Mənhəcin əsasları

Titulo

19.02.2016

Sünnənin islamda məqamı

Həqiqətən həmd sənalar Allaha məxsusdur. Biz də Ona həmd səna edir, Ona sığınır və Ondan bağışlanma diləyirik. Nəfsimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allahın doğru yola yönəltdiyi kimsəni heç kəs bu yoldan azdıra bilməz, haqq yoldan azdırdığı kimsəni isə heç kəs doğru yola yönəldə bilməz. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Məhəmməd Onun qulu və elçisidir.

Allah təalə buyurur: "Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!" (Ali-İmran: 102).
"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!" (ən-Nisa: 1).
Həqiqətən ən doğru kəlam Allahın kitabıdır, ən doğru yol Məhəmməd peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yoludur. Ən pis əməllər dinə edilmiş yeniliklərdir. Hər bir yenilik bidət, hər bir bidət isə zəlalətdir və hər bir zəlalət də cəhənnəmlikdir.
Sünnənin Quran ilə birgə vəzifəsi:
Bildiyimiz kimi Allah təalə Məhəmmədi (Ona Allahın salavatı və salamı olsun) peyğəmbər olaraq seçmiş, ona Öz risalətini vermiş, Qurani Kərim adlı kitabını ona nazil etmiş və bu kitabını insanlar üçün açıqlamağı əmr etmişdir. Allah təalə buyurur: "Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) açıqlayasan və bəlkə, onlar da düşünüb dərk edələr!" (ən-Nəhl: 44).
Ayədə qeyd olunan "açıqlama" iki növdür:
Birinci: Quranın sözlərinin və tərtibinin açıqlanması. Bu, nazil olmuş Quranı təbliğ etmək, onu gizlətməmək və onu olduğu kimi ümmətə çatdırmaqdır. Bu haqda Allah təalə buyurur: "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et." (əl-Maidə: 67).
Hədislərin birində Aişə (Allah razı olsun) deyir: "Kim, "Məhəmməd ona nazil olan şəriətdən hər hansı bir şeyi gizlədib insanlara çatdırmayıb" desə, həqiqətən Allaha qarşı böyük böhtan atmış olar" bu sözlərdən sonra, "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et." (əl-Maidə: 67) ayəsini oxudu. (Buxari və Müslim).
Müslimin rəvayətində deyilir: Əgər Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) təbliğ olunması əmr edilən hansısa hökmü gizlətsəydi bu ayəni gizlədərdi: "(Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (islam dininə yönəltməklə) nemət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) nemət verdiyin şəxsə (Zeyd ibn Harisəyə): "Zövzəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!" - deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir, - deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır...." (əl-Əhzab: 37).
Ikinci: Ümmətin dərk etmədiyi sözün, cümlənin və ya ayənin mənasını açıqlamaq. Bu anlaşılmamazlıq çox vaxt ümumi, qeyri müfəssəl və mütləq məna daşıyan ayələrdə olur. Bu halda sünnədən götürülən dəlillərlə ümumi ayələr xüsusiləşir, qeyri-müfəssəllər açıqlanır və mütləq məna daşıyanlar isə müəyyənləşir. Bütün bunlar Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sözləri, əməlləri və görüb inkar etmədikləri işlərdə sübuta yetir.

Şeyx Məhəmməd Nasirəddin əl-Əlbani
Blogger tarafından desteklenmektedir.