Mənhəcin əsasları

Titulo

19.02.2016

Sünnəyə əsaslanmağın vacibliyi və ona müxalif olmağın haramlığı!

Əziz Qardaşlarım!
Əvvəlki müsəlmanlar yekdilliklə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sünnəsini islam şəriətinin bütün sahələrində Qurandan sonra ikinci və sonuncu elm mənbəyi olaraq tanımış və qəbul etmişlər. Onlar onu etiqadi, qeybi, əməli, siyasi və tərbiyəvi işlərdə örnək tutmuşlar. Rəy, ictihad və ya müqayisə ilə sünnəyə qarşı çıxmağı və ona müxalif olmağı isə haram hesab etmişlər. Imam Şafii ,Allah onu rəhm etsin,"Risalə" kitabının sonunda demişdir: "Hədis olan yerdə müqayisə etmək olmaz". Buna bənzər bir sözü: "Hədis olan yerdə nəzəriyyə batildir", "Quran və sünnə olan yerdə ictihad edilməz" və sairəni indiki alimlər də qeyd edirlər. Bu qaydaların əsası Qurani Kərim və səhih sünnədir.

Qurani Kərim bizə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sünnəsi ilə mühakimə etməyi əmr edir. Bu haqda Quranda ayələr çox olduğundan mən onların bəzilərini sizə xatırladacağam. Həqiqətən xatırlatmaq möminlərə fayda verər!
Allah təalə buyurur: "Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!" (əl-Əhzab: 36).

Allah təalə buyurur: "Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!" (əl-Hucurat: 1).

Allah təalə buyurur: "Söylə: "Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!" (Ali İmran: 32).

Allah təalə buyurur: "(Ya Rəsulum!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər. Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik." (ən-Nisa: 79-80).

Allah təalə buyurur: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır." (ən-Nisa: 59).

Allah təalə buyurur: "Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!" (əl-Ənfal: 46).

Allah təalə buyurur: "Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir)." (əl-Maidə: 92).

Allah təalə buyurur: "Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın! (Peyğəmbəri özünüz bir-birinizi çağırdığınız kimi çağırmayın. Ona "Muhəmməd, nə deyirsən?" yox, "Bəli! Buyur, ey Allahın elçisi, ey Allahın peyğəmbəri!" - deyə cavab verin. Və ya Peyğəmbərin duasını öz duanız kimi hesab etməyin. Onun duası, sizinkilərdən fərqli olaraq, Allah dərgahında mütləq qəbul olunar). Həqiqətən, Allah sizlərdən (xütbə zamanı məsciddən) xəlvət sovuşub aradan çıxanları bilir. Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!" (ən-Nur: 63).

Allah təalə buyurur: "Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!" (əl-Ənfal: 24).

Allah təalə buyurur: "Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)! Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir." (ən-Nisa: 13-14).

Allah təalə buyurur: "(Ya Rəsulum!) Sənə nazil edilənə (Qurana) və səndən əvvəl nazil edilənlərə (Tövrata, İncilə) iman gətirdiklərini iddia edənləri (münafiqləri) görmürsənmi? Onlar Tağutun (Şeytanın) hüzurunda mühakimə olunmaq (Şeytanın məhkəməsinə müraciət etmək) istəyirlər. Halbuki onlara (Şeytana) inanmamaları əmr olunmuşdur. Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər. Onlara: "Allahın nazil etdiyinə (Qurana) və Peyğəmbərə tərəf gəlin!" - deyildiyi zaman, münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən." (ən-Nisa: 60-61).

Allah təalə buyurur: "Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: "Eşitdik və itaət etdik!" - deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır! Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər - məhz belələri uğura çatanlardır (əbədi səadətə - Cənnətə qovuşanlardır)." (ən-Nur: 51-52).

Allah təalə buyurur: "Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin..." (əl-Həşr: 7).

Allah təalə buyurur: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (əl-Əhzab: 21).

Allah təalə buyurur: "Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki, Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır! O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir." (ən-Nəcm: 1-4).

Allah təalə buyurur: "Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!" (ən-Nəhl: 44).
Bu haqda ayələr Qurani Kərimdə çoxdur.

Şeyx Məhəmməd Nasirəddin əl-Əlbani
Blogger tarafından desteklenmektedir.