Mənhəcin əsasları

Titulo

9.02.2016

Ər-Rəhmanın qullarının keyfiyyətləri

1. Uca Allah buyurdu ki: "Ər-Rəhmanın bəndələri o kəslər­dir ki, onlar yer üzündə təmkinlə gəzər…" (Furqan, 25/63). Onların keyfiyyətlərindən biri də yer üzündə sakit, ağır-ağır və təvazö­kar­lıqla yerimələri, təkəbbürlənərək ayaqlarını yerə şəstlə vura-vura getməmələridir.

Beləlikl, Uca Allah buyurur: "Yer üzündə təkəbbü1rlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də yüksəlib dağlara çata bilərsən" (İsra, 17/37)
İbn Kəsir demişdir ki: "Yer üzündə təkəbbürlə gəzib dolanma", yəni cüssəlilərin yeridiyi kimi lovğalanaraq və sağ-sola əzilib büzülməklə yerimə! Çünki sən yerişinlə yeri yara bilməyəcəksən.
"Nə də yüksəlib dağlara çata bilərsən", yəni əzilib büzül­məklə, lovğalanmaqla, özünü bəyənməklə bu qədər uzanmaya­caqsan. Əksinə, öhünü belə aparan adam məqsədinin tam ziddinə olaraq, hələ bir cəzalandırıla da bilər. (Təkəbbürlə davrananlar qiyamət günü zərrə dənəcikləri mislində olacaqlar.)
2. "…cahillər onlara söz atdıqları zaman [onları incit­mə­mək üçün] salam deyərlər" (Furqan, 25/63) Yəni, səfehlər pis sözlərlə onlara müraciət etsələr, oxşar sözlərlə onlara cavab qaytarmazlar. Əksinə, onlar əziyyət verməyən və günah olmayan sözlər deyərlər. Pisliyə qarşı ən gözəl sözlər işlətmək məqsədilə onlar "sələmun əleykum" da, digər nəzakətli sözlər də deyə bi­lərlər. Bu, bağışlamaq və yaxud incikliyi unutmaqla da ola bilər. (Bax: Qasimi təfsiri)
3. "Onlar gecəni Rəbbi üçün səcdə və qiyam içində keçirər". (Furqan, 25/64) Gecənin bir hissəsində namaz qılar, ayaq üstə dayanar və dua edərlər. Çünki Uca Allah onların xasiyyətləri ilə bağlı olaraq aşağıdakıları deyir:
"Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən sərf edərlər" (Səcdə, 32/16)
Allahın Elçisi (sallallahu əleyhi və səlləm) buyurub ki: "Hər kim gecələr oyanaraq səslə:
"Tək və şəriki olmayan Allahdan başqa heç bir tanrı yox­dur. Səltənət (hökmranlıq və hakimiyyət) yalnız Onundur. Hər cür həmdsənalar təkcə Ona məxsusdur. Onun gücü hər şeyə çatır. Allah hər növ çatışmazlıqlardan uzaqdır. Təkcə Ona həmd­səna edirəm. Ondan başqa heç bir tanrı yoxdur. Allah ən böyükdür. Allahla bir olmadıqca heç bir şeyə güc gəlmək olmaz, taqət qal­maz" dedikdən sonra: "Allahım, mənə bağışlanma nəsib et" deyi­lər və yaxud da dua edilərsə, dua qəbul olunar. Əgər dəstəmaz alıb, namaz qılarsa, namazı qəbul olunar". (Buxari və başqaları)
Mən bu duanı oxudum və duam qəbul edildi.
4. "Və belə deyərlər: "Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir! Doğru­dan da, o, nə pis məskən, nə pis yerdir!" (Furqan, 25/65-66)
Onların xüsusiyyətlərindən biri də Cəhənnəm əzabını onlardan uzaqlaşdırması üçün Rəbbinə dua etmələridir. Çünki Cəhənnəm əzabı əbədi olacaqdır. Orada qalmaq və orada olmaq necə də pisdir! Kərim ayədən göründüyü kimi, Allaha Cəhənnəm odundan qorxduqları üçün ibadət etmədiklərini söyləyən sufilərin iddiası rədd edilir.
5. "Onlar [mallarını] xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar". (Furqan, 25/67)
Uca Allah onları orta yolu tutmaqla səciyyələndirmişdir. Onlar çəkdikləri xərclərində israfçılığa yol vermədikləri kimi, xəsislik edib özlərini və ailə üzvlərini də darda qoymazlar. Onlar orta yol adamıdırlar.
Təbəri ayənin təfsirində bunları deyir:
"Uca Allahın burada xərcləmədə israfdan danışarkən nəzərdə tutduğu məqsəd Öz qullarına mübahS158 bildiyi həddi aşmaqdır.
Xəsislik etmək (iqtər) isə Allahın buyurduğundan da az xərcləməkdir. Orta yol isə iksinin arasında olandır".
Bu ayənin mənasını Uca Allah aşağıdakı buyruğu ilə açıqlayıb:
"Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!" (İsra, 17/29)
Uca Allah xəsisliyi qınayıb, israfçılığı qadağan etmiş və qənaətlə dolanmağı əmr edərək buyurmuşdur ki: Sən kimsəyə heç bir şey verməyən, xeyrxahlığa maneə törədən bir xəsis olma. İmkanından artığını, gəlirindən daha çox xərcləməkdə həddini aşma, israfçılıq etmə! Çünki sən xəsislik etsən qınanarsan. İnsanlar səni qınayar, məzəmməd edər və səni lazım olan adam kimi qəbul etməzlər. Bacardığından artıq əliaçıq olsan, vaxt gələr çarəsiz (əl-həsir) qalarsan, xərcləməyə bir şey tapmazsan. Həsir - hərəkət edə bilməyən, taqətsizliyindən və acizliyindən yerindən tərpənməyən minik hevanına deyilir. Məhz İbn Abbas və əl-Həsən bu kərim ayənin toxunulan xəsislik və israf(çılığın qada­ğan edilməsi) məqsədiylə deyildiyini bildirmək üçün açıqlamış­lar. (Bax: İbn Kəsi, III, 37)
6. "Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz…" (Furqan, 25/68)
Həqiqətən, bu əhəmiyyətli bir xüsusiyyətdir. Allahın qullarının Onun Təkliyini (Vahidliyini) qəbul etmələri, bütün ibadətlərində, əlaxüsus da dua etdikləri zaman Ona heç kəsi şərik qoşmadıqları bəllidir. Çünki dua da ibadətdir. Xüsusilə də, Allah­dan başqa - ölülərə də (ya peyğəmbər olsun, ya da övliya) dua etmək xeyirli əməlləri puç edən şirkin növlərindəndir. "Allahın Peyğəmbərindən (sallallahu əleyhi və səlləm) "Hansı günah daha böyükdür" soruşulduqda: "Səni Yaradana tay qoşmağın" deyə cavab vermişdir". (Buxari və Muslim)
7. "…Allahın haram buyurduğu cana nahaq yerə qıymaz…" (Furqan, 25/68)
Allahın qullarının başqa bir xüsusiyyəti də onların Allahın haram etdiyi canları öldürməməsidir. Qız uşaqlarını diri-diri bas­dırmaq və digər hallar da bu qəbildəndir. Ancaq öldürülmə­n­in haramlığını aradan qaldıran hallar istisnadır. Mürtədlik edən, başqasını qəsdən öldürən, yer üzündə fitnə-fəsad törədənlər kimi. Bunlar ədalətli hökm əsasında öldürülənlərdilər.
8. "…zina etməzlər…" (Furqan, 25/68).
Rəhmanın qulları zinaya yaxınlaşmazlar. Çünki o, həyasız­lıq və pis bir yoldur. O, həm insana və həm də cəmiyyətə zərərlidir. Müxtəlif xəstəliklərə səbəb olur, ailələri dağıdır və özündə başqa təhlükələr daşıyır.
"…Hər kəs bunu etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və [o, əzab] içində zəlil olub əbədi qalar" (Furqan, 25/68-69)
Allahdan qeyrisinə dua etmək, canı nahaq öldürmək və zina etmək kimi qeyd olunan böyük günahların hər hansı birini törədən şəxs qiyamət günü bir cəza kimi əzabının təkrarlanması, zəlil və yazıq vəziyyətdə o əzaba əbədi məhkum edilməsi kimi bir cəza ilə qarşılaşacaqdır.
Ancaq bütün törətdiklərindən elə bu dünyada Uca Allaha "tövbə edənlər istisnadır". Şübhəsiz ki, Uca Allah qoyduğu şərtlərinə uyğun olaraq tövbə edənlərin tövbəsini qəbul edir.
9. "O kəslər ki, yalan şahidlik etməzlər…" (Furqan, 25/72)
Təbəri deyib ki: ayənin təfsirinə yanaşmalar arasında həqiqətə ən yaxın olanı aşağıdakı kimi deyilmişdir:
Şirk, mahnı, yalan və buna bənzər "uydurma" (yalan) adının verildiyi hər bir şeyə şahid olmayan, şahidlik etməyən şəxslərdir. Çünki Allah onların əsas keyfiyyətləri baxımından yalan şahidlikdə iştirak etmədiklərini bildirir. Bilavasitə xəbər və ya əməl kimi qəbul edilməsi lazım gələn bir dəlil tapılmadıqca onlar hər hansı bir şeyə zəmanət vermirlər. Allahın Elçisi (sallallahu əleyhi və səlləm) də belə buyurmuşdur:
"Sizə böyük günahların ən böyüyünü xəbər verimmi?" - deyə üç dəfə soruşdu. Biz: Ver, ey Allahın Elçisi, dedik. Belə buyurdu: "Allaha şərik qoşmaq, ata-anayla ədalətsiz davran­maq". O yerə söykənərək oturdu və belə buyurdu: "Diqqət edin, bir də yalan söz, diqqət edin, bir də yalan şahidlik". Bu sözləri o qədər təkrarladı ki, kaş ki, sakitləşəydi, deyə ürəyimizdən keçirtdik. (Buxari və Muslim)
10. "…faydasız bir şeylə rastlaşdıqları *159 zaman onlar­dan üz çevirib vüqarla keçərlər" (Furqan, 25/72)
Ondan üz çevirərək xoşluq və təmkinlə onu geridə qoya­raq gedərlər. Təbəri deyir ki, bu barədəki baxışlar arasında məncə, həqiqətə ən yaxın olan belədir: Uca Allah təriflədiyi bu möminlərə dair xəbər verərək, onların faydasız sözlərin və işlərin yanından şərəflə üz çevirib getdiklərini bildirir. Faydasız (boş iş və söz) ərəb dilində əsli və həqiqiliyi olmayan, batil olan, ya da çirkin görünən hər bir işin ifadə edildiyi məfhumdur. İnsanın başqa bir insanı reallıqla əlaqəsi olmayan yalan sözlərlə söyməsi faydasızdır. Çirkin sayılan bəzi yerlərdə evlənməkdən açıq ifadə­lərlə bəhs edilməsi də faydasızlıqdan irəli gəlir. Eyni formada da müşriklərin tanrıçalarına təzim etmələri isə, ibadət etdikləri varlığın, onların etdikləri qaydaya uyğun bir həqiqətin olmadığın­dan ötrü, saxtakarlıqdır. Mahnı dinləmək isə din əhli arasında çirkin sayılan işlərdəndir. Belə olduğu halda, bütün bunlar hamısı bir yerdə faydasızlığın əhatə dairəsinə daxil olur. Bilavasitə, faydasız kimi, açıqlanması zəruri olan hər hansı bir şey üçün deyilənlərin bir hissəsi nəzərdə tutulmuş və digər bir hissəsi isə nəzərdə tutulmamışdır deyilişi aydınlaşdırıcı aspektə malik deyil. Çünki söylənən hər hansı bir xəbərin və yaxud, əqli baxımdan, belə bir düzəlişin edilməsinə dair sübut aşkar olunmamışdır.
11. "O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz" (Furqan, 25/73)
İbn Kəsir demişdir ki, bu möminlərin xasiyyətlərindəndir:
"Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər" (Ənfal, 8/2)
Amma kafir bu keyfiyyətlərə malik deyil. O, Allahın kəlamını dinlədiyi zaman ondan təsirlənməz. Halında hər hansı bir dəyişiklik baş verməz. Əksinə, o, küfründə, azğınlığıında, biliksizliyində və yolunu azmaqda davam edib gedər.
Uca Allahın: "özünü onlara qarşı kar və kor kimi apar­maz" buyruğu ilə bağlı olaraq əş-Şəbidən, bir qrup adamlar səcdə edərkən onların (niyə) belə etdiklərini eşitməyən bir şəxsin də onlarla birlikdə səcdə etməsi haqda soruşduqda, o, bu: "O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt…" buyruğu oxudu.
Bu o demək idi ki, onlarla birgə səcdə etməsin. Çünki o, səcdə əmri barədə düşünmək imkanı tapmamışdır. Mömin insa­nın isə təsadüfən rast gəldiyi tanımadığı adamlara elə o saat tabe olması lazım deyil. Əksinə, o, görəcəyi işi uzaqgörənliklə, qəti qənaətə gəldikdən və aydınlaşdırdığı səbəbə istinad edərək yerinə yetirməlidir.
Qatədə Uca Allahın: "O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz" ayəsi­nin təfsiri haqqında aşağıdakıları söyləyir: Uca Allah buyurur ki, onlar Rəbbin ayələri oxunarkən kar və kor deyildilər. Allaha and içirəm ki, onlar haqdan gələni dərk edən və Onun Kitabından eşitdiklərindən faydalanan insanlar idilər". (İbn Kəsir, III, 329)
12. "Və o kəslər ki: "Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur…" - deyərlər".
İbn Kəsir demişdir ki, bu buyruqla bellərindən və nəsil­lərindən gələnlərdən Allaha itaət edən, Ona heç bir varlığı şərik qoşmadan camaatla və təklikdə ibadət edən şəxslər yaratması üçün dua edənlər nəzərdə tutulur.
a. İbn Abbas demişdir ki, Allaha itaət etməklə bağlı olan işləri yerinə yetirməklə dünyada da, axirətdə də üzlərini ağ­ edəcək insanlar *160 nəzərdə tutulur.
b. İkrimə demişdir ki, onlar bu sözlərilə gözəlliyi və ya­xud gözəl görünüşü nəzərdə tutmurdular. Onlar öz nəsillərindən törəyənlərin Allaha ibadət edənlərdən olmalarını istəyirdilər.
c. Həsən Bəsridən bu kərim ayə haqqında soruşulduqda, o, belə cavab vermişdi ki, bu, Uca Allahın müsəlman bəndəsinə onun zövcəsinin, qardaşının, çox istədiyi dostunun Allaha itaət et­diyini göstərməsidir. Allaha and olsun ki, müsəl­man üçün Allaha itaət edən bir övlad və ya bir nəvə, bir qardaş, çox istədiyi dost görməkdən də böyük bir gözay­dınlığı *161 olacaq bir şey yoxdur.
13. "...və bizi müttəqilərə imam [rəhbər] et". Yəni, bizi başqala­rına doğru yol göstərən insanlardan et.
İbn Kəsir deyir ki, İbn Abbas, əl-Həsən və əs-Suddi belə demişlər: Sən bizi, xeyirə aparan yolda itaət edilən rəhbərlərdən et.
Digərləri isə: Sən bizi doğru yola çağıran, doğru yola aparan, xeyirə səsləyən kimsələrdən et, - deyə şərh etmişlər.
"Məhz belələri səbr etdiklərinə görə cənnət guşəsi ilə mükafatlandırılacaq, orada ehtiramla, salamla qarşılanacaqlar. Onlar orada əbədi qalacaqlar…" (Furqan, 25/75-76)
İbn Kəsir demişdir ki, Uca Allah mömin qullarının haqqın­da bəhs edilən gözəl keyfiyyətlərini, sözlərini və əməllərini qeyd etdikdən sonra, "məhz onların", yəni bu keyfiyyət­lərə sahib olan­ların qiyamət günü Cənnət deyilən "hündür bər-bəzəkli evlərlə" mükafatlandırılacaqlarını bildirir. Bu, onların "səbr etdiklərinə görədir", yəni bütün bunları yerinə yetirəcəkləri halda, Allahın vədi gerçəkləşəcəkdir.
"Və onlar orada" Cənnətdə "ehtiram və salamla qarşılaşa­caqlar". Yəni orada onlara salam veriləcək, hörmət göstəriləcək, onlar diqqət və ehtiramla qarşılanacaqlar. Salam (sağlamlıq) onlara məxsusdur və onlara "sizə salam olsun" deyiləcəkdir. Çünki hər bir qapıdan mələklər onların yanına gələcək və "səbr etdiyinizə görə sizə salam olsun, axirət yurdunun aqibəti necə də gözəldir" deyəcəklər.
"Onlar orada əbədi qalacaqlar" buyruğu - orada yerləş­di­riləcəklər, başqa bir yerə köçürülməyəcəklər, ölməyəcəklər və oradan heç yerə getməyəcəklər mənasındadır.
"O nə gözəl qərargah və daimi məskəndir" buyruğu isə, "görünüşü etibarilə gözəl bir yer, dincəlmək və gecələmək üçün rahat olan bir məkan" olduğunu bildirir. (III, 333)

Bu ayələrdən çıxarılan bəzi nəticələr

1. Təvazökarlığın, hərəkətdə olarkən sakitliyə riayət et­mə­yin üstünlüyü və özünü yüksək tutmağın haram edilməsi.
2. Pisliyə yaxşılıqla cavab verməyin üstünlüyü.
3. Gecələr namaz qılmaq və dua etmək üstün tutulan bir əməldir.
4. Xərcləməkdə nə xəsis, nə də israfçı olmamaq yaxşı xasiyyətdir.
5. Şirk, adam öldürmək və zinakarlıq haramdır.
6. Şərtlərinə uyğun olaraq edilən tövbə günahları silir.
7. Yalançıya şahid olmaq və yalandan şahidlik etmək haramdır.
8. Boş və mənasız şeylərdən uzaq olmaq alicənablıqdan­dır.
9. Quranı oxuyub yaxşıca düşünmək və ona lazımınca əməl etmək çox dəyərli bir işdir.
10. Rəhman Allahın qullarının keyfiyyətlərinə sahib olan­lar üçün Cənnət, Allahın qayğısı və nəvazişi nəzərdə tutulmuş­dur.

*158 Mübah - işlədilməsində savab və günah olmayan bir şey
*159 Lağlağı bir söhbət eşitdikləri zaman (Qurani-Kərim, Bakı, 2004, VI nəşr, səh. 422)
*160 Yəni, əməli saleh insanlar.
*161 Burada: əməli saleh insanların yetişməsi ilə bağlı müjdə, xoş xəbər.
Blogger tarafından desteklenmektedir.