Mənhəcin əsasları

Titulo

19.02.2016

Namazın vacibliyi bildirən şəriət dəlilləri

Namaz islamın şəhadətdən sonra ən mühüm dayağıdır.
İbn Ömər Peyğəmbərin -səllallahu aleyhi və səlləm- belə dediyini rəvayət edir: "İslam beş dayaq üzərində bina edilmişdir: Allahdan başqa ibadət haqqı olan ilahın olmamasına və Məhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq!" (hədisi Buxari və Müslim rəvayət etmişdir).

Namaz Uca Allahın əmridir:
"(Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!" ("əl-Bəqərə", 43 və ya bax: "əl-Bəqərə" 83, 110; "İbrahim", 31; "əl-Həcc", 78).

"Həmçinin: "Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!"" ("əl-Ənam", 72).

Namaz Uca Allaha itaətdir: "(Fərz, vacib) namazlara, (xüsusi ilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun)" ("əl-Bəqərə", 238).

Namaz qurtuluşa, nicata vəsilədir: "Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, bəlkə nicat tapasınız!" ("əl-Həcc", 77).

Namaz doğru yolda olmanın əlamətidir: "O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar. Onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar…" ("Loğman", 4-5).

Namaz qılana cənnət mücdəsi, Allah mükafatı vardır: "Namaz qılanlar istisnadır. O kəslər ki, daim namaz qılarlar; … Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər- məhz onlar cənnətlərdə ehtiram olunacaq kimsələrdir!" ("əl-Məaric", 22-23, 34-35 və ya bax: "əl-Bəqərə", 277; "ət-Tövbə", 112; "əl-Həcc", 34-35, 41; "ən-Nəml", 2-3; "Fatir", 29-30; "əş-Şura", 36-38 ).

Namaz Allahdan kömək istəmək üçün vasitədir: "(Müsibət vaxtında) səbr və namaz qılmaqla (Allahdan) kömək diləyin!" ("əl-Bəqərə", 45 və ya bax: "əl-Bəqərə",153).

Namaz möminliyin əlamətidir: "Möminlər yalnız o kəslərdir ki, … namaz qılar və verdiyimiz ruzidən sərf edərlər. Onlar həqiqi möminlərdir…" ("əl-Ənfal", 2-4 və ya bax: "ət-Tövbə", 71; "ən-Nəml", 2-3).
Namaz Allahın rəhmətini qazanmağa səbəbdir: "Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, bəlkə, sizə rəhm olunsun!" ("ən-Nur", 56).

Namaz insanı pis əməllərdən çəkindirir: "(Ya Məhəmməd!) Qurandan sənə vəhy olunanı oxu və (lazımınca) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər" ("əl-Ənkəbut", 45).
Namaz qılmamaq təhlükəlidir, şirkə apara bilər: "(Ya Məhəmməd! Sən və ümmətin) tövbə edərək Ona tərəf dönün, Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın!" ("ər-Rum", 31).

Namaz hər bir atanın öz övladına etməli olduğu mühüm nəsihətidir, nidasıdır: "Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə" ("Loğman", 17).
Namaz hər bir ailə başçısının öz əyalına edəsi əmridir: "Əhlinə namaz qılmağı əmr et, özündə ona (namaza) səbrlə davam et…" ("Ta Ha",132).

Namaz Allahın haqqıdır, Onun üçün qılınır: "De: "Mənim namazım da, ibadətimdə, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür…"" ("əl-Ənam",162; və ya bax: "əl-Kövsər", 2).

Namaz günahları yuyar: "…Həqiqətən (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparır…" ("Hud", 114).

Namaz qılana mane olana Qüdrətli Allah cəhənnəm əzabını vəd edir: "Gördünmü o kimsəni ki, mane olur, bir bəndəyə namaz qıldığı vaxt? … Məgər bilmir ki, Allah görür?! Yox, yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik …" ("əl-Ələq", 9-19).
Blogger tarafından desteklenmektedir.