Mənhəcin əsasları

Titulo

19.02.2016

Imam Malik a.r.e. və onun "Muvatta" əsəri ilə qısa tanışlıq

Bizə kamil şəkildə gəlib çatan elmi fəsillərə malik ilk hədis kitabı imam Malikin -Allah ona rəhmət etsin- "Muvatta" əsəridir. Allah onu insanlara sevdirmişdir. Muvatta imam Malikin zamanında yazılmış kitabların ən yaxşısı və ən çox faydalısı hesab olunur. Imam Şafii -Allah ona rəhmət etsin- "Muvatta" əsərini öz zamanına qədər yazılmış bütün hədis kitablarından daha üstün tutaraq demişdir:

"Yer üzündə Allahın kitabından sonra Malikin "Muvatta" əsərindən üstün (ərəbcə səhih tərc.) kitab yoxdur." Çünki imam Malik hədis fənni üzrə kitab yazan ilk alimlərdən biridir. Demək olar ki, ondan öncə hədis rəvayətçilərinin tənqidi ilə məşğul olan və alim və rəvayətçilərdən araşdırma yolu ilə hədis nəql edən biri olmamışdır.
Imam Malik "Muvatta" əsərində özünün səhih hesab etdiyi təfsirlə, tarixlə və hədislərlə bağlı məlumatları, həmçinin səhabələrin, tabeinlərin və özündən öncəki alimlərin kəlamlarını toplamışdır.

"Muvatta" əsərinin hədis kitabları arasında yeri:

"Muvatta" əsəri səhihliyinə görə əksər hədis alimlərinin rəyi ilə Buxarinin və Müslimin səhih əsərindən sonra üçüncü yerdədir.

Imam Malik kimdir:

Onun tam adı, Əbu Abdulla Malik ibn Ənəs ibn Malik əl-Əsbəhidir. O, Mədinə şəhərinin imamı və ən məhşur alimlərindəndir. İmam Malik hicrətin 93-cü ilində Mədinə şəhərində doğulmuş və 179-cu ilində elə orada vəfat etmişdir. Atası -Allah ondan razı olsun- hədis rəvayətçilərindən biri olmuşdur.
Imam Malik təbeinlərin böyük alimlərindən və fəqihlərindən dərs almışdır. Məsələn, ən çox elm öyrəndiyi şəxslərdən biri əz-Zuridir. Buna görə də onun tanınmış tələbəsi sayılır. Həmçinin İbn Ömərin qulluqçusu Nəfidən dərs almış və ondan rəvayət etməklə məhşurlaşmışdır. Imam Malikin Nəfidən onun da İbn Ömərdən rəvayət etdiyi isnad qızıl silsilə adlanır.
Imam Malik böyük səylə elmlərə yiyələnməsi və hədis toplaması onu Hicaz ərazisində imam (alimlərə verilən yüksək titullu şəxs - red.) kimi tanıtdı. Beləki ona "Dərul hicrənin imamı" yəni, Mədinənin şəhərinin alimi ləğəbi verilmişdir. Səs-sorağı hər yerə yayıldığı üçün dünyanın hər yerindən elmə yiyələnmək istəyən tələbələr onun yanına gəlirdilər. O, Peyğəmbərin -ona Allahın salavatı və salamı olsun- məscidində həya, vüqar və ədəblə hədis məclisləri qurar, Peyğəmbərə -ona Allahın salavatı və salamı olsun- ehtiram olaraq səsini yüksəltməzdi.

"Muvatta" əsərini yazmasının səbəbi:

Xəlifə Mansur həccə getdiyi zaman imam Malikin elm məclislərində iştirak etmişdir. Ondan hədis və fiqh elmlərini öyrəndikdən sonra, onun elmi səviyyəsinə heyran qalaraq Peyğəmbərdən -ona Allahın salavatı və salamı olsun- bildiyi səhih hədisləri insanların asanlıqla öyrənəcəyi səviyyədə qələmə almasını tələb etmişdir. Imam Malik də Mansurun bu tələbinə cavab olaraq Muvatta kitabını toplamışdır.

Imam Malikin "Muvatta" əsərinin elmi özəllikləri:

Imam Malik "Muvatta" kitabına misilsiz özəlliklər vermişdir. Hətta bəziləri onun "Muvatta" əsəri üzərində qırx il araşdırma və elmi tədqiqatlar apardığını demişlər. Əl-Əvzai "Muvatta"nı ondan qırx günə öyrənmişdir. Malik ona demişdir: "Mənim qırx ilə yazdığım bu kitabı qırx günəmi öyrəndiniz? Onunla necədə asan (yəni, az vaxt ərzində) elmə yiyələndiniz."
Həmçinin imam Malik demişdir: "Bu kitabımı Mədinənin fiqh alimlərindən yetmişinə göstərdim. Hər biri mənimlə razılaşdığı üçün adını Muvatta qoydum." Deyirlər ki, buna görə də Muvatta adlandırılıb. Bununla yanaşı xəlifə Mansurun: "Onu insanlar üçün asanlaşdır, onların rahatlıqla öyrənə biləcəyi şəklində yaz!" - dediyinə görə kitabın "Muvatta" adlandırılması da söylənilir.
"Muvatta" kitabını birbaşa Imam Malikdən mindən artıq rəvayətçi nəql etmişdir. Onu öyrənmək üçün insanlar uzaq ölkələrdən Mədinəyə gəlirdilər. Onların içərisində məşhur alimlər, muctəhid fəqihlər, hətta Harun ər-Rəşid və onun oğlu kimi xəlifələr və sultanlar var idi.

Imam Malikin alimlərin ziddiyyətli rəylərinə həssas yanaşması:

Xəlifə Harun ər-Raşid həccə gəldiyi zaman imam Malikdən "Muvatta" əsərini dinləyir. Sonra o, insanların "Muvatta"da olanlara uyğun şəkildə əməl etmələri üçün onu Kəbənin divarlarından asdırmaq istəyir. Imam Malik -Allah ona rəhmət etsin- isə ona deyir: "Ey möminlərin əmiri, belə etmə! Çünki Peyğəmbərin -ona Allahın salavatı və salamı olsun- səhabələri fiqhi məsələlərdə (hədisdən çıxarılan nəticələrdə - red.) ixtilaf etmişlər. Onların bu ixtilafları müxtəlif ölkələrə yayılmışdır. Lakin bununla yanaşı səhabələrin hər biri haqqa nail olmuşdur." Harun ər-Raşid bu sözdən sonra öz fikrindən daşınmışdır. Əbu Nueym "əl-Hilyə" əsərində ibn Kəsirdən nəql edərək deyir: "Xəlifə Mansur imam Malikdən insanları öz kitabı ətrafında toplamasını tələb etsə də o buna əməl etməmiş və demişdir: "Artıq çox insanlar bizdən öncə çoxsaylı elmlərə yiyələnmiş və bizim bilmədiyimiz çox məsələləri öyrənmişlər." Bu sözlər onun insaflı və kamil elmə sahib bir insan olmasına sübutdur."

Muvattada olan rəvayətlərin sayı:

Əbubəkr əl-Əbhəri deyir: Muvattada Peyğəmbərdən -ona Allahın salavatı və salamı olsun-, səhabələrdən və təbeinlərdən nəql edilən 1720 hədis və rəvayət var. Bunlardan 600 hədis "musnəd", 222 hədis "mursəl", 613 hədis "movquf", 235 hədis isə təbeinlərin kəlamlarıdır.
Bəzi alimlər Muvattada olan hədislərin sayının bundan çox, bəziləri isə az olduğunu söyləmişdir. Bu ixtilafın səbəbi imam Malikdən Muvattanı rəvayət edənlərin çox olmasıdır. Bəzilərinin rəvayətində olan hədislər digərlərinin rəvayətlərində yoxdur. Zamanımızda yaşayan hədis alimləri Muvattanın müxtəlif nüsxələri ilə tanış ola bilmişlər.
Doktor Məhəmməd Fuad Abdulbaqi "Muvatta"nın müxtəlif nüsxələrindəki hədisləri toplamış və orada olan hədislərin sayının 1852-yə çatdığını bildirmişdir.
Muvattanın ən məşhur rəvayətçisi Yəhya ibn Yəhya əl-Leysidir. Buna görə də zamanımızda imam Malikin Muvatta əsəri məhz onun rəvayəti ilə nəql edilir.

Muvatta əsərinin şərhləri:

Alimlər bütün zamanlarda "Muvatta" əsərini öyrənməklə, hədislərinin səhih və ya zəyıfliyini bəyan etməklə, onlara şərhlər yazmaqla kitaba önəm vermişlər. Ən mühüm şərhləri aşağıdakılardır:
1. "ət-Təmhid limə fil Muvatta minəl məani val əsanid" və "əl-Istizkar fi şərhi məzəhib əhlil əmsar". əl-Istizkar ət-Təmhidin ixtisarıdır. Hər ikisi Məğrib alimlərindən olan imam Əbu Yusif Ömər ibn Abdulbərinin Allah ona rəhmət etsin əsəridir. O, hicrətin 463-cü ildə vəfat etmişdir.
2. "Kəşful muğatta fi şərhil muvatta" və onun müxtəsəri olan "Tənvirul həvalik". Hər ikisi imam əs-Suyutinindir.
3. Məhəmməd ibn Abdulbaqi əz-Zərqani əl-Mısri əl-Məlikinin "Şərhuz Zərqani" əsəri. Orta həcimli şərhdir. Müəllif, hicrətin 1014-cü ildə vəfat etmişdir.
Blogger tarafından desteklenmektedir.