Mənhəcin əsasları

Titulo

20.03.2016

Səhabələrin ədalətli olmasına etiraz edənlər kimlərdir?



Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin ədalətinə dörd təriqət etiraz etmişdir.

  • Birinci: Rafizilər. 
  • İkinci: Xəvariclər. 
  • Üçüncü: Nasibilər. 
  • Dördüncü: Mötəzililər.

Onlar bu əsaslarla, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin adilliyinə etiraz edirlər.
Birinci: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bəzi səhabələrinin günah işlər görməsi.
İkinci: Quran və sünnə dəlillərinə əsasən bəzi səhabələrin münafiq olmalarını iddia edirlər.
Üçüncü: Onların ədalətli olmalarını deməklə, hamısını bir səviyyədə tutmuş oluruq. Bizə görə hamının bir səviyyədə olması məqbul sayılmadığı üçün, onların ədalətli olmaları da qəbuledilməzdir.
Dördüncü: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütün səhabələrinin ədalətli olmasına heç bir dəlilin olmadığını iddia edirlər.

Deyilən şübhələrin cavabı belədir:...

Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bəzi səhabələrinin günah işlər görməsi barədə deyilənlərə gəldikdə biz deyirik: Onların günah işlər görməsi, ədalətli olmalarına zərər vermir. Bizim etiqada görə onlar, ədalətlidirlər, məsum (xətasız) deyillər.
Quran və sünnə dəlillərinə əsasən bəzi səhabələrin münafiq olmaları haqqında dedikləri sözlər yalandır. Münafiqlər səhabələrdən deyildilər. Şəriət məfhumunda səhabə, iman gətirib, Peyğəmbərlə görüşən və müsəlman olaraq ölən kimsədir. Münafiqlər nə Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) görüşərkən nə də ölərkən mömin deyildilər. Bu əsasla onlar səhabə tərifinə daxil deyillər.
Onların ədalətli olmalarını demək, hamısını bir səviyyədə görməkdir, sözləri doğru deyildir. Bu heç uyğun gəlmir. Biz deyirik ki, onlar ədalətlidirlər və onların bəziləri digərlərindən üstündür. Əbu Bəkr (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütün səhabələrindən üstündür. Ondan sonra Ömər, sonra Osman, sonra Əli, sonra cənnətlə müjdələnən on nəfər, sonra Bədr döyüşündə iştirak edənlər, daha sonra ağac altında beyət edənlər və s. Demək istəyirik ki, səhabələr üstünlük baxımından eyni səviyyədə deyillər. Elə bu haqda Allah təala buyurur: "(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!"[1]
Əgər Quran ayəsinə görə peyğəmbərlər bərabər səviyyədə deyillərsə bəs səhabələr necə? Bu haqda Allah təala buyurur: "(Ya Rəsulum!) Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik..."[2]
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütün səhabələrinin ədalətli olmasına heç bir dəlilin olmadığını haqqında deyilənlərə gəlincə, biz bu haqda Quran və sünnədən bəzi dəlilləri əvvəldə qeyd etmişik. Heç şübhəsiz ki, bidət əhli bu haqda bəzi dəlillər gətirmişlər. Lakin biz onların dəlillərindən öncə Allahın bu ayəsini qeyd edirik: "(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: "Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır", - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər"[3].
Səhabələrin ədalətli olmadıqlarını deyənlər Allahın kitabından və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sünnəsindən şübhələr gətirirlər.
Allahın izni ilə gələn məqalələrimizdə onların gətirdiyi şübhələrə nəzər salıb cavablandıracağıq.



[1] əl-Hədid: 10.
[2] əl-Bəqərə: 253.
[3] Ali İmran: 7.

Blogger tarafından desteklenmektedir.