Mənhəcin əsasları

Titulo

18.02.2016

Dörd prinsip

Əzəmətli ərşin Rəbbi olan Kəramətli Allahdan səni dünya və axirətdə qorumasını və harada olursan ol, sənin işlərini xeyir-bərəkətli etməsini istəyirəm. Allah səni verdiyi nemətlərə şükür edən, müsibətlər anında səbr edən və işlətdiyin günahlara görə bağişlanma diləyən bəndələrindən etsin. Həqiqətən bu üç sadalanan əməl səadət ünvanıdır.

Allah səni Ona itaət etməyə yönəltsin!
Bilməlisən ki, həqiqətən, İbrahim peyğəmbərin (ona Allahın salamı olsun!) getdiyi yol olan həniflik (tövhid dini): Dini Allaha məxsus edərək yalnız Ona ibadət etməkdir. Uca Allah belə buyurur: "Mən cinləri və insanları yalnız Mənə ibadət et¬mək üçün yaratdım!" (Zariyat, 51/56).
Allahın səni Ona ibadət etmək üçün yaratdığını bildikdən sonra, dəstəmaz və ya qüslsüz qılınan namazın namaz sayılmadığı kimi, tövhidsiz icra edilən ibadətin də ibadət sayılmadığını bilməlisən. Dəstəmaz və ya qüslü pozan amillər meydana gəldikdə onların pozulduğu kimi, ibadətə də şirk[1] qarışdıqda, o pozulur.
Sən artıq bildin ki, şirk qarışdığı ibadəti pozub əməli boşa çıxarır və həmin əməl sahibi əbədi Cəhənnəmlik olur. Həmçinin sən hər şeydən öncə məhz bu məsələyə diqqət yetirməli olduğunu da bildin. Allah səni Ona şərik qoşmaqdan qorusun. Uca Allah bu haqda buyurmuşdur: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan gü¬nahlarını bağışlar..." (Nisa, 4/48). Uca Allahın Kitabında qeyd etdiyi dörd əsası bilməklə bu günahdan qorunmaq mümkündür.
Birincisi: Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) mübarizə apardığı kafirlər Uca Allahın öldürüb-dirildən, ruzi verən və bütün işlərə tədbir tökən olduğunu qəbul etsələr də bu onları İslama daxil etmədi.
Buna dəlil Uca Allahın aşağıdakı ayəsidir: "(Ya Rəsulum!) De: "Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan (onları yara¬dan) kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan (səhmana salan) kimdir? Onlar: "Allahdır!" - deyəcəklər. De: "Bəs onda Allah¬dan qorx¬mursunuz?" (Yunus, 10/31).
İkincisi: Kafirlər: "Biz onlara bizi Allaha yaxınlaşdırmaları və bizə Allah qatında şəfaət etmələri üçün dua edir və üz tuturuq"- deyirdilər.
Uca Allah Ona yaxınlaşmaq haqqında belə buyurur: " ...Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!" (Zümər, 39/3). Şəfaət diləmələri haqqında isə, belə buyurur: "Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: "Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!" - deyirlər..." (Yunus, 10/8).
Şəfaət iki qismdir: Qadağan olan və izn verilən şəfaət.
1. Qadağan olan şəfaət - Yalnız Allahın gücü çatan bir işi (şəfaət haqqını) Ondan başqa¬sından istəmək. Buna sübut uca Allahın aşağıdakı ayəsidir: "Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün (qiyamət günü) gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın! Kafirlər (bunu inkar edənlər) isə (özlərinə) zülm edənlərdir!" (Bəqərə, 2/254).
2. İzn verilən şəfaət - Allahdan istənilən şəfaətdir. Burada şəfaətçiyə yüksək bir səlahiyyət (Allah tərəfindən şəfaət etmə hüququ) veriməlidir. Həmçinin şəfaət edilən şəxs, əməlindən və sözündən Allahın razı qaldığı bir insan olmalıdır. Uca Allah buyurur: "...Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər?..." (Bəqərə, 2/255).

Üçüncü: Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) fərqli (tanrılara) ibadət edən bir topluma peyğəmbər göndərilmişdi. Bu kəslərin içərisində mələk¬lə¬rə, peyğəmbərlərə, əməlisaleh şəxslərə, ağaclara, daşlara, günəşə və aya sitayiş edənlər var idi. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) onları biri-birindən fərqləndirməyərək, hamısı ilə eyni şəkildə mübarizə apardı. Buna dəlil uca Allahın aşağıdakı ayəsidir: "(Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuru¬şun" (Ənfal, 8/39).
Allah günəşə və aya sitayiş edənlər haqqında belə buyurur: "Gecə və gündüz, günəş və ay Onun əlamətlərin¬dən-dir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin! Əgər Ona ibadət edirsinizsə (heç bir şərik qoşmadan ibadət edin)!" (Fussilət, 41/37).
Mələkləri ilahiləşdirənlər barədə isə Uca Allah belə buyurur: "O sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz..." (Ali İmran, 3/80).
Peyğəmbərlərə ibadət edənlər haqqında da Əziz və Cəlil Allah belə buyurur: "Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!" - demişdin? (İsa cavabında) deyəcək: "Sən pak və mü¬qəddəssən! Haq¬qım çatmayan bir şeyi demək mənə ya¬raş¬maz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!" (Maidə, 5/116).
Əməlisaleh insanlara ibadət edənlər haqqında Əziz və Cəlil Allah belə buyurur: "Onların tapındıqları tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından qorxur..." (İsra, 17/57).
Ağaclara və daşlara ibadət edənlər haqqında Əziz və Cəlil Allah belə buyurur: "Bir deyin görək (sizin ibadət etdiyiniz) Lat və Uzza nəyə qadirdilər?! Digər üçüncü (büt) olan Mənat da həmçinin?!" (Nəcm, 53/19-20).
Əbu Vaqid əl-Leysi belə deyir: "Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə birgə Hüneynə yola düşdük. Həmin vaxt biz, küfrdən yenicə aralanmışdıq (yəni, İslamı yeni qəbul etmişdik - red.). Müşriklər, (döyüşdə uğur qazanmaq üçün) Zatənvat adlandırdıqları bir ağacın altına yığışıb silahlarını ondan asardılar. Biz də həmin ağacın yanından keçdikdə, Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!): "Ey Allahın Elçisi, onların Zat Ənvatı kimi, bizə də bir Zat Ənvat düzəlt" - dedik..." [2]
Dördüncüsü: Şübhəsiz ki, bugünkü müşriklərin şirki əvvəlkilərin şirkindən daha şiddətlidir. Çünki əvvəlkilər çətinliklər üz verəndə şirki tərk edib Allaha ibadət edir, çətinliklərdən xilas olan kimi yenidən Allaha şərik qoşmağa başlayırdılar.
Çağımızın müşrikləri isə, istər çətinlik olsun, istərsə də əmin-amanlıq, bütün hallarda Allaha şərik qoşurlar. Buna dəlil uca Allahın aşağıdakı ayəsidir: "(Müşriklər) gəmiyə mindikləri zaman (dəryada ba¬ta¬caqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus edə¬rək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-salamat qu¬ru¬ya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar" (Ənkəbut, 29/65).
Sonda, Muhəmmədə, Onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun!

__________________________________________________________________________________
[1] Allaha şərik qoşmaq
[2] Hədisin davamı belədir: Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!)buyurdu: "Allahu Əkbər!"And içirəm ki, sizin bu sözləriniz İsrail oğullarının Musa əleyhissalama söylədikləri sözlərə oxşayır".
Tirmizi, Fitən babı (2181). Hədis yaxşı (həsən) və səhihdir. İmam Əhməd, Müsnəd, 5/218.
Blogger tarafından desteklenmektedir.