əldə etmək istədikləri vaxt etdiyi tövsiyədir.Allah taala buyurur: "Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et!" (əl-Əhqaf, 35) Allah taala müqəddəs kitabda səbr edənlərlə bərabər olduğunu bəyan edir: "Allah səbr edənlərlədir". (əl-Bəqərə, 153) Səbrin əhəmiyyəti və xüsusiliyi barəsində Qurani-Kərimdə təxminən yetmiş yerdə qeyd olunur. İbn Kəsir (Allah ona rəhmət etsin!) buyurur ki, səbr iki formada mövcüddur. Haram və günahlardan əl çəkməklə səbr etmək və itaətkarlıq və Allaha yaxınlaşdıran ibadətləri yerinə yetirməklə səbr etmək. Ikincisi daha çox savablıdır. Üçüncü isə baş verən müsibət və bəlalara səbr etməkdir.
Itaətkarliq və ibadət üzrə səbr:
Allaha olan itaətləri yerinə yetirməyin zəhmətinə səbr etmək Onun öz qullarına tövsiyəsidir. Allah taala buyurur: "Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli ol!" (Məryəm, 65) Başqa bir ayədə isə belə buyurur: "Əhlinə namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir". (Taha, 132) Allah insanlara tövsiyə edir ki, ailələrinə namaz qılmağı əmr etsinlər və özləri də bu yolda çıxan çətinliklərə səbr etsinlər. Ruzi vermək vəzifəsini isə öz üzərinə götürür.
Cihad, ona hazırlıq, kafirlərə, istilaçı və istismarçılara qarşı mübarizə aparmaq üçün müəyyən tədbirlərin həyata keçirilməsi barəsində Allah taala buyurur: "Fitnəyə mə’ruz qaldıqdan sonra hicrət edənləri, daha sonra cihad edib (bu yolda hər cür əzab-əziyyətə) səbr edənləri isə (bütün) bunlardan sonra Rəbbin, şübhəsiz ki, bağışlayandır, (onlara) rəhm edəndir!" (ən-Nəhl, 110)
Səbr düşmənlərlə, həmçinin asi kəslərlə qarşılaşıb mübarizə apararkən qələbə əldə etmək üçün lazım olan əsəs səbəbdir. Xüsusilə, Allahın dininə dəvəz zamanı onun lüzumluluğu əvəzsizdir. Allah taala buyurur: "Səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər tə’yin etmişdik. (əs-Səcdə, 24) Uca Allah saleh insanlarla birgə olub səbr etməyi əmr edir: "Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar". (əl-Kəhf, 28) Səbrin istər nəfs, istərsə də düşmənlərlə mübarizə zamanı təqva ilə əlaqəsi olmazsa, onun verə biləcəyi fayda da olmaz. Allah taala buyurur: "Əgər səbr edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz". (Əli İmran, 120) Başqa ayədə belə buyurur: "Bəli, əgər səbr edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər. (Əli İmran, 125) Müsəlman toplumu öz gücünü, qüdrətini və şan-şöhrətini yalnız bu yolla geri qaytarmaq iqtidarındadır. Buna görə də Uca Rəbbimiz buyurur ki, Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir. (Əli İmran, 186)
Haramları və günahları tərk etməyə səbr:
Allahın qoymuş olduğu hədlərdən kənara çıxmamaq üçün mömin səbri çoxaltmağa hər zaman ehtiyac duyar. Allah taala Qiyamət günü öz ərşinin kölgəsində yeddi formada olan insanı kölgələndirəcək. O kəslərdən biri vəzifə və gözəlliyə malik qadın trəfindən yanına çağırıldığı zaman "mən Allahdan qorxuram" deyən kişi, Allaha ibadət etməklə böyüyən cavandır. Günahlardan yalnız Allah qatında təqva və qəqinlik üzrə qurulan səbrlə çəkinmək mümkündür. Allah taala buyurur: "Əgər səbr edərsinizsə, sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" (ən-Nisə, 25) Başqa ayədə isə Uca Allah buyurur : "Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!" (Yusif, 90) Allahın haram buyurduğu işlərdən yalnız bütün hallarda onu zikr etməklə uzaqlaşmaq olar. Çünki, Allah təbərak və taala buyurur: "Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar". (əl-Əraf, 201) Allahdan qorxmaq, ixlaslı olmaq günahları tərk etməyə və onlardan uzaqlaşmağa kömək edən ən mühüm amillərdəndir. Yusif (ona salam olsun!) və Misir padşahının qadını ilə olan rəvayət ixlaslı olanlara və Allahın qoymuş olduğu hədlər qarşısında ayaq saxlayan səbrli insanlara ən gözəl misaldır. Allah taala buyurur: "Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!" (Yusif, 24) Səbr və təqva xoşbəxt sonluq və yüksək məqamlar üçün ən böyük səbəblərdəndir.
Allahın hökmünə səbr etmək:
Qəzavü-qədərə iman Allah taala imanı şərtləndirən amillərdən biridir. Dəvət edən şəxsin həyati çətinliklərlə qarşılaşdığı zaman onlara sinə gəlməsi üçün bəlalara və müsibətlərə səbr etməyi tövsiyə edən çoxlu dini mətnlər varid olub. Allah taala Loğmanın (ona salam olsun!) öz oğluna etdiyi tövsiyəsini xatırladaraq buyurur: "Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!" (Loğman, 17) İbn Kəsir (Allah ona rəhmət etsin!) ayənin təfsirini belə qeyd edir: "Haqq yolunu tutan insanları yaxşı işlər görməyə çağıran və pis işlərdən çəkindirən hər bir kəsin əziyyət çəkməsi labüddür. Onun əlacı yalnız Allah üçün səbr etmək, Ona sığınmaq və ona dönməkdir. Müsibətlərə səbr, Allahın əmrinə təslim olmaq, hökmünə və yazmış olduğu qədərə tabe olmaq deməkdir. Səid bin Cübeyr qeyd edir ki, səbr qulun üz vermiş bəlaları etiraf etməsi və onun savabını Allahdan istəməsidir.
Həmçinin, xəstəliklərə, bəlalara və sınaqlara səbr etmək bu qəbildəndir. Bu, bir çox mənbələrdə qeyd olunduğu kimi günahların kəffarəsidir. Allah taala buyurur: "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!" deyirlər. Onları Rəbbi tərəfinfən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!" (əl-Bəqərə, 155-157) Bu ayə baş verən müsibət zamanı Allaha dönüşün fəzilətinə və bunun Allah qatında böyük savaba malik olmasına dəlildir. Səbr edənlərin mükafatı barəsində Allah taala buyurur: "Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!" (əz-Zumər, 10) "Elm verilmiş kəslər isə belə dedilər: "Vay halınıza! İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı daha yaxşıdır. Buna yalnız səbr edənlər qovuşarlar!" (əl-Qəsəs, 80) əsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Kim səbr edərsə, Allah ona səbr verər. Heç kəsə səbrdən səbrdən daha böyük xeyir bəxş edilməyəcək!"
Cənnətin dəyəri bütün hallarda başlanğıcı səbrlə ölçülür. Allah taala buyurur: "Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır". (əl-İnsan, 12) Bəlalara, həyacanlara və qəlb sıxıntılarına dözmək üçün ən gözəl Allaha sığınmaq metodu səbr və namazdır: "Ey iman gətirənlər! Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir". (əl-Bəqərə, 153) "Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər". (ət-Təğabun, 11)
İbn Kəsir ayənin təfsirində deyir: "Yəni, kim müsibət üz verdiyi zaman bunun Allahın qəzavü-qədəri olduğunu qəbul edib səbr edərsə, mükafatını Allahdan gözləyərək Onun hökmünə təslim olarsa, Allah ona dünyada itirdiyindən daha xeyirlisini verər, qəlbinə hidayət, əminlik və doğruluq bəxş edər. Allah ən gözəl biləndir.
Blogger tarafından desteklenmektedir.