Mənhəcin əsasları

Titulo

20.03.2016

Səhabələr ətrafında yayılmış şübhələr və onlara cavab: Birinci şübhə və cavabı


Birinci şübhə: Bidət əhli, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hovuzu haqqında dediyi hədisi əsas gətirirlər. Hədisdə deyilir: "(Mən Qiyamət günü hovuz başında olarkən) məni tanıyan və mənim tanıdığım bir qrup insanlar mənim yanıma gələcəklər. Lakin (mələklər) onları hovuzdan uzaqlaşdıracaqlar. Mən deyəcəyəm: onlar mənim səhabələrimdir, onlar mənim səhabələrimdir. (Mələklər) Mənə deyəcəklər: Sən, onların səndən sonra nə törətdiklərini bilmirsən[1]".

Bu hədisin, sənəd və məzmun baxımından rəvayətləri çoxdur. Bəzi rəvayətlərdə deyilir: Mən hovuzun başında dayanıb yanıma gələnlərə baxdığım halda, bəzi insanların mənə yaxınlaşmasının qarşısı alınacaqdır. Mən deyəcəyəm: Ey Rəbbim, bunlar axı məndən, mənim ümmətimdəndirlər. Mənə deyiləcəkdir: Məyər sən onların səndən sonra nə etdiklərini bilmirsənmi! Allaha and olsun, səndən sonra az keçmədən dinlərindən üz çevirdilər. Hədis rəvayətçilərindən, İbn Ə bu Məlikə adlı bir nəfər deyir: Allahım, dinimizdən üz çevirməkdən (qorxub) sənə sığınırıq.
İkinci rəvayətdə isə deyilir: "Mən hamınızdan əvvəl hovuzun başına gələcəyəm. Bir dəstə ilə mübahisə edib onlara qalib gələrək deyəcəyəm: Ey Rəbbim, onlar mənim səhabələrimdir, onlar mənim səhabələrimdir. Mənə deyiləcək: Sən, onların səndən sonra nə törətdiklərini bilmirsən. Bu iki hədisi Müslim səhih əsərində rəvayət etmişdir. Şübhənin cavabı belədir:
Birinci cavab: Hədisdə deyilən səhabə sözü ilə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında İslamı təzahür edən münafiqlər nəzərdə tutulur. Bu haqda Allah təala buyurur: "(Ya Peyğəmbər!) Münafiqlər sənin yanına gəldikləri zaman: "Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! - deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir"[2].
Həmin o insanlar da, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) tanımadığı münafiqlərdir. Bunun təsdiqi olaraq Allah təala buyurur: "Ətrafınızdakı və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş (bu işdə mahir) münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar"[3].
Deyilən insanlar münafiqlər idilər. Amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onların səhabələrdən olduqlarını zənn edirdi. Amma əslində belə deyildi.
İkinci cavab: Həmçinin hədisdə qeyd olunan insanlar, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfatından sonra mürtəd (İslamdan imtina edib kafir) olanlardır. Onun vəfatından sonra əksər ərəblər mürtəd oldular. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) "onlar mənim səhabələrimdir" - dediyi zaman, ona belə cavab veriləcəkdir: Sən, onların səndən sonra nə törətdiklərini bilmirsən. Sən onlardan ayrılandan sonra mürtəd oldular.
Üçüncü cavab: Burada deyilən səhabə sözü, ümumi məna daşıyan bir ifadə kimi işlədilmişdir. Yəni, Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) itaət etmədən onunla yoldaşlıq edən hər kəsə aiddir. Belə olan təqdirdə həmin insanlar səhabə sözünü şəriət baxımından mənasına daxil deyillər. Buna dəlalət edən məqam budur. Demək, Mədinə şəhərində münafiqlərin başçısı sayılan, Abdullah ibn Ubeyy ibn Səlul bu sözləri: "Əgər biz (Bəni Müstəliq vuruşundan) Mədinəyə qayıtsaq, ən güclülər (ən şərəflilər - münafiqlər) ən zəifləri (ən həqirləri - Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!" - dediyi zaman bu sözlər Ömərə (Allah ondan razı olsun) çatır və o deyir: Ey Allahın elçisi, qoy bu münafiqin başını bədənindən ayırım! Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Onunla işin yoxdur. Sonra deməsinlər ki, Məhəmməd öz səhabələrini öldürür"[4]. Bu məqamda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onu öz səhabəsi olaraq qeyd edir. Lakin burada səhabə sözü, şərii mənaya görə deyil, lüğəti mənaya görədir. Çünki Abdullah ibn Ubeyy ibn Səlul münafiqlərin başçısı sayılırdı. Allah təala tərəfindən ifşa edilən bu insan, öz münafiqliyini açıq-aşkar bildirirdi.
Dördüncü cabab: Ola bilər burada səhabə sözü, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yoluna riayət etməklə ona yoldaşlıq edən, onu görənlərin və görməyənlərin hamısına aiddir. Bu mənaya hədisin digər rəvayətində deyilən, "onlar mənim ümmətimdəndir, onlar mənim ümmətimdəndir" sözləri dəlalət edir. O ki, qaldı Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onları tanımasına, artıq özü bu haqda xəbər verərək demişdir: "(Qiyamət günü) Mən bu ümməti tanıyacağam". Odan soruşurlar: Ey Allahın elçisin, sən axı onları görməmisən, necə tanıyacaqsan? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: "Mən onları dəstəmaz izlərindən tanıyacağam"[5]. Bu mənanı təkid edən məqam, İbn Ə bu Məlikə adlı bir nəfər tabiinin bu sözləridir: Allahım, dinimizdən üz çevirməkdən (qorxub) sənə sığınırıq.
Bütün bu deyilənlərdən sonra onu demək olar ki, nə xəvariclər, nə nasibilər nə də mötəzililər bu hədisi dəlil gətirmirlər. Bunu yalnız rafizilər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin mürtəd olmaları haqda dəlil olaraq önə çəkirlər. Onlara belə bir müraciət olunur: Hansı əsasla Əlini, Həsəni, Hüseyni və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əhli-beytindən olan digərlərini istisna edirsiniz? Onların, mürtədlərdən olmalarına nə maneə olur?
Təbii ki, biz onların mürtəd olduqlarını demirik, onlar bundan uzaqdırlar. Əslində biz onların imamlığını qəbul edir, onların cənnət əhlindən olduqlarını təsdiqləyirik. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Hira dağının üzərində olarkən Əli haqqında demişdir: Ey hira, sakit ol. Həqiqətən sənin üzərində bir Peyğəmbər, siddiq və ya şəhid vardır[6]. Əli də Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) birgə idi. O, Cənnət əhlindəndir.
Səhih hədislərin birində Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Həsən və Hüseyn haqqında belə dediyi qeyd olunur: "Onlar Cənnət cavanlarının ağası olacaqlar"[7].
Əgər kimsə Əbu Bəkrin, Ömərin, Əbu Ubeydənin və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) başqa səhabələrinin hovuzun ətrafından qovulacaqlarını deyirsə, o zaman Əlinin də hovuz başından qovulmasını deyən nasibilərə bunu deməyə nə mane olmalıdır? Əgər Əlinin fəziləti haqqında deyilənləri dəlil gətirsələr, o zaman cavab belə olacaqdır: Əbu Bəkr və Ömər haqqıda deyilən fəzilətlər, Əli haqqında deyilən fəzilətlərdən qat-qat çoxdur.


[1] Səhih əl-Buxari, Kitabut Təfsir, Bab "Kəmə Bədənə Əvvələ Xalqin Nuiduhu", 4740. Həmçinin, Kitabul Fitnə, Bab, "Vattaqu Fitnətən" ayəsi.
[2] əl-Munafiqun: 1.
[3] ət-Tövbə: 101.
[4] Səhih əl-Buxari: 4622. (4, 1861).
[5] Səhihi Müslim: Kitabut Təharət, Bab, İstihbab İtalətul Ğurra vət Təhcil Fil Vudu, 367.
                Həmin hədisin mətni belədir: Əbu Hureyrə (Allah ondan razı olsun) deyir: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəbirstanlığa gələrək dedi: Ey Möminlər tayfasının diyarı, sizə Allahın salamı olsun. Biz də bir gün sizə qovuşacayıq. Mən öz qardaşlarımızı görmək istərdim. Ətrafındakılar dedilər: Ey Allahın elçisi, məgər biz sənin qardaşların deyilik? O, dedi: Siz mənim səhabələrimsiniz. Qardaşlarımız isə hələ (dünyaya) gəlməyiblər. Ətrafındakılar dedilər: Ey Allahın elçisin, ümmətindən hələ (dünyaya) gəlməyənləri necə tanıyırsan? O, dedi: Sizcə, tünd rəngli atların arasında, təpəl və (muhəccəl) bir atı olan insan öz atını tanımazmı? Ətrafındakılar dedilər: Bəli, ey Allahın elçisin. O, dedi: Dəstəmaz almaqdan onların alınlarında və ayaqlarında parıltılı iz olacaqdır. Mən onları hovuzun başında qarşılayacağam. Azmış dəvə (bulaq başından) qovulduğu kimi, bir qrup insanlar da hovuzumdan qovulacaqlar. Mən, gəlin, gəlin deyə onları səslədikdə mənə deyiləcəkdir: Onlar səndən sonra (dini) dəyişiblər. Mən deyəcəm: (Elə isə) Məhv olsunlar, məhv olsunlar.
[6] Sünəni Əbu Davud: 4648. Sünəni Tirmizi: 2699. Sünəni Nəsai əl-Kubra: 8156. Sünəni İbn Macə: 124. Səhih İbn Hibban: 6916. Müsnədi Əhməd: 22427. əl-Bəhruz Zəxxar, 1263. Musənnəf İbn Əbi Şeybə: 26.
[7] Sünəni Tirmizi: 2768. Sünəni İbn Macə: 118. Müsnədi Əhməd: 10616.

Blogger tarafından desteklenmektedir.