Mənhəcin əsasları

Titulo

22.04.2016

Çatdırılan hüccətin başa düşülməsi şərtdir


Möhtərəm oxucu, dəvət imamlarının (Allah onlara rəhmət etsin) müəyyən insana hüccət çatdirmaq haqqinda sözlərini nəql etdikdən sonra, mübahisələrə səbəb olan digər bir məsələyə keçirik. Bu, "Hüccəti başa düşmək" mövzusudur. Yəni, hüccətin çatdırılması ilə bərabər onun başa düşülməsi vacibdirmi?



Bəziləri, dəvət imamlarının bir neçə sözlərindən hüccətin başa düşülməsinin zəruri olmadığını anlamışlar. Amma bununla, həmin alimlərin məqsədləri səhv başa düşülüb. Əqidə və digər mövzularda həqiqətdən kənar düşmüş insanlara, sadəcə Quranı və hədisləri oxumaqla hüccətin çatmasını demək, bu alimlərin məqsədi deyildir. Buna dəlil, Şeyxülislam Məhəmməd ibn Əbdülvahhabın (Allah ona rəhmət etsin) bu sözləridir. O demişdir: "Biz, cahilliyi və bixəbər olması[1] ucbatından Əbdülqadirin, Əhməd əl-Bədəvinin və bu kimi qəbirlərin üzərində ucaldılan bütlərə ibadət edənlərə kafir demirik. Necə ola bilər ki, bizim torpaqlara hicrət (köç) etməyən, kiməsə kafir deməyən, döyüşlərdə iştirak etməyən Allaha şərik qoşmayan insanlara kafir deyək?! "…Aman (Allah)! Bu, çox böyük bir böhtandır!..."[2]
Digər bir məqamda isə demişdir: "Biz, şirkin batil olması haqqında hüccət çatdırdıqdan sonra yenə də uluhiyyətdə (ibadətdə) Allaha şərik qoşanları kafir sayırıq. Həmçinin insanları şirkə təşviq edənləri, yaxud onun icazəli olmasını isbatlamaq üçün batil şübhələr gətirənləri, öz silahı ilə Allaha şərik qoşulan məbədlərin müdafiəsinə qalxanları, şirki inkar edənlərə qarşı döyüşənləri və tövhidi boğmağa çalışanları kafir sayırıq. Sığınacağımız yalnız Allahadır. Vəssalam!"[3]
Şeyx Süleyman ibn Suhman deyir:
"Müsəlmana kafir demək məsələsi haqqında demişdik ki, "Vahhabilər" müsəlmanlara kafir demirlər. Şeyx Məhəmməd ibn Əbdülvahhab (Allah ona rəhmət etsin) kiməsə kafir deməkdən çəkinər və ehtiyat edərdi. Hətta o, dinini öyrənməsi üçün özünə yol göstərən[4] və ona hüccət çatdıran (hansı ki, bu hüccətə qarşı çıxan kafir olar) bir insanın olmadığı halda cahilliyindən Allahdan başqasından, qəbirlərdən və sairədən kömək diləyənlərin kafir olmasını deməkdə ehtiyat etmişdir. O, yazdığı məktubların bəzisində deyir: Biz, cahilliyi və bixəbər olması ucbatından kəvvazın qübbəsinə ibadət edənlərə kafir demirik. Şeyx təkid edərək deyir ki, kim, hüccət çatandan və onu öyrənmək üçün imkanı olandan sonra qəbirlərə ibadət edərsə, o kafir olur"[5].
Bu rəyi Şeyx Abdullah ibn Məhəmməd ibn Əbdülvahhab (Allah onlara rəhmət etsin) da dəstəkləyir. Belə ki, ona verilən sualın cavabında deyir:
"Allaha və rəsuluna iman gətirən insan, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şəriəti barəsində cahilliyi üzündən əməldə və ya etiqadda küfr edərsə bu insan bizə görə kafir sayılmır. Biz belə bir insana şəriət dəlilləri ilə hüccət çatana qədər kafir demirik. Elə hüccət ki, onu eşidəndən sonra ona müxalif olan kafir olar. Əgər ona hüccət çatdırılarsa və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurduqları bəyan edilərsə və hüccət çatdıqdan sonra yenə də öz dediklərində israrlı olarsa o zaman kafir olar. Çünki küfr, bəzi hallarda Allahın kitabına və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sünnəsinə müxalif çıxmaqla olur. Bu, bütün alimlər tərəfindən ümumi anlamda qəbul edilmiş bir qaydadır... Quran yetişən hər bir insana artıq Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hüccət çatmışdır. Lakin cahil insana bunu çatdırmaq üçün onu öyrədən elm adamı lazımdır. Allah daha yaxşı bilir"[6].
(Gördüyünüz kimi burada da şeyx (Allah ona rəhmət etsin), cahilliyi, müəyyən bir insanın kafir olduğunu deməyə bir maneə olaraq qeyd edir. Belə ki, o adam Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) gətirdiyi şəriəti bilənə və ona çatdırılana qədər cahilliyi ilə üzürlü sayılır).
(Həmçinin üçüncü başlıqda): "Tövhid əqidəsinə, İslamın beş əsasına və imanın altı şərtinə əməl edib dünyasını dəyişən insan haqqında soruşulmuşdur. Belə ki, (ölmüş adamlardan) kömək istəyən, onlara dua və təvəssül edən, əvvəldə deyilən iki hədisə[7] əsaslanaraq cahilliyi və ya axmaqlığı ucbatından Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz duasında vasitəçi qoşub dua edən insanın hökmü nədir?
Cavab: "Biz ölmüş insandan kömək istəyənlər haqqında danışmışdıq. Bu əməllə, duada təvəssül etmək arasında olan fərqi də qeyd etmişdik. Demişdik ki, ölmüş insandan dua edib kömək istəmək, ehtiyacların ödənilməsini tələb etmək, qəm-kədərin aparılmasını diləmək Allah və rəsulunun haram buyurduğu böyük şirkdən sayılır. Bütün ilahi kitablar və Peyğəmbərlərin dəvəti bu kimi əməllərin haramlığını, belə əməl sahiblərinin kafir olmasını, onlardan uzaq olmağı və bu əməllərinə görə onlara qarşı çıxmağı birmənalı olaraq qəbul edir.
Lakin, fətərat vaxtı (dini anlayışların zəiflədiyi vaxtlarda) və cahilliyin çoxaldığı bir zamanda fərdi insan hüccət çatana qədər bununla kafir olmur. Belə ki, bu kimi insanalara şəriət dəlilləri açıqlanmalı, bu əməlin Allah və rəsulunun haram buyurduğu böyük şirkdən olduğu bildirilməlidir. Əgər ona hüccət çatarsa, Quran ayələri və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədisləri ona çatdırılarsa, bundan sonra yenə də öz şirkində davam edərsə kafir olar. Amma cahillik üzündən, özünə bu haqda bir məlumat verilməyən insanın bu əməli küfrdür, lakin onun özünə isə hüccət çatdırılmadan önvə kafir hökmü verilmir. Ona hüccət çatandan sonra etdiyi şirk əməlində israrlı olarsa, Lə İləhə illəllah Muhəmmədən rəsuləllah kəlməsinə şəhadət verib, namaz qılıb, zəkat çıxarıb, imanın altı əsasına iman gətirsə də artıq kafir olar"[8].
Şeyx Əbdüllətif ibn Əbdürrəhman, Şeyxülislam İbn Teymiyyənin (Allah ona rəhmət etsin) bu sözünə əlavə edərək deyir): Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyir: "...Lakin son zamanlar bir çox insanlarda şəriət haqqında cəhalətin çoxalması, elmin azalması onlara bu əməllərə görə kafir deməyə imkan vermir. Onlara kafir demək üçün Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şəriətini və ona müxalif olan fikirləri bəyan etmək lazımdır"[9].
Şeyxin bu sözlərindən sonra Əbdüllətif ibn Əbdürrəhman deyir: "Şeyximiz[10] ümmətin alimlərini örnək tutub, onların dediklərinə uyğun şəkildə bu əqidəni təsdiq etmiş və açıqlamışdır. O, hüccət çatdırmadan və dəlilləri isbat etmədən heç kəsə kafir deməmişdir. Hətta o, dinini öyrənməsi üçün özünə yol göstərən və ona hüccət çatdıran bir insanın olmadığı halda cahilliyi ucbatından qəbirlərdən kömək diləyənlərin kafir olmasını deməkdə ehtiyat etmişdir. İbn Teymiyyənin (Allah ona rəhmət etsin) dediyi "...Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şəriətini və ona müxalif olan fikirləri bəyan etmək lazımdır" bu sözlərin məğzi də elə budur[11].
(Məcmuətur Rəsail ən-Nəcdiyyə kitabında (cild 5, səh 638) Məhəmməd Rəşid Riza, Şeyx Məhəmməd ibn Əbdülvahhabın sözündən bu sitatı gətirir. Orada deyilir: "... Hüccətin çatması, həmin insanın hüccəti Allahın hidayət verdiyi və müvəffəq etdiyi müti kimsələrin başa düşdüyü kimi tam şəkildə anlaması mənasına gəlmir". Daha sonra Şeyx Məhəmməd Rəşid Riza kitabın haşiyəsində bu sözə açıqlama verərək deyir: "Şeyxin bu yerdə (tam şəkildə anlaması) sözünü qeyd etməsi onun bir çox məqamlarda ümumi mənada dediyi sözlər ətrafında yaranmış şübhələri açıqlayır. Bəzi Nəcd alimləri onun ümumi sözlərini əsas tutaraq deyirlər ki, təkcə quranın yetişməsi ilə insanlara hüccət çatır. Həmin insanların onu başa düşməsi heç bir əhəmiyyət kəsb etmir. Amma bu nə ağılla nə də Quranın bu ayəsi ilə uzlaşmır. Allah təala buyurur: "Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa ..."[12]. Tədqiqatçı alimlər bu ayəyə əsasən deyirlər ki, dəvətin dəlilləri ilə başa düşülməsi hüccətin çatdırılması üçün bir şərtdir.
(Əziz oxucu! Hüccətin çatdırılması və onun başa düşülməsi haqqında sənə təqdim etdiyim bu sözlər dəvət imamlarının metodudur. Bu elə uzaq və yaxın keçmişdə yaşamış İbn Teymiyyə, İbn əl-Qeyyim və onlar kimi digər hədis alimlərinin də dəvət metodudur. İndi isə bu məsələ haqqında həmin alimlərin sözlərini sənə təqdim edirəm.)
Hədis elmində möminlərin əmiri olan Məhəmməd ibn İsmail əl-Buxari Səhih əsərinin "İstitabətul Murtəddin" adlı bölümündə belə bir fəsil qeyd edir: "Bab qətlul xəvaric vəl mulhidin bədə iqamətil huccəti aleyhim..." "Xəvariclərin və digər inadkarların (mulhidlərin) hüccət çatdırdıqdan sonra öldürülməsi və Quranın bu ayəsi: "Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları (haqq yolundan) sapdırmaz!..."[13] - haqqında fəsil."
Əl-Eyni adlı alim deyir: "Buxari bu ayə ilə demək istəyir ki, xəvariclərin və digər inadkarların (mulhidlərin) öldürülməsi, onlara hüccət çatdırdıqdan və əsas götürdükləri dəlillərin batil olmasını isbat etdikdən sonra vacib ola bilər. Buna dəlil isə deyilən ayədir. Çünki ayənin mənasına görə Allah, Öz bəndələrinə nəyi edib - etməmək haqqında xəbərdarlıq etmədən onları cəzalandırmaz"[14].
İmam Şafii (Allah ona rəhmət etsin) deyir: "Allah təalanın Öz kitabında dediyi və Peyğəmbərinin xəbər verdiyi ad və sifətləri vardır. Hüccət çatdıqdan sonra məxluqat içərisində heç kəsin bunu inkar etməyə haqqı yoxdur. Çünki bu, Quranda nazil olmuş, ədalətli rəvayətçilərin Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) nəql etdikləri səhih hədislərdə öz təsdiqini tapmışdır. Özünə hüccət çatandan sonra buna qarşı çıxan artıq kafir olar. Hüccət çatmadan öncə o cahilliyi ilə üzürlü sayılır. Çünki bu, əqli, nəzəri və ya fikrən dərk olunan bir elm deyildir. Bu haqda cahil olan heç bir kəsə kafir hökmü vermək olmaz. Bu yalnız hüccət çatdırdıqdan sonra mümkündür"[15].
İbn Qudamə əl-Məqdisi (Allah ona rəhmət etsin), Allahın haram etdiyi bəzi əməlləri yozumlu düşüncələrə əsasən halal görən lakin bununla kafir olmayan bir neçə sələf haqqında danışdıqdan sonra deyir:
"Bu adamların vəziyyətində olanlara da belə münasibət bəslənir. Həmçinin hər hansı bir insana, barəsində cahil ola biləcəyi bir məsələyə görə kafir deyilməz. Yalnız, bunu (yəni, əməlinin küfr olduğunu) biləndən və şübhəsi dəf ediləndən sonra halal görərsə, o zaman kafir olar"[16].
Digər bir məqamda isə deyir: "Kim, İslamda yeni olduğundan, yaxud uzaq bir kənddə yaşadığından cahil olub, onun (yəni, zəkatın) vacibliyini inkar edərsə, həmin hökmün vacib olması ona öyrədilməlidir. Lakin ona kafir hökmü verilmir. Çünki o, üzürlüdür"[17].
Mövzu ilə əlaqədar, sünnənin səhih dəlillərindən bir neçə sənədlə Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət olunmuş bu hədisi qeyd etmək olar. "Qiyamət günü dörd qism insan: kar, dəli, əldən düşmüş qoca və fətərat zamanında[18] yaşayanlar - Allaha irad tutacaqdır.
Kar insan deyəcəkdir: Ey Rəbbim, İslam dini gəldiyi anda mən kar idim.
Dəli insan deyəcəkdir: İslam dini gəldiyi vaxt uşaqlar məni peyinlə vururdular.
Əldən düşmüş qoca deyəcəkdir: İslam dini gəldiyi zaman mən ağlımı itirmişdim.
Fətərat vaxtı ölən isə deyəcəkdir: Ey Rəbbim, mənə, Sənin peyğəmbərin gəlməmişdir.
Allah təala bu dörd qism insanlardan Ona itaət edəcəkləri haqda əhd alır və sonra onlara oda girmələrini əmr edəcək bir elçi göndərir.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: Canım əlində olan Allaha and olsun, əgər onlar oda daxil olsalar atəş onlar üçün bir nemətə və sərinliyə çevrilər. Oraya daxil olmayanlar isə məcburən oraya sürüklənər.
Daha sonra Əbu Hureyrə (Allah ondan razı olsun) dedi: İstəyirsiniz bu ayəni oxuyun. Allah təala buyurur: "...Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!"[19]
Bu hədis dəlalət edir ki, Allah təala Öz bəndələrinə yalnız şəriəti bəyan etdikdən və hüccəti çatdırdıqdan sonra cəza və əzab verir[20].
İbn əl-Ərəbi deyir: "Bu ümmətin cahilləri və xəta edənləri, insanın müşrik və ya kafir olmasına səbəb olan, hər hansı bir küfr və ya şirk edərlərsə, əmması qalmayan açıq-aşkar hüccət çatana qədər, onlar, cahillikləri və xətaları ilə üzürlü sayılırlar. Elə hüccət ki, onu eşidəndən sonra ona müxalif olan kafir olar. Belə ki, bundan sonra bütün İslam alimlərinin, qəti olaraq yekdilliklə İslam dininin önəmli əsaslarından saydıqları və hər bir sıravi müsəlmanın düşünüb araşdırmadan bu əməlin dinin əsaslarından olduğunu bildikləri bir işi inkar edən kimsə, kafir olar"[21].
(Şeyxülislam İbn Teymiyyə kiməsə kafir və ya fasiq demək haqqında danışdıqdan sonra deyir):
"Bu və buna bənzər cahil insanlara, fərdi şəkildə şəriət dəlilləri ilə hüccət çatdırılana qədər kafir demək olmaz. Məhz hüccət çatdıqdan sonra həmin insanların peyğəmbərlərə müxalif olduqları aşkar ediləcəkdir. Onların danışdıqları sözlərin küfr olması şübhə doğurmur. Lakin hər bir fərdi insanın kafir sayılması üçün qayda belədir. Bidətlərin birinin digərindən daha pis olması bir faktdır. Bəzi bidətçilərdə müşahidə olunan iman gücü, digərində müşahidə olunmur. Hüccət çatdırılana və həqiqət bəyan edilənə qədər, heç kəsin səhv edən müsəlmana kafir deməyə haqqı yoxdur. İman gətirdiyi yəqinliklə bəlli olan kimsənin imanı, şəkk etməklə getməz. Onun imanı, hüccət çatdıqdan və şübhəsi dəf edildikdən sonra gedər"[22].
(Şeyxülislam İbn Teymiyyə bidətçilərin və nəfsi istəklərinə uyanların arxasında namaz qılmağın hökmü haqqında danışarkən deyir):
"Həqiqətdə məsələ belədir: Ola bilər deyilən söz küfr olsun və belə bir söz deyən insanın ümumi ifadələrlə kafir olması deyilsin. Məsələn, "Kim belə deyərsə o kafirdir". Lakin bunu deyən fərdi insanın kafir olmasına hökm vermək olmaz. Bunun üçün ona hüccət çatdırılmalıdır. Elə bir hüccət ki, ona qarşı çıxan artıq kafir olar. Bu qayda Qurani Kərimin əzab vəd edən ayələrinə də aiddir. Belə ki, Allah təala buyurur: "Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər."[23] Bu və digər belə əzab vəd edən dəlillər haqdır. Lakin müəyyən bir insanın belə əzaba düçar olmasını demək olmaz. Ümumiyyətlə Qiblə əhli sayılan müəyyən bir insanın cəhənnəmlik olmasına şahidlik edilməz. Çünki ola bilər, onun barəsində əzabın haqq olmasına aid şərtlər tamamlanmasın, yaxud bu əzaba mane olan səbəblər olsun. Məsələn, bəlkə etdiyi əməlin haram olmasını eşitməyib, yaxud tutduğu haram işdən tövbə edib, ola bilər qazandığı böyük savablar etdiyi haram işin günahını yusun, həmçinin ola bilər başına gələn müsibətlər günahının bağışlanmasına səbəb olsun və ya Allahın razılıq verdiyi kimsə ona şəfaətçi olsun. Deyilən insanı kafir edən sözlər də belədir. Ola bilər kiməsə haqqı bilməsi üçün şəriət dəlilləri yetişməyib, yaxud ola bilər dəlillər ona çatıb lakin onların mötəbərliyinə əmin olmayıb, bəlkə onları başa düşmək imkanı olmayıb və ya onun qarşısına qoyulan şübhələrə görə Allah təala onu üzürlü saysın. Haqqı axtarmaq üçün ictihad edib, səhv nəticəyə gələn hər bir möminin səhvi, Allah təala tərəfindən bağışlanır. Bunun elmi və ya nəzəri məsələlərdə olmasının fərqi yoxdur. Bu Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin və bütün İslam alimlərinin görüşüdür. Onlar, inkar baxımından əməlləri hissələrə bölməmişlər. Əsas əməlləri inkar edənin kafir, ikinci dərəcəli əməlləri inkar edənin isə kafir olmaması görüşünü dəstəkləmirlər"[24].
Şeyxülislam ibn Teymiyyə (Allah ona rəhmət etsin) digər bir məqamda deyir:
"Allaha və rəsuluna mütləq şəkildə iman gətirib lakin haqqı tanıması üçün yetərli elmə sahib olmamış bir insan küfr əməl edərsə, ona hüccət çatana qədər kafir hökmü vermək olmaz. Elə bir hüccət ki, ona qarşı çıxan artıq kafir olar. Çünki əksər insanlar Quranın açıqlamasında səhvə yol verir, Quran və sünnənin bir çox məqsədləri barəsində cahilliyə yol verirlər. Bu ümmət etdikləri xəta və unutqanlığa görə günah daşımırlar. Həqiqət bəyan edildikdən sonra kiməsə kafir hökmü verilə bilər"[25].
Yenə də, İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyir:
"... İstiğasə (kömək istəmək) iki məna daşıyır: Birinci, Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona layiq təqdirdə kömək istəməkdir. Heç bir müsəlman bu barədə ixtilaf etmir. Kim bu mənanı inkar edərsə, əgər inkar etdiyi məna İslamdan çıxaran bir məsələdirsə bununla o kafir olar, yaxud da səhv edib haqq yoldan azar. İkinci, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) inkar etdiyi istiğasəni isə inkar etmək vacibdir. Kim Allahın vahid haqqı sayılan bir işi başqasına nisbət edərsə o insan da, hüccət çatdırılandan sonra kafir olar. Elə hüccət ki, onu eşidəndən sonra onu tərk edən, kafir olar"[26].
(Şeyxülislam İbn Teymiyyə, Bəkriyə rədd cavabı yazarkən eynilə bu sözləri demişdir):
"Elə buna görə də elm və sünnə əhli özlərinə müxalif olanlara kafir demirdilər. Müxaliflərinin onlara kafir deməsinə baxmayaraq onlar yenə də müxaliflərinə bu hökmü vermirdilər. Çünki kiməsə kafir hökmü kəsmək şəriət qaydasıdır. Heç kəs bunu qarşılıq olaraq öz müxalifinə deyə bilməz. Sənə qarşı yalan danışana, sənin ailənlə zina edənə qarşılıq verərək, ona qarşı yalan danışmağa və ya ailəsi ilə zina etməyə haqqın yoxdur. Çünki yalan danışmaq və zina etmək Allahın haram buyurduğu bir haqqıdır. Eləcə də kiməsə kafir demək Allahın haqqıdır. Allah və rəsulunun kafir dediyi kimsələrdən başqasına kafir deməyə heç kəsin haqqı yoxdur. Həmçinin fərdi insanın kafir olmasını vurğulamaq və onun öldürülməsinin icazəli olması həmin insana peyğəmbərin şəriəti ilə hüccətin çatdırılmasından sonra ola bilər. Elə bir hüccət ki, ona qarşı çıxan kafir olar. Dinin hansısa bir sahəsində cahil olan insan bununla kafir olmaz. Belə ki, Qudamə ibn Məzun və dostlarından ibarət bir qrup səhabə və tabiinlər Qurani Kərimin əl-Maidə surəsindəki bu ayəni[27] yozumlu şəkildə başa düşərək içki içməyin halal olduğunu deyirdilər. Onlar ayədən elə başa düşürdülər ki, yaxşı işlər görən insana içki içmək halaldır. Ömər, Əli və digər səhabə alimlər yekdil olaraq belə bir fikrə gəldilər ki, bu insanlardan tövbə etmək tələb olunmalıdır. Əgər onlar düşdükləri şübhədən dolayı ilk əvvəl yenə də içkini halal görməkdə israr etsələr, haqq çatdırılana qədər onlara möhlət verilməlidir. Əgər bundan sonra yenə də inkar etsələr o zaman artıq kafir olarlar. İki səhih kitabda öz əhl-əyalına öləndən sonra yandırılıb külünün göyə sovrulmasını əmr edən insanın hədisi qeyd edilmişdir.
Hədisdəki insanın etiqadına görə dediyinin icrasından sonra Allah təala onu bir daha yenidən diriltmək iqtidarında deyil, bir daha onu dirildə bilməyəcəkdir. Yaxud o adam bu etiqadının icazəli olduğunu düşünmüşdür. Hər iki hal küfrdür. Lakin bu insan cahil idi. Bu insana, müxalif olacağı təqdirdə kafir sayılacaq, yetərli haqq çatmamışdı. Buna görə də Allah təala onu bağışladı. Ona görə mən, Allahın Ərşi üzərində olduğunu inkar edən hüluliyyə əqidəsini daşıyan cəhmiyyəlilərin fitnəsi baş verən zamanlar onlara deyirdim: Əgər mən sizin dediklərinizlə razılaşsam kafir olaram. Çünki mən, sizin bu sözünüzün küfr olduğunu bilirəm. Amma mənə görə siz kafir sayılmırsınız. Çünki, siz cahilsiniz. Bu xitab, onların alimlərinə, qazilərinə, şeyxlərinə və əmirlərinə deyilən bir xitab idi"[28].
Şeyxülislam İbn Teymiyyə, deyir:
"Ola bilər əksər insanlar, peyğəmbərlərin gətirdikləri bir çox elmlərin unudulduğu zaman və məkanda yaşasınlar. Hətta bu yerlərdə, Allahın Öz Peyğəmbərinə göndərdiyi kitabı və hikməti (şəriəti) təbliğ edəcək bir insan da qalmaya bilər. Bunun nəticəsində həmin insan, Allahın Öz Peyğəmbərinə göndərdiyi kitab və hikmət (şəriətin) haqqında çox bilməsin və onu öyrədəcək bir insan da olmasın. Bu kimi insanlar bununla kafir olmurlar. Ona görə alimlər yekdilliklə vurğulayırlar ki, kim elm və iman əhlindən uzaq olan bir kənddə böyüməsi, yaxud İslamda yeni olması səbəbi ilə şəriətin əsaslı dəlilləri ilə təsdiq edilmiş hansısa bir hökmünü[29] inkar edərsə, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu haqda buyurduğunu ona çatdırana qədər, ona kafir hökmü verilmir"[30].
İbn Teymiyyədən (Allah ona rəhmət etsin), (onun vaxtında) üzlərini qırxmaqla tanınan Qələndəriyyə firqəsi haqqında soruşurlar: Onlar kimlərdir? Hansı təriqətdən sayılırlar? Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), onların şeyxsi Qələndərə üzüm yedizdirməsi və onunla qeyri ərəb dilində danışması haqqında olan etiqadlarına nə deyə bilərsiniz?
Cavabında deyir: "Üzlərini qırxmaqla tanınan Qələndəriyyəlilər yolunu azmışlardan və cahillərdəndir. Onların əksəriyyəti Allaha və rəsuluna qaşı küfr edənlərdir. Onlar namazın, orucun vacibliyini qəbul etmir, Allah və rəsulunun haram buyurduqlarını haram saymır, haqq dinə itaət etmirlər. Onların əksəriyyəti yəhudi və xaçpərəstlərdən daha kafirdirlər. Onlar nə müsəlman nə də zimmi sayılmırlar. Ola bilər onların arasında, yolunu azmış bidətçi, pis əməllərə uyan fasiq müsəlmanlar da olsun. Qələndərin, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında olduğunu deyən, yalançı və iftiraçıdır. Şeyx Əbu Hafs əs-Səhrurdinin Əvarif adlı əsərində dediyinə əsasən, bu insanlar, farsların ibadətkar təbəqəsi olublar. Belə ki, onlar, fərz əməlləri edib haramlardan çəkindikdən sonra, öz nəfslərinə rahatlıq axtarardılar. Daha sonra onlar vacibləri tərk edib, haramları etməyə başladılar. Onlar bu işdə, etdikləri yaxşı işləri gizlədən, özlərini əməlisalehlər kimi göstərməmək üçün varlılar kimi geyinib, başlarına əmmamə qoyan və bu niyyətlərinə görə savab qazandıqlarını iddia edən "əl-Mələmiyyə" adlı təriqətə daha çox bənzəyirlər. Bundan sonra bir qrup insanlar peyda olub, şəriətin bəyənmədiyi işlərə əl qoydular. Sonralar bu iş daha da böyüdü. Belə ki, bir qrup insanlar haram işlər görür, fərz və vacib əməlləri tərk edirdilər. Bununla onlar özlərinin Mələmiyyə olduqlarını iddia edirdilər. Bu kimi insanlar, haqlı olaraq qınaq obyektinə çevrilmiş, tənqid olunmuş, dünya və axirətdə Allahın əzabına layiq görülmüşlər. Onların hamısını cəzalandırmaq və lənətlənmiş bu adətlərinin icrasına qadağa qoymaq lazımdır. Bidətini və günah işlərini izhar edən hər bir insana qarşı belə davranılmalıdır.
Bu tək onlara aid deyil. Hər bir insan, istər ibadətkar, fəqih, abid, sufi, zahid, fəlsəfəçi, istərsə də kəlamçı və ya onlarla razılaşan rəhbərlər, varlılar, yazıçılar, mühasiblər, həkimlər, vəzifəli və sıravi insanlar olsun, bu, heç bir fərq etməz. Kimliyindən asılı olmayaraq, kim, Allahın Peyğəmbəri ilə göndərdiyi hidayət yolundan, haqq dindən çıxarsa, Allahın Peyğəmbərinin dili ilə çatdırdıqlarının hamısını təsdiq etməzsə, Allah və Rəsulunun haram etdiyini haram saymazsa, yaxud zahiri və daxili mahiyyətinə görə Allahın göndərdiyi dinə zidd olan bir dinə qulluq edərsə, məsələn, şeyxinin ona ruzi verdiyini, ona kömək etdiyini, doğru yola yönəltdiyini, onun üçün yağış yağdırdığını, ona kömək olduğunu etiqad edərsə, yaxud şeyxinə ibadət edərsə, dua edib ondan kömək istəyərsə, ona səcdə edərsə, yaxud birmənalı və ya hansısa cəhətə görə Allaha yaxınlaşdıran bir işdə şeyxini Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) üstün sayarsa, özünün və ya şeyxinin Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) itaət etməmək hüququna malik olduğunu etiqad edən bütün bunlara görə kafir olar. Etiqadını izhar etdiyi təqdirdə kafir, gizlətdikdə isə münafiq sayılarlar.
İndiki vaxtlarda bu kimi insanlar çoxalmış, elm və iman dəvətçiləri azalmış, əksər ölkələrdə şəriət haqqında məlumatların zəifləmişdir. Belə insanların əksəriyyəti haqqı tanımaq üçün şəriətdən və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mirasından kifayət qədər məlumata sahib deyillər. Heç onların çoxuna bu haqda məlumat çatmayıb. Fətərat[31] zaman və məkanlarında, insan onunla olan az bir imana görə savab qazanır. Belə yerlərdə, Allah təala, hüccət çatanlara bağışlamadığı günahları, hüccət çatmayanlara bağışlayır. Bu haqda məşhur bir hədisdə deyilir. "İnsanlar elə bir vaxtda yaşayacaqlar ki, onlar nə namaz, nə oruc, nə həcc, nə də ümrə tanıyacaqlar. Yalnız qoca kişi və qadınlar deyəcəklər, biz dədə-babamızın bu sözləri: Lə iləhə illəllah - dediklərini eşitmişik. Huzeyfə ibn əl-Yəmandan soruşurlar: Lə iləhə illəllah kəlməsi onlara nə fayda verəcəkdir? Cavabında deyir: Cəhənnəmdən çıxmalarına kömək olacaqdır"[32].
Məsələnin sirri belədir. Kitab, sünnə və alimlərin yekdil rəyinə (icmasına) əsasən küfr sayılan bir sözün ümumi mənada küfr olduğu deyilir. Şəriətin başqa dəlilləri də buna dəlalət edir. İman, Allah və rəsulunun dediklərinə əsaslanan bir hökmdür. Bu, insanların öz zənnləri və nəfsi istəkləri ilə hökm edəcəkləri bir iş deyildir. Həmin sözləri deyən hər bir insanın kafir olduğunu demək zəruri deyildir. Bunun üçün o adama kafir deməyə əsas verən şərtlər olmalı və bu hökmə maneə törədən amillər dəf edilməlidir. İslamda yeni olduğundan, yaxud uzaq kənddə böyüdüyündən dolayı və ya bir söz eşidib onun Qurandan və ya Peyğəmbərin hədislərindən olduğunu bilmədən inkar edərək, içkinin və ya sələmçiliyin halal olduğunu deyən insanı bu haqda misal çəkmək olar. Eləcə də bəzi sələflər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hansısa məsələ haqqında dediklərini eşidənə qədər onu inkar edirdilər. Həmçinin səhabələr, Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşana qədər, Allahı görmək və s. bəzi məsələlərdə şübhə edirdilər. Həmçinin öz əhl-əyalına, öləndən sonra yandırılıb külünün göyə sovrulmasını əmr edən insanın[33] dedikləri də buna bir misaldır. Bu insanlar, şəriət ilə hüccət çatana qədər kafir sayılmırlar. Bu haqda Allah təala buyurur: "...daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın..."[34] Allah təala bu ümmətin unutduqları və yanıldıqları işləri bağışlamışdır"[35].
İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) deyir:
"Əzab iki səbəbə görə hasil olur.
Birinci: Hüccətdən üz çevirmək, onu istəməmək və onun tələbinə uyğun əməl etməmək.
İkinci: Hüccət çatandan sonra inadkarlıq etmək və onun tələbinə cavab verməmək. Birinci üz çevirmək, iknci isə inadkarlıq küfrüdür.
Hüccət çatmadan və hüccəti öyrənmək imkanı olmadan edilən cahillik küfrünə görə əzab verilməsi Allah təala tərəfindən qəbul edilməmişdir"[36].

Digər bir məqamda İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) deyir:
"Hüccətin çatdırılması zamana, məkana və insanlara görə dəyişir. Kafirlərə, Allahın hüccəti vaxta və məkana görə bəzən çatar bəzən isə çatmaz. Həmçinin fərdi insanlar da belədir. Ola bilər hüccət hamıya deyil, bəzi insanlara yetişsin. Buna səbəb həmin insanın əqlinin və seçim qabiliyyətinin olmamasıdır. Məsələn, dəli və körpə uşaq kimi. Yaxud ola bilər danışılan sözü başa düşməsin və onun başa salmaq üçün tərcüməçi də olmasın. Belə insan, kar və heç nə başa düşməyən adamın hökmündədir. Bu insan da, Qiyamət günü Allaha irad tutan dörd qism insanlardan biridir"[37].
(İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) "Miftəhu Darus Səadət" adlı kitabının, "Əl-Muridun Aniz Zikr" adlı fəslində deyir):
"Belə bir sual olsa: Özünün haqq yolda olduğunu düşünən, amma əslində yolunu azmış bir insan üzürlü sayılırmı. Belə ki, Allah təala buyurur: "...onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər!"[38] Sualın cavabı belədir: Belə zəlalət yolçularına üzür yoxdur. Çünki onların haqq yoldan azmasına səbəb, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) gətirdiyi vəhydən üz çevirmələridir. Hətta o, özünün haqq yolda olduğunu güman etsə belə, yenə haqq çağırışçısının itaətindən boyun qaçırmaqla təqsirkar sayılır. Çünki o, özünün səhlənkarlığı və inadkarlığı ucbatından yolunu azmışdır. Haqq çatmayan və ona nail olmaq üçün imkanı olmayan bir insanın haqq yoldan azması hökm baxımından əvvəlkindən fərqlidir. Quranda vəd olunan cəza, birinci qism insanlara aiddir. İkinci qism insanlara gəldikdə isə deyə bilərik ki, Allah təalə hüccət çatdırmadan heç kəsə əzab verməyəcəkdir. Necə ki, O Özü bu haqda buyurur: "…Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!"[39] "Biz peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın..."[40]. Həmçinin Allah təala cəhənnəmdəkilər haqda deyir: "…Biz onlara zülm etmədik. Onlar (günah işlər görməklə) özləri özlərinə zülm edirdilər[41]"[42].
İbn Qeyyim (Allah ona rəhmət etsin) başqa bir məqamda deyir:
"Hüccətin necə çatdırılması, vaxtdan vaxta, məkandan məkana fərqlənir. Elmin geniş vüsət aldığı vaxtlarda insanlara çatan hüccət, elmin zəiflədiyi müddətdə çatan hüccətdən fərqlənir. Şəhərlərdə yaşayanlara çatan hüccətlə, elmdən və elm adamlarından uzaq düşmüş kənd adamlarına çatan hüccət arasında fərq vardır. Həmçinin hüccətin çatması, insanın elmi və fitri qabiliyyətinə görə insandan insana fərqlənir. Bütün bunlar nəzərə alınmalıdır.
Hüccətin çatmasında məqsəd, həmin fərdi insanın eşitdiyi hüccəti başa düşməsidir. O, hüccəti elə başa düşməlidir ki, özünün bu hüccətə müxalif olub-olmadığını anlasın və belə hüccətə müxalif olmaqla kafir olduğunu bilsin. Onun bunu tam dəqiq şəkildə, elm və iman əhlinin anladıqları kimi, başa düşməsi şərt deyil. Həmçinin onun, hüccəti başa düşməsini təsdiqləməsi gərək deyildir. Bu, hüccəti çatdıran insanın, qarşısındakının hüccəti başa düşüb düşməməsi haqda verdiyi qiymətdən asılıdır. Çünki küfr və nifaq əhlinin əksəriyyəti hüccəti başa düşdükdən və bu haqda bildikdən sonra onu inkar edirlər. Necə ki, Allah təala Fironun tayfası haqda bu ayəni demişdir: "(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər... [43]" Daha doğrusunu Allah bilir!"[44]
İmam Zəhəbi (Allah ona rəhmət etsin) deyir: "Bilmədən və hüccət çatmadan heç kəs etdiyinə görə günah daşımır. Allah, lütf və mərhəmət sahibidir. Allah təala buyurur: "…Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!"[45] Dəyərli səhabələr (Allah onlardan razı olsun) Həbəşistanda olarkən, Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) edilməsi vacib və ya haram olan əmrlər verilirdi. Həmin səhabələrə bu haqda xəbər, yalnız bir neçə aydan sonra yetişirdi. Onlara şəriət dəlilləri çatana qədər etdikləri işlərdə cahillikləri səbəbiylə üzürlü sayılırdılar. Bir insan, şəriət dəlillərini eşidənə qədər cahilliyi səbəbi ilə üzürlü sayılır. Daha doğrusunu Allah bilir!"[46]
Hədis alimi, Şeyx Hafiz Həkəmi (Allah ona rəhmət etsin) "Əlam əs-Sünnətil Mənşura" adlı kitabında belə bir sual ilə soruşulur: "Sahibini kafir edən bidətlər hansılardır?
Cavabında deyir: Belə bidətlər çoxdur. Bunun üçün qayda belədir: Kim, hamının yekdilliklə qəbul etdiyi, şəriət dəlilləri ilə tutarlı şəkildə təsdiqini tapmış, dinin zəruri amillərindən sayılan bir şeyi inkar edərsə kafir olar. Çünki bu, Quranı, peyğəmbərlərə Allah tərəfindən verilən şəriəti təkzib etməkdir. Buna cəhmiyyəlilərin, Allahın sifətlərini, İbrahim peyğəmbərin Allahın Xəlili olmasını, Allahın Musa ilə danışmasını və s. inkar edən bidətlərini misal çəkmək olar. Bu insanların bəzisi bu işdə məqsədinin, dinin əsaslarını məhv etmək və müsəlmanları şübhəyə salmaq olduğunu dərk edirdilər. Belələrinin kafir olması dəqiqdir. Əslində bu insan, dinin qatı düşməni və ona yad olan kimsədir. Qalanları isə aldanmış insanlardır. Belələrinə kafir hökmü vermək üçün, hüccət çatdırılmalı və ona əməl etməyə məcbur edilməlidirlər"[47].
(Şeyx Əbu Batinin, İbn Teymiyyənin (Allah ona rəhmət etsin), hüccət çatdırana qədər müəyyən insana kafir deməyin qadağan olması haqda fətvasını nəql etməsi açıq-aşkar göstərir ki, Şeyx Əbu Batinin mənhəcinə görə də, müəyyən insana kafir demədən öncə hüccət çatdırılmalıdır[48]. O, deyir):
Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyir: "İslam dininin dəyişməz qaydalarına əsasən deyə bilərik ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz ümmətinə nə peyğəmbərlər nə də başqa dirilərdən və ya ölülərdən istiğasə və ya başqa adla dua edib kömək diləməyi buyurmamışdır. Həmçinin ölüyə və ya ölü üçün səcdə etməyi və s. bu kimi əməlləri buyurmamışdır. Əksinə bizim bildiyimiz qədər Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütün bu kimi əməlləri qadağan etmişdir. Bütün bunlar Allah və rəsulunun haram buyurduğu şirk əməllərdir. Lakin son zamanlar bir çox insanlarda şəriət haqqında cəhalətin çoxalması və elmin azalması onlara bu əməllərə görə kafir deməyə imkan vermir. Onlara kafir demək üçün Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şəriətini və ona müxalif olan fikirləri bəyan etmək lazımdır. (İbn Teymiyyə daha sonra deyir:) Ona görə mən bu məsələni dinin əsaslarını bilən insanlara bəyan etdiyim zaman hamı buna diqqətlə nəzər salardı. Bu, İslam dininin əsasıdır. Bizim tərəfdarlarımız olan bəzi böyük şeyxlər deyirdilər: Bu sənin bizə açıqladığın ən önəmli məsələdir. Çünki onlar, bunu dinin əsası olaraq qəbul edirdilər."[49]
Şeyx Əbu Batin (Allah ona rəhmət etsin) bu sözlərə açıqlama verərək deyir:
"İbn Teymiyyənin (Allah ona rəhmət etsin) bu sözlərinin: "Onlara kafir demək üçün Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şəriətini və ona müxalif olan fikirləri bəyan etmək lazımdır." - mənası odur ki, bu insanlara fərdi şəkildə, "filankəs kafirdir" ifadəsi ilə, kafir demək mümkün deyil. Belə halda bu cür deyilir: Bu küfrdür. Kim bunu edərsə kafir olar. Həmçinin o, bir çox məqamlarda belə əməl sahiblərinin kafir olduqlarını ümumi ifadə demiş və bu kimi şirk əməllər edənlərin kafir olmaları haqda müsəlmanların yekdil rəyini qeyd etmişdir".
(Daha sonra şeyx Əbu Batin (Allah ona rəhmət etsin) İbn Teymiyyədən (Allah ona rəhmət etsin) iki sitat gətirir və iqrar edir ki, bir insana kafir deməyə əsas verən şərtlər olmadığı və bu hökmə maneə törədən amillər dəf edilməlidiyi təqdirdə, həmin adama kafir hökmü vermək vacib deyildir. Budur sitat):
"İbn Teymiyyə (Allah ona rəhmət etsin) bir neçə məqamda, eləcə də Qədərilər təriqəti barəsində soruşularkən belə cavab vermişdir: Məsələnin məğzi budur ki, Qurana, sünnəyə və alimlərin dediklərinə əsasən küfr olduğu vurğulanan sözlər, ümumi məna daşıyr. Buna şəriət dəlilləri də dəlalət edir. İman və küfr Allah və rəsulundan öyrənilən məsələlərdir. İnsanlar bu işdə zənnə əsaslanaraq hökm edə bilməzlər. Həmçinin, küfr söz işlədən bir insana kafir deməyə əsas verən şərtlər olmadığı və bu hökmə maneə törədən amillər dəf edilməlidiyi təqdirdə ona kafir adı vermək vacib deyildir. İslamda yeni olduğundan, yaxud uzaq kənddə böyüdüyündən dolayı zinanın və ya içkinin halal olmasını deyən kimsəni buna misal çəkmək olar".
İbn Teymiyyə (Allah ona rəhmət etsin) bu məsələ haqqında danışarkən deyir: Məsələnin həqiqəti belədir ki, bir söz küfr olar bilər və bu sözü deyən insanın ümumi mənada kafir olması, "kim belə deyərsə o kafirdir" ifadəsi ilə qeyd olunar. Lakin bu kimi küfr sözləri işlədən fərdi insana, qarşı çıxacağı təqdirdə onu kafir edəcək hüccət çatdırılana qədər, ona kafir hökmü verilməz. Belə ümumi mənalı sözlərə Quranın əzab vəd olunan ayələrində rastlamaq mümkündür. Belə ki, Allah təala buyurur: "Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər"[50]. Əzav vəd olunan bu və digər ayələr haqdır. Lakin fərdi insanın əzaba düçar olacağını isə demək olmaz. Biz qiblə əhlindən olan fərdi insanların cəhənnəm əzabına düçar olacağına indidən şahidlik etmirik. Çünki ola bilər o insana müəyyən səbəblərə görə əzab verilməsin. Məsələn, ola bilər ona əzab verilməsi üçün hansısa şərt tamamlanmasın, yaxud bir maneə olsun, gördüyü işin haram olduğunu eşitməsin, etdiyi haram işdən tövbə etsin, etdiyi günahları siləcək savab işləri üstünlük təşkil etsin və ya başına gələn müsibət günahlarının bağışlanmasına səbəb olsun"[51].

Faydalı məlumat:
(Məhəmməd Rəşid Rza, Şeyx Əbu Batinin hüccətin çatdırılması ilə başa düşülməsinin fərqi haqqında bu sözləri qeyd edir):
"Bu məsələnin əmması var. Bu haqda Nəcd vilayətinin müasir böyük alimləri, Məkkə şəhərinin başçısı İmam Əbdüləziz ibn Feysəl Ali Səudun məclisində ixtilaf etmişlər. Bu məclisdə, şeyx Abdullah ibn Buleyhid, hüccətin başa düşülməsinin gərəkli olması fikrini dəstəkləmiş, hüccətin başa düşülmədən çatdırılmasının yetərli olmadığını irəli sürərək, rəy üstünlüyü ilə qalib çıxmışdı. O, bu haqda onlara tədqiqatçı alim İbn əl-Qeyyimin sözündən sitat gətirmiş və məclisdəkilər də bu fikirlə qane olmuşdular"[52].
Şeyx Məhəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhmət etsin) belə bir sual ilə soruşuldu: Tövhidlə bağlı məsələlərdə cəhalət, insan üçün üzrdürmü?
Cavab: Qulu öz Rəbbi ilə bağlayan hər məsələdə cəhalətin üzrlü olması təsbit edilmişdir. Allah sübhənahu və taala buyurur ki, "Biz Nuha və ondan sonrakı Peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik. Peyğəmbərlər (göndərdik). Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə danışdı. "Biz Peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın"[53]. Başqa bir ayədə Uca Allah buyurur: "Biz, Peyğəmbər göndərməmiş əzab vermərik!"[54] Həmçinin, "Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları (haqq yolundan) sapdırmaz! Həqiqətən, Allah hər şeyi (olduğu kimi, layiqincə) biləndir!"[55] Peyğəmbər (Ona Allahın salavatı və salam olsun) buyurur: "Canım əlində olana and olsun ki, bu ümmətdən olan hər hansı bir yahudi və ya xaçpərəst mənim gətirdiyim şəriətə iman gətirməsə, Cəhənnəm əhlindən olar"[56]. Bu mənanı ifadə edən hədislər çoxdur. Kim cahil olarsa, öz cəhalətinə görə dinə aid bütün məsələlərdə üzrlü hesab olunar. Lakin bir şeyi də bilmək lazımdır ki, bəzi cahillər inadkarlıq nümayiş etdirirlər. Yəni, haqq ona çatdırılır o isə haqqı araşdırmır, itaət etmir. Əksinə, şeyxlərinin yoluna, o cümlədən onları təzim edənlərin və onlara tabe olanların yoluna uyur. Əslinə baxdıqda, həmin şəxs üzrlü hesab edilə bilməz. Çünki ən azından belə insana bir şübhə şəklində olsa da haqq gəlib çatmışdır. O, bunu araşdırıb haqqa nail ola bilər. İtaət etdiyi insanları təzim edənlər, Allah taalanın haqlarında buyurduğu kəslərə bənzəyərlər: "Biz atalarımızı bir din üzərində (bütpərəstlikdə) gördük və biz də onların ardınca getdik!"[57] Sonrakı ayədə isə Allah taala buyurur: "Biz atalarımızı bir din üzərində gördük"[58] Ən mühümü odur ki, haqq barədə eşitməyən, bundan bixəbər olan insan, cahilliklə üzürlüdür və bu cəhalətə görə ona günah yazılmır. Cəhalət üzrə əməl edən insana etdiyi əmələ görə hökm kəsilir. Əgər bu qism insan özünü müsəlmanlardan hesab edib "LƏ İLƏHƏ İLLƏLLAH MUHƏMMƏDƏN RƏSULƏLLAH" kəlməsinə (Allahdan başqa ibadətə layiq ilahın olmadığına və Məhəmmədin Allahın elçisi olduğuna) şahidlik edirsə o müsəlmanlardan sayılır. Özünü müsəlmanlardan hesab etməyən şəxs isə dünyada mənsub olduğu dinin hökmündədir. Axirətə gəldikdə, Qiyamət günü onun məsələsi fitrət əhlinin məsələsi kimi olacaq. Yəni, izzət və cəlal sahibi Allaha həvalə olunacaq. Ən doğru fikrə əsasən, onlar Allahın istədiyi şeylərlə imtahan olunacaqlar. Bu imtahanda Allahın dediyinə itaət edənlər Cənnətə, asi olanlar isə Cəhənnəmə daxil olacaqlar. Bir şeyi də bilmək lazımdır ki, bu gün yaşadığımız dövrdə yer üzərində ayaq basılan az torpaq tapılar ki, Peyğəmbərin (Ona Allahın salavatı və salam olsun) dəvəti ora çatdırılmasın. Kütləvi informasiya vasitələrinin çoxluğu və insanların bir-birinə qarışaraq sıx münasibət qurmaları bunu deməyə bizə əsas verir. Deməli, əksər hallarda insanların küfrə getmələri onların inadkarlıqları səbəbilə yaranır"[59].
Şeyx Məhəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhmət etsin) "Şərhu Kəşfuş Şubuhat" kitabında, Şeyxülislam İbn Teymiyyənin və Məhəmməd ibn Əbdülvahhabın (Allah onların hər ikisinə rəhmət etsin) müəyyən insana hüccət çatdırmaq barədə sözünü nəql etdikdən sonra deyir:
"Xülasə, cahil insan dediyi və ya etdiyi fasiqliyə görə üzürlü sayıldığı kimi, dediyi və ya etdiyi küfrə görə də üzürlü sayılır. Bu haqda, Qurandan, sünnədən, məntiqdən və alimlərin sözlərindən dəlillər gətrimək olar".
Həmçinin bu sözlərdən əvvəl səhifə 62-də deyir:
"Kiməsə kafir hökmü vermədən öncə, iki əsasa diqqət yetirmək lazımdır.
Birinci: Bu əməlin insanı kafir etməsi haqda Quran və sünnənin dəlaləti olmalıdır ki, bu işdə hökm edən insan, Allahın adından yalan uydurmasın.
İkinci: Hökmün müəyyən insana uyğun gəlməsi lazımdır. Yəni, onun barəsində təkfirin şərtləri uyğun gəlməli və buna mane olan amillər olmamalıdır".
"Xülasə, cahilliyin üzürlü olması haqda deyilən dəlillər ümumi və əhatəlidir. Quran ayələrinin ümumiliyi və sünnə dəlillərinin təfsilatı bunu təsdiq edir. Başda, Şeyxülislam İbn Teymiyyə, İbn əl-Qeyyim, Məhəmməd ibn Əbdülvahhab və digər dəvət imamları olmaqla, bütün Əhli Sünnə alimlərinin başa düşdükləri və öz əsərlərində təsdiq etdikləri etiqad, budur. Bu məsələdə onların dediklərinin xülasəsi odur ki, İslamda yeni olan, yaxud uzaq kənddə böyüyən və buna bənzər yerlərdə, şirkin geniş yayıldığı, tövhid dəvətçilərinin azlıq təşkil etdiyi bir cəmiyyətdə böyüyən insanlar Allaha etiqad etdikləri bütün məsələlərdə cahilliklərindən dolayı üzürlü sayılırlar. Belə insanlar, yalnız hüccət çatdıqdan sonra kafir olarlar. Elə bir hüccət ki, ona müxalif olan artıq kafir olar"[60].
Yazımın sonunda özümə və elm tələb edən qardaşlarıma tövsiyəm budur ki, hər bir məsələdə, ələlxüsus iman və küfr məsələlərində, elm və iman adamlarına müraciət etsinlər. Çünki bu məsələlər İslam ümmətinin tarix boyu qarşılaşdığı ən təhlükəli məsələlərdəndir. Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyir:
"Elm, ədalət və rəhmət, sünnə və camaat alimlərində, elm və iman adamlarındadır. Onlar, sünnəyə uyğun gələn haqqı bilən, bidətlərdən uzaq olan kimsələrdir. Haqq yoldan çıxanlara, özlərinə zülm edənlərə qarşı ədalətli davranırlar. Bu xüsusda Allah təala buyurur: "Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır..."[61] Onlar, insanlara qarşı rəhmli olar, onlar üçün xeyir, doğru yol və elm istəyərlər. Onlar, insanlara dərhal pislik etməzlər. İnsanların səhvlərini, cahilliklərini və zülmlərini aşkar etməkdə məqsədləri haqqı onlara çatdırmaq, məxluqata mərhəmət bəsləmək, yaxşı işləri əmr edib, pis işlərdən çəkindirmək, hamı tərəfindən Allahın dininin yaşadılmasına nail olmaq və Allahın adını uca tutmaqdır"[62].
Son söz olaraq, Şeyxülislam Məhəmməd ibn Əbdülvahhabın oğlu Abdullahın dediyini deyirəm: "Biz zorakılıq və təəssübçülükdən xali olan ağıl, elm və insaf sahiblərinə xitab edirik. Sözü deyən adama yox, dediyi sözə baxmaq lazımdır."[63]

Ey uca və nöqsansız Rəbbim!
Sənin həmdi-sənan ilə, Səndən başqa ibadətə layiq haqq ilahın olmadığına şahidlik edirəm. Sənə tövbə edir və Səndən bağışlanma diləyirəm.

________________________________________________________________________
[1] Şeyx İbrahim ibn Amir ər-Ruheyli "Movqifi əhlissünnə vəl camaat min əhlil əhva vəl bidə" (Əhli sünnə və camaatın bidət və nəfsi istəklərinə uyanlara münasibəti) adlı kitabı 1/218-də deyir: "Bu kitabın bəzi nüsxələrində (və adəmi mən yufəhhiməhum) (onları başa salanların olmamasına görə) deyilir. (Bax, Əbu Batinin nüsxəsi). Bu məqamı Şeyx Saleh əl-Ətram və Şeyx Məhəmməd əd-Duveyş kitabın tədqiqatında qeyd etmişlər",
[2] ən-Nur: 16
[3] əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 10, 128
[4] Süleyman ibn Suhman (Allah ona rəhmət etsin) özünün kitabu Tənbih Zəvil Əlbab əs-Səlimə Anil Vuqui Fil-Əlfaz əl-Mubtədiətil Vaximə və Təbriətuş Şeyxeyn əl-İmameyn Min Təzvir Əhlil Kəzib vəl Meyn: Səh, 122-123 - də deyir: "Əgər şeyx cahilliyi və bixəbər olması ucbatından qəbirlərin üzərində inşa edilən bütlərə ibadət edənlərə qarşı belə münasibət bəsləyirsə, necə ola bilər ki, yer üzündə yaşayanların hamısını kafir saysın, onlara qarşı müharibə elan etsin, mallarını halal görsün?! Şeyxin hal-vəziyyətini və nəyə dəvət etdiyini dərk edən aqil insan belə bir halı təsəvvür edə bilərmi?! Heç bir halda şeyx, ümmətdən, hətta əhli sünnə və camaatdan ayrılıb özündən yeni bir fikir söyləməmişdir. Onun bu məsələ, yəni, ad və sifətlər tövhidi, əməllər və ibadətlər haqqında dedikləri bütün müsəlmanlar tərəfindən birmənalı olaraq təsdiq edilmişdir. Bu işdə yalnız onların yolundan və mənhəcindən çıxan, cəhmiyyələr, mötəzililər, qəbirlərə ifratcasına sitayiş edənlər müxalif olmuşlar. Şeyxin buyurduğu məsələlər bütün peyğəmbərlərin və səmavi kitabların dediyində öz əksini tapmışdır. Bunu, peyğəmbərlərin və səmavi kitabların göndəriliş məqsədini bilənlər dərk edirlər. Şeyx hüccətin layiqli formada çatdırılmasından sonra bu əsaslara görə kiməsə kafir hökmünü verir. O bu işdə siratəl müstəqim yolu ilə özündən əvvəlkilərin ardınca gedir. Heç də dinə bidət (yenilik) gətirməmişdir."
[5] əd-Diya əş-Şariq Fi Raddi Şubuhat əl-Maziq əl-Mariq: səh, 372.
[6] əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 10, 239-240
[7] Bu hədislərin biri, kor kişinin hədisidir. Digəri isə Ərş haqqında olan hədisdir.
[8] əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 10, 273-274
[9] əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 1, 414. əs-Sual vəl İcabə: səh, 372
[10] Yəni, Məhəmməd ibn Əbdülvahhab
[11] Misbahuz Zalam: 324-325
[12] ən-Nisa: 115
[13] ət-Tövbə: 115
[14] Umdətul Qari: 19, 369
[15] Fəthul Bari: 12, 407. Məaricul Qəbul: 1, 329.
[16] İbn Qudamənin əl-Muğni kitabı: 10, 85-86.
[17] İbn Qudamənin əl-Muğni kitabı: 2, 435.
[18] Fətərat zamanı, yəni, zəmanəsində haqq din və göndərilən peyğəmbər haqqında tam məlumatsız olub, belə vəziyyətdə ölən bir insan. (tərc.)
[19] əl-İsra: 15.
[20] Bu haqda bəzi dəlil-sübutları Şeyx Xalid əl-Ənbərinin "Əl-hukmu biğayri mə ənzələllah" adlı kitabından oxuya bilərsiniz. Səh: 44.
[21] Təfsirul Qasimi: 5, 1307-1308.
[22] əl-Fətava: 12, 500-501.
[23] ən-Nisa: 10
[24] əl-Fətava: 23, 345-346.
[25] İbn Teymiyyənin əl-Məsail əl-Maridiniyyə əsəri: səh, 66.
[26] əl-Fətava: 1, 112.
[27] Həminki ayə budur: "İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə, daddıqları şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri sevər!" (əl-Maidə: 93).
[28] ər-Rədd Aləl Bəkri: səh, 258-260. Misir, Sələfiyyə çapı.
[29] Məsələn, beş vaxt namazı, Ramazan ayının orucunu, Beytül-Həramı həcc etməyi və s. İbn Teymiyyənin (Allah ona rəhmət etsin) bu sözlərini Fətava kitabının 11-ci cild, 407-ci səhifədən əvvəldə qeyd edilən sualın əvvəlində oxuya bilərsiniz.
[30] Məcmu əl-Fətava: 11, 407.
[31] Fətərat zamanı, yəni, zəmanəsində haqq din və göndərilən peyğəmbər haqqında tam məlumatsız olub, belə vəziyyətdə ölən bir insan. (tərc.)
[32] Bu hədis haqqında, əs-Silsilətus Səhihə əsərinin 87-ci səhifəsində ətraflı məlumat qeyd edilmişdir.
[33] Buxari: əl-Ənbiya, 3478. Müslim: Tövbə, 2757. Hər ikisi hədisi Əbu Səid əl-Xudridən rəvayət edirlər.
[34] ən-Nisa: 165.
[35] Məcmu əl-Fətava: 35, 165-166.
[36] Tariqul Hicrəteyn: səh, 414.
[37] Tariqul Hicrəteyn: səh, 414. Dörd nəfərin hədisi əvvəldə qeyd edilmişdir.
[38] əz-Zuxruf: 37
[39] əl-İsra: 15ş
[40] ən-Nisa: 165.
[41] ən-Nəhl: 118.
[42] Miftəhu Darus Səadət; Tədqiqatçı, Əli ibn Həsən əl-Hələbi: 1, 208.
[43] ən-Nəml: 14.
[44] Tariqul Hicrəteyn: səh, 412-413.
[45] əl-İsra: 15ş
[46] əl-Kəbair: səh, 12.
[47] Hafiz Həkəminin, Əlam əs-Sünnətil Mənşura Li-Etiqad ət-Taifə ən-Nəciyətil Mənsurah kitabı: səh, 219.
[48] Şeyx Abdullah ibn Əbdürrəhman Əbu Batin (Allah ona rəhmət etsin) başqa bir yerdə, yalnız gizli məsələlərdə, məsələn, ad və sifətlər və s. belə məsələlərdə hüccət çatdırmağın şərt olduğunu qeyd edir. Allaha şərik qoşanlara, qəbirlərə ibadət edənlərə isə hüccətin çatdırılmasını bir şərt olaraq qəbul etmədiyini deyir.
[49] əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 1, 414. əs-Sual vəl İcabə: səh, 372
[50] ən-Nisa: 10.
[51] əd-Durər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 12, 87-89.
[52] Məcmuətur Rəsail vəl Məsail ən-Nəcdiyyə: 4, ikinci bölüm, səh, 515. Yəqin ki, İbn Buleyhidin, İbn əl-Qeyyimdən nəql etdiyi sitat budur: "Hüccətin necə çatdırılması, vaxtdan vaxta, məkandan məkana fərqlənir. Elmin geniş vüsət aldığı vaxtlarda insanlara çatan hüccət, elmin zəiflədiyi müddətdə çatan hüccətdən fərqlənir. Şəhərlərdə yaşayanlara çatan hüccətlə, elmdən və elm adamlarından uzaq düşmüş kənd adamlarına çatan hüccət arasında fərq vardır. Həmçinin hüccətin çatması, eşidənin elmi və fitri qabiliyyətinə görə insandan insana fərqlənir. Bütün bunlar nəzərə alınmalıdır.
Hüccətin çatmasında məqsəd, həmin fərdi insanın eşitdiyi hüccəti başa düşməsidir. O, hüccəti elə başa düşməlidir ki, özünün bu hüccətə müxalif olub-olmadığını anlasın və belə hüccətə müxalif olmaqla kafir olduğunu bilsin. Onun bunu tam dəqiq şəkildə, elm və iman əhlinin anladığı kimi, başa düşməsi şərt deyil. Həmçinin onun, hüccəti başa düşməsini təsdiqləməsi gərək deyildir. Bu, hüccəti çatdıran insanın, qarşısındakının hüccəti başa düşüb düşməməsi haqda verdiyi qiymətdən asılıdır. Çünki küfr və nifaq əhlinin əksəriyyəti hüccəti başa düşdükdən və bu haqda bildikdən sonra onu inkar edirlər. Necə ki, Allah təala Fironun tayfası haqda bu ayəni demişdir: "(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər... " Daha doğrusunu Allah bilir!" (Tariqul Hicrəteyn: səh, 412-413).
[53] (ən-Nisa, 163-165).
[54] (əl-İsra, 15).
[55] (ət-Tövbə, 115).
[56] "Səhih Müslim" 153;
[57] (əz-Zuxruf, 22).
[58] (əz-Zuxruf, 23).
[59] İbn Useyminin, fətavalar və risalələr toplusu kitabı: cild, 3, səh, 5-6.
[60] əl-Cəhlu Biməsailil Etiqad və Hukmuhu: səh, 448.
[61] əl-Maidə: 8.
[62] ər-Rəddu Aləl Bəkri: Səh, 257.
[63] əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 1, 229-236

Blogger tarafından desteklenmektedir.