Mənhəcin əsasları

Titulo

9.02.2016

ən-Nəsr surəsinin təfsiri

Mədinə surələrindəndir.

Bu surənin Quranın dörddə birinə, "əl-Zəlzələ" surəsinin də Quranın dörddə birinə bərabər olduğu haqda hədis qeyd etmişdik. Nəsai deyir: Bizə Məhəmməd ibn İsmail Ubeydulla ibn Abdulla ibn Ütbədən nəql etdi ki, İbn Abbas ona belə demişdir: "Ey İbn Ütbə, sən bilirsənmi Quranda nazil olan son surə hansıdır?" O dedi: "Bəli! Son nazil olan surə "Allahın köməyi və fəth gəldiyi zaman" surəsidir. İbn Abbas dedi: "Düz deyirsən!"
Əbu Bəkr əl-Bəzzar və Beyhaqi Musa ibn Ubeydə vasitəsilə İbn Ömərin belə dediyini nəql etmişdir: "Allahın köməyi və fəth gəldiyi zaman" surəsi Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) təşriq günlərinin ortalarında nazil olmuşdur. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bunun vida mənasına gəldiyini başa düşüb Qusva adlı dəvəsini hazırladı və yola çıxdı. O, gəlib insanlara xütbə verdi. Bu, tarixdə "vida xütbəsi" ilə məşhurdur.

Beyhaqi deyir: Bizə Əli ibn Əhməd İkrimə vasitəsilə İbn Abbasın (Allah ondan razı olsun!) belə dediyini nəql etmişdir: "Allahın köməyi və fəth gəldiyi zaman" surəsi nazil olanda Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) Fatiməni çağırıb dedi: "Mən öz ölüm xəbərimi verirəm". Fatimə əvvəlcə ağladı, sonra isə gülümsəyərək dedi: "Mənə özünün ölüm xəbərini verdiyin üçün ağladım". Sonra Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) dedi: "Səbr et! Çünki sən ailəmdən ilk mənə qovuşan olacaqsan!" Fatimə gülümsədi". Bu rəvayəti Fatimənin adı çəkilmədən Nəsai də nəql etmişdir.

Bismilləhir Rahmənir Rahim!
1) Allahın köməyi və fəth gəldiyi zaman;
2) İnsanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman;
3) Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə!. Həqiqətən, O, tövbələri qəbul edəndir!


Buxari deyir: Bizə Musa ibn İsmail Səid ibn Cübeyr vasitəsilə İbn Abbasın belə dediyini rəvayət etmişdir: "Ömər Bədrin bəzi ağsaqqalları ilə məni yığıncağa çağırardı. Bəziləri öz aralarında deyərdilər: "O da bizimlə girir? Bizim onun yaşında uşaqlarımız var!" Ömər bir dəfə onlara "siz artıq onu tanıyırsınız" - deyə cavab vermişdi. Günlərin bir günü Ömər yenə məni onlarla birgə yığıncağa çağırdı. Mən bilmirdim ki, o, məni onlara göstərmək üçün çağırıb. Ömər onlardan soruşdu: "Siz izzət və cəlal sahibi Allahın "Allahın köməyi və fəth gəldiyi zaman" ayəsi barəsində fikriniz nədir?" Onların bəziləri dedilər: "Allahın köməyi və fəthi gəldiyi zaman bizim Allaha həmd edib bağışlanma diləməmiz əmr olunur". Bəziləri isə heç bir söz deməyib susdular. Ömər mənə çevrilib dedi: "Səndə elə düşünürsən, ey İbn Abbas!" Mən dedim: "Xeyir!" Ömər soruşdu: "Bəs, nə düşünürsən?" Dedim: "Bu, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) əcəlinin yaxınlaşmasının ona bildirilməsidir. Çünki "Allahın köməyi və fəth gəldiyi zaman" "Sənin əcəlin yaxınlaşır" mənasındadır. Elə isə "Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə!. Həqiqətən, O, tövbələri qəbul edəndir!" Ömər ibn Xəttab: "Mən bu ayə ilə bağlı sənin dediyindən başqa şey bilmirəm" - dedi. Bu rəvayəti bu şəkildə yalnız Buxari qeyd etmişdir. İbn Cərir də Məhəmməd ibn Həmid vasitəsilə İbn Abbasdan buna bənzər rəvayət nəql etmişdir.
İmam Əhməd deyir: Bizə Məhəmməd ibn Fudeyl Səid ibn Cübeyr vasitəsilə İbn Abbasın belə dediyini nəql etmişdir: "Allahın köməyi və fəth gəldiyi zaman" surəsi nazil olduqda, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) "Özümün ölüm xəbərimi verirəm" - demiş və həmin il öləcəyini başa düşmüşdü. Hədisin bu şəkildə rəvayətini təkcə Əhməd ibn Hənbəl qeyd etmişdir. Övfi İbn Abbasdan buna bənzər rəvayət də nəql etmişdir. Mucahid, Əbul Aliyə, Dahhək və başqaları bununla Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) ölüm xəbərinin verildiyini söyləmişlər.
İbn Cərir deyir ki, bizə İsmail ibn Musa Əbu Hazim vasitəsilə İbn Abbasın belə dediyini nəql etmişdir: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Mədinədə olarkən qəfldən dedi: "Allahu əkbər! Allahu əkbər! Allahın köməyi və fəth gəldi. Yəmən camaatı gəldi". Bir nəfər dedi: "Yəmən camaatı nədir, ey Allahın elçisi?" Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) dedi: "Qəlbləri həlim, təbiətləri incə olan bir camaatdır onlar! İman Yəməndədir, fiqh Yəməndədir, hikmət Yəməndədir". Bu rəvayəti İbn Əbdüləla da İkrimədən mürsəl hədis kimi nəql etmişdir.
Təbərani deyir ki, bizə Zəkəriyyə ibn Yəhya İkrimə vasitəsilə İbn Abbasın belə dediyini nəql etmişdir: "Allahın köməyi və fəth gəldiyi zaman" surəsi nazil olduqda, Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) ölüm xəbəri bildirildi. O, Axirətə aid işlərlə daha çox səylə çalışmağa başladı. Bundan sonra dedi: "Allahın köməyi və fəth gəldi. Yəmən əhli gəldi". Bir nəfər dedi: "Ey Allahın elçisi, Yəmən əhli kimlərdir?" Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) dedi: "Onlar qəlbləri həlim, təbiətləri incə olan bir camaatdır. İman Yəməndədir, fiqh Yəməndədir".
İmam Əhməd deyir: Bizə Vaki Süfyan vasitəsilə İbn Abbasın belə dediyini nəql etmişdir: "Allahın köməyi və fəth gəldiyi zaman" surəsi nazil olduqda, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) başa düşdü ki, ona ölümünün yaxınlaşdığı xəbər verilir. Vaki Süfyan vasitəsilə Əbu Rizzindən nəql edir ki, Ömər İbn Abbasdan (Allah hər iksindən razı olsun!) bu ayə haqqında soruşduqda, o, belə demişdi: "Allahın köməyi və fəth gəldiyi zaman" surəsi nazil olanda, Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) əcəlinin çatdığı bildirildi".
Təbərani başqa bir hədis nəql edərək deyir: Bizə İbrahim ibn Əhməd Ubeydulla ibn Abdulla ibn Ütbədən İbn Abbasın belə dediyini nəql edir: "Bütöv surə kimi Qurandan nazil olan son surə "Allahın köməyi və fəth gəldiyi zaman" surəsidir". İmam Əhməd deyir ki, bizə Məhəmməd ibn Cəfər Əbu Səid əl-Xudrinin belə dediyini nəql etmişdir: "Allahın köməyi və fəth gəldiyi zaman" surəsi nazil olduqda, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onu axıra kimi oxudu, sonra dedi: "İnsanlar bir zümrədir. Mən və səhabələrimdə bir zümrədir. Fəthdən sonra hicrət yoxdur. Ancaq cihad və niyyət var". Mərvan Əbu Səid əl-Xudriyə "Sən yalan deyirsən" - dedi. Rafi ibn Xədic və Zeyd ibn Sabit də taxtın üstündə onlarla birgə oturmuşdular. Əbu Səid əl-Xudri dedi: "Əgər bu ikisi istəsəydi, sənə danışardılar. Lakin biri onu vəzifəsindən uzaqlaşdırmağından, o birisi isə sənin ona sədəqə verməməyindən qorxur". Mərvan əsasını qaldırıb onu vurmaq istədikdə, Rafi ibn Xədic və Zeyd ibn Sabit dedilər: "O, doğru deyir". Rəvayətin bu şəkildə nəqlini təkcə Əhməd ibn Hənbəl qeyd etmişdir.
Mərvanın Əbu Səid əl-Xudriyə qarşı çıxdığı fikri inkaredilməzdir. Çünki İbn Abbasdan nəql edilən rəvayətdə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) fəth günü belə belə dediyi varid olmuşdur: "Artıq hicrət yoxdur. Ancaq cihad və niyyət var. Əgər döyüşə çağırılsanız, qaça-qaça gedin!" Hədisi Buxari və Muslim eyni adlı "Səhih" kitablarında qeyd edirlər. Ömərin məclisində olan bəzi səhabələr (Allah onların hamısından razı olsun!) bu ayəni "Allah bizə Mədainin və digər şəhərlərin fəthini nəsib edərsə, Ona həmd, şükr və təsbeh etməyimiz, namaz qılıb məğfirət diləməyimiz lazımdır" - kimi təfsir etmişlər. Bu fikir çox gözəl bir fikirdir. Məkkənin fəthi günü səhər quşluq vaxtı Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) səkkiz rükət namaz qıldığı haqda rəvayət varid olmuşdur. Bəziləri onun Duha namazı olduğunu söyləsələr də, ancaq Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) o namazı davamiyyətli qılmazdı. O, həmin vaxt Məkkədə qalmağı planlaşdırmamışdı və müsafir hesab olunurdu. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Ramazan ayının sonuna qədər təxminən, on doqquz gün orada qaldı. Həmin müddətdə o və bütün ordu müsafir namazı qılır və oruc tutmurdular. Onların sayı təxminən on min nəfər idi. Bəziləri həmin namazın fəth namazı olduğunu söyləyirlər. Ordu başçısının bir şəhəri fəth etdiyi vaxt orada səkkiz rükətli namaz qılması müstəhəbdir. Belə ki, Səd ibn Əbu Vaqqas Mədain şəhərinin fəthi günü bu cür namaz qılmışdı. Bəziləri deyirlər ki, bu namazın salamı son rükətdə verilir. Lakin səhih olan budur ki, hər iki rükətin sonunda salam verilməlidir. Belə ki, bu barədə Əbu Davudun "Sünən"ində qeyd olunur ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Fəth günü namazın hər iki rükətinin sonunda salam verərdi. Ibn Abbas və Ömərin bu surə ilə bağlı təfsirlərinə - Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) öz ölüm xəbərini gətirməsi fikrinə gəlincə... (Müəllif bu cümləsini tamamlamamışdır. Yaddan çıxartma ehtimalı olduğu kimi, köçürmə zamanı da yazılmaması da mümkündür).
Yəni, "bil ki, sənin çıxarıldığın şəhər olan Məkkəyi fəth etdikdən sonra və insanların dəstə-dəstə Allahın dininə girdikləri vaxt, artıq bizim səni dünyada saxlamaq üçün bir işimiz qalmadı. Dərgahımıza gəlmək və Bizə çatmaq üçün hazırlaş! Çünki Axirət sənin üçün dünyadan daha xeyirlidir. Gələcəkdə Rəbbinin verəcəyi şeylər səni razı salacaqdır". Ona görə də Allah təala surənin sonunda "Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə!. Həqiqətən, O, tövbələri qəbul edəndir!" - deyə buyurur.
Nəsai deyir ki, bizə Amr ibn Mənsur Məhəmməd ibn Məhbub vasitəsilə İkrimədən İbn Abbasın belə dediyini nəql etmişdir: "Allahın köməyi və fəth gəldiyi zaman" (surənin sona kimi oxudu) surəsi nazil olduqda Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) ölüm xəbəri gəldi. O, Axirət işləri barəsində əvvəlkindən daha çox çalışmağa başlamışdı. Bu ərəfədə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) dedi: "Fəth gəldi. Allahın köməyi yetişdi. Yəmən əhli gəldi". Bir nəfər soruşdu: "Ey Allahın elçisi, Yəmən əhli kimlərdir?" Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Onlar qəlbləri həlim və mülayim olan bir qövmdürlər. Iman Yəməndədir, hikmət Yəməndədir, fiqh Yəməndədir".
Buxari deyir: Bizə Osman ibn Əbu Şeybə Aişənin (Allah ondan razı olsun!) belə dediyini nəql etmişdir: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) rüku və səcdədə "Sübhənakə, Allahummə, Rəbbənə va bihəmdikə! Allahumməğfirli!" - (Allahım, Rəbbim! Sən nöqsansız və paksan! Həmd Sənə məxsusdur. Allahım məni bağışla!). O, bununla Quranı təvil edirdi. Tirmizidən başqa bütün hədis alimləri də bu hədisi Mənsur vasitəsilə İbn Abbasdan nəql etmişlər.
İmam Əhməd deyir: Bizə Məhəmməd ibn Adiy Məsruq vasitəsilə Aişənin (Allah ondan razı olsun!) belə dediyini rəvayət etmişdir: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ömrünün axır vaxtlarında tez-tez "Allah nöqsansız və pakdır. Ona həmd edirəm, Ondan bağışlanma diləyir, Ona tövbə edirəm" deyər və bildirərdi ki, "Rəbbim ümmətimdən bəzi əlamətlər görəcəyimi mənə bildirdi. O, mənə əmr etdi ki, bunları gördüyüm vaxt Onu həmd və təsbeh edim, Ondan bağışlanma diləyim. Həqiqətən, O, tövbələri qəbul edəndir. Onları "Allahın köməyi və fəth gəldiyi zaman; İnsanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman; Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə!. Həqiqətən, O, tövbələri qəbul edəndir!" ayələrində gördüm". Muslim də bu hədisi Davud ibn Əbu Hind vasitəsilə Məsruqdan nəql etmişdir.
İbn Cərir deyir: Bizə Əbu Saib Şəbi vasitəsilə Ümmu Sələmənin belə dediyini nəql etmişdir: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ömrünün axırlarında gedib-gələndə, oturub-duranda mütləq "Allah nöqsansız və pakdır. Ona həmd edirəm" deyədi. Mən ondan soruşdum: "Ey Allahın elçisi, sən gedib-gələndə, oturub-duranda tez-tez "Allah nöqsansız və pakdır. Ona həmd edirəm" deyirsən. Bunun səbəbi nədir?" Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) "Buna əmr olundum" dedi, sonra "Allahın köməyi və fəth gəldiyi zaman" surəsini axıra kimi oxudu. Bu hədis qəribdir. Biz "məclisin kəffarəsi" hədisində bunu bütün ləfzlər və isnadlarla qeyd etmişdik. Bu haqda orada ətraflı məlumat vardır.
İmam Əhməd hədis nəqle dərək deyir: Bizə Vaki İsrail vasitəsilə Abdullanın belə dediyini rəvayət etmişdir: "Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) "Allahın köməyi və fəth gəldiyi zaman" surəsi nazil olduqdan sonra, o, namazda bu surəni oxuyub rüku etdikdə çox vaxt "Sübhənakə, Allahummə, Rəbbənə va bihəmdikə! Allahumməğfirli! İnnəkə əntət-tövvabur rahim!" - (Allahım, Rəbbim! Sən nöqsansız və paksan! Həmd Sənə məxsusdur. Allahım məni bağışla! Həqiqətən, Sən tövbələri qəbul edən və rəhimlisən!) deyər və bunu üç dəfə təkrar edərdi. Bu hədisi bu şəkildə təkcə Əhməd ibn Hənbəl nəql etmişdir. İbn Əbu Hatim isə bu hədisi atası vasitəsilə Əbu İshaqdan nəql etmişdir.
Fəth sözü ilə Məkkənin fəthi nəzərdə tutulur. Çünki ərəb qəbilələri müsəlman olmaq üçün Məkkənin fəth olunmasını gözləyir, "əgər o, öz qövmünə qalib gəlsə, peyğəmbərdir" deyirdilər. Allah təala Məkkənin fəthini müəssər etdikdə, onlar da dəstə-dəstə Allahın dininə girdilər. Iki il keçmədi ki, bütün ərəbistan yarımadası İslam dini ətrafında birləşdilər. Qalan qəbilələr də İslama dəstək oldular. Həmd və səna Allaha məxsusdur. Buxari öz "Səhih"ində Amr ibn Sələmənin belə dediyini rəvayət edir: "Məkkənin fəthi gerçəkləşdikdə, qəbilələr İslamı qəbul etdiklərini bildirmək üçün Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) üz tutmağa başladılar. Qəbilələr müsəlman olmaq üçün Məkkənin fəth olunacağı günü gözləyirdilər. Ərəb qəbilələri deyirdilər ki, onu öz qövmü ilə təkbətək buraxın! Əgər o, qalib gələrsə, deməli, peyğəmbərdir. Məkkənin fəthi haqda "Sira" kitabında ətraflı məlumat vermişik. Əlavə məlumat almaq istəyən, həmin kitaba müraciət edə bilər. Həmd və səna Allaha məxsusdur.
İmam Əhməd deyir: Bizə Muaviyə ibn Amr Əbu İshaq vasitəsilə Əbu Ammarın belə dediyini nəql etmişdir: "Cabirin qonşusu mənə belə dedi: "Mən səfərdən qayıtmışdım. Cabir ibn Abdulla yanıma gəlib salam verdi. Mən ona camaatın təfriqəyə düşdüyünü və baş verən hadisələri danışdım. Cabir ağlamağa başladı. Sonra dedi: "Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu eşitmişəm: "İnsanlar Allahın dininə dəstə-dəstə girdilər. Onlar dəstə-dəstə də çıxacaqlar".
"Ən-Nəsr" surəsinin təfsiri sona çatdı. Həmd və səna Allaha məxsusdur.
Blogger tarafından desteklenmektedir.