Mənhəcin əsasları

Titulo

9.02.2016

Surələrin başlıqlarının mənası

Uca Allahın: "Əlif, ləm, mim", "əlif, ləm, ra", "əlif, ləm, mim, sad", "ha, mim", "ayn, sin, qaf", "nun"-a dair buy­ruqlarında adaları çəkilən bu hərflərin hansı mənaları daşımaları barədə təfsirçilər müxtəlif nəzər nöqtələrinə malikdirlər. Kimsə deyib:...

1. Bunlar Uca Allahın biliyini ancaq Özü üçün saxladığı məsələlərdəndir və belə də təfsir etmişdir.

2. Bunlar surələrin adlarıdır deyərək, aşağıdakı hədisi dəlil də gətirmişlər:

Peyğəmbər (sallallahu əleyhi və səlləm) cümə günü sübh (fəcr) namazında "Əlif, ləm, mim" (Səcdə, 1) ilə "İnsanın elə bir dövrü olub keçmişdir ki…" (İnsan, 76/1) surələrini oxuyardı. (Buxari və Muslim)

Mücahid demişdir ki: "Əlif ləm mim", "ha mim", "əlif ləm mim sad" və "sad", Uca Allahın Qurani Kərimi onlarla başladığı bir sıra başlıqlardır (Yəni bunlar Quranın surələrinin adlarıdır).

3. Digər təfsirçilər isə deyirlər ki, bu hərflərin surələrin başlanğıcında verilməsi Quranın icazını*168 bəyan etmək və bir-birlərinə müraciətdə istifadə etdikləri bu muqatta *169 (bir-birin­dən ayrı olan) hərflərdən olmaqla onlara oxşarı­nın yaradılma­sında insanların aciz olduqlarını bildirmək üçündür.
Aralarında Razi və Qurtubi kimi muhəqqiqlərin *170 də olduğu bir qrup bu nəzər nöqtəsini rəvayət etmişlər. Şeyxülislam İbn Teymiyyə də, Hafiz əl-Məzzi də bu görüşü qəbul etmişlər. Zəməxşəri deyir ki, bunların heç də hamısı Quranın başlıqlarında bir yerdə göstərilməmişdir. Dəvət və onun əleyhinə çıxanları tənbeh etmə daha aydın olsun deyə, qissələrin çoxunun təkrar­landığı bir çox yerdə aydın şəkildə dəvətin təkrarlan­dığı kimi, təkrarlanmışdır. Bu başlanğıcların bəziləri "sad", "nun", "qaf" kimi tək bir hərflə, bəziləri "ha, mim" kimi iki hərflə, bəziləri "əlif, ləm, mim" kimi üç hərflə, bəziləri "əlif, ləm, mim, ra" və "əlif, ləm, mim, sad" kimi dörd hərflə, bəziləri "kəf, ha, yə, ayn, sad" və "ha, mim, ayn, sin, qaf" kimi beş hərflə nazil edilmişdir. Ərəblərin üslublarında kəlmələr də bu formadadır: tək, iki, üç, dörd və beş hərflidir. Bundan artıq hərfi olanı yoxdur. (Bax: İbn Kəsir, I, 60)

İbn Kəsir demişdir ki, buna görə o hərflərlə başlayan hər hansı surədə hökmən Quranın qələbəsi, icazı və əzəmətindən bəhs edilir. Tədqiq edildikdə görmək olur ki, bu, iyirmi doqquz surədə var. Bununla əlaqədar Uca Allah:

"Əlif, Ləm, Mim. Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır!" (Bəqərə, 2/1-2);

"Ha, Mim! [Bu Quran] mərhəmətli, rəhmli [olan Allah] tərəfindən nazil edilmişdir" (Fussilət, 41/1-2);

"Əlif, Ləm, Mim, Sad. Bu, qorxutmaq və möminlərə öyüd-nəsmhət vermək üçün sənə nazil edilən Kitabdır. Ondan ötrü ürəyində bir sıxıntı olmasın!" (Əraf, 7/1-2) - deyə buyurur.

4. Bu hərflərin zamanın bilinməsi üçün sübut olduğunu, onlardan müxtəlif hadisələrin, fitnələrin, müharibələ­rin vaxtları­nın müəyyən edilə biləcəyini iddia edənlər isə haqsız olaraq belə xəyallara düşür və onların başa düşə biləcəyinə heç bir aidiyyəti olmayan məsələyə baş qoşmuş olurlar.

5. Şübhəsiz ki, şəni Uca Allah bu ayələri nahaq yerə nazil etməmişdir. Qurani Kərimdə dərk olunmaz və ancaq ibadət edilməli ifadələr olduğunu söyləyən cahillər çox böyük bir xəta edirlər. Çünki bu hərflərin əslində mənaları olması bir həqiqətdir. Əgər bu barədə xətadan hifz edilmiş Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bizə bir səhih rəvayəti gəlib çatarsa, ona uyğun olaraq şərh edərik, yox, belə bir hədis olmazsa, məsələ üzərində dayanar və: "...Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir" (Ali-İmran, 7) -deyərik.

İslam alimləri bu hərflər haqqında müəyyən bir qərar üzərində yekdil rəy verməmişlər. Əksinə, müxtəlif fikirlər söylə­yirlər. Hər hansı bir dəlilə istinad edərək bəzi baxışların da­ha güclü olduğunu müşahidə edən hər kəs həmin nəzər nöqtəsini qəbul etməlidir. Əks təqdirdə, mövzu aydınla­şana qədər fəaliy­yətsiz dayanmaq lazım gələcək. (İbn Kəsir)

6. Ən doğrusu, onların çağırış kimi nəzərdə tutulmasıdır. Sanki məna bu cürdür: Ey doğruçuluq və bəlağət sahibi olan ərəblər! Əlif, Ləm, Mim sizə yad olmayan hərflərdir… Bu nəzər nöqtəsinin düzgünlüyünün dəlili isə Uca Allahın bu hərflərdən sonra əziz Kitabından bəhs etməsidir:

a. "Əlif, Ləm, Mim. Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır!" (Bəqərə, 2/1-2);

b. "Əlif, Ləm, Mim, Sad. Bu, qorxutmaq və möminlərə öyüd-nəsmhət vermək üçün sənə nazil edilən Kitabdır. Ondan ötrü ürəyində bir sıxıntı olmasın!" (Əraf, 7/1-2);

c. "Əlif, Ləm, Ra. Bunlar hikmətlə dolu Kitabın ayələ­ridir!" (Yunus, 10/1);

d. "Əlif, Ləm, Ra! Bu, ayələri hikmət sahibi, agah olan [Allah] tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır…" (Hud, 11/1)


Bu hərfləri necə tələffüz edirik
Surələrin əvvəlində gələn bu hərfləri hər biri ayrı-ayrı olmaqla birini digəri ilə bitişdirmədən tələffüz etməliyik. Çünki Peyğəmbər (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur:

"Hər kim Allahın Kitabından bir hərf oxuyarsa, o hərfin əvəzində ona bir xeyir olar. Xeyir on misillidir. Mən "Əlif, Ləm, Mim" bir hərfdir demirəm. Çünki Əlif bir hərf, Ləm bir hərf və Mim də bir hərfdir" (Tirmizi və başqalarının rəvayət etdiyi səhih bir hədisdir.)

1. əl-Bəqərə surəsinin başlanğıcında: "Əlif, Ləm, Mim"

2. ər-Rəd surəsinin başlanğıcında "Əlif, Ləm, Mim, Ra"

3. əl-Əraf surəsinin başlanğıcında "Əlif, Ləm, Mim, Sad"

4. Yusuf surəsinin başlanğıcında "Əlif, Ləm, Ra"

5. Mömin surəsinin başlanğıcında "Ha, Mim"; Nəml surəsinin başlanğıcında "Ta, Sin"

6. Nun, Qaf və Sad bu adlarla bir yerdə yad edilən surəsinin başlanğıcında

7. Məryəm surəsinin başlanğıcında "Qaf, Hə, Yə, Ayn, Sad"

8. Şura surəsinin başlanğıcında "Ha, Mim, Ayn, Sin, Qaf" deyə təlffüz edilir.

9. Bu hərflərdən bəziləri iki hərəkə (bir əlif) uzadılır. "Ha, ha, yə, ra" kimi.

10. Bəzi hərflər daha çox uzadılır. Nun, Qaf, Sad, Mim, Ayn" kimi.

11. Bu hərflərin necə tələffüz ediləcəyi Quran qarilərin­dən və professor-müəllim heyətindən öyrənilir.



-----------------------------------------------------------------------------

*168 İcaz - aciz qoymaq, çaşdırmaq (lüğəvi məna); möcüzə dərəcəsində doğru söz söyləmək, oxşarını yaratmaqda başqalarını aciz qoymaq; az sözlə çox şey anlatmaq. Qurandakı icaz: Quran ondörd əsrdir ki, bütün həqiqətlərini kainat sərgi­sində nümayiş etdirdikcə hər kəs, hər millət, hər məmləkət onun ləl-cəvahiratından, həqiqətlərindən almış və alır. Ötüb keçən ən amansız müharibələr, planerar fəlakətlər, kataklizmlər, qırğınlar, azğınlıqlar onun misilsiz həqiqətlərinə, gözəl üslublarına xələl gətirə bilməmiş, köhnəltməmiş, həqiqətlər xəzinəsini tükəndirə bilməmiş. Bütün bunlar icazdır. (Bax: Ömer Sevincgül, "Özel lüğat", İstanbul, 2003, ZAFER yayınları, 1-ci nəşr, səh. 249)
*169 Muqatta (muqattaa) - bitişik olmayan, kəsik, ayrı (Bax: Əvvəlki mənbə, səh. 454)
*170 Muhəqqiq - həqiqəti araşdırıb tapan tədqiqatçı İslam alimi. (Bax: Əvvəlki mənbə, səh. 444)
Blogger tarafından desteklenmektedir.