Mənhəcin əsasları

Titulo

9.02.2016

Kafirlərə bənzəməyə çalişmanin qadağan edilməsi

Uca Allah buyurur ki:
"Ey iman gətirənlər! "Raina"*156 deməyin, "unzurna" söyləyin, eşidin! Kafirləri şiddətli əzab gözləyir" (Bəqərə, 2/104)
Hafiz İbn Kəsir ayənin təfsirində deyir ki:
Uca Allah mömin qullarına söz və əməlləri ilə kafirlərə bənzəməyə can atmalarını qadağan etmişdir.

Belə ki, yəhudilər danışıqlarında kiçildici məqsədlərlə birdən çox məna verməsi ehtimalı olan ibarələr işlədirdilər (Allah onlara lənət etsin). Buna görə, onlar "bizi dinlə, bizə qulaq as"
demək istədikdə, "raina" deyirlər və bununla axmaqlıq və biliksizlik mənasını verən "ər-rauna"nı nəzərdə tuturdular. Beləliklə, Uca Allah belə buyurur: "Yəhudilərin bir qismi [Tövratdakı] sözlərin yerini dəyişib təhrif edir və dillərini əyərək dinə [İslama] tənə vurmaq məqsədilə [sənə qarşı]: "Eşitdik və qəbul etmədik; eşit, eşitməz olasan [kar olasan] və raina", - deyirlər. Əgər onlar: "Eşitdik və itaət etdik; eşit və bizə tərəf bax!", - desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları öz küfrləri ucundan lənətə düçar etmişdi. Onların yalnız az bir hissəsi iman gətirmişdir". (Nisa, 4/46)
Onlar salam verdikləri zaman ölüm mənası verən "əs-səm" kəlməsini işlədərək "əs-səəmu aleykum" dediklərinə dair bir sıra hədislər rəvayət edilir. Buna görə Uca Allah bizə: "Və aleykum (sizə də salam olsun)" - deyə əvəz çıxmağımızı əmr etmişdir. Bizim onlara etdiyimiz qarğış qəbul olunur, amma onların bizə etdikləri qəbul edilmir. Bundan məqsəd Uca Allahın möminlərə söz və əməlləri ilə kafirlərə oxşamalarını qadağan etməsidir. Uca Allah belə buyurur:
"Ey iman gətirənlər! "Raina" deməyin, "unzurna" ("bizə də bax") söyləyin, eşidin!Kafirləri şiddətli əzab gözləyir".
Səhih bir sənəd əsasında Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə buyurduğu rəvayət edilmişdir:
"Mən qiyamətdən az öncə qılıncla göndərildim ki, tək olan Allaha heç bir şərik qoşmadan ibadət edilsin. Ruzim nizəmin kölgəsində təqdir edilmişdir. Zəlil olmaq və alçalmaq isə mənim əmrimə qarşı çıxanlar barəsindədir və hər kim ki, bir tayfaya bənzəməyə çalışarsa, o da onlardandır" (Səhih hədis kimi Əhməd və başqaları tərəfindən rəvayət edilmiş­dir.)*13
Hədisdə sözləri, hərəkətləri, geyimləri, bayramları, ibadətləri və daha başqa, bizə şəriətlə yol verilməyən və bizim eyni şeyləri etməyimiz qəbul olunmamış digər bütün məsələlərdə kafirlərə bənzəməyə səy göstərmə haqqında ağır bir qadağa və hədələmə qoyulmuşdur.
Bir də, sənədlə sübuta yetirildiyinə görə Abdullah b. Məsud onun yanına gələn və: "Mənə bir məsləhət ver" deyən bir adama belə demişdir: Sən Uca Allahın: "Ey iman gətirənlər!" - deyə buyurduğunu eşitdiyin yerdə ona qulaq as, diqqətlə dinlə. Çünki şübhəsiz ki, o, ya əmr etdiyi bir xeyirdir, ya da yasaqladığı bir şər.
İbn Cərir demişdir ki: Bizə görə doğru olan budur: Şəni Uca olan Allah möminlərə peyğəmbərinə "rainə" demələrini qadağan etmişdir. Çünki bu, Uca Allahın peyğəmbərinə deyilmə­sini yaxşı qarşılamadığı bir sözdür. Eynilə Peyğəmbərin (sallalla­hu əleyhi və səlləm) söylədiyi aşağıdakı hədisdə olduğu kimi: "Siz üzümə "əl-kərm" deməyin, onun yerinə "əl-həbələ" (salxım) deyin. Siz "mənim qulum" deməyin, lakin "mənim gənc igidim" deyin". (Hədisin birinci hissəsini Muslim, ikinci hissəsini Əhməd rəvayət etmişdir. Hədis səhihdir. I, 148)*14

Ayədən çıxan bəzi nəticələr
1. Sözlərində, hərəkətlərində, geyimlərində, adətlərində, bayramlarında, ibadətlərində özünü kafirlərə bənzətmək qadağan edilmişdir. Lakin təyyarə, tank, sualtı qayıqlar və buna bənzər müsəlmanları qüvvətləndirməyə kömək edən müasir kəşflərdə kafirlərin etdiklərini etməyə çalışmaq yolveriləndir*157, hətta vacibdir. Çünki Uca Allah: "…kafirlərə qarşı bacardığınız qədər qüvvə … tədarük edin…" (Ənfal, 8/60) deyə buyurmuşdur.
2. Peyğəmbərlə (sallallahu əleyhi və səlləm) davranmaq üçün zəruri olan ədəb-ərkana yiyələnmək və onun dərəcəsi ilə uzlaşmayan sözlərlə ona müraciət etməmək lazımdır. Məsələn, hörmətini azaltmaq üçün yəhudilərin Peyğəmbərə (sallallahu əleyhi və səlləm) söylədikləri "raina" kimi bir söz deyilmə­məlidir.
3. İşlədilməsi qadağan edilmiş bəzi kəlmələr vardır: Üzümə kərm demək kimi. Bunun əvəzinə "əl-həbələ" deyilir. Həmçinin "mənim qulum" deyilməyərək, bunun yerinə "mənim gənc igidim" deyilməlidir.

-----------------------------------------------------------------------------
*156 Bu söz ərəb dilində "bizi qoru", "bizdə gözün olsun", "bizə bax", "bizi gözlə", "bizə qayğı və ehtiram göstər" mənalarında işləndiyi halda, ibrani dilində yuxarıdakı mənalarla yanaşı, "bizə çobanlıq et", "bizim çobanımız", "ay səfeh" mənalarında da işlədilir. Yəhudilər həmin sözdən Peyğəmbərə (sallallahu əleyhi və səlləm) qarşı bir istehza vasitəsi kimi istifadə edirdilər. (Qurani-Kərim, Bakı, 2004, VI nəşr, səh. 129)
*13 Şeyx Əlbani "əl-İrva" (5/109, hədis 1269) əsərində bu hədisin həsən isnadlı olduğu­nu bildirmişdir.
*14 Hədisin ikinci hissəsi, əsli baxımdan nəinki imam Əhməd (2/444, hədis 9727), hətta Buxari (h. 2552) və Muslim (h. 2249) tərəfindən də rəvayət edilmişdir.
*157 Çünki çağdaş zəmanəmizdə silah və texniki vasitələr ümumbəşəri təhlükəsizlik və təhlükə anlayışları ilə bağlı və onların sırasına daxil olduğu üçün, onlar şəriətin qadağan etdiyi yasaq obyektləri ilə eyniləşdirilə bilməz. Allahın son dini olan İslamın müzəffər qələbəsi uğrunda düşmənin bütün imkanlarından yararlanmaq heç də ona bənzəmək mahiyyəti daşıya bilməz. Burada məqsəd və hədəflər Uca Allahın hökmləri ilə müəyyənləşdirilmişdir və kafirlərə adekvat deyildir.
Blogger tarafından desteklenmektedir.