Mənhəcin əsasları

Titulo

9.02.2016

əl-Leyl surəsinin təfsiri

Məkkə surələrindəndir.

Daha öncə qeyd edildiyi kimi Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) Muaza belə demişdi: "Kaş ki, "əl-Əla", "əş-Şəms" və "əl-Leyl" surələri ilə namaz qılsaydın…"

Bismilləhir Rəhmanir Rəhim

1) And olsun bürüməkdə olan gecəyə;
2) And olsun işıqlanmaqda olan gündüzə;
3) And olsun kişini və qadını yaradana ki,
4) Sizin can atdıqlarınız müxtəlifdir.
5) Kim versə, qorxsa,
6) Və ən gözəl olanı təsdiq etsə,
7) Biz ona ən asan olanı müyəssər edəcəyik!
8) Amma kim xəsislik etsə, möhtac olmadığını sansa,
9) Və ən gözəl olanı yalan saysa,
10) Biz ona ən çətin olanı müyəssər edəcəyik!
11) Düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.


İmam Əhməd deyir: Bizə Yezid ibn Harun Şöbə vasitəsilə Muğirədən nəql etdi ki, Əlqamə Şama gəldiyi vaxt Dəməşq məscidinə gedib orada iki rükət namaz qıldı, sonra isə dedi: "Ey Allahım, mənə saleh bir məclis yoldaşı nəsib et!" Əlqamə deyir ki, Əbu Dərda gəlib yanımda oturdu və dedi:
Sən hardansan?
Dedi: Mən Kufəliyəm.
"İbn Ummu Abdın "And olsun bürüməkdə olan gecəyə! And olsun işıqlanmaqda olan gündüzə!" ayələrini necə oxuduğunu eşitmisənmi?"
Əlqamə dedi: "And olsun kişiyə və qadına!"
Əbu Dərda dedi: "Mən də Rəsulullahın (Ona Allahın salavatı və salamı olsun!) belə oxuduğunu eşitmişdim. Bu insanlar məni şübhəyə salana kimi də bu cür oxudum". Daha sonra Əbu Dərda soruşdu: "Yasdıq sahibi (Abdulla ibn Məsudu nəzərdə tuturdu), başqalarının bilmədiyi sirləri bilən (Hüzeyfəni nəzərdə tuturdu) və Məhəmmədin (Ona Allahın salavatı və salamı olsun!) dili ilə şeytandan qorunan şəxs (Əmmarı nəzərdə tuturdu) sizinlə birgə deyildimi?"
Bu rəvayəti Buxari nəql etmişdir. Muslimin Əmaş vasitəsilə İbrahimdən nəql etdiyi rəvayətə görə isə Abdullanın yoldaşları Əbu Dərdanın yanına gəldilər. Əbu Dərda onları tapıb dedi: "Sizin hansınız mənə Abdullanın qiraətini oxuya bilər?" Onlar dedilər: "Hamımız". Əbu Dərda soruşdu: "Hansınız Quranı daha yaxşı əzbər bilirsiniz?" Onlar Əlqaməni göstərdilər. Əbu Dərda soruşdu: "Sən onun "And olsun bürüməkdə olan gecəyə!" ayəsini necə oxuduğunu eşitdinmi?" Əlqamə dedi: Bəli, o belə oxumuşdu: "And olsun kişiyə və qadına!" Şəhadət edirəm ki, mən də Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə oxuduğunu eşitmişəm. Bunlar isə mənim ayəni "And olsun kişini və qadını yaradana!" kimi oxumağımı istəyirlər. Ancaq mən Allaha and olsun ki, onların dediklərinə qulaq asmıram". Bu, Buxarinin ləfzidir. Abdulla ibn Məsud və Əbu Dərda həmin ayəni bu cür oxumuşlar. Əbu Dərda bu qiraəti Peyğəmbərlə (Ona Allahın salavatı və salamı olsun!) əlaqələndirmişdir. Lakin əksər qarelər bu ayəni Osmanın (Allah ondan razı olsun!) dünyanın hər tərəfinə yaya bildiyi Quranın mətnin olduğu kimi oxumuşlar. Belə ki, həmin mətndə ayə aşağıdakı kimi qeyd olunur: "وَمَا خَلَقَ الذَّكَرَ وَالأنْثَى" - yəni "And olsun kişini və qadını yaradana!" Allah təala öz qaranlığı və zülməti ilə bütün məxluqatı bürüməkdə "olan gecəyə" and içir. Daha sonra da öz şəfəqi və nuru ilə məxluqatı nurlandıran gündüzə and içərək buyurur: "And olsun işıqlanmaqda olan gündüzə!"
"And olsun kişini və qadını yaradana!" Allah təala digər oxşar bir ayədə buyurur ki, "Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq". (ən-Nəbə, 8) "Biz hər şeydən cüt-cüt yaratdıq". (əz-Zariyat, 49) And içilən şeylər bir-birinə zidd olduğu üçün andlar da ziddiyyətli olur. Ona görə də Allah təala buyurur ki, "Sizin can atdıqlarınız müxtəlifdir". Yəni qulların qazandıqları əməllər müxtlifdir və bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, bəziləri xeyir əməllər edər, digərləri isə şər işlər görər. "Kim versə, qorxsa" Yəni Allahın əmr etdiyi şeyləri verən və Allahdan qorxan, habelə "Ən gözəl olanı təsdiq etsə" yəni bunun qarşılığında mükafat əldə edəcəyini təsdiq edərsə... Bu fikri Qatədə söyləmişdir. Xuseyf isə deyir ki, əvəzində savab qazanacağını təsdiq edərsə... İbn Abbas, Mucahid, Oikrimə, Əbu Saleh və Zeyd ibn Əsləm "Və ən gözəl olanı təsdiq etsə" ayəsi haqda deyirlər ki, yəni əvvəlkiləri təsdiq edərsə... Əbu Əbdürrəhman əs-Silmi və Dahhak isə deyirlər ki, yəni kim "Lə ilahə illallah" kəlməsini təsdiq edərsə... İkrimədən nəql olunan digər bir rəvayətdə isə deyilir ki, yəni Allahın bəxş etdiyi nemətləri təsdiq edərsə... Həmçinin, bildirilir ki, Zeyd ibn Əsləm ayəyə "namazı, zəkatı və orucu təsdiq edərsə..." mənanı vermişdir. Digər bir rəvayətdə isə Zeyd ibn Əsləm fitrə sədəqəsinin adını çəkmişdir. İbn Əbu Hatim deyir: Bizə Əbu Zəra Səfvan ibn Saleh əd-Diməşqidən, o da Zuheyr ibn Məhəmməddən Ubey ibn Kəbin belə dediyini nəql edir: Mən Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun!) "Ən gözəl olan"ın nə olduğu barəsində soruşdum. O isə dedi: "Ən gözəl olan - Cənnətdir!"
Sonra Allah təala buyurur: "Biz ona ən asan olanı müyəssər edəcəyik!" İbn Abbas deyir ki, yəni oan xeyri müyəssər edəcəyik. Zeyd ibn Əsləmin sözlərinə görə bu. Cənnətdir. Bəzi sələflər deyirlər ki, yaxşılığın savabı ondan sonrakı yaxşılıq, pisliyin cəzası ondan sonrakı pislikdir. Ona görə də Allah təala sonrakı ayədə buyurur ki, "Amma kim xəsislik etsə, möhtac olmadığını sansa..." İkrimə bu ayə haqda İbn Abbasın belə dediyini nəql etmişdir: "Yəni kim malını verməyə xəsislik etsə və izzət və cəlal sahibi Allaha möhtac olmadığını zənn etsə..." Bunu İbn Əbu hatim rəvayət etmişdir. "Və ən gözəl olanı yalan saysa..." Yəni Axirət yurdundakı mükafatı təkzib edərsə... "Biz ona ən çətin olanı müyəssər edəcəyik!" Yəni ona şər və pislik yolunu müyəssər edəcəyik. Allah təala buyurur ki, "Biz onların ürəklərini və gözlərini əvvəlcə ona (Qurana və ya göndərdiyimiz hər hansı ayəyə) iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyarıq". (əl-Ənam, 110) Bu mənada olan bir çox ayələr vardır və həmin ayələr ona dəlalət edir ki, izzət və cəlal sahibi Allah xeyir işləyənə uğur və müvəffəqiyyət, şər və pis əməllər görənə isə rüsvayçılıq və rəzillik nəsib edər. Hər şey olduğu kimi ölçülər və qarşılığı verilər. Bu haqda hədislər də olduqca çoxdur.
Əbu Bəkr əs-Siddiqin rəvayəti:
İmam Əhməd deyir: Bizə Əli ibn İyaş Təlha ibn Abdulladan nəql etdi ki, Əbdürrəhman ibn Əbu Bəkr əs-Siddiq atasının belə dediyini rəvayət edir: Mən Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) dedim: "Ey Allahın elçisi, biz sona çatmış bir şey üçün çalışırıq, yoxsa təzə başlayacaq şey üçün?" Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Sona çatmış bir şey üçün!" Mən soruşdum: "Ey Allahın elçisi, bəs onda çalışmaq nəyə lazımdır?" Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) "Hər kəsə onun üçün yaradılana müyəssər olunacaqdır" - deyə cavab verdi.
Əli ibn Əbu Talibin rəvayəti:
Buxari deyir: Bizə Əbu Nəim Əbu Əbdürrəhman əs-Silmidən Əli İbn Əbu Talibin belə dediyini nəql etmişdir: Biz Bəqi əl-Qarqadda Peyğəmbərlə (Ona Allahın salavatı və salamı olsun!) birgə cənazədə idik. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) dedi: "Sizin içinizdə elə biri yoxdur ki, onun Cənnətdəki və ya Cəhənnəmdəki yeri yazılmamış olsun". Oradakılar dedilər: "Ey Allahın elçisi, onda biz heç yorulmayaq". Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) "Əməllərinizdən qalmayın! Bilin ki, hər kəs onun üçün yaradılana müyəssər olacaq" - dedi və aşağıdakı ayələri oxudu: "Kim versə, qorxsa və ən gözəl olanı təsdiq etsə, biz ona ən asan olanı müyəssər edəcəyik! Amma kim xəsislik etsə, möhtac olmadığını sansa və ən gözəl olanı yalan saysa, biz ona ən çətin olanı müyəssər edəcəyik!" Buxari bu hədisi Şöbə və Vaki vasitəsilə Əmaşdan da nəql etmişdir. Hmçinin, Osman ibn Əbu Şeybə Əbu Əbdürrəhmandan nəql edir ki, Əli ibn Əbu Talib (Allah ondan razı olsun!) demişdir: "Biz Bəqi əl-Qərqadda cənazədə idik. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) gəlib oturdu. Biz onun ətrafında oturduq. Əlində bir dəyənək də var idi. Düşünərək əlindəki dəyənəyi yerə vurdu və dedi: "Sizin içinizdə elə bir kəs (və ya yaradılmış bir nəfs) yoxdur ki, yeri Cənnətdə və ya Cəhənnəmdə yazılmasın. Hər kəsin bədbəxt və ya xoşbəxt olacağı artıq yazılmışdır". Bir kişi soruşdu: "Ey Allahın elçisi, elə isə yazılanlara tabe olub əməllərimizdən əl çəkməyəkmi? Axı bizim hansımızın qədərinə bəxtəvər yazılıbsa, deməli bəxtəvər olacaqdır. Kimin ki, taleyində bədbəxlik varsa, deməli o bədbəxt olacaqdır". Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Xoşbəxtlərə xoşbəxtlərin əməli müyəssər ediləcəkdir. Bədbəxtlərə isə bədbəxtlərin əməli müyəssər ediləcəkdir". Daha sonra Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bu ayələri oxudu: "Kim versə, qorxsa və ən gözəl olanı təsdiq etsə, biz ona ən asan olanı müyəssər edəcəyik! Amma kim xəsislik etsə, möhtac olmadığını sansa və ən gözəl olanı yalan saysa, biz ona ən çətin olanı müyəssər edəcəyik!" Digər hədis alimləri də bu hədisi müxtəlif ravilər vasitəsilə Səid ibn Ubeydədən nəql etmişlər.
Abdulla ibn Ömərin rəvayəti:
İmam Əhmə deyir: Bizə Əbdürrəhman Şöbə vasitəsilə Asim ibn Ubeydullanın belə dediyini nəql etdi: Mən Salim ibn Abdullanın İbn Ömərdən belə rəvayət etdiyini eşitmişəm: Ömər dedi: "Ey Allahın elçisi, sən necə fikirləşirsən, biz nə üçün çalışırıq - sona çatmış bir şey üçün, yoxsa başlanan bir şey üçün?" Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Ey Xəttabın oğlu, sona çatmış şey üçün çalış! Hər kəs öz əməlinə müyəssər olunacaq. Kim xoşbəxtlərdəndirsə, xoşbəxlik üçün çalışacaqdır. Kim ki, bədbəxtlərdəndirsə, bədbəxtlik üçün çalışacaqdır". Hədisi Tirmizi "Qədər" fəslində Bəndər vasitəsilə İbn Mehdidən nəql etmiş və həsən səhih olduğunu söyləmişdir.
Cabirin rəvayəti:
İbn Cərir deyir: Bizə Yunis İbn Vahbdan nəql etdi ki, Cabir ibn Abdullanın Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun!) soruşmuşdu: "Ey Allahın elçisi, biz artıq başa çatmış bir şey üçün, yoxsa yaşayacağımız şey üçün çalışırıq?" Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Artıq başa çatmış bir şey üçün!" Səraqə soruşdu: "Bəs onda əməl nəyə lazımdır?" Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) "Bütün əməl sahibləri öz əməllərinə müyəssər olacaq" - deyə cavab verdi. Hədisi Muslim də Əbu Zahir vasitəsilə İbn Vahbdan rəvayət etmişdir.
Digər bir hədis:
İbn Cərir deyir: Yunis Süfyandan, o da Amr ibn Dinardan nəql etdi ki, Bəşir ibn Kəb əl-Ədəvi demişdir: "İki gənc oğlan Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun!) soruşdu: "Ey Allahın elçisi, biz qələmlərin quruyub qədərlərin yazıldığı kimi, yoxsa təzələnən bir şey kimi çalışırıq". Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Qələmlərin quruyub qədərlərin yazıldığı kimi əməl edirik". Cavanlar dedilər: "Bəs onda əməl nəyə gərəkdir?" Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Əməllərinizdən qalmayın! Hər bir əməl sahibi onun üçün yaradılmış əmələ müyəssər olacaq". Cavanlar dedilər: "Bax indi biz əməllərimizə diqqət yetirərək onlara daha ciddi yanaşacağıq".
Əbu Dərdanın rəvayəti:
İmam Əhməd deyir: Həşim ibn Xaricə Süleyman ibn Atəbə vasitəsilə nəql Əbu idrisdən, o da Əbu Dərdadan nəql edir ki, peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun!) soruşdular: "Ey Allahın elçisi, biz artıq başa çatmış əməllləri, yoxsa biz sonralar edəcəyik?" Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Onlar artiq başa çatmış əməllərdir". Soruşdular: "Bəs onda əməllər nəyə lazımdır?" Allah rəsulu buyurdu: "Hər kəs onun üçün yaradılmış əməllərə müyəssər olacaq". Bu hədisin bu şəkildə rəvayəti təkcə Əhməd qeyd etmişdir.
Başqa bir hədis: İbn cərir deyir: Bizə Həsən ibn Sələmə Əbdülməlik ibn Amrdan, o da Əbu Dərdadan nəql etdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: "Günəşin batdığı hər gün iki mələk səslənir. Onları cin və insanlardan başqa Allahın bütün məxluqatı eşidər: "Allahım, xərcləyənin malını artır! Verməyənin isə malına tələfat ver!" Allah təala bu barədə ayə nazil etdi: "Kim versə, qorxsa və ən gözəl olanı təsdiq etsə, biz ona ən asan olanı müyəssər edəcəyik! Amma kim xəsislik etsə, möhtac olmadığını sansa və ən gözəl olanı yalan saysa, biz ona ən çətin olanı müyəssər edəcəyik!" Hədisi İbn Əbu Hatim də eyni isnadla İbn Əbu Kəbşədən nəql etmişdir.
İbn Əbu Hatim deyir: Bizə Əbu Abdulla İkrimədən, o da İbn Abbasdan nəql edir ki, bir kişinin xurma ağacı var idi. Bu xurma ağacının bir budağı kasıb, ancaq əməlisaleh bir kişinin həyətinə əyilərdi. Onun ailəsi də külfət idi. Kişi evinə gəlib öz xurmasından götürmək istəyəndə xurma yerə düşərdi və kasıb kişinin uşaqları xurmanı yerdən götürərdi. Xurma sahibi bunu görüb ağacdan enər və xurmanı uşaqların əlindən alardı. Əgər uşaq xurmanı ağzına qoyardısa, xurma sahibi əlini uşağın ağzına salıb çıxardardı. Kasıb kişi xurma yiyəsinin bu davranışından Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) şikayət etdi. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) "get!"deyərək həmin kişini yola saldı. Sonra Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) xurma ağacının yiyəsi ilə görüşüb ona dedi: "Budağı fılankəsin evinə əyilən xurma ağacını versən, Cənnətdə də sənə xurma ağacı veriləcək". Xurma sahibi dedi: "Mən onu sənə verərdim, ancaq həmin ağacın meyvəsi mənim çox xoşuma gəlir. Mənim çoxlu xurma ağaclarım var. Ancaq onların meyvəsi bu qədər xoşuma gəlmir". Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) çıxıb getdi. Onların bu söhbətini eşidən başqa bir nəfər Peyğəmbərin arxasınca gedib onu saxladı və dedi: "Ey Allahın elçisi, əgər mən həmin xurma ağacını alsam və o mənim olsa, sonra da onu sənə versəm, ona verdiyin xurma ağacı kimi mənə də Cənnətdə bir xurma ağacı verərsənmi?" Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Bəli!" Sonra həmin kişi xurma sahibi ilə görüşdü. Hər ikisinin xurma ağacı var idi. Xurma sahibi dedi: "Sənə xəbər verim ki, budağı fılankəsin evinə əyilən xurma ağacının müqabilində Məhəmməd mənə Cənnətdə xurma ağacı vəd etdi. Mən isə dedim ki, ətkcə o ağacın xurması mənim xoşuma gəlir". Kişi əvvəlcə susdu, sonra isə dedi: "Onu satmaq barədə fikirləşirsənmi?" Xurma sahibi cavab verdi: "Yox! Lakin dəyərini ödəsəydilər satardım. Ancaq inanmıram ki, onu ödyən tapılsın". Kişi soruşdu: "Əvəzində nə istəyirsən?" Kişi dedi: "Qırx xurma ağacı". Kişi dedi: "Sən nə çox istəyirsən, bir xurma ağacına qarşılıq qırx xurma ağacı?!" Hər ikisi sakit dayandı, sonra yenidən danışmağa başladılar. Kişi dedi: "Mən sənə qırx xurma ağacı verəcəm". Xurma sahibi dedi: "Onda mənə bir şahid tap ki, sənə inanım". Kişi bir neçə adam çağırdı və dedi: "Ey camaat, şahid olun ki, mən bu adama budağı fılankəsin evinə sallanan xurma ağacının əvəzində qırx xurma ağacı verəcəyəm". Sonra kişi dedi: "İndi sözün nədir?" Xurma sahibi dedi: "Razılaşdım. Ancaq gəl ayrılmayaq, çünki bizim aramızda hələ alış-veriş həyata keçməyib". Kişi dedi: "Allah cəzanı versin! Mən budağı fılan evə sallanan xurma ağacının müqabilində sənə qırx xurma ağacı verərkən, ağılsızlıq etmədim". Xurma sahibi dedi: "Sən mənə istədiyim qırx ağacı mənə verəcəyin təqdirdə razılaşdım. Mənə artıq dikəlmiş ağacları verəcəksən". Kişi bir qədər dayandı və dedi: "Qırx dikəlmiş xurma ağacı sənindir. Daha sonra satın alan kişi şahidləri çağırtdırıb qırx xurma ağcını sayaraq ona təhvil verdi. Sonra onlar çıxıb getdilər. Xurmaları alan kişi Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) yanına gəldi və dedi: "Ey Allahın elçisi, budağı fılankəsin evinə sallanan ağacı aldım. Indi o sənindir". Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) kasıb kişinin evinə gedərək dedi: "Artıq xurma ağacı sənin və ailənindir". İkrimə İbn Abbasdan nəql edir ki, izzət və cəlal sahibi Allah bu ayələri nazil etdi: "Kim versə, qorxsa və ən gözəl olanı təsdiq etsə, biz ona ən asan olanı müyəssər edəcəyik! Amma kim xəsislik etsə, möhtac olmadığını sansa və ən gözəl olanı yalan saysa, biz ona ən çətin olanı müyəssər edəcəyik!" (surənin sonu kimi bütün ayələri oxudu.) İbn Əbu Hatim bu cür rəvayət etmişdir. Hədis olduqca qərib hədisdir.
İbn Cərir deyir ki, qeyd olunanlara görə b ayə Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun!) barəsində nazil olmuşdur. Bizə Harun ibn İdris əl-Əsam, Əbdürrəhman ibn Məhəmməddən, o da Abdulla ibn Zubeyrdən nəql etdi ki, Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun!) Məkkədə İslamı qəbul edən qoca kişi və qadınları azad edərdi. Atası ona demişdi: "Ey oğlum, görürəm ki, sən sən ancaq gücsüz insanları azad edirsən. Lakin güclü adamları azad etsəydin, onlar sənə dayaq olub, müdafiəndə dayanardılar". Əbu Bəkr (Allah ondan razı olsun!) atasına belə cavab vermişdi: "Atacan, (ravi: məncə bu cür demişdi) mən təkcə Allah dərgahında olanı istəyirəm". Abdulla ibn Zubeyr deyir ki, ailə üzvlərimdən bəzilərinin sözlərinə görə, bu ayələr onun barəsində nazil olmuşdur: "Kim versə, qorxsa və ən gözəl olanı təsdiq etsə, biz ona ən asan olanı müyəssər edəcəyik!"
Sonrakı ayədə Allah təala buyurur: "Düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz". Mucahid deyir ki, yəni "öləcəyi zaman... Əbu Saleh və Malik isə Zeyd ibn Əsləmdən nəql edirlər ki, yəni Cəhənnəmə düşəcəyi zaman...

12) Şöbhəsiz ki, doğru yola yönəltmək bizə aiddir.
13) Həqiqətən, Axirət də Bizim, dünya da Bizimdir!
14) Mən sizi alovlanan bir atəşlə qorxutdum.


Qatədə "Şöbhəsiz ki, doğru yola yönəltmək bizə aiddir" ayəsi haqda deyir ki, doğru yola yönəltmək dedikdə halal və haramı bəyan etmək nəzərdə tutulur. Bəziləri deyirlər ki, kim doğru yolu tutarsa, Allaha vasil olar. Bu ayə Allah təalanın digər bir ayəsi ilə oxşardır: "Doğru yolu göstərmək Allaha aiddir". (ən-Nəhl, 9) Bunu İbn Cərir nəql etmişdir. Növbəti ayədə uca Allah buyurur: "Həqiqətən, Axirət də Bizim, dünya da Bizimdir!" Yəni hər ikisi də bizim mülkümüzdür və onların hökmranlığı Məndədir. "Mən sizi alovlanan bir atəşlə qorxutdum". Mucahid deyir ki, "bu, alov saçan bir oddur". İmam Əhməd rəvayət nəql edərək deyir: Bizə Məhəmməd ibn Cəfər Numan ibn Bəşirdən nəql etdi ki, "Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) xütbə verərkən belə dediyini eşitmişəm: "Mən sizi odla qorxutdum". Kimsə bazarda olsaydı da, bu sözləri eşidərdi. Boynuna keçirdiyi köynəyi də ayaqları atına düşdü". İmam Əhməd daha bir rəvayət nəql edərək deyir: Məhəmməd ibn Cəfər Şöbə vasitəsilə Numan ibn Bəşirdən nəql etdi ki, o xütbə verərkən belə demişdi: "Mən Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu eşitmişəm: "Qiyamət günü Cəhənnəm əhlinin ən yüngül əzaba düçar olanı ayağının altına iki köz qoyulub və közlərdən beyni qaynayan adam olacaqdır". Hədisi Buxari rəvayət etmişdir.
Muslim deyir: Əbu Bəkr ibn Əbu Şeybə Əbu Usəmə vasitəsilə Numan ibn Bəşirdən nəql etdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: "Cəhənnəm əhlinin ən yüngül əzaba düçar olanı o kəsdir ki, onun oddan hazırlanmış iki ayaqqabısı və ayaqqabıların da bağları olacaq. Onların istisindən qazan qaynayan kimi onun da beyni qaynayacaq. O özünə verilən əzabdan daha yüngülünü görməyəcək. O, əzaba düçar olanların ən yüngül əzab çəkəni olacaq".

15) Ora ancaq ən bədbəxt kimsə daxil olar.
16) O kimsə ki, yalan sayar, üz döndərər!
17) Ən çox qorxan isə ondan uzaqlaşdırılar.
18) O kimsə ki, malını verib təmizlənər,
19) O, heç kəsdən əvəzlənəcək bir mükafat ummaz.
20) O ancaq ən uca olan Rəbbinin Üzünü diləyər.
21) O, mütləq razı qalacaqdır!


"Ora ancaq ən bədbəxt kimsə daxil olar". Yəni Cəhənnəmə hər tərəfi mühasirəyə alınaraq yalnız ən bədbəxtlər girər. Sonra Allah təala açıqlayaraq buyurur ki, "O kimsə ki, qəlbi ilə yalan sayar, bütün bədən orqanları ilə haqqa riayət etməkdən üz döndərər!"
İmam Əhməd deyir: Həsən ibn Musa İbn Luheyədən, o da Əbu Hureyrədən nəql etdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: "Cəhənnəmə yalnız bədbəxt girər". Soruşdular: "Bədbəxt kimdir?" Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "O kəs ki, Allaha itaət etməz və Onun üçün günahlardan əl çəkməz".
İmam Əhməd başqa bir rəvayət qeyd edərək deyir: Bizə Yunis və Sureyc Əbu Hureyrədən rəvayət edirlər ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: "Qiyamət günü üz döndərənlərdən başqa ümmətimin hamısı Cənnətə daxil olar". Soruşdular: "Ey Allahın elçisi! Üz döndərənlər kimlərdir?" Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) cavab verdi: "Mənə itaət edən Cənnətə daxil olar. Mənə qarşı çıxanlar isə üz döndərənlərdir". Hədisi Buxari də Məhəmməd ibn Sinan vasitəsilə Fuleyhdən rəvayət etmişdir.
Sonra Uca Allah buyurur: "Ən çox qorxan isə ondan uzaqlaşdırılar". Yəni Allahdan ən çox qorxub günahlardan təmizlənən kimsə Cəhənnəmdən uzaq tutular. Daha sonra Allah təala onun kim olduğunu açıqlayaraq buyurur: "O kimsə ki, malını verib təmizlənər". Yəni o, öz malını Allaha itaət uğrunda xərcləyər ki, həm özünü, həm malını, həm də Allahın ona bəxş etdiyi din və dünya ilə bağlı qalan digər şeyləri təmizləsin. "O, heç kəsdən əvəzlənəcək bir mükafat ummaz". Yəni onun öz malını xərcləməsinin səbəbi insanlardan yaxşılıq təmənna etmək deyil. Onu Allaha itaətə və yaxşılıqlara sövq edən təkcə "Ən uca olan Rəbbinin Üzünü diləməkdir". O ona görə Allaha itaət edər ki, Axirət yurdunda Cənnətin bağçalarında Onu görməyə nail olsun. Onun tək istəyi budur. Daha sonra izzət və cəlal sahibi Allah buyurur ki, "O, mütləq razı qalacaqdır!" Yəni bu sifətlərlə vəsflənən hər kəs mütləq razı qalacaqdır. Bir çox təfsir alimləri bu ayələrin Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun!) barəsində nazil olduğunu söyləmişlər. Hətta bəziləri bütün alimlərin bu bu fikirdə olduqlarını qeyd etmişlər. Heç şöbhə yoxdur ki, o, Cənnətə daxil olacaqdır. Lakin ən münasib fikir ayənin bütün ümmətə şamil olduğu fikridir. Çünki ayənin mətni ümumiliyə dəlalət edir: "Ən çox qorxan isə ondan uzaqlaşdırılar. O kimsə ki, malını verib təmizlənər. O, heç kəsdən əvəzlənəcək bir mükafat ummaz". Əlbətdə ki, Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun!) xatırlanan bu və xatırlanmayan digər tərifəlayiq vəsflərdə ümmətin ən qabaqcılı, ən ilkinidir. O, dürüst, siddiq, Allahdan qorxan müttəqi və günahlardan çəkinən biri idi. Allaha itaət və Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) dəstək uğrunda öz mal-dövlətini xərcləmiş, əlindən gələni əsirgəməmişdir. O, Rəbbini görmək niyyəti ilə neçə-neçə dirhəmlər, neçə-neçə dinarlar sərf etmişdi. O heç vaxt etdiyi yaxşılıqların əvəzində insanlardan heç nə ummaz, əvəzini istəməzdi. Bununla yanaşı onun qəbilə başçılarından dha çox üstünlüyü və hörməti var idi. Qeyd olunmalıdır ki, Hüdeybiyyə andlaşması zamanı Səqif qəbiləsinin başçısı Urva ibn Məsud ona belə demişdi: "Allaha and olsun ki, sənə borclu qaldığım yaxşılıqlar indi mənim boynumda qalmasaydı, mütləq cavabını verərdim". Halbuki Əbu Bəkr (Allah ondan razı olsun!) həmin vaxt ona çox sərt davranmışdı. Əgər onun qəbilə başçıları ilə olan münasibəti belə idisə, onda gör digər insanlarla necə münasibdə idi. Ona görə də Allah təala buyurur ki, "Ən çox qorxan isə ondan uzaqlaşdırılar. O kimsə ki, malını verib təmizlənər. O, heç kəsdən əvəzlənəcək bir mükafat ummaz. O, mütləq razı qalacaqdır!" Buxari və Muslimin eyni adlı "Səhih" kitablarında rəvayət olunan hədisdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: "Kim Allah yolunda bir cüt şey xərcləyərsə, Cənnətin keşikçiləri ona deyər: Ey Allahın qulu, bu, daha xeyirlidir". Əbu Bəkr dedi: "Ey Allahın rəsulu, çağırılanlara nəsə zəruri bir şey varmı? Hamısından kimsə çağırılacaqmı?" Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Bəli! Və ümid edərəm sən onlardan olacaqsan".
"Əl-Leyl" surəsinin təfsiri sona çatdı. Həmd və səna Allaha məxsusdur.
Blogger tarafından desteklenmektedir.