Mənhəcin əsasları

Titulo

22.02.2016

Əmr ibn əl-Camuh

O: "Həqiqətən mən cənnətə can atıram!" sözləri ilə tək ayağı ilə düşmənin üstünə atıldı.
Əmr ibn əl-Camuh cahiliyyə dövründə Yəsribin başçılarından biri və bəni Sələmə əl-Müsəvvər qəbiləsinin ağsaqqalı idi. O həm də Mədinənin adlı-sanlı və ləyaqətli şəxsiyyətlərindəndi...
Cahiliyyə dövrünün adlı-sanlı varlı adamlarının evində öz bütlərinin olması bir qayda idi. Onlar hər səhər və axşam ondan xeyir-dua istəyir və müəyyən olunmuş vaxtlarda ona verir, bədbəxt hallar baş verdikdə ondan kömək umurdular.

Əmr ibn əl-Camuhun bütünün adı Mənat idi və qiymətli ağac növündən hazırlanmışdı...
Əmr ibn əl-Camuh ona hər cür qulluq edərək möhkəm ümid bəsləyir və ona qiymətli ətirli maddələr vururdu.

* * *
Əmr ibn əl-Camuhun altımış yaşı tamam olanda Yəsribə iman şüaları saçmağa başlamışdı. Bu xeyirxah addımı atan Islamın ilk dəvətçisi Museb ibn Umeyr olmuşdu. Əmrin üç uşağı - Muəvvəz, Muaz və Xallad və habelə onların Muaz ibn Cəbəl adlı yaşıdı Islamı qəbul etmişdilər.
Öz üç oğlu ilə bərabər onların anası Hind də iman gətirmişdi. Lakin Əmr ibn əl-Camuh onların Islama daxil olmaları haqqında heç nə bilmirdi.

* * *
Əmr ibn əl-Camuhun arvadı Hind görürdü ki, Islam Yəsrib camatı arasında hərtərəfli yayılır və onun başçıları arasında bütpərəst kimi təkcə onun əri kiçik bir qrupla qalmışdır.
Hind ərini çox sevir və ona ehtiram bəsləyirdi. O çox təəssüflənirdi ki, əri kafir kimi ölər və buna görə cəhənnəm oduna düçar olar.
Əmr isə, öz növbəsində, ehtiyat edirdi ki, onun oğulları ata və babalarının dinindən əl çəkib bu yeni peyda olmuş təbliğatçı Museb ibn Umeyrin ardınca gedərlər. Umeyr qısa müddət ərzində çoxlu insanları öz dinindən əl çəkməyə və Məhəmmədin (ona Allahın salavatı və salamı olsun) dininə girməyə sövq etməyi bacarmışdı.
O arvadına dedi:
- Ey Hindi, biz onun işindən baş çıxarana qədər sən uşaqlarını bu adamla (Museb ibn Umeyri nəzərdə tuturdu) görüşlərdən çəkindir.
Hind belə cavab verdi:
- Eşitdim və itaət edirəm! Sən oğlun Muazdan bu adam haqqında bir şey eşitmisənmi?
- Vay sənin halına! - deyə Əmr ucadan dilləndi. - Məgər Muaz öz dinindən əl çəksəydi mən bundan xəbər tutmazdım?
Mömin qadının ərinə yazığı gəldi və o dedi:
- Əlbəttə ki, yox, o sadəcə olaraq bu təbliğatçının bəzi yığıncaqlarında olub və onun sözlərindən bəzilərini yadında saxlayıb.
- Elə isə onu bir mənim yanıma çağır, - deyə Əmr dilləndi.
Oğlu onun yanına gəldikdə, o ondan soruşdu:
- O adamın söylədiklərindən bir şey danış.
Muaz dedi:
Mərhəmətli, rəhmli Allahın adı ilə! Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) - aləmlərin Rəbbinə, (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq möminlərə) rəhmli olana, Haqq-Hesab (qiyamət) gününün sahibinə! Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!
Əmr bərkdən dedi:
- Bu sözlər necə də gözəldir və qeyri-adidir! Doğrudanmı onun dediyi bütün sözlər bunlara kimidir?!
Muaz dedi:
- Hətta bunlardan da yaxşıdır, ey ata! Buna biyət gətirmək istəmirsənmi? Bütün xalqın artıq biyət gətirmişdir.
Bir qədər öz-özünə fikirləşib, şeyx dedi:
- Mənatla məsləhətləşməmiş bunu etmərəm. Görüm o nə deyəcək.
Gənc oğlan ucadan səsləndi:
- Ay ata, Mənat nə deyə bilər? O ki, ağlı və dili olmayan ölü ağacdır,
Lakin şeyx öz dediyinin üstündə durdu.
- Mən sənə dedim axı, onsuz heç bir qərar qəbul etməyəcəyəm!

* * *
Əmr ibn əl-Camuh bu söhbətdən sonra Mənatın yanına getdi. Adamlar bütlə danışmaq istəyəndə onun arxasında bir qoca qarını əyləşdirirdilər. Qarı bütdən (guya) ruhlanaraq onun əvəzinə cavab verirdi. Əmr özünün uca boyu ilə sağlam ayağı üstündə (ikinci ayağı çox əyri idi) düm-düz duraraq bütün qarşısında dayandı. O, Bütə zəruri duaları etdikdən sonra, dedi:
- Ey Mənat, şübhəsiz ki, sən Məkkədən gəlmiş bu təbliğatçının səndən başqa heç kimə pislik arzu etmədiyini bilirsən. O bizim sənə ibadət etməyimizə son qoymaq üçün gəlmişdir... Lakin baxmayaraq ki, mənə onun gözəl sözlərini eşitmək nəsib olmuşdur, mən ona, səninlə məsləhətləşməmiş, biyət etməkdən boyun qaçırtdım. Mənə məsləhət ver!
Mənat ona heç bir cavab vermədi.
- Bəlkə sən acıqlanmısan? - deyə Əmr soruşdu. - Amma mən həyatımda sənə heç bir pislik etməmişəm... Buna baxmayaraq, qorxulu bir şey yoxdur. Hirsin soyuyana kimi səni bir-neçə günlüyə tərk edirəm.

* * *
Əmr ibn əl-Camuhun oğulları onun Mənata necə bağlı olduğunu bilirdilər. O zaman keçdikcə bütün bir hissəsinə çevrilmişdi. Bununla bərabər onlar görürdülər ki, onun qəlbində bütə qarşı sədaqətli iinamı artıq tərəddüd etməyə başlamışdır. Onlar bu bütpərəstliyi onun qəlbindən qopardıb, Islamın yolunu oraya salaydılar.

* * *

Bir dəfə gecə Əmr ibn əl-Camuhun oğulları öz dostları Muaz ibn Cəballa Mənatın yerləşdirildiyi yerə girdilər və onu oradan çıxartdılar. Sonra onu sürüyüb bəni Sələmə qəbiləsinin adamlarının natəmizliklər tulladığı bir çökək yerə atdılar. Bundan sonra, onlar evlərinə gizıicə qayıtdılar ki, görən olmasın. Səhər yuxudan durandan sonra, Əmr tələsmədən, öz bütünə tərəf getdi ki, onu salamlasın. Onu yerində tapmadıqda, ucadan dedi:
- Yaxşı, özünüzü qoruyun! Bizim tanrıçanın yanında gecə vaxtı kim olub?
Lakin heç kim ona cavab verə bilmədi.
Əmr qəzəb və qeyzdən özündən çıxmış halda hədə-qorxu gələrək və lənətləyərək, bütü başıaşağı zibil çalasında tapana qədər bütün evin içərisini və bayırını axtardı. Onu yuyub təmizlədi, ona ətirli yağ çəkdi və bütü əvvəlki yerinə qoyaraq dedi:
- Allaha and olsun, bunu kimin elədiyini bilsəydim, onu bütün həyatı boyu rüsvay edərdim!
Növbəti gecə gənclər yenə də Mənatın yanına gəlib, eynilə əvvəlki gecə etdiklərini təkrarladılar. Səhər axtarış aparan şeyx, yenə də onu zibil çalasında natəmizliklərə bulaşmış halda aşkar etdi. Onu götürüb, o bütü yuyub təmizlədi, ona ətirli yağlardan sürtdü və yenə də əvvəlki yerinə taxdı.
Gənclər hər gecə eyni şeyi təkrarlayırdılar. Axırda bu Əmri bezikdirdi. Bir dəfə yatmazdan əvvəl bütün yanına gələrək, öz qılıncını götürüb onun boynundan asdı və dedi:
- Ey Mənat! Allaha and olsun, bilmirəm, kim bunu sənin başına gətirir. Lakin, əgər sən həqiqətən də tanrısansa, onda özün özünü bu şərdən xilas et. Budur, bunun üçün götür bu qılıncı.
Sonra Əmr yatmağa getdi.
Gənclər şeyxin bərk yatdığına əmin olduqdan sonra gizlicə bütə yaxınlaşdılar, qılıncı onun boynundan götürüb Mənatı küçəyə çıxartdılar. Orada onu ölü itə başlayıb, natəmizliklərin axıb töküldüyü quyuya atdılar.
Yuxudan ayılandan sonra bütünü yerində tapmayan şeyx, onun axtarışına başladı və bütü ona bağlanmış ölü itlə bərabər üzü üstə quyuya atılmış gördü. Qılıncı isə oğurlanmışdı. Bu dəfə o bütü quyudan çıxartmadı və onu oradaca da qoydu. Bu zaman o dedi: "Əgər sən tanrı olsaydın, itə bağlı halda zibil çalasına düşməzdin".
Sonra tez bir zamanda Əmr Allahın dinini qəbul etdi

* * *
Həqiqi dinin şirinliyini və gözəlliyini hiss edərək, Əmr ibn əl-Camuh bütpərəst həyatının hər bir anı üçün vicdan əzabı və peşmançılıq çəkməyə başladı. O, bütün həyatını, mal-dövlətini və övladlarını Allaha və Onun Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun) xidmətə həsr edərək bütün varlığı ilə yeni dini qəbul etdi.

* * *
Uhud döyüşündən bir qədər əvvəl Əmr ibn əl-Camuh üç oğlunun Allahın düşmənləri ilə döyüşə hazırlaşdıqlarını gördü. Onlar vəhşi şirlərə bənzəyirdilər və şəhid olmaq arzusu ilə dolub-daşır və Allahın izni ilə qələbə çalmağa hazır idilər. Oğullarına diqqət yetirən Əmrin döyüş ruhu cuşa gəldi və o onlarla birgə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) bayrağı altında birlikdə müqəddəs müharibəyə getmək qərarına gəldi.
Lakin cavan oğlanları atalarının öz niyyətini həyata keçirməyə mane oldular...
Əmr artıq yaşı ötmüş ahıl kişi idi və həm də o, bir qıçından ağır şikəstdi. Qüdrətli Allah onun döyüşdə iştirak etməməsini bağışlayardı.
Oğulları Əmrə dedilər:
- Ey ata, Allah səni müharibədə iştirak etməkdən azad etmişdir. Niyə sən etməli olmadığın şeylə özünü çətinə salırsan?
Şeyx bu sözlərinə görə onlara bərk qəzəbləndi və o saat gedib Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) şikayət edərək dedi:
- Ey Allahın peyğəmbəri, mənim oğullarım məni bu neməti əldə etməyə buraxmırlar, deyirlər ki, sən axsaqsan. Allaha and olsun ki, mən bu topal ayağımla Cənnətə düşməyə can atıram.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) onun övladlarına belə buyurdu:
- Qoy atanız necə istəyir, elə də etsin. Ola bilsin ki, Qüdrətli Allah ona döyüş meydanında qəhrəmancasına şəhid olmağı bəxş edir...
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) əmrinə tabe olaraq övladları onu rahat buraxdılar.

* * *
Səfərə çıxmaq vaxtı yetişdikdə, Əmr ibn əl-Camuh arvadı ilə elə vidalaşdı ki, elə bil obir daha geri qayıtmayacaqdı...
Sonra o Kəbəyə tərəf çevrilərək, əllərini göyə qaldırıb dedi:
- Ey Allah, döyüş meydanında mənə qəhrəmancasına həlak olmaq qismət et və yol vermə ki, mən məyus halda ailəmin yanına qayıdım.
Sonra o özünün üç oğlu və bəni Sələmə qəbiləsindən olan çoxsaylı döyüşçülərlə yola düşdü.
Döyüşlərin ən qızğın çağında adamlar Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) ətrafında seyrəkləməyə başladılar və o təklikdə qaldı. Əmr ibn əl-Camih bu zaman döyüşçülərin ən ilk sıralarında idi. Tək bir ayağı üstə o, aşağıdakı sözlərlə irəliyə cumdu:
- Həqiqətən, mən Cənnətə can atıram! Həqiqətən, mən Cənnətə can atıram! Onun arxasında oğlu Xəllad dayanmışdı.
Şeyx və onun oğlu Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun) qəhrə¬mancasına qoruyurdular. Onlar, döyüş meydanında demək olar ki, eyni vaxtda şəhid olanadək, düşmənin həmlələrini dəf edirdilər.

* * *
Döyüş qurtardıqdan sonra Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) Uhud döyüşlərində şəhid olmuş döyüşçülərin meyidlərinə yaxınlaşaraq, onların dəfn edilməsi üçün öz səhabələrinə buyurdu:
- Onları necə var, olduqları kimi, yaralı və qana bulaşmış halda basdırın, mən onların şahidiyəm.
Sonra isə, o (ona Allahın salavatı və salamı olsun) sözünə davam etdi:
- Hər bir müsəlman, Allah üçün aparılan müqəddəs müharibədə yaralanarsa, Qiyamət günü onun qanı zəfəran rəngində və müşk təravətli olacaq. Əmr ibn əl-Camuhu Abdullah ibn Əmrlə bir yerdə dəfn edin, çünki onlar həyatda da böyük dostlar idilər.

* * *
Allah Uhud uğrunda döyüşlərdə şəhid olmuş Əmr ibn əl-Camuhdan və onun silahdaşlarından razı olsun və onların qəbrini nurla doldursun.
Blogger tarafından desteklenmektedir.