Mənhəcin əsasları

Titulo

3.03.2016

İbrətli dialoq

Abdullah (Allahın qulu) adlı bir kişi Əbdünnəbi (Peyğəmbərin qulu) adlı bir nəfərlə qarşılaşdı. Abdullah öz-özlüyündə bu addan təəcübləndi və fikirləşdi: Bir insan Allahdan başqasının qulu necə ola bilər? Sonra üzünü Əbdünnəbiyə tutub təəcüblə dedi: Sən Allahdan başqasınamı ibadət edirsən?!
Əbdünnəbi: Xeyr, mən Allahdan başqasına ibadət etmirəm. Mən müsəlmanam və tək Allaha ibadət edirəm.
Abdullah: Bəs bu ad nədir? Axı bu ad xaçpərəstlərin Abdulməsih (İsa Məsihin qulu) adına bənzəyir. Onlar İsaya ibadət etdikləri üçün bu heç də qəribə sayılmır. Sənin bu adını eşidən insan həmin anda sənin də Peyğəmbərə ibadət etdiyini düşünür. Amma bu heç də müsəlmanın Peyğəmbər barəsindəki etiqadı deyildir. Müsəlmanın doğru etiqadı Peyğəmbəri Allahın qulu və elçisi olaraq qəbul etməsidir....

Əbdünnəbi: Muhəmməd Peyğəmbər (s.a.v.) bəşəriyyətin ən xeyirlisi, elçilərin ağasıdır. Biz də özümüzü bu ad ilə adlandırıb Peyğəmbərin hörməti və məqamı ilə Allahdan bərəkət umur, Ona yaxınlaşırıq. Bu işdə onu özümüzə himayəçi tuturuq. Amma sən heç də təəcüblənmə qardaşımın adı da Əbdülhüseyndir (Hüseynin quludur). Atamın da adı Əbdürrəsul idi. Bu adlarla adlandırma insanların köhnə adətidir və çox geniş yayılıb. Biz ata-babamızın belə etdiklərini görmüşük. Məsələyə radikal yanaşmağa dəymir. Çünki, məsələ yüngül, din isə asanlıqdır.
Abdullah: Allahdan başqa heç kəsin qadir olmadığı bir şeyi qeyrisindən istəmək, belə ad qoymaqdan daha böyük qəbahətdir. Allahdan başqa kömək istədiyin kimsə istər Peyğəmbərin (s.a.v.) özü, istərsə Hüseyn kimi digər əməlisaleh bəndə olsun, fərq etməz. Bütün bunlar bizə əmr olunan tövhid inancına və "Lə iləhə illəllah" kəlməsinin mənasına ziddir.
Məsələnin nə qədər təhlükəli olmasını, özünü bu və oxşar adlarla adlandırmağın acı aqibətini çatdırmaq üçün sənə bir neçə sual verəcəyəm. Mənim məqsədim yalnız haqqı tanıyıb itaət etmək, batili aşkar edib ondan uzaq durmaq, yaxşı işləri əmr edib pis işlərdən çəkindirməkdir. Kömək yalnız Allahdandır. Biz yalnız Ona bel bağlayırıq (təvəkkül edirik). Güc və əzmkarlıq yalnız uca və əzəmətli Allahdandır. Lakin ilk öncə uca Allahın bu ayəsini sənə xatırladıram: "Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: "Eşitdik və itaət etdik!" - deməkdən ibarətdir." (Nur: 51). Xatırlatmaq istədiyim digər ayədə isə belə buyurulur: "Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!..." Nisa: 59.
Abdullah: Sən tövhid etiqadlı olduğunu (vahid Allaha ibadət etdiyini) və "Lə iləhə illəllah" kəlməsinə şəhadət verdiyini deyirsən. Bu kəlmənin mənasını açıqlaya bilərsənmi?
Əbdünnəbi: Vahid Allaha ibadət (tövhid) Allahın varlığına, göyləri və yeri yaratdığına, dirildib öldürənin O olduğuna, kainatı idarə etdiyinə, ruzi verən, bilən və qadir olan olduğuna iman gətirməkdir.
Abdullah: Əgər tövhid etiqadı təkcə bundan ibarət olsaydı o zaman Firon və tayfası, Əbu Cəhl və onun kimiləri tövhid etiqadlı olardılar. Çünki, onlar da əksər müşriklər kimi bu məsələdə qafil deyildilər. Rəbb olduğunu iddia edən Firon öz-özlüyündə Allahın varlığına və kainatı idarə etdiyinə tam yəqinliklə inanırdı. Buna dəlil uca Allahın bu ayəsidir: "(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər." Fironun bu etirafı suda boğulduğu anda daha aşkar görsəndi.
Lakin səbəbi ilə peyğəmbərlər göndərilən, kitablar nazil olan, ondan ötrü Qureyş qəbiləsi ilə döyüş edilən həqiqi tövhid etiqadı, ibadətdə Allahı tək tutmaqdır. İbadət, Allahın sevib razı qaldığı, hər bir zahiri və batini söz və əməlləri özündə ehtiva edən isimdir. "Lə iləhə illəllah" kəlməsindəki "ilah" sözünün mənası, Özündən başqasına ibadət layiq olmayan deməkdir.
Abdullah: Heç bilirsən, başda Nuh (a.s.) olmaqla Peyğəmbərlər yer üzünə nə üçün göndəriliblər?
Əbdünnəbi: Müşrikləri tək Allahın ibadətinə dəvət edib, Ona ortaq edilən bütün ilahları tərk etmək üçün göndəriliblər.
Abdullah: Nuhun tayfasının şirk etmələrinə səbəb nə idi?
Əbdünnəbi: Bilmirəm...
Abdullah: Nuhun qövmü Vədd, Suva, Yəğus, Yəuq və Nəsr adlı əməlisaleh insanlar barəsində ifrata vardıqda Allah Nuhu peyğəmbər olaraq göndərdi.
Əbdünnəbi: Demək istəyirsən ki, Vədd, Suva və digərləri həddini aşmış kafirlərin deyil, əməlisaleh insanların adlarıdır?
Abdullah: Bəli, bunlar əməlisaleh insanların adlarıdır. Nuhun tayfası onları ilahlaşdırmış, ərəblər də onlara təqlid etmişdir. Bu barədə sübut İbn Abbasın (A.r.o.) sözüdür: "Nuh qövmində olan bütlər sonradan ərəblərə keçdi. Vədd adlı büt Dovmət əl-Cəndəldə yaşayan əl-Kəlb qəbiləsinin, Suva Huzeyl qəbiləsinin, Yəğus birinci dəfə Murad qəbiləsinin sonra isə Səbanın yaxınlığında əl-Covfdə yaşayan Bənu Ğuteyf qəbiləsinin, Yəuq Həmdan qəbiləsinin, Nəsr isə Himyər qəbiləsinin Zül-Kila ailəsinin bütü idi. Adı çəkilən bütlər Nuh tayfasından olan əməlisaleh insanların adlarıdır. Onlar vəfat etdikdə şeytan qəbilə adamlarına onların oturduqları yerlərdə xatirə heykəlləri qurmağı və onları eyni adlar ilə adlandırmağı təlqin etdi. İnsanlar da bu deyiləni etdilər. Amma həmin anda bütlərə ibadət olunmadı. Heykəlləri qoyan nəsil öldükdə və elmsizlik baş qaldırdıqda həmin bütlərə ibadət olundu" Buxari.
Əbdünnəbi: Sənin danışdıqların çox qəribədir.
Abdullah: Sənə bundan da təəcüblü olanını deyimmi? Bil ki, uca Allah Peyğəmbərlərin sonuncusu Muhəmmədi (s.a.v.) bağışlanma diləyən, ibadət edən, (kəbə ətrafında) təvaf, (səfa-mərva dağları arasında) səy, həcc edib sədəqə verən bir qövmə peyğəmbər olaraq göndərmişdi. Amma onlar mələkləri, İsa peyğəmbəri və digər əməlisaleh məxluqları özləri ilə Allah arasında vasitəçi tutur və deyirdilər: biz onlarla Allaha yaxınlaşmaq istəyirik, Allah yanında bizim üçün hamilik (şəfaət) etmələrini istəyirik. Allah da Muhəmməd Peyğəmbəri (s.a.v.) göndərdi ki, onlar üçün ataları İbrahimin dinini yeniləsin. Onlara çatdırsın ki, bu yaxınlıq və etiqad yalnız Allaha məxsusdur. Bu haqqı Ondan başqasına sərf etmək olmaz. O şəriki olmayan vahid yaradandır. Ondan başqa ruzi verən yoxdur. Yeddi qat göy və orada olanlar, yeddi qat yer və orada olanlar hamısı Allahın hökmü altında olan qullarıdır. Hətta ibadət etdikləri ilahların da Allahın hökmü altında olduğunu bilməlidirlər.
Əbdünnəbi: Bu çox təhlükəli və qəribə söhbətdir. Bunu sübut edən əsas varmı?
Abdullah: Əsaslar çoxdur. Məsələn, uca Allah buyurur: "De: "Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan kimdir? Onlar: "Allahdır!" - deyəcəklər. De: "Bəs onda Allahdan qorxmursunuz?" (Yunus: 31). "(Ya Rəsulum! Bu müşriklərə) de: "Əgər bilirsinizsə, (bir deyin görək) bu yer və yer üzündə olanlar (bütün məxluqat) kimindir?" Onlar mütləq: "Allahındlr!" - deyə cavab verəcəklər. Sən də de: "Bəs elə isə (məxluqatı yaratmağa qadir olan kəsin öləndən sonra onları yenidən dirildə biləcəyini) düşünmürsünüz?" De: "Yeddi (qat) göyün Rəbbi, o (böyük) əzəmətli ərşin Rəbbi kimdir?" (Müşriklər) mütləq: "(Bunlar) Allahındır!" - deyə cavab verəcəklər. Onda sən də de: "Bəs elə isə (Allahın əzabından) qorxmursunuz?" De: "Əgər bilirsinizsə, (bir deyin görək) hər şeyin hökmü əlində olan, (istədiyini) himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir?" Onlar mütləq: "(Bu qüdrət, bu vəsflər yalnız) Allahındır!" - deyə cavab verəcəklər. Sən də de: "Bəs elə isə (Şeytana aldanıb haqqa boyun qoymaqdan, Allahın ayələrinə inanmaqdan və yalnız Ona ibadət etməkdən) nə cür (aldanılıb) döndərilirsiniz?" (əl-Muminun: 84-89). Müşriklər həcc zamanı dua edər və deyərdilər: Ey Allah, mən Sənin hüzurundayam. Sənin hüzurundayam, Sənin heç bir şərikin yoxdur. Yalnız Özünün seçdiyin şərikin var. Onun və onun mülkündə olan hər şeyin sahibi də Sənsən. Qureyşli müşriklərin Allahın kainatı idarə etdiyini, necə deyərlər rübubiyyə tövhidini etiraf etmələri onları müsəlman etmədi. Onlar mələklərə, peyğəmbərlərə və ya övliyalara dua edib onlardan Allah yanında hamilik (şəfaət) və yaxınlıq istədikləri üçün qanları və malları halal olmuşdu. Ona görə duanı, nəzirini, qurbanını, imdadını və bütün növ ibadətlərini Allaha etməlisən.
Əbdünnəbi: Əgər tövhid təkcə Allahın varlığına və kainatı idarə etdiyinə inanmaq deyilsə bəs nədir?
Abdullah: Səbəbi ilə peyğəmbərlər göndərilən və müşriklərin inkar etdikləri tövhid, ibadətdə Allahı tək tutmaqdır. Tövhid inancına görə heç bir ibadəti: duanı, nəziri, qurbanı, kömək diləməyi və digər ibadətləri Allahdan başqasına etmək olmaz. Bu tövhid sənin dediyin "Lə iləhə illəllah" kəlməsinin mənasıdır. Qureyş müşriklərinə görə ilah, yuxarıda deyilən ibadətlərin yönəldiyi kimsədir. Bu mələk, peyğəmbər, övliya, ağac, qəbir, cin və s. ola bilər. Onların düşüncəsinə görə ilah kəlməsi yaradan, ruzi verən, kainatı idarə edən mənasını vermirdi. Onlar bilirdilər ki, bunlar yalnız Allaha məxsusdur. Peyğəmbər (s.a.v.) də onları tövhid kəlməsinə, "Lə iləhə illəllah"a dəvət edirdi. O, bu kəlməni yalnız dildə deməyə deyil, əməldə də göstərməyə çağırırdı.
Əbdünnəbi: Sanki demək istəyirsən ki, Qureyşli müşriklər "lə iləhə illəlah"ın mənasını bu günki müsəlmanlardan daha yaxşı bilirdilər.
Abdullah: Bəli. Bu acı reallıqdır. Cahil kafirlər bilirlər ki, Peyğəmbərin (s.a.v.) bu kəlməni deməkdə məqsədi Allahı ibadətdə tək tutmaq, Allahdan başqa ibadət olunanlara küfr edib onlardan uzaq durmaqdır. Peyğəmbər (s.a.v.) onlara: "Lə iləhə illəllah" kəlməsini deyin - dedikdə, belə cavab verdilər: {Əcaba, o, (Allahdan başqa heç bir haqq tanrı yoxdur deməklə) tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəcüblü bir şeydir.} (Sad: 5). Bununla yanaşı onlar Allahın kainatı idarə etdiyini də etiraf edirdilər. Əgər cahil kafirlər bunu bilirlərsə, müsəlman olduğunu iddia edib bu kəlmənin mənasını kafirlərin bildikləri qədər bilmirsə bu doğrudan da təəcüblü haldır. Elələri vardır ki, onlara görə bu kəlmənin heç bir mənasını qəlbən etiraf etmədən yalnız dil ilə tələffüz etmək də yetərli sayılır. Bir qədər ağıllılar isə elə düşünürlər ki, bu kəlmənin mənası Allahdan başqa yaradan, ruzi verən və kainatı idarə edən yoxdur anlamına gəlir. Qureyşin cahil kafirləri "Lə iləhə illəllah" kəlməsinin mənasını özlərini müsəlman adlandıranlardan daha yaxşı bildikcə belə insanlardan xeyir gəlməz.
Əbdünnəbi: Amma mən Allaha şərik qoşmuram. Mən şəhadət verirəm ki, Allahdan başqa yaradan, ruzi verən yoxdur, xeyir də ziyan da Onun əlindədir, O təkdir və heç bir şəriki yoxdur. Həmçinin şəhadət verirəm ki, Muhəmməd (s.a.v.) özünə heç bir fayda və ya zərər verə bilməz. O ki qaldı Əli, Hüseyn, Əbdülqadir və başqaları. Mən günahkar bəndəyəm, əməlisaleh insanların isə Allah yanında hörmətləri var. Mən də onlardan istəyirəm ki, Allah yanında olan hörmətləri ilə mənim üçün havadar olsunlar.
Abdullah: Mən ötən sözlərlə sənə cavab verirəm. Peyğəmbərin (s.a.v.) döyüşdüyü insanlar da sənin dediyin kimi deyir və öz bütlərinin heç bir şeyə qadir olmadıqlarını etiraf edirdilərmi? Onlar bu bütlərin hörmətinə üz tutur və onların havadarlığını istəyirdilər. Elə deyilmi? Biz bu haqda Qurandan sübutlar da gətirmişdik.
Əbdünnəbi: Lakin bu ayələr bütlərə ibadət edənlər barəsində nazil olub. Peyğəmbərləri və əməlisaleh insanları bütlərlə necə bərabər tuta bilərsiniz?
Abdullah: Biz axı razılaşmışdıq ki, bu bütlərin bəziləri - Nuhun (a.s.) vaxtındakı kimi əmlisaleh insanların adları ilə adlandırılmışdı. Kafirlər də bu bütlərdən öz hörmətləri xatirinə Allah yanında onlar üçün havadar olmalarını istəyirdilər. Uca Allah buyurur: {Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər)...} (əz-Zümər: 3). Sənin, "Peyğəmbərləri və əməlisaleh insanları bütlərlə necə bərabər tuta bilərsiniz?" - sözünə gəlincə, deyə bilərəm ki, Peyğəmbərin (s.a.v.) göndərildiyi kafirlərdən bəziləri övliyalara dua edirdi. Uca Allah onlar haqqında belə buyurur: {Onların tapındıqları tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından qorxur. Həqiqətən, Rəbbinin əzabı qorxuludur!} (əl-İsra: 57). Elə kafirlər də var idi ki, onlar İsaya (a.s.) və anasına dua edirdilər. Bu haqda isə uca Allah belə deyir: {Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!" - demişdin?} (əl-Maidə: 116). Elələri də vardır ki, onlar Mələklərə ibadət edirdilər. Uca Allah deyir: {O gün (qiyamət günü Allah) onları (müşrikləri, kafirləri) bir yerə yığacaq, sonra da mələklərə belə deyəcək: "Bunlar sizəmi ibadət edirdilər?"} (Səba: 40). Bu ayələrə fikir verdikdə görürsən ki, uca Allah bütlərə, peyğəmbərlərə, mələklərə və övliyalara dua edənləri aralarında heç bir fərq qoymadan kafir hesab edir. Peyğəmbər (s.a.v.) də belə müşriklərə qarşı döyüşmüş və onların Allahdan başqa kimə ibadət etdiklərində fərq görməmişdir.
Əbdünnəbi: Fərq ondadır ki, kafirlər onlardan xeyir istəyir, mən isə şəhadət verirəm ki, xeyir bəxş edən, zərəri yetirən, kainatı idarə edən də Allahdır. Mən yalnız Ona dua edirəm. Əməlisaleh insanların isə bu işdə heç bir payları olmadığını etiqad edirəm. Mən sadəcə olaraq üzümü onlara tutub Allah yanında mənim üçün hamilik (şəfaət) etmələrinə ümid edirəm.
Abdullah: Sənin bu sözün kafirlərin sözü ilə eynidir. Uca Allah buyurur: {Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: "Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!" - deyirlər...} (Yunus: 18).
Əbdünnəbi: Lakin mən yalnız Allaha ibadət edirəm. Əməlisalehlərə üz tutmaq və dua etmək ibadət sayılmır!
Abdullah: Sənə bir sual verəcəm: Sən inanırsan ki, Allah ibadəti yalnız ona məxsus etməyi əmr edib və bu Allahın sənin üzərindəki haqqıdır? Necə ki, bu ayədə deyilir: {Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər} (əl-Bəyyinə: 5).
Əbdünnəbi: Bəli, Allah bunu mənə vacib etmişdir.
Abdullah: Mən istəyirəm ki, Allahın sənə vacib etdiyi bu əmri, yəni ibadəti yalnız Allaha məxsus etmək məsələsini açıqlayasan.
Əbdünnəbi: Bu sualınla nəyi nəzərdə tutduğunu anlamadım. Zəhmət olmazsa sualı açıqla.
Abdullah: Məni dinlə ki, sənin üçün açıqlama verim. Uca Allah buyurur: {Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!} (əl-Əraf: 55) Dua Allah üçün edilən ibadətdir yoxsa yox?
Əbdünnəbi: Bəli. Hədisdə deyildiyi kimi bu ibadətin əsasıdır. Peyğəmbər (s.a.v.) demişdir: "Dua ibadətdir." Əhməd və Əbu Davud.
Abdullah: Madam ki, duanın ibadət olduğunu etiraf edir sonra hər hansı iş üçün gecə gündüz, yalvara-yalvara, gizlicə Allaha dua edir, sonra eyni iş üçün peyğəmbərə, yaxud mələkə və ya əməlisaleh bəndəyə dua edirsənsə, bu ibadətində şərik qoşmuş olursanmı?
Əbdünnəbi: Bəli, şərik qoşmuş oluram. Bu doğru və aydın söhbətdir.
Abdullah: İndi isə başqa bir misala nəzər salaq. Əgər sən uca Allahın {Rəbbin üçün namaz qıl və qurban kəs!} ayəsini oxuyub Allahın bu əmrinə itaət edərək Onun üçün qurban kəssən sənin bu əməlin Allaha ibadət etmək sayılarmı?
Əbdünnəbi: Bəli, ibadət sayılar.
Abdullah: Əgər sən Allahla yanaşı istənilən məxluq üçün, məsələn peyğəmbər, cin və ya başqası üçün qurban kəssən sən bu ibadətində Allahdan başqasına ibadət etmiş olursanmı?
Əbdünnəbi: Bəli, heç şübhəsiz ki, bu şirkdir.
Abdullah: Mən sənin üçün dua və qurbanı misal çəkdim. Çünki dua söz ilə, qurban isə fel ilə edilən ən qərarlı ibadətlərdir. Amma ibadət bu iki növü deyil, daha çox növləri əhatə edir. Buraya nəzir etmək, and içmək, sığınmaq, kömək diləmək və s. daxildir. Barələrində Quran ayələri nazil olan müşriklər mələklərə, əməlisaleh bəndələrə, yaxud lat adlı bütə və başqalarına ibadət edirdilərmi?
Əbdünnəbi: Bəli, onlara ibadət edirdilər.
Abdullah: Onların ibadətləri də dua etmək, qurban kəsmək, sığınmaq, kömək diləmək və üz tutmaq idi. Onlar da özlərini Allahın qulları hesab edir, Onun hökmü altında olduqlarını düşünür, kainatın Allah tərəfindən idarə olunduğunu bilirdilər. Amma onlar şəfaət əldə etmək üçün bütlərə dua edir, onlara üz tuturdular. Bu açıq-aşkar görsənən bir məsələdir.
Əbdünnəbi: Ey Abdullah, sən Peyğəmbərin (s.a.v.) şəfaətini inkar edir və danırsanmı?
Abdullah: Xeyr, mən şəfaəti inkar etmir və danmıram. Peyğəmbərin (s.a.v.) şəfaət edən olduğunu düşünürəm. Mən onun şəfaətini arzulayıram. Amma bütün şəfaətlər Allaha məxsusdur. Uca Allah buyurur: {De: "Bütün şəfaət yalnız Allaha məxsusdur...} (əz-Zümər: 44). Şəfaət verənlərin şəfaəti Allahın icazəsindən sonra olacaqdır. Uca Allah buyurur: {Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər?} ( əl-Bəqərə: 255). Uca Allahın izni olmadan heç kəs üçün şəfaət oluna bilməz. Uca Allah buyurur: {Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilərlər...} (əl-Ənbiya: 28). Allah isə tövhiddən başqa heç nədən razı qalmaz. Ayədə deyilir: {Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!} (Ali İmran: 85). Əgər bütün şəfaət Allaha məxsusdursa və bu iş Allahın izni olmadan baş verməyəcəksə o zaman nə Peyğəmbər (s.a.v.) nə də digəri Allahın izni olmadan heç kəsə şəfaətçi ola bilməyəcəkdir. Allah yalnız tövhid əhlinə şəfaət etmək üçün izn verəcəkdir. Bir halda ki, bütün şəfaət Allaha məxsusdur mən də ondan istəyib bu və buna bənzər məzmunda dua edirəm: "Ey Allahım, məni Peyğəmbərin (s.a.v.) şəfaətindən məhrum etmə. Ey Allahım, onu mənim üçün şəfaətçi et".
Əbdünnəbi: Biz razılaşmışdıq ki, heç kəsdən sahib olmadığı bir şeyi istəmək olmaz. Amma uca Allah Peyğəmbərə (s.a.v.) şəfaəti vermiş və o da verilən şeyin sahibi olmuşdur. Ona görə mən onun sahib olduğunu ondan istəyə bilərəm və bu heç də şirk deyil.
Abdullah: Bəli, əgər Allah bunu qadağan etməsəydi dediyin düzgün fikir kimi qəbul olunardı. Uca Allah buyurur: {Allahdan başqa heç kəsə dua etməyin!} (əl-Cinn: 18). Şəfaət istəmək də dua etməkdir. Peyğəmbərə (s.a.v.) şəfaəti bəxş edən Allahdır. O da istədiyin kimsənin kimliyindən asılı olmayaraq bunu başqasından istəməyini qadağan edib. Həmçinin Peyğəmbərdən (s.a.v.) başqasına da şəfaət verilib. Doğru görüşə görə mələklər, həddi büluğa çatmadan ölən uşaqlar və övliyalar da şəfaətçi olacaqlar. O zaman elə çıxır ki, əgər Allah bunlara da şəfaət etmək ixtiyarı veribsə demək onlardan da şəfaət istəmək olar? Əgər cavab "bəli" olarsa o zaman əməlisalehlərə ibadət etməli olacaqsan. Halbuki bu, Quranda qadağan olunmuşdur. Əgər cavab "xeyr" olarsa o zaman sənin "Allah ona şəfaəti verib mən də ondan istəyirəm" sözün heç olur.
Əbdünnəbi: Lakin mən Allaha heç bir şərik qoşmuram. Əməlisaleh bəndələrə üz tutmaq şirk deyil.
Abdullah: Sən etiraf edir və inanırsanmı ki, Allah şirki zinandan daha qətiyyətlə qadağan etmiş və onu bağışlamayacağını vəd etmişdir?
Əbdünnəbi: Bəli, bunu etiraf edirəm. Bu, Allahın kəlamında açıq-aşkar deyilmişdir.
Abdullah: Sən özünün Allahın haram etdiyi şirkdən uzaq olduğunu qeyd etdin. Səni Allaha and verdirirəm mənim üçün açıqla görək sənin etmədiyin və özünü ondan uzaq tutduğun şirk hansıdır?
Əbdünnəbi: Şirk, bütlərə ibadət etmək, onlara üz tutmaq, dua etmək və onlardan qorxmaqdır.
Abdullah: Bütlərə ibadət etmək nə deməkdir? Sən elə zənn edirsən ki, Qureyş kafirləri etiqad edirdilər ki, həmin ağaclar, daşlar onlara dua edənləri yaratmağa, ruzi verməyə və işlərini səhmana salmağa malikdirlər?! Az öncə dediyim kimi, onlar bunu etiqad etmirdilər.
Əbdünnəbi: Mən də bunu etiqad etmirəm. Fikrimcə kim ağaca, daşa, qəbir üzərində tikilmiş qübbəyə və ya bu kimi digər nəyəsə üz tutar, dua edib qurban kəsərək: "bu bizi Allaha yaxınlaşdırır", "bunun bərəkəti ilə Allah bizi qoruyur" - deyərsə, bütlərə ibadət etmiş olar. Mənim demək istədiyim budur.
Abdullah: Doğrudur. Lakin bu sizin ağaclar, qübbələr, qəbirlər qarşısında etdiyiniz əməl budur. Həmçinin sən deyirsən ki, şirk bütlərə ibadət etməkdir. Sən bununla demək istəyirsən ki, şirk yalnız bütə ibadət edənlərə aiddir? Əməlisaleh insanlara üz tutmaq və dua etmək şirk məfhumuna daxil deyil?
Əbdünnəbi: Bəli, belə demək istəyirəm.
Abdullah: Əgər bu doğrudan da belədirsə bəs uca Allahın peyğəmbərlərə, əməlisalehlərə, mələklərə və digərlərinə bağlanmağın haramlığına və bunu edənlərin kafir adlandırılmasına nə deyirsən? Mən bunu əvvəldə qeyd edib dəlillərini də göstərmişdim.
Əbdünnəbi: Lakin mələklərə və peyğəmbərlərə dua edənlər bu səbəblə kafir olmayıblar. Onlar "mələklər Allahın qızlarıdır", "İsa Allahın oğludur" - dediklərinə görə kafir olublar. Biz demirik ki, Əbdülqadir Allahın oğlu, yaxud Zeynəb Allahın qızıdır.
Abdullah: Allaha övlad nisbət etməyin özü ayrı bir növ küfrdür. Uca Allah buyurur: {(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: "(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)} (əl-İxlas: 1-3). Kim bunu inkar edərsə, surənin sonuncu ayəsini inkar etməsə də kafir olar. Uca Allah buyurur: {Allah heç bir övlad götürməmişdir. Onunla yanaşı ibadətə layiq olan heç bir haqq tanrı yoxdur. Əgər belə olsaydı, onda hər bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər, (öz məxluqatını ayırıb aparar) və onların bir qismi (dünyadakı padşahlar kimi) digərinə üstün olmağa çalışardı...} (əl-Muminun: 91). Bu ayədə uca Allah iki növü bir-birindən fərqləndirir. Digər sübut isə odur ki, Lat adlı bütə dua etməklə kafir olanlar Latı Allahın oğlu kimi deyil, əməlisaleh insan kimi qəbul edirdilər. Həmçinin cinlərə ibadət edənlər də belə düşünürdülər. Dörd məzhəb alimləri "Mürtədlərin hökmü" fəslində qeyd edirlər ki, kim Allahın övladı olduğunu deyərsə mürtəd olar. Eləcə də kim Allaha şərik qoşarsa mürtəd olar. Beləliklə bütün elm adamları bu iki növü bir-birindən fərqləndirirlər.
Əbdünnəbi: Axı uca Allah belə buyurur: {Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.} (Yunus: 62).
Abdullah: Biz bunun həqiqət olduğuna iman gətirir və eyni fikiri deyirik. Amma onlara ibadət etmək olmaz. Biz yalnız onların Allah ilə bərabər ibadət olunmalarını, Ona şərik edilmələrini inkar edirik. Digər hallarda isə biz onları sevməli, onların yolunu getməli, onların kəramətlərini təsdiqləməliyik. Övliyaların kəramətini yalnız bidət əhli inkar edə bilər. Allahın haqq dini iki tərəf arasında orta mövqe seçmək, iki zülmət arasında işıqlı hidayət yolu getmək və iki batil inanc arasında haqqı tutmaqdır.
Əbdünnəbi: Barələrində Quran nazil olan müşriklər "Lə iləhə illəllah" kəlməsinə şəhadət gətirmir, Peyğəmbəri (s.a.v.) yalançı hesab edir, öldükdən sonra dirilməyi inkar edir, Quranı yalan sayır və onu sehr adlandırırdılar. Biz isə "Lə iləhə illəllah Muhəmmədən rəsulullah" kəlməsinə şəhadət verir, Quranı təsdiqləyir, öldükdən sonra dirilməyə inanır, namaz qılır və oruc tuturuq. Necə olur ki, bizi onlarla eyni tutursunuz?
Abdullah: Alimlərin yekdil rəyinə əsasən əgər bir insan bəzi məsələlər barəsində Peyğəmbəri (s.a.v.) təsdiq edib, digərlərində təkzib edərsə belə insan hələ islama daxil olmuş sayılmır. Həmçinin Quranın bəzi hissəsinə inanıb, digərini inkar etmək də belədir. Məsələn tövhidi təsdiq edib, namazı inkar etmək və ya tövhidi və namazı qəsdiqləyib, zəkatın vacibliyini inkar etmək. Yaxud bütün bunları təsdiqləyib orucun və həccin vacibliyini inkar etmək. Peyğəmbərin (s.a.v.) vaxtında bir qrup insan həcc etmək əmrindən boyun qaçırdıqda uca Allah onlar haqqında bu ayəni nazil etdi. {Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə bilsin ki, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!} (Ali İmran: 97). Alimlərin yekdil rəyinə əsasən əgər bir insan öldükdən sonra dirilməyi inkar edərsə artıq kafir olur. Elə buna görə uca Allah Öz kitabında açıq şəkildə bildirir ki, kim kitabın bəzisinə iman gətirib qalanını inkar edərsə o əsl kafirdir. Allah, İslamı bütöv şəkildə qəbul etməyi əmr edir. Kim bəzisini götürüb, bəzisini də inkar edərsə küfr edər. Sən də bunu təsdiqləyirsənmi?
Əbdünnəbi: Bəli, təsdiq edirəm. Bu, Qurani Kərimdə açıq-aşkar deyilən bir hökmdür.
Abdullah: Bəzi işlərdə Peyğəmbəri (s.a.v.) təsdiqləyib amma namazın vacibliyini, yaxud öldükdən sonra dirilməyi inkar edən kimsənin kafir olub bütün məzhəblərə görə qanının və malının halal olmasını təsdiq edirsənsə onu da bil ki, tövhid Peyğəmbərin (s.a.v.) gətirdiyi ən əzəmətli vacibdir. Tövhid namazdan, zəkatdan və həccdən daha önəmlidir. Belə olan təqdirdə necə ola bilər ki, Peyğəmbərin (s.a.v.) bütün dediklərinə inanıb sadəcə bu əmrlərdən birini inkar edən insan kafir olur. Amma bütün peyğəmbərlərin dini olan tövhidi inkar etdikdə kafir olmur. Ey Allahım, bu nə qəribə cəhalətdir!
Həmçinin Peyğəmbərin (s.a.v.) səhabələrinə diqqət yetirsən görərsən ki, onlar Yəmamədə "Lə iləhə illəllah Muhəmmədən rəsuləllah" kəlməsinə şəhadət verib, namaz qılan və azan verən Bənu Hənifə qəbiləsinə qarşı döyüşmüşdülər.
Əbdünnəbi: Axı onlar Museyləmə adlı bir nəfərin peyğəmbər olduğunu qəbul edirdilər. Biz isə Muhəmməddən (s.a.v.) sonra peyğəmbər olmadığına şahidlik edirik.
Abdullah: Nə olsun, siz də Əli (A.r.o.), Əbdülqadir əl-Ceylani və ya hər hansı Peyğəmbər və ya mələk barəsində ifrata varıb onları göylərin və yerin sahibi Allahın səviyyəsinə yüksəldirsiniz. Əgər kimsə bir insanı Peyğəmbərin (s.a.v.) səviyyəsinə qaldırmaqla kafir olur, malı və qanı halal sayılır, nə şəhadət kəlməsi, nə də namaz ona fayda vermirsə bir insanı Allah səviyyəsinə qaldıran kimsə bu hökmə daha layiqdir. Elə vaxtilə Əlinin (A.r.o.) odda yandırdığı insanların hamısı müsəlman olduqlarını iddia edirdilər. Halbuki onlar Əlinin (A.r.o.) ətrafında olan yoldaşları idilər və səhabələrdən də elm almışdılar. Siz Əbdülqadir Ceylani və başqaları barəsində necə etiqad edirsinizsə, onlar da Əli (A.r.o.) barəsində eyni etiqadı edirdilər. Əgər bununla insan kafir olmurdusa, hansı əsasla səhabələr onların kafir olmaları və onlara qarşı döyüşmək üçün yekdil qərara gəlmişdilər? Sən elə düşünürsən ki, səhabələr müsəlmanlara kafir hökmü verirdilər?! Yaxud elə düşünürsən ki, Əbdülqadir Ceylani və başqaları barəsində belə düşünmək insana zərər verməz və Əli (A.r.o.) barəsində bu cür düşünmək insanı kafir etməz?
Həmçinin uca Allah Ona təslim olub elm və yaxşı əməl sahibi olan İsrail övladları haqqında deyir ki, bir vaxtlar onlar Musaya (a.s.) belə demişdilər: {Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!...} (əl-Əraf: 138). Bir dəfə Peyğəmbər (s.a.v.) öz əshabı ilə sitayiş olunan bir ağacın yanından keçərkən səhabələr ona dedilər: "Bizim üçün də Zətu Ənvat düzəlt". Peyğəmbər (s.a.v.) and içib dedi: And olsun ki, sizin bu sözünüz İsrail oğullarının bu sözünə bənzəyir: {Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!...}.
Əbdünnəbi: Amma buna baxmayaraq İsrail oğulları və Peyğəmbərdən (s.a.v.) Zətu Ənvat düzəltməsini tələb edən səhabələr bununla kafir olmadılar.
Abdullah: İsrail oğulları və Peyğəmbərdən (s.a.v.) bunu istəyən səhabələr bu əməli etmədilər. Əgər buna əməl etsəydilər o zaman kafir olardılar. Həmçinin Peyğəmbərdən (s.a.v.) zətu ənvat düzəltməyi istəyənlər onun qadağasına məhəl qoymayıb itaətsizlik göstərərək zətu ənvatı ibadət yeri götürsəydilər o zaman kafir olardılar.
Əbdünnəbi: Mənim üçün qaranlıq qalan bir məqam var. Bu, Usamə ibn Zeydin (A.r.o.) hadisəsi ilə bağlıdır. O, döyüş zamanı "Lə iləhə illəllah" kəlməsini deyən adamı öldürmüş və Peyğəmbər (s.a.v.) onun bu hərəkətinə irad tutmuş və demişdi: "Ey Usamə, o "Lə iləhə illəllah" kəlməsini dedikdən sonra onu öldürdünmü"?! Həmçinin Peyğəmbər (s.a.v.) demişdir: "İnsanlar "Lə iləhə illəllah" kəlməsini deyənə qədər onlarla döyüşmək mənə əmr olunmuşdur". Sənin dediyin sözlərlə bu iki hədisi necə uyğunlaşdıraq? Allah köməyin olsun, bu məsələdə açıqlama ver.
Abdullah: Bildiyimiz kimi Peyğəmbər (s.a.v.) "lə iləhə illəllah" kəlməsini deyən yəhudilərə qarşı döyüşmüş və əsir götürmüşdü. Həmçinin səhabələri də "lə iləhə illəllah Muhəmmədən rəsuləllah" kəlməsinə şəhadət verən və namaz qılan Bənu Hənifə qəbiləsinə qarşı döyüşmüşdülər. Əli (A.r.o.) də bir qrup insanları yandırmaqla cəzalandırmışdı. Sən özün də etiqad edirsən ki, əgər bir insan "Lə iləhə illəllah Muhəmmədən rəsuləllah" kəlməsini deyib sonra öldükdən sonra dirilməyi inkar edərsə kafir olar və onun qətli də halal sayılar. Həmçinin şəhadət kəlməsini deyib sonra islamın əsaslarından birini inkar edərsə kafir olar və öldürülər. Əgər islamın ikinci dərəcəli əməllərini inkar edən insana şəhadət kəlməsi fayda vermirsə, bəs Peyğəmbərlərin gətirdikləri dinin əsası və canı olan tövhidi inkar edən insana bu kəlmə necə fayda verə bilər? Yəqin ki, sən bu hədislərin mənasını anlamamısan.
Usamənin (A.r.o.) hədisinə gəlincə, o müsəlman olduğunu iddia edən insanı öldürmüşdü. Çünki, o elə düşünürdü ki, həmin adam şəhadət kəlməsini ölməkdən və malını itirməkdən qorxub deyirdi. Zahiri şəkildə müsəlman olduğunu bildirən insan əslən müsəlmanlıqdan uzaq olması bilinənə qədər toxunulmaz qalmalıdır. Uca Allah buyurur: {Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətli olun!...} (Nisa: 94). Diqqətli olmaq, kimə qarşı döyüşdüyünü dəqiqləşdirmək mənasındadır. Ayəyə görə döyüş zamanında kimliyi bilinməyən insan tanına qədər toxunulmaz qalmalıdır. Əgər qeyri müsəlman olduğu təyin olunarsa ona qarşı döyüşmək olar. Bu, ayədəki "diqqətli olun" sözünün mənasıdır. Əgər şəhadət kəlməsini deməklə öldürülməyəcəkdisə o zaman dəqiqləşdirmək əmrinin faydası olmazdı.
Digər hədis də deyilən mənadadır. Zahirən müsəlman olduğunu bildirən insanın qeyri müsəlman olması tam əminliklə bilinənə qədər toxunulmaz qalmalıdır. "Ey Usamə, o "Lə iləhə illəllah" kəlməsini dedikdən sonra onu öldürdünmü"?! - sözlərini deyən Peyğəmbər (s.a.v.) digər hədisində isə belə demişdir: "İnsanlar "Lə iləhə illəllah" kəlməsini deyənə qədər onlarla döyüşmək mənə əmr olunmuşdur". Peyğəmbər (s.a.v.) başqa bir hədisdə xəvariclər haqqında belə demişdir: "Onlarla harada rastlaşsanız onları öldürün". Xəvariclərin çox ibadət və zikr edən, bir toplum idi. Səhabələr öz ibadətlərini onların ibadəti yanında kiçik görürdülər. Onlar elmi də səhabələrdən öyrənmişdilər. Bütün bunlara baxmayaraq şəriətə zidd hərəkət edən xəvariclərə lə iləhə illəllah kəlməsi, ibadətin çoxluğu və ya müsəlman olmaq iddiası heç bir kömək etmədi.
Əbdünnəbi: Bəs Peyğəmbərin (s.a.v.) qiyamət günü insanların Adəmdən, Nuhdan, İbrahimdən, Musadan və İsadan kömək istəyib üzrxahlıq etdiklərini gördükdə isə Muhəmmədin (s.a.v.) yanına gələcəkləri haqqında olan səhih hədisinə nə deyirsən? Bu hədis göstərir ki, Allahdan başqasından kömək istəmək şirk deyil.
Abdullah: Məsələnin həqiqəti barədə səhv düşüncənə görə belə deyirsən. Biz sağ və yanında olduğun kimsədən onun iqtidarında olan iş barəsində kömək istəməyi inkar etmirik. Bir insan döyüş meydanında və ya hər hansı məqamda öz yoldaşlarından onların iqtidarında olan köməyi istədiyi kimi kömək istəmək olar. Uca Allah buyurur: {(Musanın) adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi...} (əl-Qəsəs: 15). Bizim məqbul hesab etmədiyimiz imdad, övliyaların qəbirləri önündə və ya yanınızda olmadıqları halda onlardan Allahdan başqa heç kəsin qadir olmadığı işlərdə istədiyiniz köməyə aiddir. Qiyamət günü cənnət əhli məhşər meydanında dayanmaq üzüntüsündən qurtulmaq üçün peyğəmbərlərdən xahiş edəcəklər ki, haqq-hesabın başladılması üçün Allaha dua etsinlər. Sənin oturub-durduğun və səsini eşitdiyin əməlisaleh bir adama özün üçün dua etməsini istəməyin həm bu dünyada, həm də axirətdə icazəlidir. Necə ki, Peyğəmbərin (s.a.v.) səhabələri də onun sağlığında ondan belə xahiş edərdilər. Amma o öləndən sonra əsla belə etmədilər. Hətta qəbirinin yanında olduqları halda yenə də ondan istəmədilər. Sələflərimiz isə qəbirin yanında dayanıb Allaha dua etməyi pisləmişlər.
Əbdünnəbi: Bəs İbrahim peyğəmbərin (a.s.) hadisəsi haqqında nə deyirsən? Onu oda atan zaman Cəbrail (a.s.) havada onun yanına gəlir və hansı köməyə ehtiyacı olduğunu soruşur. İbrahim (a.s.) isə deyir: "Sənin köməyinə ehtiyacım yoxdur". Əgər Cəbraildən (a.s.) kömək istəmək şirk olsaydı o zaman o, İbrahimə (a.s.) belə təklif etməzdi.
Abdullah: Bu şübhə də əvvəlki şübhə ilə həmcinsdir. Bu haqda olan rəvayət mötəbər deyil. Hətta rəvayətin mötəbər olduğunu fərz etsək yenə də burada Cəbrail (a.s.) ona özünün qadir olduğu köməyi yəklif etmişdi. Cəbrail (a.s.) uca Allahın bu ayəsində vəsf olunduğu kimi güclü idi. {Onu çox qüvvətli olan öyrətdi.} Əgər uca Allah ona İbrahimin atıldığı odu, ətrafındakı torpağı və dağları götürüb şərqə və ya qərbə tullamağı əmr etsəydi Cəbrail (a.s.) bu işdə aciz qalmazdı. Bu, varlı insanın kasıba ehtiyaclarını ödəməsi üçün borc təklif etməsi, kasıbın isə bundan imtina edib səbr nümayiş etdirərək heç kəsin minnəti olmadan Allah tərəfindən göndəriləcək ruzisini gözləməsi kimidir. Deyilən bu məsələ hara, günümüzdə ibadət olaraq istənilən kömək və şirk hara?!
Ey qardaşım bil ki, Peyğəmbərimiz Muhəmməd (s.a.v.) göndərilən insanların şirki, bizim vaxtımızda yaşayan insanların etdikləri şirkdən üç əsasa görə daha yüngül idi.
Birincisi: Əvvəlki insanlar yalnız rahatlıq anlarında Allaha şərik qoşur, çətinlikdə isə yalnız Allaha ibadət edirdilər. Uca Allah buyurur: {(Müşriklər) gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus edərək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar} (əl-Ənkəbut: 65). {(Kafirləri) ətrafına kölgə salan uca dağlar (yaxud qara buludlar) kimi dalğalar bürüdüyü zaman onlar dini (ibadəti) Allaha məxsus edərək yalnız Ona dua edərlər. Allah onları sağ-salamat quruya çıxartdıqda içərilərindən bəziləri (küfrlə iman arasında) orta mövqe tutar. (Bəziləri isə öz küfründə qalar). Bizim ayələrimizi yalnız çox xain, nankor olanlar danarlar!} (Loğman: 32). Peyğəmbərin (s.a.v.) mübarizə apardığı müşriklər rahat günlərində Allaha və Onunla yanaşı digərlərinə dua edər, çətin günlərində isə Allahdan başqasına dua etməz, ağalarını unudardılar. Günümüzün müşrikləri isə çətin və rahat günlərində Allaha və başqalarına dua edirlər. Biri çətinliyə düşdükdə "Ya rəsuləllah", "Ya Hüseyn" və s. bu kimi sözlərlə dua edirlər. Di gəl bunu başa düşən hanı?
İkincisi: Əvvəlkilər Allahla yanaşı Ona yaxın olanlara: ya peyğəmbərə, ya övliyaya, ya mələkə, yaxud ən pis halda Allahın əmrinə boyun əyib asilik etməyən daşa və ağaca dua edərdilər. Günümüzdəki insanlar isə Allahla yanaşı ən günahkar (fasiq) insanlara dua edirlər. Əməlisalehlərə, yaxud asilik etməyən ağaca və daşa ibadət edənlər, günahkarlığı aşkar görsənənlərə ibadət edənlərdən bir qədər üstündürlər.
Üçüncüsü: Peyğəmbərin (s.a.v.) vaxtında yaşayan müşriklərin əksəriyyəti yaradılış (rübubiyyə) tövhidində deyil, ibadət (uluhiyyə) tövhidində Allaha şərik qoşardılar. İndiki vaxtda isə ibadətdə edilən şirklə yanaşı rübubiyyətdə də çox şirk olunur. Məsələn, indikilər kainatın idarəçiliyni, yaratmağı, öldürməyi və s. təbiətə aid edirlər.
Söhbəti çox önəmli bir məsələ ilə yekunlaşdırmaq istəyirəm. Bu məsələ deyilənləri insana dərk elətdirir. Tövhid qəlb ilə etiqad etmək, dil ilə demək və səbəblər götürüb əzalarla əməl etməkdir. Bu barədə heç bir fikir ayrılığı yoxdur. Əgər bunların biri olmazsa insan müsəlman hesab olunmur. Əgər bir insan tövhidi bilib ona əməl etmirsə o Firon və İblis kimi inadkar kafir sayılır.
Əksər insanlar bu məsələdə səhvə yol verərək deyirlər: "Deyilənlər doğrudur, amma biz bunu edə bilmirik. Camaat arasında, yaxud tayfamız yanında bunu edə bilmərik. Biz onlardan qorxaraq onlara müvafiq hərəkət etməli, üzlərinə gülməliyik. Amma bunu deyən fağır bilmir ki, küfr başçılarının əksəriyyəti haqqı bilirdilər, lakin müəyyən üzürlərə görə onu tərk etmişdilər. Necə ki, uca Allah buyurur: {Onlar Allahın ayələrini ucuz qiymətə satdılar, sonra da (insanları) Onun yolundan döndərdilər. Həqiqətən, onların gördükləri iş necə də pisdir! } (Tövbə: 9). Kim tövhidi başa düşmədən və qəlbən etiqad etmədən zahirdə ona əməl edərsə münafiq olar. Beləsi xalis kafirdən də pisdir. Uca Allah buyurur: {(Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!} (ən-Nisa: 145). Əgər insanların danışıqlarına fikir versən bu məsələ sənin üçün daha da aydın olar. Görürsən ki, biri Qarun kimi dünya mənfəətinin azalacağından ehtiyat edərək, yaxud Haman kimi ad-sanının itəcəyindən qorxaraq və ya Firon kimi mal-mülkünün əlindən çıxacağından çəkinərək haqqı bilib ona əməl etməyi tərk edir.
Bəzən də görürsən ki, bir qrup insanlar münafiqlər kimi batinən deyil, zahirən tövhidə əməl edirlər. Sən ondan qəlbi ilə nəyi etiqad etdiyini soruşduqda onun heç nə bilmədiyini aşkar edirsən.
Lakin sən Qurandan olan iki ayəni başa düşsən kifayət edər.
Birinci ayə: {(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz...} (Tövbə: 66). Peyğəmbərlə (s.a.v.) birlikdə Rumlulara qarşı döyüşə gedən bəzi insanlar zarafatla dedikləri sözə görə kafir olublarsa, mal-dövlətinin azalacağından və ya şan-şöhrətinin itəcəyindən qorxaraq, yaxud kiminsə xətrini qorumaq üçün küfr sözlər danışmaq zarafatla deyilən küfr sözdən daha da pisdir. Ona görə ki, adətən zarafat edən insan ətrafdakıları güldürmək məqsədi daşıdığı üçün dili ilə dediyini qəlbən etiqad etmir. Məxluq qarşısında qorxub və ya tamahkarlıq məqsədi güdüb küfr sözlər danışan isə şeytanın vədini təsdiqləmiş olur. {Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər,...} (əl-Bəqərə: 268). Həmçinin şeytanın əzabından qorxar. {Sizi yalnız o Şeytan öz dostlarından qorxudub çəkindirir...} (Ali İmran: 175). Rəhman olan Allahın {Allah isə sizə bağışlanmaq və bərəkət vədəsi verər...} (əl-Bəqərə: 268) - sözləri ilə dediyi vədəsini isə təsdiqləməz. Güc və qüvvət sahibi Allahın əzab vədindən qorxmaz. {Amma siz onlardan qorxmayın! Məndən qorxun!} (Ali İmran: 175). Hal-vəziyyəti belə olan insan Allahın dostu olmağa layiqdir, yoxsa şeytanın?!.
İkinci ayə: Uca Allah buyurur: {Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!} (ən-Nəhl: 106). Uca Allah bu məqamda yalnız qəlbi imanla sabit olub küfr olan sözü deməyə məcbur edilənləri istisna etmişdir. Bundan başqası isə istər qorxudan, istər tamahkarlıqdan, istər kiminsə xətrini qorumaqdan, istər vətəninin, ailəsinin və ya malının sevgisinə görə, istərsə də zarafatla küfr sözlər işlətsə üzürlü sayılmır. Yalnız məcbur edilən kimsələr üzürlü hesab oluna bilərlər. Ayə isə onu göstərir ki, insan söz və əməldə məcbur ola bilər. Qəlbdə isə onu heç kəs məcbur edə bilməz. Uca Allah buyurur: {Bu ona görədir ki, onlar dünyanı (fani dünya malını) axirətdən (axirət nemətlərindən) üstün tutarlar. Allah kafirləri doğru yola salmaz!} (ən-Nəhl: 107). Bu ayədə açıq-aşkar bildirilir ki, burada əzab etiqada, cahilliyə, dinə nifrətə və ya küfrü sevməyə görə deyil, dünya mənfəətini qazanıb onu dindən üstün tutmağa görədir. Daha doğrusunu Allah bilir.
Allah səni doğru yola yönəltsin, bütün bu deyilənlərdən sonra sənin Rəbbinə tövbə etmək, Ona qayıtmaq və etdiklərindən əl çəkmək vaxtın çatmayıbmı. Eşitdiyin kimi məsələ bir tərəfdən çox təhlükəli, digər tərəfdən isə ciddi və önəmlidir.
Əbdünnəbi: Mən Allahdan bağışlanma diləyir və tövbə edirəm. Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, Muhəmməd isə Onun elçisidir. Mən Allahdan başqa ibadət etdiklərimin hamısını inkar edirəm. Allahdan istəyirəm ki, keçmiş günahlarıma görə məni üzürlü saysın, bağışlasın. Mənə qarşı Öz lütfkarlığı, mərhəməti və bağışlaması ilə davransın. Onunla görüşənə qədər məni tövhid və doğru əqidədə sabitqədəm etsin. Qardaşım Abdullah, belə gözəl öyüd-nəsihətə və "Əbdünnəbi" adıma etiraz etdiyinə görə Allah sənə də gözəl mükafat bəxş etsin. Doğrudan da din nəsihəti tələb edir. Onu da deyim ki, mən artıq adımı dəyişib "Əbdürrəhman" adını götürdüm. Eləcə də mənim daxili pisliklərimi, batil etiqadımı mənə bildirdiyin üçün sənə təşəkkür edirəm. Halbuki əgər mən belə etiqadla Allahın hüzuruna gəlsəydim heç vaxt nicat tapmazdım.



TƏRCÜMƏ
ABDUR-RAHİM MURADLI
Blogger tarafından desteklenmektedir.