Mənhəcin əsasları

Titulo

19.02.2016

İmam Tirmizi a.r.e. və onun "Sünən" əsəri ilə tanışlıq

İmam Tirmizi
-Allah ona rəhmət etsin-
və onun "Sünən (əl-Cəmi)" əsəri ilə tanışlıq.

Imam Tirmizi kimdir?
Tam adı Əbu Isa Məhəmməd ibn Isa ibn Səvra ət-Tirmizidir. O, hicrətin 209-ci ilində anadan olmuş və 279-ci ilində vəfat etmişdir. Tirmizi Buxarinin yanında uzun müddətli dərs alan tələbələrdən biri idi.

Alimlər onun elmli, hafiz, abid, zahid, Allahdan çox qorxan olmasını bildirmişlər. Allah qorxusu ilə çox ağlamaqdan həyatının sonlarında gözlərinin kor olması da buna dəlalət edir.
Məşhur alim Əbu Səid əl-Idrisi Tirmizi haqqında demişdir: "O, hədis elmində sözü qəbul olunan imamlardan biridir. "əl-Cəmi", "əl-Iləl və tarix" kitabları onun kamil elmli alim olmasına işarədir. Insanlar onun hafizəsini nümunə kimi misal çəkirdilər."

Imam Tirmizinin "əl-Cəmi" əsərinin özünəməxsus cəhətləri:

Əbu Davud kimi imam Tirmizi də "Cəmi" əsərində fiqhi hökmlərlə bağlı hədisləri cəm etmişdir. O, bu kitabda hədislərin səhih yaxud zəif olmasını bəyan etmiş və səhabələrin, təbeinlərin və müxtəlif alimlərin məzhəblərini (müəyyən məsələyə aid rəylərini - tərc.) qeyd etmişdir.
Şeyx Əhməd Məhəmməd Şakir, Tirmizinin "Sünən" kitabına yazdığı tədqiqat əsərində deyir: Tirmizinin bu kitabı üş cəhətdən digərlərindən fərqlənir ki, bu xüsusiyyətlər heç bir hədis, sünnə üsulu və başqa mənbələrdə yoxdur.
Birinci, o, hədisin rəvayət yollarını ixtisar edərək onlardan yalnız birini nəql etmişdir. Sonra isə növbəti rəvayətə başlamışdır. Şeyx Əhməd Şakir deyir: "Tirmizi hər bir fəslə dəlalət edən hədisi qeyd etdikdən sonra, istər həmin hədislə eyni məna, istər başqa məna, yaxud da tamamilə əks məna daşıyan lakin azacıq da olsa həmin fəsillə uyğunluğu olan hədisləri nəql edən səhabələrin adlarını qeyd etmişdir. Şübhəsiz ki, bu, onun yüksək elmi səviyyəsinə və güclü hafizəsinə sübutdur."
Ikinci, o, fiqhi məsələlərdə bu sahə üzrə mütəxəssis olan alimlərin ixtilafını, onların rəylərini və dəlillərini qeyd edir. Həmçinin o, hər fəsildə bir-birinə zidd olan hədisləri zikr edir. Bu da ən yüksək və mühüm sayılan bir işdir. Çünki hədis elminin əsas məqsədi hədislərə riayət etmək və nəticələr çıxartmaq üçün onlardan düzgün və yanlış xəbərləri bir-birindən ayırmaqdır.
Üçüncü, imam Tirmizi öz kitabında hədislərdəki qüsurlara diqqətlə yanaşmış, onların səhihlik və ya zəiflik dərəcələrini qeyd etmiş, orada olan nöqsanlar və rəvayətçilər haqda geniş danışmışdır. Buna görə də həmin kitab hədislə bağlı bütün elmlərin, xüsusən də onda olan qüsurları tədqiq edən (ərəbcə Iləl - tərc.) elmin tətbiqi sahəsinə çevrilmişdir. Bir sözlə bu kitab alimlərin, tələbələrin və tədqiqatçıların üz tutduqları ən faydalı mənbəyə çevrilmişdir.
Imam Şövkəni, Tirmizinin "Sünən" əsərini tərifləyərək deyir: "Tirmizinin bu əsəri kitablar içərisində ən yaxşısı, ən çox faydalısı, tərtib baxımından ən gözəli və təkrara ən az yer verənidir. Həmçinin bu kitabda başqalarında qeyd olunmayan məzhəb nəzər nöqtələri, hədislərdən nəticə çıxarma metodikaları, fəslə münasib digər hədislərin də olduğuna işarə etmə, hədislərin səhih, həsən, ğərib və ya zəif kimi növlərinin bəyanı və "tənqid və tərif" (ərəbcə cərh və tədil - tərc.) elminə aid müzakirələr vardır."
Kitabın fərqli cəhətlərindən biri də onun müxtəlif elmi faydalar daşımasıdır. Bu haqda İbn Ruşeyd deyir: Tirmizinin "Sünən" əsərinin aşağıdakı özəllikləri vardır:
1. Fəsillərə bölünmüş hədislər
2. Fiqh
3. Hədislərin səhih, zəif və ya onlar arasında olan mərtəbələrini bəyan edən "Iləl"
4. Adlar və kunyələr (ləğəblər);
5. Cərh və tədil
6. Peyğəmbəri -ona Allahın salavatı və salamı olsun- görənlərin və görməyənlərin bəyanı
7. Hədisin digər rəvayətçilərinin zikri
Bunlar ümumi şəkildə sadaladığımız elmlərdir. Lakin müfəssəl araşdırmaya gəlincə, kitabda çox saylı digər elmlər vardır. Qısa desək bu çox dəyərli və dərin faydalı əsərdir.
Onun "əl-Cəmi" kitabı "Sünən ət-Tirmizi" adı ilə məşhurdur. Əsər həsən hədislərin əsas mənbələrindən sayılır. Ibn Salah deyir: "Əbu Isa Tirmizinin -Allah ona rəhmət etsin- kitabı həsən hədislərin əsas mənbəyidir. Ilk olaraq bu termini o işlətmiş və əl-Cəmi əsərində ondan cox istifadə etmişdir."
Tirmizinin "əl-Cəmi" əsərində 3956 hədis var.

Imam Tirmizinin "Sünən" əsərinin şərhləri:

Tirmizinin "Sünən" əsərinin şərhlərindən:
1. Ibn əl-Ərabi əl-Məkki adı ilə tanınmış böyük alim Əbu Bəkr Məhəmməd ibn Abdulla əl-Işbilinin "Aridaul əhvazi fi şərhit Tirmizi" əsəri; İbn əl-Ərabi hicrətin 795-ci ildə vəfat etmişdir.
2. Əl-Hafiz Cələluddin əs-Suyutinin "Quvvatul muğtəzi aləl-Cəmi ət-Tirmizi" əsəri; Suyuti hicrətin 911-ci ilində vəfat etmişdir.
3. Ibn Seyyidinnəsin şərhi; O, hicrətin 734-cü ilində vəfat etmişdir. İbn Seyyidunnəs bu əsərini vəfat etdiyinə görə tamamlaya bilməmişdir. O, yalnız kitabın üçdə bir hissəsini şərh etməyə müvəffəq olmuşdur. Sonra "Əlfiyyə" əsərinin müəllifi Zeynəddin Abdurrahim ibn Hüseyn əl-Iraqi onu tamamlamışdır. O, hicrətin 806-cı ilində vəfat etmişdir.
4. Siracuddin əl-Bəlqini əş-Şəfiinin "Əl-Urfuş şəzi alə Cəmii ət-Tirmizi" əsəri; Şərhçi hicrətin 805-ci ilində vəfat etmişdir. Həmçinin o da öz əsərini tamamlaya bilməmişdir.
5. Böyük alim Muhəmməd Abdurrahman ibn Əbdürrəhim əl-Mubərakfurinin "Töhfətul əhvazi şərhu Cəmi ət-Tirmizi"əsəri; Mubərakfuri hicrətin 1355-ci ilində vəfat etmişdir. Kitabın bu şərhi zamanımızda ən çox oxunan əsərdir. O, çox faydalıdır. Allah onu insanlara sevdirmiş və onlar arasında məşhurlaşdırmışdır.
Blogger tarafından desteklenmektedir.