Mənhəcin əsasları

Titulo

23.03.2016

Səhabələr ətrafında yayılmış şübhələr və onlara cavab: Üçüncü şübhə və cavabı


Üçüncü şübhə: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Hüdeybiyyə ilində ümrə etmək üçün getdiyi vaxt Qureyşlilərlə sülh bağladı və ümrə etmədən geri qayıtdı. O, öz səhabələrinə saçlarını qırxıb, qurbanlarını kəsməyi əmr etdi. Səhabələr onun bu sözünə əməl etmədikdə, qəzəbləndi. Sonra qəzəbli halda yoldaşı Ummu Sələmənin yanına getdi. Ummu sələmə onun qəzəbli olduğunu görüb dedi: Səni kim qəzəbləndirib? Allah onu qəzəbləndirsin! Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Nə üçün də qəzəblənməyim. Mən əmr edirəm, lakin əmrimə tabe olan yoxdur[1].

Bidətçilər deyirlər ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələri onu qəzəbləndirirlər. Belə insanların ədalətli olmaları mümkün deyildir.
Birinci cavab: Elə həmin rəvayətdə Urva ibn Məsud qeyd edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) tüpürdüyü zaman tüpürcəyi yerə düşmədən səhabələr onu götürərdilər. Mən, Qeysərin, Kisranın və Nəcaşinin krallığını görmüşəm. Lakin heç birinin öz malikanəsində, Məhəmmədin səhabələrinin Məhəmmədi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) təzim etdikləri kimi, təzim edildiyini görməmişəm[2].
Bu, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin itaətsizlikləri deyil. Onlar, Beytül Hərəmə getmək arzusunda idilər. Onlar ümid edirdilər ki, bəlkə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz fikrini dəyişər, yaxud Allah təala vəhy nazil edib Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Məkkəyə daxil olmağı əmr edər. Ona görə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmrini yetirməyi ləngitdilər. Buna dəlalət edən məqam Ummu Sələmənin (Allah ondan razı olsun) hikmətli davranışı idi. O bu vəziyyətin şahidi olduqda Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Sən saçını qırx və qurabınını kəs.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) çıxıb saçını qırxdı və qurbanını kəsdi. Bundan sonra bütün səhabələr, ikinci əmr verilmədən saçını qırxıb, qurbanlarını kəsdilər. Demək onların məqsədi Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) itaətsizlik göstərmək deyildi. Çünki onlar Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) saçını qırxıb, qurbanı kəsdiyini gördükdə başa düşdülər ki, artıq iş bitib və Məkkəyə qayıtmağa ümid kəsilib. Bundan sonra onlar, Allahın əmrinə tabe olaraq saçlarını qırxıb, qurbanlarını kəsdilər. Sonra bu ayələr nazil oldu: "(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı"[3].
Həmçinin bu ayəni də nazil etmişdir. "Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!"[4]
Hudeybiyyə sülhündən sonra Allah təala Fəth surəsini bütünlüklə nazil etdi və bu hadisəni fəth adlandırdı. Bu Allahın Öz Peyğəmbərinə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bəxş etdiyi həqiqi fəth idi.
İkinci cavab: Həmçinin demək olar ki, bu ayəni haqqında danışılan məsələyə aid yalnız rafizilər dəlil gətirmişlər. Xəvariclər, Nasibilər və Mötəzililər bu ayəni dəlil gətirməmişlər. Həmçinin xəvariclər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) özlərinə qarşı döyüşən bəzi səhabələrini kafir sayırlar. Mötəzililər isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səffeyn və cəməl döyüşlərində iştirak edən səhabələrinin ədalətli olmasına etiraz edirlər.
İndi isə rafizilərə deyirik: (Hudeybiyyə sülhündə) Əli də onlarlaydı, yoxsa yox?
Sünnilərin və rafizilərin yekdil rəyinə əsasən Əli (Allah ondan razı olsun) də onlarla idi. Hətta Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Suheyl ibn Amr arasında imzalanan sülh müqaviləsini o yazmışdı. Əli də (digərləri kimi, ilk əvvəl) nə saçını qırxdı nə də qurbanını kəsdi. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələri üçün eyib sayılan, Əli üçün də eyib sayılır. Amma biz, nə Əlini nə də digər səhabələri məzəmmət etmirik. Həmçinin Əli (Allah ondan razı olsun) sülh sazişini yazarkən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) adını silməsi haqda etdiyi əmrini yerinə yetirməmişdi. Məgər, buna görə Əli məzəmmət olunur?!


[1] Sünən ən-Nəsai əl-Kubra: 10017, Sünəni İbn Macə: 2982. Müsnədi Əhməd: 18052. Əbu Yəla: 1672.
[2] Səhih əl-Buxari: Kitabuş Şurut, Bab, Əş-Şurutu Fil Cihad, 2581.
[3] əl-Fəth: 18.
[4] əl-Fəth: 29.
Blogger tarafından desteklenmektedir.