Mənhəcin əsasları

Titulo

24.02.2016

Bütün günahların tövbə ilə müalicəsi


Tövbənin mənası və hökmü:
Tövbə lüğəvi mənada dönüş, dini istilahı isə günahdan dönüş deməkdir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur ki, "Günahdan dönüş o deməkdir ki, ona bir daha qayıtmayasan". Hədisi Beyhaqi "Sünən" əsərində qeyd etmişdir. Müsəlmanın işlətdiyi hər bir günaha və asiliyə görə tövbə etməsi vacibdir...

Tövbə həycana, psixi gərginliklərə və sarsıntılara yol açmış günah zincirindən xilas edən məlhəmli dərman kimidir. O, günah duyğularını sakitləşdirən hissi boşluqdan sonra ruhun rifahına kömək edir. Bu da şəriətin gözəlliklərindən biridir. Onun səmərəsi Allah sübhənahu və taalaya itaət, əsl şəxsiyyətin yenidən qurulması və günahın rəzilliyinin məhv etdiyi özünə inmadır. Hər bir Adəm övladı xəta işlədir. Buna sübut olaraq Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Hər bir Adəm övladı xəta edəndir. Xəta edənlərin ən xeyirlisi isə tövbə edənlərdir". Hədisin təsdiq etdiyi kimi bütün insanlar xatakardılar. Lakin hər bir mömin Allaha tövbə etməyə, Onun yoluna qayıtmağa, asilikləri tərk etməyə və Allahın əmrlərinə riayət etməyə borcludur. Buna dəlil olaraq Allah taala buyurur: "Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!" (ən-Nur, 31) Digər bir ayədə Allah taala buyurur: "Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların nuru önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: "Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!" (ət-Təhrim, 8) "Rəbbinizə dönün! Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun! Sonra sizə heç bir kömək olunmaz". (əz-Zumər, 54) "Səhih Müslim"in şərhində qeyd olunur ki, bütün günahlara görə tövbə etməyin ümmətin bütün alimləri tərəfindən vacib olduğu bildirilir.
Davamiyyətli Allahdan bağışlanmma diləmək tövbəninin ehtiyaclarını ödəyir. Allah taala Hud əleyhissəlamın öz qövmünə müraciətini Quranda belə xatırladır: "Ey camaatım! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin!" (Hud, 52) Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Rəbbinin dərgahında əzəmətli mövqeyinin olmasına, keçmiş və gələcək günahlarının bağışlanmasına baxmayaraq Allaha çoxlu tövbə edirdi. Əbu Hureyrə rəvayət edir ki, peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitdim: "Allaha and olsun ki, mən gündə yetmiş dəfədən çox Allahdan bağışlanma diləyir və Ona tövbə edirəm". Qurani-Kərim bəyan edir ki, Allahdan bağışlanma diləməyin xoş nəticələri və çoxlu faydaları var. Uca Allah öz peyğəmbəri Nuh əelyhissəlam barəsində xəbər verərək buyurur: "Və dedim: "Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O çox bağışlayandır! O sizə göydən bol yağış göndərər; O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!" (Nuh, 10-12) Uca Allah Ondan bağışlanma diləyən qullarına vəd etmişdir ki, onlara əzab verməyəcək: "Bağışlanma diləyərkən Allah onlara əzab verməz". (əl-Ənfal, 33) Allah Ondan bağışlanma diləməyi böyük günahların kəffarəsi etmişdir. Məsələn, aşağıdakı zikr əyləncə və şöhrətlə dolu bir məclisdə iştirakın kəffarəsidir: "Sübhənəkə Allahummə va bihəmdikə, əşhədu ən lə ilahə illə əntə, əstəğfirukə va ətubu ileykə!" İbn Abbasdan (Allah ondan razı olsun!) belə rəvayət olunur: "Kim Allahdan davamiyyətli bağışlanma diləsə, Allah ona hər bir sıxıntıdan çıxış yolu, bütün kədərdən sevinc verər və onu gözləmədiyi yerdən ruziləndirər". Allah taala Ondan bağışlanma diləməyin fəziləti haqda belə buyurur: "Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, sizə yaxşı gün-güzaran bəxş etsin!" (Hud, 3)

Tövbənin fəziləti:
Əbu Həmzə Ənəs bin Malikdən (Allah ondan razı olsun!) varid olan hədisdə Allah rəsulu (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Həqiqətən, Allah öz qulunun tövbəsinə sizlərdən birinin səhrada itirdiyi dəvəsini taparkən sevindiyindən daha çox sevinir". Allahın mərhəmətinin genişliyinə, gecə-gündüz qullarının tövbələrini qəbul etməsini göstərən qüdsi hədisdə Uca Allah buyurur: "Ey qullarım, gecə və gündüz xəta edirsiniz! Mən isə bütün günahları bağışlayıram. Məndən bağışlanma diləyin, mən də sizi bağışlayım!" Tövbə qapısı genişdir, Allah sübhənahu və taala tövbə ilə bütün günahları bağışlayır. Heç bir qul günahları böyük və çox olsa da, Allahın mərhəmətindən uzaq olacaq deyərək ümüdsüzlüyə qapılmasın! Çünki, Allahın mərhəməti daha böyükdür. Allah taala buyurur: "Bəndələrinin tövbəsini O qəbul edir, günahları O bağışlayır və sizin nə etdiyinizi də O bilir". (əş-Şura, 25) Digər bir ayədə uca Allah buyurur: "De: "Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!" (əz-Zumər, 53) Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu ayə nazil olarkən belə buyurmuşdu: "Mən bu ayənin orada olmadığı bir dünyanı istəmirəm". İbn Kəsir ayənin təfsirində deyi ki, "Bu ayəti-kərimə bütün asiləri və günahkarları küfrü tərk edərək tövbə etməyə və Allahın yoluna qayıtmağa çağırır. Allah taala xəbər verir ki, tövbə edənin günahları dənizin köpıkləri qədər olsa da onun günahlarını bağışlayar". Allah taala buyurur: "Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!" (taha, 82)

Tövbənin şərtləri:
Imam Nəvəvi alimlərdən nəql edərək bildirir ki, hər bir günaha görə tövbə etmək vacibdir. Günah adəm övladı ilə heç bir əlaqəsi olmadan yalnız qulla Rəbbi arasında qalarsa, onun üç şərti var: 1)  Günahı tərk etməli;2) həmin günahı etdiyinə görə peşman olmalı; 3) həmin günaha bir daha qayıtmayacağına dair söz verməlidir. Əgər bu üç şərtdən birini yerinə yetirməzsə, tövbəsi doğru sayılmaz. Əgər günahın başqa insanların haqqı ilə əlaqəsi varsa, onda tövbənin dörd şərtini yerinə yetirmək vacibdir. Ilk üç şərt yuxarıda qeyd olunanlar, dördüncüsü isə sahibinə haqqını qaytarmaqdır. Məsələn, pul və ya başqa şeydirsə, onu sahibinə qaytarmalı, kiməsə pis münasibət göstəribsə, üzr istəməli, qeybət edibsə, ondan halallıq istəməli və onun lehinə olmalıdır. Günahların hər növünə görə tövbə etmək vacibdir. Günahların bəzilərinə görə tövbə edilərsə, doğru sayılar, ancaq bu, qalan günahlara şamil olunmur, onlar üçün də ayrıca tövbə etmək lazımdır. Əgər tövbənin səmərəsi əsl iman və saleh əməl olmayacaqsa, onda bu, səmimi tövbə hesab olunmur.

Tövbənin vaxtı:
Əbu Musa Abdullah bin Qeys əl-Əşarinin (Allah ondan razı olsun!) rəvayət etdiyi hədisdə Allah rəsulu (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Həqiqətən, Allah gündüz boyu günah işləyənin tövbəsini qəbul etmək üçün gecə, gecə boyu günah işləyənin tövbəsini qəbul etmək üçün isə gündüz əlini açar. Bu hal günəşin batdığı yerdən çıxacağı günə kimi davam edəcək". Əbu Əbdürrəhman Abdullah bin Ömər bin əl-Xəttabdan (Allah ondan və atasından razı olsun!) rəvayət olunan digər bir hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Allah azzə və cəll can boğazdan çıxana kimi qulun tövbəsini qəbul edər". Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəsulullahın belə dediyi rəvayət olunur: "Kim günəş batdığı yerdən çıxmamışdan əvvəl tövbə edərsə, Allah onun tövbəsini qəbul edər". Qurani-Kərim Fironun hekayətini xatırlamaqla qəbul olunmayan tövbəyə ən gözəl misal gətirir. O, "Mən sizin ən uca rəbbinizəm" - deyirdi. Dəryada boğulduğu zaman isə "İman gətirdim" - desə də, Allah onun tövbəsini qəbul etmədi. Allah taala buyurur: "Batacağı anda: "İsrail oğullarının inandıqlarılarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq təslim olanlardanam!" - dedi. İndimi? Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!" (Yunus, 90-91)
Qurani-Kərim kafir olan, lakin Allahın gücünü gördükləri zaman iman gətirib tövbə edən qövmün tövbəsinin qəbul edilmədiyi haqda söhbət açır: "Onlar əzabımızı gördükdə dedilər: "Biz yalnız Allaha iman gətirdik, qoşduğumuz şərikləri isə inkar etdik!" Amma əzabımızı gördükləri zaman iman gətirmələri - Allahın Öz bəndələri barəsində öncə olub-keçmiş adətinə müvafiq olaraq heç bir fayda vermədi. Kafirlər elə oradaca ziyana uğradılar". (Ğafir, 84-85) Allah taala qəbul olunan və qəbul olunmayan tövbəni bəyan edərək buyurur: "Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah biləndir, hikmət sahibidir! Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" -deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!" (ən-Nisə, 17) Mömin olan kəs günah üzərində olub tövbə etnədiyi halda ölümün aniliyindən ehtiyat etməlidir.
Günahlarda israrlı olmayanların mükafatı Allahdan bağışlanmadır. Allah taala buyurur ki, "O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini bildikdə bir daha ona qayıtmazlar. Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!" (Əli İmran, 135-136)

Günahlara israrlılıq:
Günahlara israrlı olmaq qulun qulun psixalogiyasında dağıdıcı təsirə malik iz buraxır. Çünki, tövbənin, Allahdan bağışlanma diləməyin və peşmançılığın olmadığı günahların üst-üstə yığılması qəlbin mərhəmətsizliyinə, xasiyyətin kobudluğuna və nəfsin zülmkarlığına gətirib çıxarır. Həmçinin, gözə çarpmadan insani keyfiyyətləri məhv edir və onun yerinə sonu üçurum olan heyvani həvəslər yaradır.
Bütün günahlara görə tövbə etməyə təşəbbüs göstərmək möminin qəlbində doğru yolu tutmağa kəsin qərarlılığı yeniləşdirən və Allahın rəhmətinə ümüdsüzlükdən uzaqlaşdıran səbəblərdən biridir. Uca Allah buyurur: "Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər". (ən-Nisə, 110) İbn Kəsir (Allah ona rəhmət eləsin!) deyir: "Əli bin Əbu Talha İbn Abbasdan onun bu ayə haqda belə dediyini nəql edir: "Allah öz qullarına əfvini, kəramətini və məğfirətini xəbər verir. Kim kiçik və ya böyük günah işlədərsə, sonra "Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər". Günahları göylər, yerlər və dağlardan da böyük olsa da Allah onu bağışlayar. Bunu İbn Cərir rəvayət etmişdir.

Böyük və kiçik günahlar. Böyük günahlara görə tövbə etməyin vacibliyi:
Allah taala buyurur: "Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin üstünü örtər və sizi şərəfli bir mənzilə çatdırarıq". (ən-Nisə, 31) İbn Kəsir deyir ki, yəni əgər siz qadağan olunan böyük günahları tərk etsəniz, biz kiçik günahlarınızdan keçərik və sizi Cənnətə daxil edərik — "Sizi şərəfli bir mənzilə çatdırarıq".
Ayə və hədislərdən məlum olan böyük günahların bəziləri aşağıdakılardır: Allaha şərik qoşmaq, valideynlərə itaətsizlik, Allahın haram etdiyi cana qəsd etmək, sehr, sələm yemək, yetim malını yemək, mömin, saleh və namuslu qadınlara böhtan atmaq, müqəddəs evə aid yasaq işlərin görülməsi, yalan danışmaq, yalandan şahidlik etmək, övladı öldürmək, içgi içmək, pislik gətirən vəd, namaz qılmamaq, Allahdan qorxmamaq, Allahın rəhmətindən ümüdünü üzmək, zina, oğurluq, vəsiyyəti yerinə yetirməmək, qəniməti haqqı ilə bölməmək, homoseksuallıq, qəsbkarlıq, qohumluq əlaqələrini kəsmək, haqsız yerə müsəlmanı vurmaq, şahidliyi gizlətmək, rüşvət, zəkat verməmək, elm əhlini və Quranı əzbər bilən şəxsi təhqir etmək, səhabəni söymək, yaxşı işləri əmr etməmək və pis işlərdən çəkindirməmək.
Böyük günahlar təkcə qeyd etdiklərimizlə kifayətlənmir. Bəzi alimlər yetmişdən artıq böyük günahın adını çəkmişlər. Elm əhlinin fikrincə, böyük günah Kitab və sünnədə harama, lənətə və ya şiddətli əzaba səbəb olan günahlardır. Böyük günah işlədənin tövbə etməsi mütləqdir. Əks təqdirdə, tövbə etmədən ölən kəsin aqibəti Allah taalanın istəyinə qalır. İstəsə, onu bağışlayıb birbaşa Cənnətə daxil edər və yaxud əzab verib sonra Cənnətə daxil edər. Kiçik günaları isə namaz və bu kimi ibadətlər yuyur.
Hər şeyin ən doğrusunu Uca Allah bilir.
Blogger tarafından desteklenmektedir.