Mənhəcin əsasları

Titulo

9.02.2016

əl-Fəcr surəsinin təfsiri

Məkkə surələrindəndir.


Nəsai deyir: Əbdülvahhab ibn Həkəm, Yəhya ibn Səid vasitəsilə Cabirin belə dediyini nəql etmişdir: Muaz namaz qılırdı. Bir nəfər də gəlib onunla namaz qıldı. Muaz namazını uzatdı. O birisi isə məscidin bir tərəfində namazını qılıb çıxıb getdi. Bu hal Muaza xəbər verildikdə, o həmin kişinin münafiq olduğunu söyləmişdi. Bu hadisədən Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) xəbər tutduqda, həmin gənci yanına çağırıb ondan bu haqda soruşdu.Gənc belə cavab verdi: "Ey Allahın elçisi, mən onunla namaz qılmaq üçün gəldim, ancaq onun namazı mənə uzun gəldi. Ona görə də ondan ayrılıb məscidin bir tərəfində tək namaz qıldım. Sonra da dəvəmin yemini verdim". Bundan sora Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Of, of, ey muaz! "Ən uca olan Rəbbinin adınıa təriflər de! (əl-Əla surəsi), "And olsun günəşə və onun işığına!" (əş-Şəms surəsi), "And olsun fəcrə!" (əl-Fəcr surəsi) və "And olsun bürüməkdə olan gecəyə!" (əl-Leyl surəsi) surələri harada idi?!"

Bismilləhir Rəhmanir Rəhim

1) And olsun fəcrə!
2) And olsun on gecəyə!
3) And olsun cütə və təkə!
4) And olsun keçib getməkdə olan gecəyə!
5) Məgər bunlarda ağıl sahibi üçün and yoxmudur?!
6) Məgər Rəbbinin Ada nələr etdiyini görmədinmi;
7) Sütunlar sahibi İrəmə;
8) hansi ki, heç bir ölkədə onun kimisi yaradılmamışdı.
9) Vadidə qayaları yonan Səmudlulara;
10) Və ordular sahibi Firona?!
11) hansılar ki, ölkələrdə azğınlıq edirdilər,
12) Oralarda çoxlu fəsad törədirdilər.
13) Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.
14) Şübhəsiz ki, Rəbbin baxıb görür.


Fəcr bilindiyi kimi, sübh, dan yeri deməkdir. Bu fikri Əli, İbn Abbas, İkrimə, Mucahid və Süddi söyləmişlər. Məsruq və Məhəmməd ibn Kəbdən nəql olunan fikrə görə isə, burada nəzərdə tutulan xüsusilə Qurban bayramının sübhüdür və bu da on gecənin sonuncusudur. Bəziləri də deyirlər ki, burada nəzərdə tutulan həmin vaxt qılınan namazdır. Bu fikri İkrimə də səsləndirmişdir. Bəziləri də deyirlər ki, burada günün bütün hissəsi nəzərdə tutulur. Bu, İbn Abbasa istinad edilən bir rəvayətdir. "And olsun on gecəyə!" Burada Zi-l-hiccə ayının on gecəsi nəzərdə tutulur. Necə ki, bu fikri İbn Abbas, İbn Zubeyr, Mucahid, habelə sələf və xələflərdən daha bir neçə nəfər söyləmişdir. Buxarinin "Səhih" kitabında İbn Abbasdan mərfu olaraq nəql edilən rəvayətdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: "Allah qatında əməllərin bu on gündən daha əziz olduğu bir gün yoxdur". Burada söhbət Zi-l-hiccənin on günündən gedir. Orada olanlar soruşdular: Allah yolunda cihaddanmı da?" Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Allah yolunda cihaddan da. Ancaq canı və malı ilə gedən və bunların heç biri ilə dönməyən kəs istisnadır". Bəziləri deyirlər ki, on gecə dedikdə Məhərrəm ayının ilk on günü nəzərdə tutulur. Bunu Əbu Cəfər ibn Cərir qeyd etmiş, lakin heç kəsə istinad etməmişdir. Əbu Kədinə, Qabus ibn Əbu Zübyan vasitəsilə "And olsun on gecəyə!" ayəsi haqda İbn Abbasın belə dediyini nəql etmişdir: "Bu, Ramazan ayının ilk on günüdür". Səhih olan birinci fikirdir.
İmam Əhməd deyir: Bizə Zeyd ibn əl-Həbbab, İyaş ibn Uqbə vasitəsilə Cabirdən rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: "On gecə Ramazan bayramının on günüdür. Tək, Ərafa günü, cüt isə Qurban bayramı günüdür". Nəsai bu hədisi Məhəmməd ibn Rafi və Abədə ibn Abdulla vasitəsilə Zeyd ibn Həbbabdan rəvayət etmişdir. İbn Cərir və İbn Əbu Hatim də Zeyd ibn Həbbabdan nəql etmişlər. Bu, isnadında bir qüsur olmayan rəvayətdir. Ancaq hesab edirəm ki, mətnin Peyğəmbərə aid olmasında qəbuledilməzlik mövcuddur. Yenə də ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: "And olsun cütə və təkə!" Yuxarıdakı hədisdə qeyd edildi ki, tək, doqquzuncu gün olduğu üçün Ərafə günü, cüt isə onuncü gün olduğu üçün Qurban bayramı günüdür. İbn Abbas, İkrimə və Dahhak bu cür qeyd etmişlər. İkinci bir rəy kimi İbn Əbu Hatim deyir ki, bizə Əbu Səid əl-Əşac, Aqəbə ibn Xalid vasitəsilə Vasil ibn Saibin belə dediyini nəql edir: Atədən "And olsun cütə və təkə!" ayəsi haqda soruşdum və dedim: "Bu, bizim qıldığımız vitr namazıdırmı?" O isə mənə belə cavab verdi: "Xeyr, cüt Ərafə günü, tək isə Ramazan bayramı günüdür".
Üçüncü fikir kimi İbn Əbu Hatim deyir: Bizə Məhəmməd ibn Amir ibn İbrahim əl-Əsbəhani, Əbu Səid ibn Avfdan nəql etdi ki, Məkkədə Abdulla ibn Zubeyr insanlara xütbə deyirdi. Xütbə zamanı bir nəfər ayağa qalxıb "ey möminlərin əmiri, mənə cüt və tək barəsində danış!" Abdulla ibn Zubeyr dedi: "Cüt Allah təalanın buyurduğu kimidir: "Tələsərək iki gündə qayıdana heç bir günah gəlməz". Tək isə: "Eləcə də yubanana heç bir günah tutulmaz". İbn Cureyc deyir ki, Məhəhəmməd ibn Murtəfi, İbn Zubeyrin belə dediyini rəvayət etmişdir: "Cüt, təşriq günlərinin ortası, tək isə təşriq günlərinin sonudur". Buxari və Muslimin eyni adlı "Səhih"-kitablarında Əbu Hureyrədən rəvayət olunan bir hədisdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: "Həqiqətən, Allahın doxsan doqquz - yüzdən bir əskik adı vardır. Kim onları sayarsa, Cənnətə daxil olar. Allah təkdir, təki də sevər".
Dördüncü rəy olaraq, Həsən əl-Basri və Zeyd ibn Əsləm demişlər: "Bütün məxluqat cüt və təkdirlər. Buna görə də Allah təala yaratdıqlarına and içir. Mucahiddən də bu rəvayət nəql olunmuşdur. Ancaq məşhur olanı birinci fikirdir. Ovfi, İbn Abbasdan nəql edir ki, "And olsun cütə və təkə!" ayəsində aşağıdakı məna nəzərdə tutulur: "Allah təkdir, siz isə cütsünüz". Həmçinin, bəzilərinin sözlərinə görə, cüt Sübh namazı, tək isə Məğrib namazıdır.
Beşinci fikir də İbn Əbu Hatim tərəfindən gətirilir: Bizə Əbu Səid əl-Əşəc, Ubeydulla ibn Musa vasitəsilə Mucahiddən Allah təalanın "And olsun cütə və təkə!" ayəsi haqda bunları nəql edir: "Cüt ikiliklərdir. Tək isə izzət və cəlal sahibi olan Allahdır". Əbu Abdulla da Mucahiddən nəql edərək bildirir ki, Allah tək, Onun məxluqatı isə kişi və qadın olmaq üzrə cütdürlər. İbn Əbu Nəcih də Allah təalanın "And olsun cütə və təkə!" ayəsi haqda Mucahidin aşağıdakı fikrini qeyd etmişdir: Allahın yaratdığı hər şey cütdür: Göy, Yer, torpaq, dəniz, cinlər, insanlar, günəş, ay və s. Mucahid bu ifadəsilə Allah təalanın "Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız!" (əz-Zariyat, 49) kəlamındakı mənaya işarə etmişdir. Yəni məqsəd cütləri yaradanın tək olmasınızı insanların bilməyidir.
Altıncı rəy isə Qatədənin Həsəndən nəql etdiyi rəydir. Belə ki, Həsənin sözlərinə görə, cüt və tək cüt və tək saylarıdır. Yəni həm cüt saylar, həm də tək saylar mövcuddur.
Yeddinci fikir isə ayədən nəzərə çarpır. Bu rəyi İbn Əbu Hatim və İbn Cərir, İbn Cureyc vasitəsilə nəql etmişlər. İbn Cərir deyir ki, Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun!) nəql edilən məlumat bizim Əbu Zubeyrdən rəvayət edərək xatırlatdığımız bu fikri təsdiqləyir. Mənə Abdulla ibn Əbu Ziyad əl-Qatvani, Zeyd ibn əl-Həbbab vasitəsilə Əbu Zubeyrdən, o Cabirdən nəql etdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə buyurur: "Cüt iki gündür, tək isə üçüncü gündür". Bu, eyni mətinlə varid olmuşdur. Lakin bu mətin əvvəldə qeyd etdiyimiz Əhməd, Nəsai, İbn Əbu Hatimin, habelə İbn Cəririn rəvayətində qeyd olunan mətnə ziddir. Allah ən doğru biləndir.
Əbu Aliyə, Rəbi ibn Ənəs və digərlərinin sözlərinə görə, burada namaz nəzərdə tutulur. Belə ki, namazın bir qisminin rükətləri dörd və iki olduğu kimi cüt, bir qisminin də məğrib namazında olduğu kimi rükəti təkdir. Məğrib namazı üç rükətlidir. Həmin namaz gündüzün tək rükətli namazıdır. Həmçinin, gecə təhəccüd namazınının axırındakı namaz da tək rükətdir. Əbdürrəzzaq, Məmər vasitəsilə Qatədədən Allah təalanın "And olsun cütə və təkə!" ayəsi haqda İbn Huseynin belə dediyini nəql etmişdir: "Burada nəzərdə tutulan fərz olan namazlardır. Onlarda cüt və tək rükətli namazlar var". Bu, arasıkəsilmiş və mövquf olan rəvayətlərdir. Həmçinin, rəvayətin mətnində ancaq fərz namazlar göstərilir. Muttasil və mərfu olaraq Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) istinad edilən digər hədislər vardır ki, onlarda bu, ümumi məna ifadə edərək bütün namazlara aid edilir.
İmam Əhməd deyir: Bizə Əbu Davud ət-Təyalisi, Həmmam vasitəsilə İmran ibn İsamdan nəql etdi ki, ona bəsrəli bir qoca İmran ibn Huseynin rəvayətini danışdı. Belə ki, həmin rəvayətdə deyilənə görə, Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun!) cüt və tək haqqında soruşuldu. O (Ona Allahın salavatı və salamı olsun!) isə buyurdu: "Bu, namazdır. Bəziləri cüt, bəziləri də təkdir". "Əl-Müsnəd"də bu cür qeyd olunmuşdur. Həmçinin, İbn Cərir, Bəndər vasitəsilə Affən və Əbu Kureybdən, onlar da İmran ibn Huseyndən nəql etmişlər. Habelə, Əbu İsa Tirmizi isə Amr ibn Ali vasitəsilə İbn Mehdidən və Əbu Davuddan, onlar da İmran ibn Huseydən nəl etmişlər. Ancaq Tirmizi deyir ki, bu hədis qəribdir. Biz ancaq Qatədənin qeyd etdiyini rəvayəti tanıyırıq. Həmin hədisi Xalid ibn Qeys də Qatədədən nəql etmişdir. İmran ibn İsamın İmranın özündəndən nəql etdiyi rəvayət də mövcuddur. Ən doğrusunu Uca Allah bilir.
Həmin hədisi İbn Əbu Hatim rəvayət edir və deyir: Bizə Əhməd ibn Sinan əl-Vasiti, Yezid ibn Harun vasitəsilə Qatədədən, o isə İmran ibn İsam əd-Dabidən, o da İmran ibn Huseydən rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) həmin hədisi söyləmişdir. Mən onun təfsirində bu rəvayət silsiləsini gördüm. O, bəsrəli qocanın İmran ibn İsam olduğunu vurğulamışdı. Həmçinin, İbn Cərir həmin hədisi rəvayət edir və deyir: Nasr ibn Əli, Qatədə vasitəsilə İmran ibn İsamdan, o da İmran ibn Huseyndən Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) cüt və tək haqdakı sözlərini nəql etmişdir. Belə ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: "Bu, namazdır. Həm cüt, həm də tək namazlar vardır". Göründüyü kimi, İbn Cərir adı naməlum qalan bəsrəli qocanı qeyd etmimişdir. Onu qeyd edən təkcə Bəni Dabiyə məscidinin imamı bəsrəli Əbu Əmarə İmran ibn İsam əd-Dabidir. O, Əbu Cəmra Nasr ibn İmran əd-Dabinin atasıdır. Ondan Qatədə, habelə oğlu Əbu Cəmra, Musənnə ibn Səid və Əbu Təyyah Yezid ibn Həmid də rəvayətlər nəql etmişlər. Onun haqda İbn Hibban "Kitab əs-Siqat"da (Mötəbərlər kitabı) qeyd etmişdir. Həmçinin, Xəlifə ibn Xəyyat da bəsrəli tabeinlərin sırasında onun adını qeyd etmişdir. O, Həccac ibn Yusifin nəzərində dəyərli və mötəbər bir şəxs idi. İbn əl-Əşas ilə birgə Həccaca qarşı üsyanda iştirak etdiyi üçün Həccac Zaviyə günü, hicrətin 83-cü ilində onu qətlə yetirmişdi. Bu yeganə hədisdən başqa Tirmizi ondan heç bir hədis nəql etməmişdir. Mənə elə gəlir ki, bu hədisin İmran ibn Huseyndə dayanması daha doğru fikir olardı. Ən doğrusunu Allah bilir. İbn Cərir cüt və tək mövzusunda bu fikirlərdən hər hansısa birini qəti fikir kimi önə çəkməmişdir.
Daha sonra Allah təala buyurur: "And olsun keçib getməkdə olan gecəyə!" Ovfi, İbn Abbasın ayə barəsində belə dediyini rəvayət etmişdir: "Yəni gedən gecəyə!" Abdulla ibn Zubeyr isə "And olsun keçib getməkdə olan gecəyə!" ayəsi haqda "yəni bir-birinin arxasınca keçən gecəyə!" mənasını söyləmişdir. Mucahid, Əbul Aliyə, Qatədə və Malik "And olsun keçib getməkdə olan gecəyə!" ayəsi haqda Zeyd ibn Əsləm və İbn Zeyddən nəql edirlər ki, "yəni gəlməkdə olan gecəyə!" Ayənin İbn Abbasın "gedən" mənasında olan fikrinə uyğun gəldiyi kimi, "gəlməkdə olan" mənasında işlənməsi də ehtimal olunur. Hətta bu məna işlənməsinin daha uyğun olduğu da səslənmişdir. Çünki, bu ifadə fəcr sözünün qarşılığında işlənmişdir. Fəcr isə gündüzün gəlib, gecənin getməsi deməkdir. Əgər "And olsun keçib getməkdə olan gecəyə!" ayəsində gecənin gəlişinə işarə olunursa, deməli, gecənin gəlib gündüzün getməsinə and içilir. Əksi isə "ət-Təkvir" surəsində xatırlanır. Belə ki, Allah təala buyurur: "And olsun, qaralmaqda olan gecəyə və sökülməkdə olan dan yerinə!" (ət-Təkvir, 17-18) Dahhak "And olsun keçib getməkdə olan gecəyə!" ayəsi haqda deyir: "Yəni keçib gedən gecəyə!" İkrimə isə "And olsun keçib getməkdə olan gecəyə!" haqda deyir ki, burada birləşdirən gecə nəzərdə tutulur. Bunu İbn Cərir və İbn Əbu Hatim rəvayət etmişlər.
İbn Əbu Hatim deyir: Bizə Əhməd ibn İsam, Əbu Amir vasitəsilə Kəsir ibn Abdulla ibn Amrdan nəql edir ki, Məhəmməd ibn Kəb əl-Qurazi Allah təalanın "And olsun keçib getməkdə olan gecəyə!" ayəsi haqda belə demişdir: Yəni, ey keçib gedən, keç, ancaq bütöv halda meydana çıx!"
Növbəti ayədə uca Allah buyurur: "Məgər bunlarda ağıl sahibi üçün and yoxmudur?!" Yəni, ağıl, düşüncə və din sahibləri üçün!" Ayədə ağıl ərəbcədə "حِجْر" (hicr yəni, maneə, əngəl) kimi ifadə olunmuşdur. Çünki ağıl insanı onun layiq olmadığı pis söz və əməllərin icraçısı olmaqdan qurtarar, qarşısını kəsər. Kəbədə Hicr adlandırılan yer də bu məqsədlə bu cür adlandırılıb. Çünki o, təvaf edənlərin Şam tərəfdə olan divara toxunmasına mane olur. Həmçinin, Yəmamə tərəfdə də Yəmamə hicri yerləşir. Habelə hakim bir kəsi mülkün üzərində olan haqq sahibliyindən çıxartdığı zaman həmin ifadə də hicr sözü ilə ifadə olunur. Quranda Allah təala buyurur ki, "Mələkləri görəcəkləri gün - həmin gün günahkarlara (Cənnətlə) heç bir müjdə olmaz. (Mələklər onlara:) "(Sizə şad xəbər eşitmək) haramdır! ("hicr" sözü ilə ifadə olunmuşdu.)" - deyərlər". (əl-Furqan, 22) Bu, müxtəlif məqamlarda işlənməsinə baxmayaraq yaxın mənanı daşıyan sözdür. Bu andlar ibadət vaxtlarına, namaz, həcc və Allahdan qorxan, təqvalı və təvazökar olub həmişə Allahın razılığını qazanmağa can atan qulları Allaha yaxınlaşdıran digər ibadətlərə edilən andlardır. Allah təala həmin qulları, onların ibadətlərini və itaətlərini xatırlatdıqdan sonra belə buyurur: "Məgər Rəbbinin Ada nələr etdiyini görmədinmi?" Ad qövmü üsyankar, azğın, zalım və həddini aşmış bir camaat idi. Onlar Allahın itaətindən çıxmış, Ona ibadət etməyən, peyğəmbərini təkzib edən və kitablarını inkar edən bir qövm idilər. Allah təala onları necə məhv etdiyi və həlaka uğratdığını xatırladır, bunun ibrətamiz bir hadisə və dildən dilə dolaşan bir dərs olduğunu diqqətə çatdırır. Allah təala buyurur ki, "Məgər Rəbbinin Ada nələr etdiyini görmədinmi; Sütunlar sahibi İrəmə" Bunlar ilk Ad qövmüdür. Onların şəcərəsi belədir: Ad ibn İrəm ibn Ovs ibn Sam ibn Nuhdur. Bu şəcərəni İbn İshaq qeyd etmişdir. Allah təala Öz peyğəmbəri Hud əleyhissəlamı onlara göndərmişdi. Onlar isə onu təkzib etdilər və ona qarşı çıxdılar. Allah da Öz peyğəmbərini və ona inananları bu qövmün əlindən xilas etdi, həmin qövmü isə həlaka uğratdı. Allah təala buyurur ki, "Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər. İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!" (əl-Haqqə, 7-8) Allah təala Quranda bir neçə yerdə onların həlakları barəsində xatırlatma verir ki, möminlər onların həlakından ibrət alsınlar. "Sütunlar sahibi İrəmə" Bu əlavə cümlədə təyin rolunda iştirak edib Ad qövmünü tanıtmaq funksiyasını yerinə yetirir.
"Sütunlar sahibi" sözlərinə gəlincə, onlar möhkəm sütunlarda ucaldılan evlərdə və saraylarda yaşadıqları, habelə dövrlərinin ən güclü və sağlam insanları idilər. Ona görə dəHud (ona salam olsun!) onlara əllərində olan nemətləri xatırladıb, həmin nemətləri Rəblərinə itaət yolunda istifadə etmələrini tövsiyə etmiş və belə buyurmuşdu: "Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi (yer üzünün varisləri etdi), sizi xilqətcə (onlardan) daha qüvvətli (üstün) etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!" (əl-Əraf, 69) Həmçinin, Uca Allah buyurur ki, "Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər: "Bizdən daha qüvvətli kim ola bilər?!" Məgər onlar düşünmədilərmi ki, özlərini yaratmış olan Allah onlardan daha qüvvətlidir?!" (Fussilət, 15)
Növbəti ayədə uca Allah buyurur: "Hansi ki, heç bir ölkədə onun kimisi yaradılmamışdı". Ad qövmü öz torpaqlarında bənzəri yaradılmamış olan bir qövm idi. Onlar güc və möhtəşəmlikləri ilə seçilirdilər. Mucahid deyir ki, İrəm qədim bir xalqdır və ilk Ad qövmüdür. Qatədə ibn Dəamə və Suddinin sözlərinə görə isə İrəm Ad qövmünün yaşadıqları diyardakı bir ailədir. Bu, dolğun və tutarlı bir rəydir. Mucahid, Qatədə və Kəlbi Allah təalanın "Sütunlar sahibi" ayəsi haqda deyirlər ki, yəni onlar ayaq üstə dayanmazdılar. Ovfi isə İbn Abbasdan nəql edir ki, onların "Sütunlar sahibi" adlandırılmasının səbəbi uzunboylu olmaları idi. İbn Cərir birinci fikri məqbul hesab etmiş, ikincisini isə qəbul etməmişdir. Onun bu seçimi doğrudur.
Allah təala buyurur: "Hansi ki, heç bir ölkədə onun kimisi yaradılmamışdı". İbn Zeyd ayədəki "onun kimisi" ifadəsində olan əvəzliyin sütunlara aid edildiyini söyləmişdir. Onun fikrincə, o cür hündürlükdə sütunlar heç bir yerdə yaradılmamışdır. İbn Zeyd deyir ki, onlar yan tərəflərdə sütnlar ucaltmışdılar və bu cür sütunların bənzəri heç bir ölkədə yaradılmamışdı. Qatədə və İbn Cərir isə həmin əvəzliyin adı çəkilən xalqa aid edildiyini söyləmişlər. Onların sözlərinə görə, yaşadıqları zamanda heç yerdə onlar kimi bir xalq yaradılmamışdı. Doğru olan rəy də budur. İbn Zeydin və onun bu fikrini dəstəkləyənlərin görüşü isə tutarsızdır. Çünki məqsəd İbn Zeydin düşündüyü kimi olsaydı, onda ayədə "onun kimisi tikilməmişdi" kimi qeyd olunardı. Ancaq Allah təala "Heç bir ölkədə onun kimisi yaradılmamışdı" - buyurdu.
İbn Əbu Hatim deyir: Atam Leysin katibi Əbu Saleh vasitəsilə Miqdəmdən nəql etdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) sütunlar sahibi olan İrəm barəsində danışdı və dedi: "Onlardan bir nəfər kişi qaya parçasının yanına gəldi və onu camaatın üstünə ataraq onları öldürdü". Daha sonra İbn Əbu Hatim deyir: bizə Əli ibn Hüseyn, Əbu Tahir vasitəsilə Sövr ibn Zeyd əd-Diyəlidən nəql edir ki, mən bir yazıda (harda oxuduğunun yerini də qeyd etmişdir.) bu sözləri oxumuşam: "Mən Ad oğlu Şəddadam. Sütnları ucaldan mənəm. Qolumla bir nəfərin baxa biləcəyi yerə qədər uzanan mənəm. Yeddi arşın uzunluğunda xəzinə qazan mənəm. Məhəmməd (Ona Allahın salavatı və salamı olsun!) ümmətindən başqası o xəzinəni çıxarda bilməyəcək".
Qeyd olunan fikirlər - istər həmin xalqın inşa etdikləri sütünlar olsun, istər səhralardakı çadırların sütunları olsun, istər döyüşdükləri silahlar olsun, istərsə də uzun boylu olmaları olsun, bütün hallarda onlar bir qəbilə, bir xalq idilər. Habelə, onların adları Quranda bie neçə yerdə Səmud qövmü ilə birgə xatırlanmışdır. Burada da həmin xalqın adı Səmud qövmünün adı ilə yanaşı çəkilir. Yenə də ən doğrusunu Allah bilir.
Allah təalanın "Sütunlar sahibi İrəmə" ayəsində nəzərdə tutulanın istər Səid ibn Museyyibin dediyi kimi, Dəməşq şəhəri olmasına, istər Qurazinin qeyd etdiyi kimi, İskəndəriyyə şəhəri olmasına, istərsə də başqa şəhərlərə aid edilməsinə gəlincə həmin rəyləri araşdırmaq lazımdır. Əgər elə hesab edilsə, o zaman "Məgər Rəbbinin Ada nələr etdiyini görmədinmi; Sütunlar sahibi İrəmə" ayəsi ilə məna baxımından necə uyğun gələr? Əgər bu ifadə əvəzləyici ifadə və ya təyin rolunda iştirak edərsə, sözün ahəngini təmin etmək mümkün olmaz. Əslində isə məqsəd Ad adlı bir tayfanın həlak olmasını və Allahın qarşısıalınmaz intiqamının onlar üzərində necə tətbiq edildiyini xəbər verməkdir. Əsl məqsəd hər hansısa bir şəhər və ya region barəsində xəbər verməkdən ibarət deyil.
Mənim bu nöqtəyə diqqət yetirməyimin səbəbi, bir çox təfsirçilərin haqqında danışdığımız ayəni təfsir edərkən hansısa bir şəhərə aldanmamalarıdır. Məsələn, həmin şəhər barəsində deyilir ki, sütünlardan ibarət olan bir şəhər idi. Qızıl və gümüş kərpiçlərlə tikilmişdi. Orada saraylar, qəsrlər, evlər və baxçalar qızıl və gümüşlərlə bəzədilmişdi. Yolları inci və mirvarilərlə döşədilmişdi. Torpaqları müşk saçırdı. Çayları hər zaman axar, meyvələri hər zaman yetişmiş və sallaqlı halda olardı. Divarlar və qapıların carçı və qapıçıları olmaz, öz-özünə açılardı. Habelə, həmin şəhərin müxtəlif ərazilərdə yerləşdiyi söylənilir. Gah Şama, gah Yəmənə, gah İraqa, gah da digər məmləkətlərə köçürüldüyü söylənmişdir. Bütün bunların hamısı yahudi mənbələrinin və bəzi yahudi zindiqlərin əfsanələridir. Məqsədləri cahil insanların ağıllarını qarışdırıb, bu mövzuda onları təsdiqləmələrini təmin etməkdir.
Sələbi və digərləri nəql edirlər ki, bir nəfər bədəvi kişi (Abdulla ibn Qiləbə) Müaviyənin dövründə itmiş dəvələrini axtarmaq üçün yoşa düşdü. Dəvələrini axtararkən yolunu azmış və gözləmədiyi halda özünü qala divarları və darvazaları olan böyük bir şəhərin qarşısında tapmışdı. Həmin şəhərə daxil olmuş və vəsfləri əvvəldə qeyd olunan qızıl şəhəri öz gözləri ilə görmüşdü. Bunda sonra kişi geri qayıtmış və gördüklərini camaata danışmışdı. Camaat onunla birgə həmin əraziyə gəlsələr də, heç nə tapmamışdılar. İbn Əbu Hatim "sütunlar sahibi olan İrəm"lə əlaqəli uzun bir rəvayət qeyd etmişdir. Ancaq həmin rəvayətin isnadı səhih deyil. Sözügedən bədəvinin isnadı səhih olsaydı belə, bədəvinin xəyal və fantaziyası və yaxud da həmin şəhərin mövcud olmasına ürəkdən inanması onu bu cür işə sövq etdiyini söyləməyə rəvac verər. Bunlar da onun doğru olmadığına qəti sübutlardır. Bu, həvəslər dalınca qaçan, tamahkar və cahil kütlənin yer altında xəzinələrin, qızıl-gümüşün, ləl-cəvahiratın, yaqut və qiymətli daş-qaşların, dirilik suyunun mövcud olması xülyasına uymasıdır. Onların iddiasına görə, həmin xəzinələrin əldə edilməsi və mənimsənilməsi yolunda bəzi əngəllər mövcuddur. Belə insanlar zəif, ağılsız və səfeh varlıların mallarını min cür hilə və kələklə alıb bor yerlərə xərcləməkdə və sonra da onlara gülməkdədirlər. Doğrudur, istər cahiliyyə dövründən, istərsə də islamın zühurundan bəri yer altında çoxlu xəzinələr mövcuddur. Kimin qarşısına həmin xəzinə və dəfinələr çıxıbsa və ya çıxacaqsa, onlarea sahib ola bilər. Ancaq dəfinə tamahkarlarının bu cür iddialarına gəlincə, bunlar yalan və uydurmadan başqa bir şey deyil. Onların bu iddialarını təsdiq etməyə çalışanların əllərində heç bir dəlil və sübutları yoxdur. Onlar öz danşdıqlarından və ya onlara danışılandan başqa bir şeyə istinad etməzlər. Uca və nöqsansız olan Allah isə doğruya, hidayətə yönəldəndir.
İbn Cəririn "Sütunlar sahibi İrəmə" ayəsinə verdiyi mənada isə bir qəbilənin və ya o qəbilənin məskunlaşdığı bir şəhərin mövcud olması ehtimal olunur. Onun verdiyiyi mənaya əsasən, bu səbəbə görə də İrəm sözünün ərəbcəsi tənvinsiz işlənmişdir. Lakin bu rəyin araşdırılmağa ehtiyacı var. Qeyd etdiyimiz kimi, ayədə əsl məqsəd həmin qəbilə barəsində xəbər verməkdir. Ona görə də Allah təala növbəti ayədə buyurur: "Vadidə qayaları yonan Səmudlulara" Yəni onlar vadidə qayaları oyurdular. İbn Abbas deyir ki, onlar qayaları yarıb yonurdular. Mucahid, Qatədə, Dahhak və İbn Zeyd də bu cür söyləmişlər. Ayədəki yonan sözünün ərəbcəsi olan "Cəbu" ("جَابُوا") ifadəsi "cib" və sair sözlərlə eyni kökdən və yaxın mənalardan ibarət olan ifadədir. Allah təala həmin mənalı digər ifadə ilə Şüəra surəsində buyurur: "Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?" (əş-Şüəra, 149) Hətta İbn Cərir və İbn Əbu Hatim həmin mənanı ifadə edən bir şeir də qeyd etmişlər.
İbn İshaq nəql edir ki, onlar bədəvi ərəblər idilər, məskunlaşdıqları ərazi isə Qura vadisi idi. Ad qövmünün hekayətini əl-Əraf surəsində yetərincə xatırlatdığımız üçün burada bu haqda yenidən danışmağa ehtiyac görmürük. Növbəti ayədə uca Allah buyurur: "Və mismarlar sahibi Firona?!" Ovfi İbn Abbasdan nəql edir ki, ayənin ərəbcəsində olan "الأوْتَاد" (mismarlar) sözü əmri itaətkarcasına yerinə yetirən ordular mənasını daşıyır. Deyilənə görə, Firon əsgərlərinin əl və ayaqlarını mismarlayardı. Həmçinin Mucahid deyir ki, o, camaatı çarmıxa çəkərdi. Səid ibn Cübeyr, Həsən və Suddi də bu cür qeyd etmişlər. Süddi əlavə olaraq deyir ki, Firon bir insanın hər iki ayağını ayrı-ayrılıqda yerə mismarladar, sonra da üstünə böyük bir qaya parçası qorduraraq həmin insana işgəncə verərdi. Qatədə deyir ki, bizə gəlib çatan məlumata görə, Fironun əyləncə oyunları keçirdiyi meydançası var idi və o, həmin meydançada ip və mismarla əlaqəli oyunlar oynayardı.
Sabit əl-Bənani Əbu Rafidən nəql edərək bildirir ki, Fironun "mismarlar sahibi" adlandırılması onun öz arvadını dörd tərəfdən yerə mismarlaması ilə əlaqədardır. O, arvadını yerə mismarlatdırqdan sonra onun üstünə böyük dəyirman daşı qoyrdurmuşdur. Bu işgəncəyə dözə bilməyən qadın isə oradaca ölmüşdür.
Daha sonra Allah təala buyurur ki, "Hansılar ki, ölkələrdə azğınlıq edirdilər.
Oralarda çoxlu fəsad törədirdilər". Yəni onlar asilik və inadkarlıq edərək yer üzərində fəsadlar törətmiş və insanlara əziyyət və işgəncə vermişlər. "Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi". Yəni Allah onlara göydən bir əzab və heç vaxt günahkarların üzərindən əskik olmayan bəla və müsibətlər göndərdi.
Daha sonra Allah təala buyurdu ki, "Şübhəsiz ki, Rəbbin baxıb görür". İbn Abbas deyir ki, Allah təala eşidir və görür. Yəni O, məxluqatın əməllərinə baxaraq onlara nəzərat edir, dünya və axirətdə əməllərinin qarşılığı verir. Və bütün yaratdıqlarını bir yerə toplayıb insan sərgisini hazırladığı gün barələrində ədalətli hökm çıxardaraq hər kəsə layiq olduğunu verər. O, heç kəsə zülm etməz, əksinə zülm və haqsızlıqdan uzaqdır.
İbn Əbu Hatim bu məqamda olduqca qərib bir hədis qeyd edir. Həmin hədisin sənədinə və səhihliyinə diqqət yetirmək lazımdır. Belə ki, İbn Əbu Hatim deyir: Atam Əhməd ibn Həvari vasiəsilə Muaz ibn Cəbəldən nəql etmişdir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) ona səslənərək demişdir: "Ey Muaz, mömin haqqın qarşısında bir əsirdir. Ey Muaz, mömin cəhənnəmin körpüsündən keçib onu arxada qoymadıqca, qorxunu apara bilməz, təlaşını sakitləşdirə bilməz. Ey Muaz, həqiqətən, Quran möminin bir çox şəhvani istəkləri həyata keçirməyinin və onların arasında məhv olmaqdan qoruyar. Bu, izzət və cəlal sahibi Allahın izni ilə baş verər. Quran möminin dəlili, qorxu dayanacağı, namazı mağarası, oruc qalxanı, sədəqə, doğruluq əmiri, həya vəziridir. Izzət və cəlal sahibi Rəbbi isə bütün bunların arxasından hər şeyi görüb nəzarət edəndir". İbn Əbu hatim deyir ki, "ravilər içərisində yer alan Yunis əl-Hiza və Əbu Həmzə məchul adlardır. Əbu Həmzənin Muazdan hədis rəvayət etməsi isə mürsəldir. Əgər Əbu Həmzədən olsaydı hədis həsən hədis ola bilərdi". O, demək istəyir ki, əgər bu onun sözləri olsaydı, hədis həsən hədis olardı.
Daha sonra Ibn əbu Hatim deyir: Atam Səfvan ibn Saleh vasitəsilə Safvan ibn Amrdan belə nəql etmişdir: Eyfa ibn Əbdulkilayi camaata mövizə oxuduğu zaman bu sözləri söyləmişdir: Cəhənnəmin yeddi körpüsü var. Sirat bu körpülərin üstündədir. Insanlar birinci körpüdə saxlanılar v Allah təala buyurar: "Dayandırın onları! Onlar sorğu-sual olunacaqlar". (əs-Saffat, 24) Burada namaz barəsində sorğu-sual olunarlar. Kimisi həlaka uğrayacaq, kimisi də nicat tapacaq. Ikinci körpüyü çatdıqlarında isə əmanətə sadiq qalıb qalmadıqları barəsində sorğu sual olunarlar. Orada da kimisi həlaka uğrayar, kimisi nicat tapar. Üçüncü körpüyə çatdıqlarında qohumluq əlaqələri barəsində sorğu-sual olunarlar - qohumluq əlaqələrini saxladılar, yoxsa kəsdilər?! Orada da kimisi həlaka uğrayıb məhv olacaq, kimisi də nicat tapacaqdır. Həmin qohumluq bağı (sılatur-rahm) cəhənnəmdə olacaq və bu sözlərlə səslənəcəkdir: Allahım, mənimlə əlaqə quranla Sən də əlaqə qur, mənimlə əlaqəni kəsənlə isə Öz əlaqəni kəs! Allah təalan buyurduğu da bu fikrin üzərindədir: "Şübhəsiz ki, Rəbbin baxıb görür". İbn Əbu Hatim rəvayəti tam şəkildə qeyd etməmiş, bu qədərlə kifayətlənmişdir.

15) İnsana gəlincə, Rəbbi onu imtahana çəkib ikram etsə, ona bir nemət versə, o: "Rəbbim mənə ikrametdi!"-deyər.
16) Ancaq onu imtahana çəkib ruzisini əskiltsə: "Rəbbim məni alçaltdı" - söyləyər.
17) Xeyr! Doğrusu, məhz siz yetimə ikram etmirsiniz.
18) Bir-birinizi yoxsulu yedirtməyə sövq etmirsiniz.
19) Mirası varmadan yeyirsiniz.
20) Mal-dövləti çox sevirsiniz.


İnsan elə düşünür ki, Allah təala onun rüzusini bolluca verdiyi zaman həmin insana sadəcə lütf edər və bu lütf başqa bir mahiyyət daşımaz. Bu səbəbdən də uca Allah yuxarıdakı ayədə insanın bu təfəkkür tərzinin əksinə olaraq buyurur ki, əslində bu lütf bir imtahan və sınaqdır. Necə ki, Allah təala başqa bir ayədə buyurur: Məgər (kafirlər) elə zənn edirlər ki, onlara (dünyada) verdiyimiz var-dövlət və övladla onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar!" (əl-Muminun, 55-56) Digər tərəfdən də Allah təala insanı sınağa çəkərək onun ruzisini əskiltdiyi zaman həmin insan elə düşünər ki, Allah onu alçaldar, rüsvay edər. Ancaq Allah təala onların düşüncələrinin əksinə olaraq buyurur ki, "Xeyr!" Yəni məsələ insanın düşündüyü kimi deyil. Doğrusu, Allah təala istədiyi kimsəyə ruzisini verər, istədiyinə verməz, əskildər. Məqsəd hər iki halda da Allaha olan itaəti qoruyub saxlamağı nəzərə çatdırmaqdır. İnsan hər iki halda itaətdən çıxmamalıdır. Varlı olduğu zaman Allaha şükr etməyi, kasıb olduğu zaman isə səbr etməyi bacarmalıdır.
"Xeyr! Doğrusu, məhz siz yetimə ikram etmirsiniz". Allah təala bu ayədə yetimə ikram göstərməyi əmr edir. Abdullah ibn Mubarəkin Səid ibn Əbu Eyyub vasitəsilə Əbu Hureyrədən rəvayət etdiyi hədisdə peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: "Müsəlman evlərinin ən xeyirlisi yetimə ikram olunan evdir. Müsəlman evlərinin ən pisi isə yetimin pis rəftar gördüyü evdir". Daha sonra peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) barmaqlarını qoşalaşdıraraq buyurdu: "Yetimə dayaq olanla mən Cənnətdə bu cür (yəni bir yerdə) olacağıq".
Əbu Davud, Məhəmməd ibn Sabbəh ibn Süfyan vasitəsilə Səhl ibn Səddən rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) iki barmını - ortancıl barmağı ilə şəhadət barmağını birləşdirərək belə buyurmuşdu: "Mən və yetimə dayaq olan kəs Cənnətdə bu cür (yəni, bir yerdə) olacağıq".
Bir-birinizi yoxsulu yedirtməyə sövq etmirsiniz". Yəni onlar kasıblara və miskinlərə yaxşılıq edib ikram göstərməyi bir-birilərinə tövsiyə etməz, bir-birilərinə bu işə rəğbətləndirməzlər. "Mirası varmadan yeyirsiniz". Yəni hansı yolla əldə edilməsinə, halal və ya haram olmasına varmadan, mahiyyətini dərk etmədən yeyirsiniz. "Mal-dövləti çox sevirsiniz". Yəni mal-dövlətə olan həvəs və istəyiniz olduqca çoxdur.

21) Xeyr! Yer dağılıb parça-parça olacağı;
22) Rəbbin gəlib mələklər səf-səf duracağı;
23) Və Cəhənnəmin gətiriləcəyi gün - məhz o gün insan xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!


Allah təala Qiyamət günü baş verəcək dəhşətli hadisələrdən xəbər verərək buyurur: "Xeyr..." Yəni həqiqətən, yer parça-parça olacaq. Yerlə birgə dağlar da dağılaraq yayılacaq və düm-düz olacaq. Həmin gün insanlar Rəbləri ilə görüşmək üçün qəbirlərindən qalxacaqlar. "Rəbbin gəlib mələklər səf-səf duracağı" Yəni yaratdıqları barəsində qəti hökm vermək üçün Rəbbin gəldiyi zaman... Bu, Adəm oğullarının ağası olan Məhəmmədin (Ona Allahın salavatı və salamı olsun!) şəfaət diləməsindən sonra baş tutacaqdır. Insanlar əzmli peyğəmbərlərin hər birinə yaxınlaşacaq və onlar üçün şəfaət diləmələrini istəyəcəklər. Lakin həmin peyğəmbərlər "mən belə bir səlahiyyətə malik deyiləm" - deyə cavab verəcəklər. Sonda sıra Məhəmməd peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) gəldiyi zaman o deyəcəkdir: "Bu, mənim səlahiyyətimdədir. Bu, mənim səlahiyyətimdədir". Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) gedib Allah qatında şəfaət diləyəcək və Allahın Öz qulları arasında hökm verməsi üçün Onun gəlişini istəyəcək. Allah təala onun bu şəfaətini qəbul edəcək. Bu, məqam əl-məhmud adlanan ilk şəfaət olacaqdır. Əl-İsra surəsində bu haqda izah verilmişdi. Allah təala Öz qulları arasında istədiyi şəkildə hökm verməsi üçün gələcək, mələklər də Onun hüzurunda səf-səf duracaqlar.
"Və Cəhənnəmin gətiriləcəyi gün..." Muslim İbn Həccac özünün "Səhih" adlı kitabında deyir: Ömər ibn Hifs öz atası vasitəsilə Abdulla ibn Məsuddan nəql etdiyi rəvayətə görə, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: "Həmin gün cəhənnəm yetmiş min zəncirlə gətiriləcək və həmin zəncirləri yetmiş min mələk dartacaqdır".
Həmçinin, bu hədisi Tirmizi də Abdulla ibn Əbdürrəhman əd-Darimi, habelə Abd ibn Humeyd vasitəsilə Süfyan əs-Sövridən, o da İbn Abdulla ibn Məsuddan nəql etmişdir. Lakin bu rəvayətdə həmin sözlərin Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) deyil, İbn Məsuda aid olduğu bildirilir. Həmçinin, həmin hədisi İbn Cərir Həsən ibn Arafə vasitəsilə abdulla ibn Məsuddan nəql etmişdir. Bu rəvayətdə də mətnin Abdulla ibn Məsuda aid olduğu bildirilir.
"Məhz o gün insan xatırlayacaqdır". Yəni insan Qiyamət günü etdiyi bütün yeni və köhnə əməllərini xatırlayacaqdır. "Lakin bu xatırlamağın ona nə faydası?!" Onun xatırlaması və hər cür təfəkkürü həmin gün ona heç cür fayda verməyəcək.

24) O: "Kaş ki, mən əvvəlcədən həyatım üçün edəydim!" - deyəcəkdir.
25) O gün Onun əzabı kimi heç kəs əzab verə bilməz!
26) Onun buxovladığı kimi heç kəs buxovlaya bilməz!
27) Ey arxayın can!
28) Razı və razılıq qazanmış halda öz Rəbbinə dön!
29) Qullarımın sırasına daxil ol!
30) Və gir Cənnətimə!


"O: "Kaş ki, mən əvvəlcədən həyatım üçün edəydim!" - deyəcəkdir". İnsan əvvəllər yaşadığı ömrü və etdiyi günahlardan (əgər günahkarlardan olmuşsa) ötrü peşmançılıq çəkir. İtaətkar bəndələr isə Rəblərinə daha çox itaət etmək arzusunda olduqlarını bildirərlər. Bu haqda İmam Əhməd ibn Hənbəl hədis qeyd etmişdir:
Əli ibn İshaq Abdulla ibn Mubarək vasitəsilə Məhəmməd ibn Əbu Amirənin (o, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) səhabələrindən biri idi) belə dediyini rəvayət etmişdir: "Əgər bir qul doğulduğu gündən qocalıb öləcəyi günə qədər ömrünü Allaha itaətdə keçirsə, Qiyamət günü Allah üçün etdiklərini az hesab edərək, savab və yaxşı işlərini çoxaltmaq üçün yenidən dünyaya qaytarılmasını arzu edər". Bu hədisi Bəhir ibn Səd, Xalid ibn Midan vasitəsilə Utbə ibn Abddən, o da Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun!) rəvayət etmişdir.
Növbəti ayədə Uca Allah buyurur: "O gün Onun əzabı kimi heç kəs əzab verə bilməz!" Yəni Allaha üsyan edənlərə Onun əzabından daha şiddətli əzab verə bilən yoxdur. "Onun buxovladığı kimi heç kəs buxovlaya bilməz!" Rəblərini inkar edənlərə qarşı zəbanilər vasitəsilə vurulan buxovdan daha şiddətli buxov ola bilməz. Bu, günahkar və zalım bəndələrin layiq olduqları cəzadır. Təmiz, arxayın və daim haqq yolda olan sabit kəslərə isə belə deyiləcək: "Ey arxayın can! Razı və razılıq qazanmış halda öz Rəbbinə dön!" Yəni Rəbbinnin dərgahına, Onun mükafatına və qulları üçün Cənnətdə hazırladığı nemətlərə tərəf qayıt! Sən Rəbbindən razı, O da səndən razı olaraq... "Qullarımın sırasına daxil ol!" Yəni onların zümrəsinə qoşul! "Və gir Cənnətimə!" Bu söz ona həm ölüm zamanı, həm də Qiyamət günü deyilir. Bilindiyi kimi, mələklər mömini həm ölüm anı, həm də qəbrində həşr olunduğu zaman da müjdələyirlər. Burada da oxşar hal mövcuddur.
Onu da qeyd edək ki, təfsir alimləri bu ayənin nazil olma səbəbi haqda müxtəlif fikirlər söyləmişlər. Dahhakın İbn Abbasdan nəql etdiyi rəvayətə görə, bu ayə Osman ibn afvan haqda nazil olub. Bureydədən varid olan rəvayətə görə isə həmin ayə Həmzə ibn Abdulmuttalb haqda nazil olmuşdur. Allah onların hər ikisindən də razı olsun!
Ovfu İbn Abbasdan rəvayət edir ki, Qiyamət günü arxayın ruhlara belə deyiləcək: "Ey arxayın can! Öz Rəbbinə dön!" Yəni dostuna! Bu, dünyada onun yaşamasını təmin edən bədənidir. "Razı və razılıq qazanmış halda". İbn Abbasdan varid olan rəvayətə görə, o bu ayəni "Qullarımın sırasına daxil ol! Və gir Cənnətimə!" ayələri şəklində oxuyurdu. İkrimə və Kəlbi də bu cür qeyd etmişlər. İbn Cərir bu fikri daha məqbul hesab etmişdir. Lakin bu, qeyri-məqbul bir görüşdür. Daha məqbul olan isə birincisidir. Çünki başqa bir ayədə uca Allah buyurmuşdur: "Sonra insanlar Allahın - özlərinin həqiqi ixtiyar sahibinin hüzuruna qaytarılar. Bilin ki, hökm Onundur (Allahındır) və O, ən tez haqq-hesab çəkəndir!" (əl-Ənam, 62) "Bizim axır dönüşümüz isə Allahadır". (əl-Mumin, 43) Yəni Onun hökmünə və hüzurunda dayanmağa qayıdacaqsınız.
İbn Əbu Hatim deyir: Ali ibn Hüseyn, Əhməd ibn Əmdürrəhman vasitəsilə Səid ibn Cübeyrdən Allah təalanın "Ey arxayın can! Razı və razılıq qazanmış halda öz Rəbbinə dön!" ayəsi haqda İbn Abbasın belə dediyini rəvayət etmişdir: "Bu ayə nazil olduğu zaman Əbu Bəkr oturmuşdu. Birdən peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) yönələrək dedi: "Ey Allahın elçisi, bu, necə də gözəldir!" Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) isə buyurdu: "Bunlar sənə söylənəcəkdir". İbn Əbu Hatim başqa bir rəvayəti nəql edərək deyir: Əbu Səid əl-Əşac, İbn Yəmən vasitəsilə Səid ibn Cübeyrin belə dediyini nəql edir: "Mən Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) yanında "Ey arxayın can! Razı və razılıq qazanmış halda öz Rəbbinə dön!" ayəsini oxudum. Həmin vaxt Əbu Bəkr (Allah ondan razı olsun!) dedi: "Bu, necə də gözəldir!" Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) isə ona xitabən "Ölümün anı bunu sənə mələk söyləyəcək". Bunu İbn Cərir də İbn Kureyb vasitəsilə Səid ibn Cubeyrdən nəql etmişdir. Bu, mürsəl-həsən hədisdir.
Həmçinin, İbn Əbu Hatim deyir ki, Həsən ibn Arafə, Mərvan ibn Şüca vasitəsilə Səid ibn Cübeyrin belə dediyini nəql edir: "İbn Abbas taifdə öldüyü vaxt əvvəllər heç görülməmiş formada olan bir quş gəldi və onun tabutunun içinə girdi. Həmin quşun tabutdan çıxdığını heç kəs görmədi. Cənazə dəfn olunduğu zaman bu ayə oxundu: "Ey arxayın can! Razı və razılıq qazanmış halda öz Rəbbinə dön! Qullarımın sırasına daxil ol! Və gir Cənnətimə!" Lakin həmin ayəni kimin oxuduğu diqqətdən yayındı. Bu rəvayəti Təbərani də Abdulla ibn Əhməd vasitəsilə Salim ibn Əclandan nəql etmişdir.
Məhəmməd ibn Munzir "Əl-Əcaib" adlı kitabında Qubas ibn Ruzeyn Əbu Haşimin belə dediyini nəql edir: "Bizans torpaqlarında əsir düşdük. İmperator bizi çağırdı və öz dinini bizə qəbul etdirməyə çalışdı. Onun dinini qəbul etməyənlərin boynu vurulacaqdı. Üç nəfər öz dinindən döndü. Sıra dördüncüyə gəldi. Lakin o öz dinindən dönmədi. Onun boynu vururub oradakı arxa atıldı. Kəsilmiş baş suya dalıb sonra üzə çıxdı. Daha sonra öz dinindən dönmüş həmin üç nəfərə baxdı və onları adları ilə çağıraraq dedi: "Ey arxayın can! Razı və razılıq qazanmış halda öz Rəbbinə dön! Qullarımın sırasına daxil ol! Və gir Cənnətimə!" Kəsik baş yenidən suya daldı. Nəql edən deyir ki, az qala oradakı xristianlar müsəlman olacaqlardı. Həmin vaxt imperatorun taxtı yerə çökdü. Dinindən dönmüş üç nəfər də yenidən İslamı qəbul etdilər. Sonra xəlifə Cəfər ibn Mənsurdan azad olunmağımız üçün fidyə gəldi və biz xilas olduq.
İbn Əsakir, Əbu Amr əl-Övzainin qızı Ravəhənin tərcümeyi-halında Əbu Uməmənin belə dediyini rəvayət etmişdir: "Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bir kişiyə yönələrək buyurdu: "De ki; Ey Allahım, Səndən Səninlə qaşrılaşmağa arxayın olan, hökmündən razı qalıb, verdiklərinlə kifayətlənən rahat bir can istəyirəm". İbn Əsakir Əbu Süleyman ibn Vabrdan nəql edir ki, bu, Ravahənin nəql etdiyi yeganə rəvayətdir.
"Əl-Fəcr" surəsinin təfsiri sona çatdı. Həmd və səna Allaha məxsusdur.
Blogger tarafından desteklenmektedir.