Mənhəcin əsasları

Titulo

19.02.2016

Quranı anlamaq üçün ərəb dilinin kifayət etməməsi

Ötən söhbətdən görünür ki, insan ərəb dilini nə qədər dərindən bilsə belə yenə də Quranı hədislərsiz başa düşə bilməyəcək. Çünki, ərəb dilini bilən adam Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) səhabələrindən daha gözəl ərəb dilinə yiyələnə bilməz. Belə ki, onlar Quranın öz dillərində nazil olmasına və dillərinin başqa dillə qarışmamasına baxmayaraq irəlidə qeyd etdiyimiz ayələri səhv başa düşmüşdülər. Təbii ki, buna səbəb onların ancaq dilə əsaslanmaları olmuşdur.
Ona görə də kim sünnəni daha gözəl bilərsə o, Quranı daha gözəl başa düşər və ondan hökmlər çıxara bilər. Kim də sünnəni bilməzsə bunu edə bilməz. Ümumiyyətlə sünnəyə əhəmiyyət verməyən adam isə heç vaxt buna nail ola bilməz. Ona görə elm adamları yekdilliklə belə bir qayda qoymuşlar: Quran, Quran və sünnə ilə təfsir edilir, sonra səhabələrin sözləri ilə... və i.a.

Bütün bunlardan sonra günümüzdə və keçmişimizdə mövcud olan fəlsəfəçilərin zəlalətə düşmələrinin və sələflərə əqidədə müxalif olmalarının səbəbləri aşkarlanır. Buna səbəb, sünnədən uzaq düşmək, onu dərk etməmək, Allahın ad və sifətlərini öz ağıllarına uyğun təfsir etmək və anlamaqdır. "Təhavi əqidəsinin şərhi" kitabının müəllifi Ibn Əbil-izz necə də gözəl buyurmuşdur:

"Dinin əsaslarını Quran və Sünnədən deyil, onun-bunun sözlərindən öyrənən adam bu haqda necə danışa bilər? Əgər o, öz elmini yalnız Qurandan aldığını iddia edərsə və onu anlamaq üçün alimlərin bizə nəql etdikləri Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) hədislərindən istifadə etməzsə, səhabələrin və tabiinlərin sözlərinə əhəmiyyət verməzsə etdiyi təfsirinə görə, hətta düz desə də günah qazanar. Çünki səhabələr və onların ardıcılları bizə yalnız Quranın oxunuş qaydalarını deyil, eyni zamanda mənalarını da çatdırmışlar. Onlar Quranı uşaqlar kimi öyrənməzdilər. Əksinə Quranı onun mənasını başa düşərək öyrənərdilər. Kim səhabələrin və onların ardınca gedənlərin yolu ilə getməzsə öz rəyi ilə danışmış olar. Öz rəyi ilə danışıb, bunu Allahın dini kimi təqdim edən, elmini Quran və sünnədən almayınca onun danışdıqları hətta düz danışsa da günah olar.
Kim elmini Quran və sünnədən götürüb səhv danışsa onun bir savabı olar. Əgər düz danışsa onun savabı ikiqat olar. Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) tam itaət etmək və onun əmrlərinə tabe olmaq, onun bizlərə gəlib çatan xəbərlərini təsdiqləmək və qəbul etmək, ağıl ilə ona zidd çıxmamaq, bu hədislərə şübhə etməmək, kiminsə rəyini və çirkab fikirlərini onun hədislərindən üstün tutmamaq vacibdir. Allahı ibadətdə, duada və təvəkküldə tək tutduğumuz kimi, Onun Peyğəmbərini (Ona Allahın salavatı və salamı olsun) vahid örnək və hakim tutmalı, tam itaətlə ona təslim olmalıyıq" (Təhavi əqidəsinin şərhi,səh: 212).

Yekun olaraq bildirirəm ki, gərək müsəlmanlar Quran ilə sünnəni bir-birindən ayırmasınlar və onların hər ikisini qəbul edib şəriəti onların üzərində qursunlar. Bu onların sağa və sola azmamaları və zəlalətə düşməmələri üçün zəmanət ola bilər. Bunu gözəl açıqlayan Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Mən sizə iki şeyi, Allahın kitabını və mənim sünnəmi qoyub gedirəm. Siz onların hər ikisindən sıx tutsanız heç vaxt zəlalətə düşməzsiniz. Bu iki şey hovuzda mənə yetişənə qədər bir-birindən ayrılan deyildir" (Malik və Hakim).
Xəbərdarlıq!!!
Itaət edilməsi vacib olan sünnənin səhih olmasını qeyd etmək yerinə düşərdi. Belə hədislər bizə səhih isnadlar və elmi yollarla gəlib çatmışdır. Onları bizə çatdıran, hədisi və hədislərin isnadlarında olan rəvayətçiləri gözəl tanıyan alimlərdir. Əməl olunması vacib olan səhih hədislərin mənbələri təfsir, fiqh, tərğib və tərhib kitabları deyildir. Çünki bu kitablarda kifayət qədər zəif, uydurma və inkar olunacaq hədislər mövcuddur. Hətta bu cür hədislərin bəziləri birbaşa islam dininə ziddir. Onlar haqda mən digər kitablarımda danışmışam. Lakin səhih hədislərin etibarlı mənbələri sırf hədis kitablarıdır. Mən zəif, uydurma və qondarma hədislərin bir çoxunu "Silsilətul əhədis əd-daifə vəl movduə və əsəruhə əs-seyyi fil umməh" kitabımda toplamışam.

Şeyx Məhəmməd Nasirəddin əl-Əlbani
Blogger tarafından desteklenmektedir.