Mənhəcin əsasları

Titulo

24.02.2016

Ən böyük nemətlər və onlara görə Allaha şükr etməyin vacibliyi

İnsan hər tərəfdən onu əhatə edən Allahın nemətləri içərisində yaşayır. Əgər ömrünü bu nemətlərə görə Rəbbinə şükr edərək keçirsə, bir nemətin belə haqqını verə bilməz. Ona görə də Allah taala Onu zikr və şükr etməyi əmr edərək buyurur: "De: "Həmd olsun Allaha! Salam olsun seçdiyi bəndələrinə!" (ən-Nəml, 59)


Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Suheybin (Allah ondan razı olsun!) rəvayət etdiyi hədisdə buyurur: "Möminin işi qəribədir. Onun hər bir işində xeyir var. Bu hal yalnız mömində təsadüf olunur. Əgər ona sevinc üz versə, şükr edər və bu, onun üçün xeyir olar. Əgər zərər üz versə, səbr edər, bu da onun üçün xeyir olar". Allah taala aydın şəkildə buyurur ki, şükr etmək ibadətin ən böyük növlərindəndir: "Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun ne’mətinə şükür edin!" (ən-Nəhl, 114) Insan Allah taalanən ona bəxş etdiyi nemətlərin müxtəlifliynə baxsa, şükr etməyin nə qədər vacib olduğunu anlayar. Bu nemətlərdən:
1. Elm və iman: Allah taala buyurur: "Həmçinin sizə ayələrimizi oxumaq, sizi təmizləmək, Kitabı, hikməti və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik. Belə olduqda siz Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!" (əl-Bəqərə, 151-152) Bu ayəti-kərimədə rəsulullahın (ona və ailəsinə Allahın salavatı və salamı olsun) göndərilməsi, bununla qüsur və pisliklərdən təmizlənmə, şirkdən çıxaraq tövhidə yiyələnmək, kitab və hikmətin, yəni Quran və sünnənin öyrədilməsi haqda xatırlatmalar var. Bu ümmət cahiliyyət və boşbağazlılıq içərisində olduqdan sonra, peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) risalətinin bərəkəti ilə övliyalar və alimlər dərəcəsinə kimi yüksəldi. ümmətin nümayəndələri xeyirxah və sadiq alimlərə çevrildilər. İbn Kəsir (Allah ona rəhmət eləsin!) deyir ki, "Ona görə də Allah taala möminlərin Onun nemətini etiraf etməyə, nemətinin müqabilində Onu zikr və şükr etməyə borclu olduqlarını bildirir: "Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!" Zeyd bin Əsləmin rəvayət etdiyi hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Musa əleyhissəlam dedi: "Ya Rəbbim! Mən Sənə necə şükr edim?" Rəbbi ona dedi: "Məni zikr et və Məni unutma! Məni zikr etsən, məni şükr də edərsən. Əgər Məni unutsan, onda küfr etmiş olarsan!" Həsən əl-Basri və başqaları deyir ki, Allah onu xatırlayanı xatırlayar, Ona şükr edənin malını artırar, Onu danana isə əzab verər". Səhih hədisdə Allah taala buyurur: "Kim Məni özündə xatırlasa, Mən də onu özümdə xatırlayaram. Kim Məni camat içərisində xatırlasa, Mən onu daha xeyirli yerlərdə xatırlayaram". Nemətin əməldə nümayiş etdirilməsi ən gözəl hallardan biridir. "Sünən" yazarlarının rəvayət etdiyi hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Allah nemət verdiyi kimsədə istəyər ki, nemətin nişanələrini görsün." Başqa bir rəvayətdə isə "Allah öz qulunda verdiyi nemətin nişanələrini görmək istəyər" - kimi qeyd olunur.
2. İnsanın kərəm sahibi olması, quruda və dənizdə gəzə bilməsi və təmiz olanlardan ruzilənməsi bəxş olunan nemətlərdəndir. Həmçinin, digər məxluqatlardan üstün tutulması ən böyük nemətlərdən biri hesab olunur. Belə ki, Allah taala insanı ağılla şərəfləndirmiş, təqva ilə bəzəmişdir.
3. Allah taalanın bu kainatda insan üçün həyati əhəmiyyətə malik su, hava, qida, ay, günəş, və Allah taalanın insanın ixtiyarına verdiyi digər şeylər şükr olunası nemətlərdir.
4. Allah taalanın bəxş etdiyi nemətlər sırasına insana verdiyi ağıl, eşitmə və görmə qabiliyyətləri, eyni zamanda anasının bətnində olarkən ona lütf etdiyi qidalanma və yatma xüsusiyyətləri, sonra da valideynlərinin ona tərbiyə verməsi daxildir. Allah taala buyurur: "Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, şükür edəsiniz!" (ən-Nəhl, 78) Başqa bir ayədə Allah taala buyurur: "Sizin özünüzdə əlamətlər vardır. Məgər görmürsünüz?" (əz-Zariyat, 21)
5. Ölmüş torpağın dirildilməsi, məhsulun yığılması və insan əlinin etdikləri.
6. Insanlar üçün böyük önəm və fayda kəsb edən dəmirin nazil edilməsi. Zamanımızda müxtəlif texniki sahələrdə, nəqliyyat vasitələrində, insanlar arasında əlaqələrin və münasibətlərin genişləndirilməsində oynadığı mühüm rolu görürük. Allah taala buyurur: "Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri nazil etdik" (əl-Hədid, 25)
7. Evlər, mebel-avadanlıq və geyim. Allah taala buyurur: "Allah evlərinizi sizə məskən etdi, heyvanların dərilərindən həm köç vaxtı, həm də bir yerdə qaldığınız zaman sizin üçün yüngül olan evlər-çadırlar düzəltdi, onların yunundan, tükündən və qılından müəyyən vaxta qədər istifadə edəcəyiniz ev əşyası və mal verdi. Allah yaratdığı şeylərdən sizin üçün kölgəliklər əmələ gətirdi, sizdən ötrü dağlarda sığınacaqlar, sizi istidən saxlayacaq köynəklər, qoruyacaq zirehli geyimlər düzəltdi. Allah ne’mətini sizə belə tamamlayıb verdi ki, bəlkə, Ona itaət edəsiniz yenə də üz döndərsələr (ürəyini qısma)! Çünki sənin vəzifən ancaq açıq-aşkar təbliğ etməkdir! Onlar Allahın bilir, lakin sonra onu danırlar. Onların əksəriyyəti kafirdir". (ən-Nəhl, 80-83) Bu ayələrdə Allah sübhənahu və taala öz qullarına bəxş etdiyi nemətinin mükəmməlliyini qeyd edir. Belə ki, Allah taala insanlara evlər, paltarlar, avadanlıqlar, dəmir geyimlər və sayı hesabı bəlli olmayan nemətlər bəxş etdi. Lakin unutqan və üz çevirən olmaqdan çəkindirdi.
Blogger tarafından desteklenmektedir.