Mənhəcin əsasları

Titulo

9.02.2016

Təkvir surəsinin təfsiri

TƏKVİR surəsi
Məkkə surələrindəndir.

İmam Əhməd deyir: Bizə Əbdürrəzzaq, Abdulla ibn Buheyr əl-Qasdan, o da Əbdürrəhman ibn Yezid əs-Sənanidən nəql edir ki, İbn Ömər Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu eşitmişdir:
"Qiyamət gününü sanki gözləri ilə görmək istəyən "Günəş sarınıb büküləcəyi zaman!", "Göy parçalanacağı zaman!" və "Göy yarılacağı zaman!" surələrini oxusun!" Bu hədisi Tirmizi də Abbas ibn Əbdüləzim əl-Ənbəri vasitəsi ilə Əbdürrəzzaqdan rəvayət etmişdir.


Bismilləhir Rəhmənir Rəhim!
1) Günəş büküləcəyi zaman;
2) Ulduzlar töküldüyü zaman;
3) Dağlar yerindən qopardıldığı zaman;
4) Boğaz dəvələr başlı-başına buraxılacağı zaman;
5) Vəhşi heyvanlar bir yerə toplanacağı zaman;
6) Dənizlər qaynadıldığı zaman;
7) Nəfslər qovuşacağı zaman;
8) Diri-diri basdırılan körpə qızdan soruşulacağı zaman:
9) "Hansı günaha görə öldürüldü?";
10) Səhifələr açılacağı zaman;
11) Göy söküldüyü zaman;
12) Cəhənnəm alovlandırılacağı zaman;
13) Və Cənnət yaxınlaşdırılacağı zaman;
14) Hər kəs nə hazır etdiyini biləcəkdir!

Əli İbn Əbu Talha "Günəş büküləcəyi zaman" - ayəsi haqda İbn Abbasın belə dediyini nəql edir: Yəni qaraldıldığı zaman. Övfinin ondan gətirdiyi nəqlə görə isə bu, "aparıldığı zaman" mənasını daşıyır. Mucahid isə buna "yox olub getdiyi zaman" mənasını vermişdir. Dahhak da bu cür demişdir. Qatədə deyir: Yəni nuru itdiyi zaman. Səid ibn Cubeyr bunun batırıldığı zaman mənasında işləndiyini söyləmişdir. Rabi ibn Xuseymin sözlərinə görə, "fırladılıb atıldığı zaman" mənasında işlənir. Əbu Saleh deyir ki, yəni atıldığı zaman. Həmçinin, ondan gələn başqa rəvayətə görə, söndürüldüyü zaman mənasında işlənir. Zeyd ibn Əsləm isə deyir: Yerə düşdüyü zaman mənasındadır. İbn Cərir deyir ki, bizə görə, bu haqda topladığımız rəylərin ən doğrusu - təkvir sözünün mənası bir şeyi başqa şeyin üstündə cəmləşdirmək, sarımaq, bükməkdir. Məsələn, əmmaməni sarımaq, paltarı bir-birinə bükmək bunun kimidir. Ayədəki təkvir sözünün mənası da günəşin sarınaraq bükülüb atılması deməkdir. Belə edildiyi zaman onun işığı da itər. İbn Əbu Hatim "Günəş büküləcəyi zaman" - ayasi haqda İbn Abbasdan rəvayət qeyd edərək deyir ki, "Allah Qiyamət günü günəşi, ayı və ulduzları dənizdə toplayar, arxasınca da qərb küləyi əsdirər vəona od vurar. Amir əş-Şəbi də belə demişdir. İbn əbu Hatimin Əbu Məryəmdən gətirdiyi rəvayətdə bildirilir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) "Günəş büküləcəyi zaman" ayəsi haqda demişdir: "O, Cəhənnəmdə sarınıb büküləcək".
Əbu Yalənin "Müsnəd"ində Ənəsdən rəvayət etdiyi hədisdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurur: "Günəş və ay Cəhənnəmdə itən iki işıqdır". Bu, zəif hədisdir. Çünki zincirdəki Yezid Riqaşi etibarsız ravidir. Buxari bu hədisi öz "Səhih"ində əlavəsiz qeyd etmişdir. Buxari Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: "Günəş və ay Qiyamət günü büküləcəklər". Buxari hədisi munfərid olaraq rəvayət etmişdir. O, bu ləfzi yaradılışın başlanğıcı fəslində qeyd etmişdir. Ancaq yaxşı olardı ki, onu mövzuda da qeyd edərdi və yaxud da adəti üzrə mövzuya uyğun təkrarlayardı. Əl-Bəzzar bu hədis varədə gözəl şəkildə irad tutaraq Abdulla əd-Dənacdan nəql edir ki, o, Əbu Sələmə ibn Əbdürrəhman ibn Xalid ibn Abdulla əl-Qusarini bu məsciddə - Kufə məscidində gördü. Həsən gəlib onun yanında əyləşdi və danışmağa başladı: Əbu Hureyrədən eşitdim ki, Rəsulullah (Ona Allahın salavatı və salamı olsun!) belə buyurub: "Günəş və ay Qiyamət günü Cəhənnəmdə olan iki işıqdır". Həsən soruşdu: "Onların günahı nədir?" Əbu Hureyrə dedi: "Mən sənə Peyğəmbərdən hədis danışıram, (rəvayətçi deyir ki, məncə belə dedi:) sən də mənə onların günahı nədir?" - deyirsən!" Əl-Bəzzar deyir ki, bu hədis ancaq Əbu Hureyrədən ancaq bu şəkildə rəvayət edilmişdir. Həmçinin, Abdulla əd-Dənac Əbu Sələmədən bu hədisdən başqa heç bir şey rəvayət etməyib.
"Ulduzlar töküldüyü zaman;" Yəni səpələnəcəyi zaman. Çünki Allah təala başqa bir ayədə buyurur ki, "Ulduzlar dağılıb səpələcəyi zaman…" (əl-İnfitar, 2) Ayədə (inkidar) kimi qeyd olunan sözün əsl mənası düşmək, tökülməkdir. Rabi ibn Ənəs Əbul Aliyədən, o da Ubeyy ibn Kəbdən rəvayət edir ki, "Qiyamətdən əvvəl altı əlamət var. İnsanlar bazarlarında olarkən günəşin işığı itər. Onlar elə bu vəziyyətdə olarkən birdən ulduzlar səpələnər. Yenə bu vəziyyətdə olarkən birdən dağlar torpağın üstünə düşər. Yer hərəkətə gələr, sirkələnər və qarmaqarışıq olar. Cinlər insanlara, insanlar da cinlərə qoşularaq qışqır-bağır salarlar. Heyvanlar, quşlar və yırtıcılar hamısı bir-birilərinə qarışarlar. "Vəhşi heyvanlar bir yerə toplanacağı zaman". Yəni bir-birinə qarışdığı vaxt; "Boğaz dəvələr başlı-başına buraxılacağı zaman" Yəni sahibləri onları yiyəsiz buraxdıqları vaxt; "Dənizlər qaynadıldığı zaman" O vaxt cinlər deyərlər ki, biz sizə xeyir gətirmişik. Onlar dənizlərə qaçarlar və dənizlərin alov püskürdüyünü görərlər. Onlar bu vəziyyətdə olarkən birdən yer üzü yerin yeddinci alt qatına, göy üzü isə göyün ən üst yeddinci qatına girər. Yenə onlar bu vəziyyətdə olarkən birdən külək gələr və onları öldürər". Bunu İbn Cərir rəvayət etmişdir. Bu onun rəvayət etdiyi ləfzdir. Həmin rəvayətin bəzi yerlərini İbn Əbu Hatim də qeyd etmişdir. Mucahid, rabi ibn Xuseym, Həsən əl-Basri, Əbu Saleh, Həmmad ibn Əbu Süleyman və Dahhak da "Ulduzlar töküldüyü zaman" - ayəsinin dağılıb səpələcəyi mənasında olduğunu demişlər. Əli ibn Əbu Talha "Ulduzlar töküldüyü zaman" - ayəsi haqda İbn Abbasdan rəvayət edir ki, yəni "dəyişdiyi zaman". Yezid ibn Əbu Məryəm "Ulduzlar töküldüyü zaman" - ayəsi haqda Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu rəvayət etmişdir: "Cəhənnəmə töküləcək. Allahdan başqa ibadət edilən hər şey Cəhənnəmdə olacaqdır. Ancaq İsa və anası haqda olanlar istisnadır. Onlar özlərinə ibadət edilməyə razı olsaydılar, onlar da Cəhənnəmə girərdilər". Bunu İbn Əbu Hatim əvvəlki isnadla rəvayət etmişdir.
Allah təala buyurur: "Dağlar yerindən qopardıldığı zaman". Yəni yerindən çıxıb qopacaq və yer dümdüz bir əraziyə çevriləcək. "Boğaz dəvələr başlı-başına buraxılacağı zaman" İkirimə və Mucahid deyirlər ki, bunlar dəvələrdir. Mucahid deyir ki, onlar tərk ediləcəklər. Ubeyy ibn Kəb və Dahhak deyirlər ki, sahibləri onları başlı-başına buraxacaqlar. Rabi ibn Xuseymin sözlərinə görə, südləri kəsildiyi üçün sahibləri onlardan əl çəkəcəklər. Dahhak deyir ki, onlar çobansız buraxılacaqlar. Bütün bunların hamısı yaxın mənalı fikirlərdir. Əsas bu sözün (عِشَارُ - işər) dəvə mənasını daşımasıdır. Bu dəvələr boğazlığın onuncu ayına çatmış dəvələrdir. Sözün təki (عُشَراء - uşəra)-dır. Dəvə doğana qədər bu cür adlanar. İnsanlar belə dəvələrə diqqət göstərmək və sonra da ondan məhsulundan istifadə etmək üçün olduqca çox çalışırlar. Ancaq başlarına gələcək hadisəyə görə ən çox sevdikləri məşğuliyyətdən əl çəkəcəklər, maraqlanmayacaqlar. Çünki qarşılaşdıqları Qiyamət və orada gördükləri son dərəcə vahiməli, dəhşətli və tükürpədicidir. Qiyamətdən əvvəl gələn əlamətlər də bunun kimidir. Bəziləri deyirlər ki, Əksinə bu hal Qiyamət günü baş verəcək. Dəvələrin yiyələri Qiyamətin qopduğunu görəcək, amma dəvələrinə əlləri çatmayacaq. Həmçinin, bəziləri deyirlər ki, (عِشَارُ - işər) - kəlməsinin dəvələr yox, buludlar mənasında olduğunu söyləmişlər. Deyilənə görə, dünya darmadağın olduğuna görə, onun göylə yer arasında üzməsi mümkünsüzləşər. Bəziləri də bu kəlmənin məhsul verməyən quraqlıq ərazi mənasını daşıdığını söyləmişlər. Bu sözün "əhalisi köçürüldüyü üçün xaraba qalmış yurd" kimi məna daşıdığını demişlər. Bütün bu rəyləri Əbu Abdulla əl-Qurtubi "ət-Təzkirə" adlı kitabında qeyd etmiş, özü isə həmin sözün "dəvə" mənasını daşıdığı qənaətində olduğunu bildirmişdir. O bu fikri bir çoxlarının da qəbul etdiyi üstün rəy olduğunu qeyd etmişdir. Sələf və məzhəb alimləri də yalnız bu rəyi dəstəkləmişlər.
Daha sonra Allah təala buyurur ki, "Vəhşi heyvanlar həşr olunacağı zaman" Yəni onlar toplanacaq, cəm ediləcəklər. Necə ki, Allah təala başqa bir ayədə buyurur: "Yerdə gəzən elə bir heyvan, qanadları ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna cəm ediləcəkdir". (əl-Ənam, 38) İbn Abbas demişdir: "Hər şey, hətta milçəklər belə, cəm ediləcəklər". İbn Əbu Hatim rəvayət etmişdir. Rabi ibn Xuseym, Suddi və başqaları da bu cür söyləmişlər. Həmçinin, Qatədə bu ayənin təfsirində deyir ki, bu yaradılmışlar öldürüləcəklər və Allah onlar haqda dilədiyi şəkildə hökm çıxaracaqdır". İkrimənin sözlərinə görə, həşr olunmaq dedikdə ölüm nəzərdə tutulur. İbn Cərir "Vəhşi heyvanlar həşr olunacağı zaman" - ayəsi haqda İbn Abbasın belə dediyini rəvayət edir: "Heyvanların həşr olunması onların ölümü deməkdir. Cin və insanlardan başqa qalan hər şeyin həşr olunması onların ölümüdür. Cinlər v insanlar isə Qiyamət günü Allahın hüzurunda dayanacaqlar". Əbu Kureyb, Əbu Yaləddən "Vəhşi heyvanlar həşr olunacağı zaman" - ayəsi haqda Rabi ibn Xuseymin belə dediyini rəvayət etmişdir: "Yəni onlara Allahın əmri yetişəcəkdir". Süfyan İbn Abbasın belə dediyini nəql etmişdir. Onların həşr olunması ölümləridir. Ubeyy ibn Kəbin "Vəhşi heyvanlar həşr olunacağı zaman" - ayəsi haqda belə dediyini qeyd etmişdik: "Yəni onlar bir-birinə qarışacaqlar". İbn Cərir deyir ki, ən tutarlı rəy "cəm olunub toplanacaqlar" deyənlərin rəyidir. Allah təala buyurur ki, "Quşları da toplu olaraq…" (Sad, 19) (Ayədə toplu mənasını verən və kökü "həşr" sözündən olan "mahşur" kimi qeyd olunmuşdur.)
"Dənizlər olovlandırılacağı zaman" İbn Cərir Səid ibn Museyyibdən rəvayət edir ki, Əli (Allah ondan razı olsun!) yahudi bir kişidən soruşdu: "Cəhənnəm hardadır?" Kişi cavab verdi: "Dənizdə". Əli (Allah ondan rzı olsun!) dedi: "Onun ancaq doğru danışdığını görürəm. Dənizlər qaynadılacaqdır. Allah təala buyurur ki, "Dənizlər olovlandırılacağı zaman" İbn Abbas və başqaları deyir ki, Allah təala dənizlərin üzərindən Dəbur küləyini əsdirirərək onlara od vurur və onları alovlanan atəşə çevirir. "And olsun alovlanan dənizə!" (Tur, 6) - ayəsini qedy edərkən buna bir daha toxunulub. İbn Əbu Hatim Muaviyə ibn Səidin beləd ediyini rəvayət etmişdir: "Bu, Bərəkə - yəni Rum (indiki Aralıq dənizi) dənizidir. Yerin ortasında yerləşər. Bütün çaylar ora tökülər, böyük dəniz ona qoşular. Alt təbəqəsi mis yataqları ilə zəngindir. Qiyamət günü isə alovlanacaqdır". Bu qərib bir rəvayətdir. Əbu Davudun "Sünən" əsərində qeyd olunur ki, "Həc, ümrə və ya döyüş üçün gedəndən başqaları dənizə (gəmiyə) minməsin! Çünki dənizin altı oddur, odun altı isə dənizdir…" Bu mövzu barədə Fatir surəsində söhbət açılıb. Mucahid və Həsən ibn Muslim deyirlər ki, "ayəda od vurulmaq mənasında qeyd olunur". Həsən bunun qurudulmaq mənasınında işlənriyini söyləmişdir. Dahhak və Qatədə deyirlər ki, "suyu qurtarıb, bir damla belə qalmayağaı zaman" mənasını daşıyır. Əlavə olaraq Dahhak qaynadılma mənasını da söyləmişdir. Suddinin sözlərinə görə, açılıb səpələcək. Rabi ibn Xuseym isə deyir ki, yəni aşıb-daşacaqdır.
"Nəfslər qovuşacağı zaman" Yəni hər bir şəkil öz bənzərinə qovuşacaq. Necə ki, Allah təala buyurur ki, "Yığın bir yerə zülm edənləri, onların həmtaylarını!" (Əs-Saffat, 22) İbn Əbu Hatimin Neman ibn Bəşirdən rəvayət etdiyinə görə, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) "Nəfslər qovuşacağı zaman" - ayəsini xatırlatmış və buyurmuşdur: "Qovuşanlar bənzərlərdir. Hər kəs etdiyi əməli edən camaatla birgə olar". Ona görə də izzət və cəlal sahibi Allah buyurur ki, "Siz üç zümrəyə ayrılacaqsınız: Sağ tərəf sahibləri. Kimdir o sağ tərəf sahibləri? Sol tərəf sahibləri. Kimdir o sol tərəf sahibləri? Və öndə olanlar. Onlar öndədirlər!" (əl-Vaqiə, 7-10) Onlar bənzərlərdir. İbn Əbu Hatim Başqa yolla Neman ibn Bəşirdən rəvayət edir ki, Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun!) insanlara xütbə verirdi. Xütbədə "Nəfslər qovuşacağı zaman" - ayəsini oxudu və dedi: "Onların qovuşması hər kəsin öz sinfinə uyğun yerdə toplanmasıdır". Başqa bir rəvayətdə isə bildirilir ki, qovuşanlar eyni əməli edən iki insandır ki, eyni əməlləri onları ya Cənnətə, ya da Cəhənnəmə aparar. Nemanın qeyd etdiyi digər bir rəvayətdə deyilir ki, Ömər ibn əl-Xəttabdan "Nəfslər qovuşacağı zaman" - ayəsi haqda soruşulduqda, o belə cavab verdi: "Əməlisaleh insan əməlisaleh insanla, günahkar da günahkarla Cəhənnəmdə birləşdirilərlər. Nəfslərin qovuşması da budur". Neman ibn Bəşirdən nəql olunan başqa bir rəvayətdə isə deyilir ki, Ömər ibn əl-Xəttab xalqa belə söyləmişdi: "Siz "Nəfslər qovuşacağı zaman" - ayəsi haqda nə fikirdəsiniz?" Heç kəs bir söz demədi. Ömər "Ancaq mən belə bilirəm ki, o, özünə bənzəyən Cənnət əhli ilə qovuşan və özünə oxşayan Cəhənnəm əhli ilə qovuşan kəsdir" - dedi və arxasınca da bu ayəni oxudu: "Yığın bir yerə zülm edənləri, onların həmtaylarını!" (Əs-Saffat, 22) Övfi Allah təalanın "Nəfslər qovuşacağı zaman" - ayəsi haqda İbn Abbasın belə dediyini rəvayət etmişdir: "Bu, insanların üç zümrə olduğu zamandır". İbn Əbu Nəcih "Nəfslər qovuşacağı zaman" - ayəsi haqda Mucahidin belə dediyini nəql etmişdir: "Həmtay olan insanlar bir yerə toplaşacaqlar". Rabi ibn Xuseym, Qatədə və Həsən də bu görüşdədilər. İbn Cərir bunu ən üstün görüş hesab etmişdir. Doğru olan da budur.
"Nəfslər qovuşacağı zaman" - ayəsi haqda İbn Əbu Hatim Səid ibn Cubeyrdən nəql edərək bildirir ki, İbn Abbas belə demişdir: "İki vahiməli səs arasında Ərşin dibindəki sudan bir vadi axar. Bu iki səsin arasındakı müddət qırx ildir. Beləcə, bütün çürüyənlər, istər insan olsun, istər quş və yaxud da heyvan, torpaqdan bitər. Əvvəllər onları tanıyan kəs yanlarından keçərsə, onları yer üzündə bitmiş formada tanıyar. Sonra ruhlar göndərilər və bədənlər qovuşar. Allah təalanın "Nəfslər qovuşacağı zaman" ¬- ayəsinin mənası da budur". Həmçinin, Əbul Aliyə, İkrimə, Səid ibn Cubeyr, Şəbi və Həsən əl-Basri "Nəfslər qovuşacağı zaman" - ayəsi haqda demişlər ki, "bədənlər qovuşacaq". Bəziləri isə deyir ki, möminlər hurilərlə, kafirlər isə şeytanlarla qovuşacaqlar. Bunu Qurtubu "ət-Təzkirə" adlı əsərində qeyd etmişdir.
"Diri-diri basdırılan körpə qızdan soruşulacağı zaman: "Hansı günaha görə öldürüldü?" Bu, əksər alimlərin qiraətidir. Cahiliyyə dövrünün insnalarında qız uşaqlarına qarşı ikrah hissi olduğuna görə, onları diri-diri torpağa basdırırdılar. Qiyamət günü diri-diri basdırılan qız uşaqlarından nə üçün öldürüldüyü soruşulacaqdır. Bu, onların qatillərinin hədələnməsi deməkdir. Məzlumdan sorğu-sual aparıldığı zaman, görən zalımın halı necə olacaqdır?! Əli ibn Əbu Talha "Diri-diri basdırılan körpə qızdan soruşulacağı zaman" - ayəsi haqda İbn Abbasın belə dediyini nəql edir: "Onlar soruşacaqlar". Əbu Duha deyir ki, onların soruşması öz qanlarını tələb etmələri deməkdir. Suddi və Qatədənin də bu cür dedikləri nəql olunur.
Diri-diri basdırılan körpə qız haqqında Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun!) hədislər varid olmuşdur. İmam Əhməd Ukkəşənin bacısı Cuzəmə bint Vahbdan belə dediyini rəvayət edir: Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) camaatın arasında idi. Mən də orada idim. Bu vaxt Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdu: "Əmizdirmə ərəfəsi qadınla əlaqədə olmağı qadağan etmək istədim. Bizanslılara və farslara baxdım ki, onlar həmin ərəfədə qadınları ilə əlaqədə olur, ancaq bu uşaqlara zərər vermirdi". Daha sonra Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun!) azl (spermanı qadının ciniyyət orqanının çölünə boşaltmaq) haqda soruşulduqda, o, belə cavab verdi: "Bu, görünməyəcək şəkildə diri-diri basdırmaqdır. Və diri-diri basdırılandan soruşulan budur". Bunu Muslim Əbu Əbdürrəhman əl-Muqridən rəvayət etmişdir. Abdulla ibn Yezid Səid ibn Əbu Eyyubdan nəql etmişdir. Həmçinin, bunu İbn Macə Əbu Bəkr ibn Əbu Şeybə vasitəsilə Yəhya ibn Eyyubdan rəvayət etmişdir. Həmin hədisi Muslim də rəvayət etmişdir. Habelə bunu Əbu Davud, Tirmizi və Nəsai Malik ibn Ənəsin hədisindən nəql etmiş və Əbul Əsvada isnad etmişlər.
Əhməd ibn Hənbəl deyir: Bizə İbn Əbu Ədiyy Sələmə ibn Yəzid əl-Cəfidən nəql edərək söyləyir ki, mən və qardaşım rəsulullahın (Ona Allahın salavatı və salamı olsun!) yanına çatıb dedik: "Ey Allahın elçisi, anamız Məleykə qohumluq əlaqələrinə fikir verər, qonağa xoş davranar və bu kimi işlər görərdi. Ancaq Cahiliyyə dövründə vəfat etdi. Bunlar ona bir fayda verəcəkmi?" Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Xeyr!" Soruşduq: "O, cahiliyyə dövründə bir bacımızı diri-diri torpağa basdırmışdı. Bəs bu ona bir şey edərmi?" Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Torpağa basdıran da, basdırılan da oddadır. Ancaq torpağa basdıran İslamı qəbul edərsə və Allah onun günahını bağışlayarsa, o zaman həmin şəxs istisnadır". Nəsai bunu Davud ibn əbu Hindin hədisinə istinadən rəvayət etmişdir. İbn Əbu Hatim deyir: "Bizə Əhməd ibn Sinan əl-Vasiti Abdulla ibn Məsuddan rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: "Diri-diri torpağa basdıran və diri-diri torpağa basdırılan Cəhənnəmdədir". Həmçinin, Əhməd Həsna bint Muaviyə əs-Sureymiyyədən, o isə əmisindən onun belə dediyini nəql etmişdir: Dedim: "Ey Allahın elçisi, Cənnətdə kimlər var?" Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Peyğəmbər cənnətdədir! Şəhid cənnətdədir! Anadan olan cənnətdədir! Diri-diri basdırılan qız cənnətdədir". İbn Əbu Hatim deyir ki, atam Muslim İbn İbrahimdən Qurranın belə dediyini nəql edir: "Həsənin belə söylədiyini eşitmişəm: "Soruşdular ki, ey Allahın elçisi, Cənnətdə kimlər var?" Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Diri-diri torpağa basdırılan qız uşağı cənnətdədir". Bu, Həsənin ürsəl hədislərindən biridir. Bundan əvvəlkilər də eyni cürdür. İbn Əbu Hatim deyir: "Əbu Abdulla əz-Zəhrani İkrimədən nəql edərək bildirir ki, İbn Abbas demişdir: "Müşriklərin uşaqları Cənnətdədirlər. Kim onların odda olduğunu iddia edərsə, yalan danışar. Çünki Allah təala buyurmuşdur: "Diri-diri basdırılan körpə qızdan soruşulacağı zaman: "Hansı günaha görə öldürüldü?" İbn Abbas deyir ki, "onlar torpağa dəfn edilənlərdir". Əbdürrəzzaq Neman ibn Bəşirdən nəql edir ki, Ömər ibn Xəttab Allah təalanın "Diri-diri basdırılan körpə qızdan soruşulacağı zaman: "Hansı günaha görə öldürüldü?" - ayəsini xatırlyaraq demişdir: "Qeys ibn Asim Rəsulullahın (Ona Allahın salavatı və salamı olsun!) yanına gəlib soruşdu: "Ey Allahın elçisi, mən cahiliyyə dövründə qızlarımı diri-diri torpağa basdırdım". Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Onların hər birinin müqabilində bir qul azad elə!" Qeys dedi: "Ey Allahın elçisi, mənim dəvələrim var". Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Onların hər birinin müqabilində bir dəvə kəs!" Əbu Bəkr əl-Bəzzar deyir ki, burada Əbdürrəzzaqın sözünə qarşı ixtilaf var. Çünki o bu hədisi təkcə Hüseyn ibn Mehdidən nəql etmişdir. Hədisi İbn Əbu Hatim də rəvayət edərək deyir ki, Əbu Abdulla əz-Zəhrani mənə yazılı şəkildə nəql etdi ki, ona Əbdürrəzzaq danışmışdır. Sonra yuxarıdakına oxşar bir isnad nəql edib bildirir ki, həmin adam dedi: "Mən cahiliyyə dövründə səkkiz qızımı diri-diri torpağa basdırdım". Sonda isə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) ona buyurdu ki, "İstəsən, onların hər birinin müqabilində bir dəvə hədiyyə et!" Daha sonra İbn Əbu Hatim deyir ki, Abdulla ibn Rica Xalifə ibn Huseynin belə dediyini rəvayət edir: "Qeys ibn Asim Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) yanına gəldi və dedi: "Ey Allahın elçisi, mən cahiliyyə dövründə on iki, on üç qız uşağımı diri-diri torpağa basdırdım". Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Onların sayı qədər adam azad elə!" O da qızlarının sayı qədər adam azad etdi. Gələn il isə yüz baş dəvə gətirib dedi: "Ey Allahın elçisi, bu, qövmümün sədəqəsidir. Müsəlmanlara qarşı etdiklərimin müqabilində verirəm".
"Səhifələr açılacağı zaman" Dahhak deyir ki, "hər kəsin səhifəsi sağından və ya solundan ona veriləcək". Qatədə demişdir: "Ey Adəm övladı! Budur sənin səhifən! Ona hər şey yazılar, sonra qatlanar və Qiyamət günü qarşında açılar. Elə isə insan səhifəsinə nələrin yazıldığına baxsın!"
"Göy söküləcəyi zaman" Mucahid deyir ki, "yəni sıxıldığı zaman". Suddi isə bu sözün açılmaq mənasına gəldiyini söyləmişdir. Dahhak ayə haqda bu mənanı vermişdir: "Yəni, Yerindən qopardılıb məhv ediləcək". Sonrakı ayədə uca Allahn buyurur: "Cəhənnəm alovlandırılacağı zaman". Suddi "qızdırılacaq"; Qatədə isə "yandırılacaq" kimi sözlərlə ayəyə məna vermişlər. Həmçinin, Qatədə belə söyləmişdir ki, Cəhənnəmi Allahın qəzəbi və Adəm övladının günahları alovlandıracaq. Daha sonra Allah təala buyurur: "Və Cənnət yaxınlaşdırılacağı zaman". Dahhak, Əbu Malik, Qatədə və Rabi ibn Xuseym ayə haqda demişlər: "Yəni Cənnət öz sakinlərinə yaxınlaşdırılacaq". "Hər bir nəfs nə hazır etdiyini biləcəkdir". Sadalanan hadisələr baş verdikdən sonra hər bir kəs özü üçün nə hazırladığını biləcəkdir. Necə ki, Allah təala buyurur: "O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır". (Ali İmran, 30) Digər bir ayədə Allah təala buyurur ki, "O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir!" (əl-Qiyamə, 13) İbn Əbu Hatim Zeyd ibn Əsləmdən rəvayət edir ki, onun atası demişdir: "Günəş büküləcəyi zaman" nazil olduqda, Ömər belə dedi: "Hər bir nəfs nə hazır etdiyini biləcəkdir". Bax mən bundan danışıram".


15) And içirəm yanıb-sönənlərə (ərəbcəsi "Xunnəs");
16) Axaraq yuvalarına gedənlərə (ərəbcəsi "Kunnəs");
17) Qaralmaqda olan gecəyə;
18) Və sökülməkdə olan dan yerinə!
19) Həqiqətən, bu, şərəfli bir elçinin (gətirdiyi) kəlamıdır.
20) Çox qüvvətli, ərşin Sahibinin yanında çox hörmətlidir.
21) Son dərəcə itaət edilən, mötəbərdir.
22) Sizin dostunuz divanə deyildir!
23) Onu açıq üfüqdə görmüşdür.
24) O, qeybə görə günahkar (ərəbcəsi "Danin") deyildir.
25) Bu, qovulmuş Şeytanın sözü deyildir.
26) Bəs onda hara gedirsiniz?
27) Bu, aləmlər üçün ancaq bir xatırlatmadır.
28) Sizdən doğru-düz olmaq istəyənlərə!
29) Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz!

Muslim öz "Səhih"ində, Nəsai isə bu ayənin təfsirində Musar ibn Kidam vasitəsilə Amr ibn Hureysin belə dediyini nəql edir: "Sübh namazını Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) arxasında qıldım. Onun "And içirəm yanıb-sönənlərə; Axaraq yuvalarına gedənlərə; Qaralmaqda olan gecəyə; Və sökülməkdə olan dan yerinə!" ayələrini oxuduğunu eşitdim. Nəsai eyni hədisi Bindar vasitəsilə də Amr ibn Hureysdən rəvayət etmişdir. İbn Əbu Hatim və İbn Cərir Sövri vasitəsilə Əlidən rəvayət edirlər ki, "And içirəm yanıb-sönənlərə; Axaraq yuvalarına gedənlərə!" Bunlar ulduzlardır, gündüzlər gizlənər, gecələr çıxarlar". İbn Cərir deyir: Bizə İbn Musənnə Xalid ibn Ararədən nəql etdi ki, "And içirəm yanıb-sönənlərə; Axaraq yuvalarına gedənlərə!" ayəsi haqda soruşulduqda Əlinin belə dediyini eşitdim: "Bunlar göndüzlər sönüb, gecələr görsənən ulduzlardır". Əbu Kureyb Xaliddən rəvayət edir ki, Əli demişdir: "Bunlar ulduzlardır". Bu isnadın Xalid ibn Ararəyə nəql edilməsi səhihdir. O, Kufədən Səhm nəslindəndir. Əbu Hatim ər-Razi Əlidən gələn bu rəvayətin Simak və Qasim ibn ibn Ovf əş-Şeybani tərəfindən nəql edildiyini söyləmiş və rəvayət ətrafında cərh və tədildən söhbət açmamışdır. Ən doğrusunu Allah bilir. Yunis Haris vasitəsilə Əlidən nəql edir ki, bunlar ulduzlardır. Bunu İbn Əbu Hatim rəvayət etmişdir. İbn Abbas, Mucahid, Həsən, Qatədə, Suddi və digərlərindən də bunların ulduzlar olduğu rəvayət edilmişdir.
İbn Cərir deyir ki, bizə Məhəmməd ibn Bəşşar Bəkr ibn Abdulladan Allah təalanın "And içirəm yanıb-sönənlərə; Axaraq yuvalarına gedənlərə!" ayəsi haqda rəvayət edir ki, "bunlar doğuşu qarşılamaq üçün axan ulduzlardır. Bəzi alimlər "Axaraq yuvalarına gedənlər" haqda demişlər: "Belə söylənilir ki, ulduzlar çıxdığı zaman "Xunnəs", sonra öz ətrafında üzərək itdiyi ana qədər "Kunnəs" adlanar. Necə ki, ceyran öz yuvasına (ərəbcəsi "Kinas") sığınıb gözdən itdiyi zaman ərəblər bunu "Kunnas" sözü ilə ifadə edərlər. Əmaş İbrahimdən nəql edir ki, Abdulla "And içirəm yanıb-sönənlərə!" haqda demişdir: "Bunlar çöl inəkləridir". Sövri də Əbu İshaq vasitəsilə Əbu Meysərdən rəvayət edir ki, Abdulla "And içirəm yanıb-sönənlərə; Axaraq yuvalarına gedənlərə!" ayəsi haqda soruşdu: "Ey Amr bunlar nələrdir?" Mən də dedim: "İnəklərdir". O isə dedi: "Mən də belə hesab edirəm". Yunis də Əbu Ishaqdan, o isə atasından bu cür rəvayət etmişdir. Əbu davud ət-Təyalisi Amr vasitəsilə İbn Abbasdan nəql edir ki, "Axaraq yuvalarına gedənlər" kölgəliyə çəkilən inəklərdir. Səid ibn Cubeyr də bu qənaətdədir. Övfi İbn Abbasın belə dediyini rəvayət edir: "Bu, ceyran balasıdır". Səid, Mucahid və Dahhakın da velə dedikləri rəvayət edilir. Əbu Şasə Cabir ibn Zeyd deyir ki, "bunlar ceyran və inəklərdir".
İbn Cərir deyir: "Bizə Yaqub İbrahim və Mucahiddən belə nəql etdi ki, onlar "And içirəm yanıb-sönənlərə; Axaraq yuvalarına gedənlərə!" ayələri xatırladılar və İbrahim Mucahidə dedi: "Bu barədə nə eşitdiyini söylə!" Mucahi dedi ki, "biz bu haqda bir şey eşitmişdik. Insanlar isə onların ulduzlar olduğunu söyləyirdilər". İbrahim dedi: "Sən eşitdiyini söylə!" Mucahid dedi: "Biz onun öz yuvasına sığınaraq gözdən itən çöl inəyi olduğunu eşitmişik". İbrahim dedi: "Onda onlar Əliyə yalan isnad edirlər. Belə ki, Əlidən onun altı üstə, üstü də alta bağladığına dair rəvayət nəql edilmişdir. İbn Cərir Allah təalanın "Yanıb-sönənlərə; Axaraq yuvalarına gedənlərə!" ayəsi ilə ulduzların, ceyranların, yoxsa çöl inəklərinin nəzərdə tutulduğuna dair bir görüş verəməkdən imtina etmişdir. Sadəcə hamısının nəzərdə tutulmasının mümkün olduğunu söyləmişdir.
"Qaralmaqda olan gecəyə!" Burada iki fikir səslənmişdir: Birincisi gecənin öz qaranlığı ilə düşməsi mənasını daşımışdır. Mucahid deyir ki, yəni "qaraldığı zaman", Səid ibn Cubeyr isə qaranlığın başladığı zaman" mənasını vermişdir. Həsən əl-Basri isə demişdir: "Yəni insanları bürüdüyü zaman". Atiyyə əl-Övfi də bu cür söyləmişdir. Əli bin əbu Talha və Övfi "Qaralmaqda olan gecəyə!" ayəsi haqda İbn Abbasın belə dediyini rəvayət etmişlər: "Yəni keçdiyi zaman". Mucahid, Qatədə və Dahhak da bu cür demişlər. Zeyd ibn Əsləm və oğlu Əbdürrəhman "Qaralmaqda olan gecəyə!" ayəsi haqda demişlər: "Yəni gecə keçib bitdiyi zaman".
Əbu davud ət-Təyalisi deyir: "Şöbə Əbul Bəxtəridən belə nəql edir ki, Əbdürrəhman əs-Süləminin belə dediyini eşidib: "Sübh namazı ərəfəsi Əli (Allah ondan razı olsun!) yanımıza gəlib: "Vitrhaqqında soruşanlar hardadır?" - dedi və "Qaralmaqda olan gecəyə və sökülməkdə olan dan yerinə!" ayələrini oxuyub dedi: "Gecə qurtardığı vaxt vitr gözəldir". İbn Cərir Allah təalanın "Qaralmaqda olan gecəyə!" ayəsindəki mənanın "Gecənin keçib getməsi" olduğunu daha tutarlı hesab etmişdir. Ayənin arxasınca Allah təala buyurur: "Sökülməkdə olan dan yerinə!" Yəni işıqlaşmaqda səhərə! Bir şairin sözlərini sitat gətirək:
"…Gecəsinin qaranlığından uzaqlaşıb ağaran dan yerinə kimi…"
Zənnimcə, "Qaralmaqda olan gecəyə!" ayəsində məqsəd gecə düşdüyü vaxtdır. Gecənin keçib qurtardığı zaman mənası da doğrudur. Lakin burada "gecənin düşdüyü vaxt" mənası daha münasibdir. Sanki, Allah təala düşən gecəyə və işıqlaşan sübhə and içir. Başqa nir ayədə Allah təala buyurur ki, "And olsun bürüməkdə olan gecəyə; And olsun işıqlanmaqda olan gündüzə!" (əl-Leyl, 1-2) Həmçinin, "And olsun səhərə; And olsun sakitləşməkdə olan gecəyə!" (əd-Duha, 1-2) Digər bir ayədə isə uca Allah buyurur: "səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı (vaxt üçün) bir ölçü vasitəsi edən də Odur. (əl-Ənam, 96) Buna oxşar bir çox ayələr mövcuddur. Üsul alimlərindən çoxlarının sözlərinə görə, "Qaralmaqda olan gecəyə!" ayəsindəki söz (ərəbcəsi عسعس - asasə) eyni zamanda həm gecənin gəldiyinə, həm də başa çatmasına birgə dəlalət edir. Buna əsasən də hər iki mənanın nəzərdə tutulması doğrudur. Ən doğrusunu Allah bilir. İbn Cərir deyir ki, "Ərəb dilini yaxşı bilən ustadların bəziləri "asasə" sözünün "başlanğıcdan yaxınlaşıb qarardan" mənasını ifadə etdiyi söyləmişlər. Hətta buna aid Fərranın bir beyti sitat gətilir.
Daha sonra Allah təala buyurur: "Sökülməkdə olan dan yerinə!" Dahhak deyir ki, yəni "açılan səhərə!" Qatədə isə demişdir: "Yəni işıqlanıb gələn sübhə!" Səid ibn Cubeyr buna "başlayan səhərə!" mənasını vermişdir. Bu, Əlidən (Allah ondna razı olsun!) rəvayət olunmuşdur. İbn Cərir deyir ki, gələrək ətrafı işıqlandıran səhərə and içilir.
"Həqiqətən, bu, şərəfli bir elçinin (gətirdiyi) kəlamıdır". Yəni bu Quran möhtərəm və bir elçinin - görünüşü gözəl dəyərli bir mələyin çatdırdığı əmanətdir. Bu mələk Cəbrayıl əleyhissəlamdır. Bunu İbn Abbas, Şabi, Meymun ibn Mehran, Həsən, Qatədə, Rabi ibn Ənəs, Dahhak və başqaları söyləmişlər.
"Çox qüvvətlidir". Digər ayədə Allah təala buyurur ki, "Onu çox qüvvətli olan öyrətdi". (ən-Nəcm, 5) Yəni görünüşü, tutuşu və hərəkəti şiddətlidir. "Ərşin Sahibinin yanında çox hörmətlidir". Onun izzət və cəlal sahibi olan Allahın dərgahında yüksək dərəcəsi, böyük hörməti və dəyəri var. Əbu Saleh Allah təalanın "Ərşin Sahibinin yanında çox hörmətlidir" ayəsi haqda demişdir: "Cəbrayıl iznsiz olaraq nurdan ibarət yetmiş hicaba daxil olar".
"Son dərəcə itaət ediləndir". Onun üstün yeri var, yüksək məqamlarda onun sözü eşidilir. Qatədə "Son dərəcə itaət ediləndir" ayəsi haqda demişdir: "Göylərdə sözü eşidilir". Yəni adi mələk deyil, sayılan və üstün mələklərdəndir. Xüsusi olaraq bu böyük risaləti çatdırmaq üçün vəzifələnib. "Mötəbərdir". Bu, Cəbrayıl əleyhissəlamın əmanətə sadiq olması vəsfidir. İzzət və cəlal sahibi olan Allah Öz qulu və elçisi olan Məhəmmədə (Ona Allahın salavatı və salamı olsun!) Cəbrayıl əleyhissəlamı tərifləyir, onu təmiz adlandırır. Necə ki, ayənin arxasınca elçisi Məhəmmədi (Ona Allahın salavatı və salamı olsun!) insanların gözündə doğru-dürüst adlandırır: "Sizin dostunuz divanə deyildir!" Şəbi, Meymun ibn Mehran, Əbu Saleh və digər adları çəkilənlər "Sizin dostunuz divanə deyildir!" ayəsində Məhəmməd peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) nəzərdə tutulduğunu söyləmişlər. Sonra Allah təala buyurur: "Onu açıq üfüqdə görmüşdür". Yəni Məhəmməd peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) ona Allahın risalətini gətirən Cəbrayıl əleyhissəlamı Allahın onu yaratdığı həqiqi şəkildə görmüşdür. Onu altı yüz qanadlı "açıq üfüqdə" görmüşdür. Bu, Bəthada olan görmədir və bu haqda Nəcm surəsində xatırlanmaqdadır. Allah təala buyurur: "Onu çox qüvvətli olan öyrətdi. O qüvvət sahibi göründü. O (Cəbrail) ən uca üfüqdə idi. Sonra yaxınlaşdı və aşağı endi. (Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu. Sonra bəndəsinə (Mühəmmədə) vəhy buyurduğunu vəhy etdi". (ən-Nəcm, 5-10) Bu ayələrin təfsiri və təsdiqi sözügedən surənin təfsirində qeyd olunmuşdur. Bu ona dəlalət edir ki, bununla Cəbrayıl əleyhissəlam nəzərdə tutulur. Görünür, - ən doğrusunu Allah bilir - bu surə İsra gecəsindən əvvəl nazil olmuşdur. Çünki orada ilk görüş olan bu görüşdən başqası xatırlanmır. İkincisi isə Allah təalanın aşağıdakı ayələrində qeyd olunur: "And olsun ki, başqa bir dəfə də görmüşdü; Sidrətül-müntəhanın yanında. Məva cənnəti onun yanındadır. O zaman Sidrəni nələr bürümüşdü, nələr!" (ən-Nəcm, 13-16) Bu, ən-Nəcm surəsində nazil olan ayələrdir. Hansı ki, əl-İsra surəsindən sonra nazil olmuşdur.
"O, qeybə görə günahkar (ərəbcəsi "Danin") deyildir". Yəni Məhəmməd peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) Allahın ona nazil etdiyinə görə "Zanin" - yəni günahkar deyil, ittiham olunmaz. Bu sözü "Danin" kimi - yəni paxıl, xəsis mənasında oxuyanlar da var. Yəni o (Ona Allahın salavatı və salamı olsun!) hər kəsə bacardığı qədər təbliğ etmişdir. Süfyan ibn Uyeynə demişdir: "Zanin və Danin eynidir. Yəni o, nə yalançı, nə də günahkardır. "Zanin" - ittiham olunan, "Danin" - baxıl mənasını verir". Qatədə demişdir: "Quran bir qeyb idi. Allah təala onu Məhəmmədə (Ona Allahın salavatı və salamı olsun!) nazil etdi. O da Quranı insanlardan gizli saxlamadı. Əksinə təbliğ edib yaydı, istəyən hər kəsə verdi". İkrimə, İbn Zeyd və digərləri də bu cür söyləmişlər. İbn Cərir "Danin"lə oxunan qiraəti üstün hesab etmişdir. Hər ikisi oxunuş mütəvatirdir və əvvəldə qeyd etdiyim kimi mənaları səhihdir.
Daha sonra Uca Allah buyurur: "Bu, qovulmuş Şeytanın sözü deyildir". Bu Quran Şeytanın sözü deyil, o bunu daşıya bilməyəcəyi kimi, daşımaq istəməz və daşıması da lazım deyil. Allah təala başqa bir ayədə buyurur ki, "(Quranı) əsla şeytanlar endirmədi. Bu onlara layiq deyildir. Onlar (bunu) heç bacara da bilməzlər! Axı onlara qadağan edilmişdir". (əş-Şüara, 210-212)
"Bəs onda hara gedirsiniz?" Yəni bəs onda sizin ağlınız hara gedib ki, bütün aydınlığı, doğruluğu ilə izzət və cəlal sahibi Allah tərəfindən nazil olmasınma baxmayaraq yenə də Quranı təkzib edib yalanlayırsınız. Necə ki, Əbu Bəkr Siddiq (Allah ondan razı olsun!) müsəlman kimi gələn Bənu Huneyfə qəbiləsinin elçisinə yalançı Museyləmənin Quranından bir şey oxumasını əmr etdikdən sonra dedi: "Vay sizin halınıza! Ağlınız hara gedib?" Allaha and olsun ki, bu kəlam hər hansısa bir tanrıdan deyilən kəlam deyil". Qatədə "Bəs onda hara gedirsiniz?" ayəsi haqda demişdir: "Yəni Allahın kitabından və Ona itaətdən hara gedirsiniz?"
Daha sonra uca Allah buyurur: "Bu, aləmlər üçün ancaq bir xatırlatmadır". Yəni bu Quran bütün insanlar üçün ancaq öyüd-nəsihətdir. Ondan ibrət alıb özlərinə dərs götürərlər. "Sizdən doğru-düz olmaq istəyənlərə!" Yəni hidayət, doğru yol istəyərsə, Qurandan tutunsun! Bu, onun nicatı və qurtuluşu olar. Ondan başqa hidayət yolu yoxdur. "Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz!" Yəni istək sizə həvalə edilən bir şey deyil ki, istəyən doğru yolda olsun, istəməyən zəlalətə düşsün. Əksinə bunların hamısı aləmlərin Rəbbi olan Allahın iradəsi tabedir. Süfyan əs-Sövri Səid ibn Əbdüləzizdən nəql edir ki, Süleyman ibn Musa demişdir"Sizdən doğru-düz olmaq istəyənlərə!" ayəsi nazil olduqda Əbu Cəhl dedi: "Özümüz bilərik. Istəsək hidayət yolu ilə gedərik, istəsək hidayət yolu ilə getmərik". Allah təala isə bu ayəni nazil etdi: "Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz!"
Ət-Təkvir surəsinin sonu. Həmd və səna Allaha məxsusdur.

Blogger tarafından desteklenmektedir.