Mənhəcin əsasları

Titulo

14.04.2016

Allahın hökmü ilə hökm verməmək məsələsi Quran, sünnə və sələf alimlərinin sözləri işığında


Həqidətən də günümüzün ən problemli məsələsi olan və bu məsələdən bəzi fikir daşıyıcılarının sui istifadə etdiyindən sizə:
"Allahın hökmü ilə hökm verməmək məsələsi Quran, sünnə və sələf alimlərinin sözləri işığında!" adlı, -birinci məqaləni çatdırmaq istəyərdik.

Mühüm qaydalar:
Məsələnin müzakirəsindən öncə bir sıra elmi həqiqətləri və şəriət qaydalarını xatırlatmaq lazımdır və onların ən əhəmiyyətlisi:
Birinci qayda: Müsəlman yalnız bir halda, dindən zəruri sayılan bir şeyi inkar etdikdə, kafir ola bilər. Yaxud bir hökmü təsdiq edib lakin inadkarlıq və təkəbbürlük üzündən onu qəbul etməsə də kafir sayılır. Yaxud, həmin şəriət qaydasından nə təsdiq nə də təkzib etmədən üz çevirmək və ya həmin hökmə şübhə, tərəddüd etmək və qəti bir qərara gəlməmək.
Ikinci qayda: Əməli küfr iki növdür:
1. Insanı İslamdan çıxaran əməli küfr. Əgər həmin əməl inkar və təkzibə, saymamazlığa və alçaltmağa, inadkarlığa və təkəbbürlüyə dəlalət edərsə onda bu insanı İslamdan çıxaran əməli küfr sayılar. Buna misal: Bütlərə səcdə etmək və ya Qurani Kərimi zibilliklərə atmaq və s.
2. Insanı İslamdan və onun dairəsindən çıxarmayan əməli küfr. Bu növ küfr yalnız bir halda, zina, oğurluq, şərab içmək, müsəlmanı öldürmək, heyzli qadınla yaxınlıq etmək və s. şəriətin küfr adlandırdığı bu kimi əməlləri inkar etdikdə və ya halal gördükdə sahibini İslamdan çıxarar. Lakin sadəcə belə əməlləri etmək İslamdan çıxaran küfr sayılmır.
Üçüncü qayda: Müsəlman, ona hüccət qalxmadan, şübhəsi dəf edilmədən, təkfirin şərtləri mövcud olub və maneləri götürülmədən, heç bir etiqadına, sözünə və ya əməlinə görə kafir sayılmır. Bu əməllərin üsulda (şəriətin əsas əməllərində) və ya füruda (təkmillik əməllərində) olmasının heç bir fərqi yoxdur.
Əgər biz, təhrif edilmiş məzhəb və rəyləri bir kənara qoyub, bu şəriət qaydalarını qəbul edib aramızda onları hakim etsək onda bu cür böyük əhəmiyyətli və təhlükəli məsələnin həllini rahat taparıq. Çünki bu şəriət qaydaları birbaşa dəlillərdən və sübutlardan əsaslandırılmışdır.
Buna əsasən deyirəm:
Birinci qaydaya əsasən, Allahın hökmü ilə hökm verməyin vacibliyini inkar edən adam kafir sayılır. Yaxud, təhqir və ya təkəbbürlüklə Allah təalənin hökmünü tətbiq etməmək, Allah təalənin hökmü ilə hökm verməyin vacibliyini nə təsdiq edərək nə də təkzib edərək ondan üz çevirmək, bu hökmə şübhə ilə yanaşmaq da bu növ küfrdən sayılır. Lakin əgər o bunu iqrar və digər qanunlardan daha üstün qanun olduğunu etiqad edərək, acizlik, nəfsinə itaət, asilik, qorxu və rəğbət üzündən onunla hökm verməzsə imanının əsası qalmış sayılır və o bu küfrü ilə İslam dairəsindən çıxmır.
Ikinci qaydaya əsasən, baxmaq lazımdır görək Allahın hökmünü inkar etmədən və başqasını halal görmədən, Allahın hökmündən başqa bir hökm ilə hakimlik etmək sahibini İslamdan çıxaran kürdəndir yoxsa çıxarmayan küfrdən? Əgər müdrik və mətəbər İslam alimləri bu əməlin, sahibini İslamdan çıxarmayan küfr olduğunu desələr, onda bizim ona kafir deməyimiz Allaha qarşı yalandan iftira atmaqdır.
Üçüncü qaydaya əsasən, Allahın hökmü ilə hakimlik etməyən hakimi hüccət qalxmayınca və şübhə dəf edilməyincə kafir saymaq olmaz.
Bu şəriət həqiqətləlrini və qaydalarını bir kənara qoyub Allahın hökmü ilə hökm verməyənələri kafir saymaq haramdır. Allah təalədən qorxan və dinində ehtiyatlı olan insan heç vaxt belə etməz. Çünki təkfir etmək Allah təalənin xalis haqqıdır. Ona görə də yalnız Allah təalənin və və Onun Peyğəmbərinin (sallallahu aleyhi və səlləm) təkfir etdikləri təkfir edilir.
Əgər müasir təkfirçilər Peyğəmbər (sallallahu aleyhi və səlləm)-in vaxtında olan həqiqətlərə nəzər salaraq onlardan ibrət alsaydılar bizim bu mövzuda belə əziyyət çəkməyimizə ehtiyac qalmazdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm)-in zamanında Nəcaşi öz tayfası, həbəşilər arasında onlardan qorxaraq Allahın hökmü ilə hökm vermirdi. Buna baxmayaraq Peyğəmbər (sallallahu aleyhi və səlləm) onu İslam dairəsindən çıxartmadı. Əgər Allahın hökmünü inkar etmədən və başqasını halal görmədən, Allahın hökmü ilə hökm verməmək insanı İslamdan çıxarsaydı onda Peyğəmbər (sallallahu aleyhi və səlləm) və onun əshabı Nəcaşi üçün cənazə namazı qılmazdılar.
Şeyxul İslam İbn Teymiyyə (Allah rəhmət etsin) buyurur: "Həmçinin Nəcaşi xaçpərəstlərin hakimi olmasına baxmayaraq tayfası İslamı qəbul etməkdə ona tabe olmadılar. Yalnız bir nəfər onunla İslamı qəbul etmişdi. Ona görə də Nəcaşi öləndə onun üçün cənazə namazı qılan olmadığı üçün Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona cənazə namazı qıldı. Nəcaşi öldüyü gün Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrinə onun vəfatı haqda xəbər verərək buyurdu: "Sizin Həbəşistanda yaşayan əməlisaleh qardaşlarınızdan biri vəfat etdi!". Nəcaşi acizlik üzündən İslam şəriətinin çox qaydalarına əməl etmədən vəfat etmişdi. O, hicrət etməmiş, cihada çıxmamış və həcc etməmişdi. Hətta deyilir ki, o heç gündəlik beş vaxt namazları da qılmaz, Ramazan ayını oruc tutmaz və zəkat verməzdi. Çünki o bunlar etmək istədikdə tayfası bunları inkar edərdilər. Nəcaşi isə onlara müxalif ola bilmirdi.
Biz qəti olaraq bilirik ki, Nəcaşi öz tayfası arasında Quran ilə hökm verə bilməzdi. Baxmayaraq artıq Mədinədə Peyğəmbər (sallallahu aleyhi və səlləm)-ə şəriətin bir çox hökmləri nazil olmuşdu. Allah təalə Peyğəmbər (sallallahu aleyhi və səlləm)-ə xəbərdarlıq edərək buyurmuşdu ki, kitab əhli sənin yanına gəldikdə onların arasında yalnız Allahın hökmü ilə hakimlik et və Allahın nazil etdiyindən səni yayındıracaqlarından ehtiyatlı ol! Bu hökmlər, zina etmiş evli qadının daşqalaq hökmü, qan pulunda adillik etmək, qan qisasında zəif və güclü arasında bərabərlik edərək, cana can, gözə göz və s. Nəcaşi isə Quran hökmü ilə hakimlik edə bilmirdi. Çünki tayfası onun belə əməlini qəbul etməzdi" .
Hər nə olursa olsun gəlin ilk iki qaydaya nəzər salaq və ta qədimdən alimlərin bu iki qaydaya riayət etdiklərinin şahidi olaq. Onlar yalnız dediyimiz şərtlər əsasında Allahın hökmü ilə hökm etməyən hakimlərə kafir demişlər.

Birinci qayda

Bu qaydaya əsasən hakim yalnız müəyyən hallarda kafir olur. Yəni, Allahın hökmü ilə hökm verməyin vacibliyini inkar etdikdə, yaxud şəriəti alçaldaraq və ya təkəbbürlük üzündən onu tətbiq etmədikdə kafir olur. Əgər o, İslam şəriəti ilə hökm verməyin vacibliyini inkar edərsə, yaxud digər qoyulma qanunlarla hökm verməyi caiz görərsə, yaxud şəriətin naqis olduğunu və yaxud müasir zəmanəyə münasib olmadığını zənn edərsə və ya digər qanunlarla şəriət qanunlarını eyni tutarsa belə halda o İslamdan tam çıxmış olar.
Sələf və müasir alimlərin hamısı bu qayda üzərində getmiş və yalnız dediyimiz halda hakimi kafir saymışlar. Indi isə bunun təsdiqi olaraq onların sözlərindən sitatlara nəzər salaq:
1. Əli İbn Əbi Talha İbn Abbasdan : "Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!" (Əl-Maidə: 44) ayəsinin təfsiri haqda etdiyi rəvayətdə deyilir: "Kim Allahın hökmü ilə hökm verməyi inkar edərsə o kafirdir. Lakin kim onu iqrar edər amma onunla hökm verməzsə zalim və fasiqdir" .
"Bu küfr onların (xəvariclərin) dediyi (İslamdan çıxaran) küfr deyildir." Digər rəvayətdə deyilir: "Bu küfr insanı İslamdan xaric etmir" başqa ləfzdə: "Bu böyük küfrdən aşağı mərtəbədə olan küfrdür, bu böyük zülmdən aşağı mərtəbədə olan zülmdür, bu böyük fasiqlikdən aşağı mərtəbədə olan fasiqlikdir (yəni, kiçik küfr, zülm və fasiqlikdir)". Digər üçüncü ləfzdə deyilir: "Bu küfr, Allaha, Onun mələklərinə, kitablarına və peyğəmbərlərinə qarşı edilən küfrdən deyildir" .
2. -6. Qurtubi deyir: Ibn Məsud və əl-Həsən deyiblər: "Bu, Allahın hökmü ilə hökm verməyənlərə aiddir. Yəni, etiqadla və halal görərək" . Bu rəy həmçinin əs-Suddi və Ibrahim ən-Nəxaidən rəvayət olunur .
7. Mücahid bu üç ayə haqda deyir: "Kim Allahın hökmü ilə hökm verməyi Allahın kitabına inkar olaraq tərk edərsə o kafir, zalim və fasiqdir" .
8. Ikrimə deyir: "Kim Allahın hökmü ilə hökm verməyi inkar edərsə o kafirdir. Lakin kim onu iqrar edər amma onunla hökm verməzsə zalim və fasiqdir". Xazin deyir ki, bu rəy həmçinin İbn Abbasın rəyidir .
9. Zəccac adlı alim də Ikrimənin dediyi rəydədir .
10. Əhli sünnə və camaatın imamı Əhməd Ibn Hənbəl: İsmail İbn Səəd "Sualat İbni Hani" adlı kitabda deyir: "Əhməddən əl-Maidə surəsinin 44-cü ayəsi haqda soruşdum və dedim ki, bu küfr hansı küfrdür? O dedi: bu küfr sahibini İslamdan çıxardan küfrdən deyildir". Əbu Davud əs-Sicistani "Sualat" adlı kitabında (səh: 114) ondan bu ayə haqda soruşduqda, əvvəldə nəql etdiyimiz Tavus və Əta adlı alimlərin dedikləri kimi cavab vermişdir. İbn Teymiyyə "Məcmu əl-Fətava" (7\ 254) onun tələbəsi İbn əl-Qeyyim isə "Hukmu tərikus salət" kitabında (səh: 59-60) da buyurur: İmam Əhməddən bu ayədə deyilən küfr haqda soruşduqda belə cavab vermişdir: "Bu küfr sahibini İslamdan çıxardan küfrdən deyildir. İmanın mərtəbələrinin biri digərindən aşağı olduğu kimi, küfrün də mərtəbələri elədir. Belə adam yalnız bir halda, bu hökmü halal görərsə o zaman deyilənlər ona tətbiq olunar".
11. İmam Məhəmməd İbn Nasr əl-Mərvəzi "Tazimu qədris salət" adlı kitabında (2\520) buyurur: "Bizim bu məsələdə örnəyimiz vardır. Onlar Peyğəmbər (sallallahu aleyhi və səlləm)in əshabı və onların ardıcılları olan tabiinlərdir. Onlar küfrü mərhələlərə bölmüşlər. Bəzi küfrlərin insanı İslam millətindən çıxarmadığını buyurmuşlar. Həmçinin bu baxımdan imanı da mərtəbələrə bölmüşlər. Edilən yaxşı əməllər imanı kamilləşdirir onları tərk etmək isə insanı İslamdan çıxarmır. Bu məsələyə dəlil İbn Abbasın Maidə surəsinin 44-cü ayəsinə verdiyi təfsirdir". Sonra o, Əta İbn Rəbah adlı alimin dediyi: - "Bu böyük küfrdən aşağı mərtəbədə olan küfrdür, Bu böyük zülmdən aşağı mərtəbədə olan zülmdür, Bu böyük fasiqlikdən aşağı mərtəbədə olan fasiqlikdir" sözünün ardınca buyurur: "Həqiqətən Əta İbni Rəbah doğru demişdir. Bəzən kafirə, bəzən də günahkar müsəlmana zalım deyilir. Lakin bəzi zülm insanı İslamdan xaric edir, digər zülm isə yox".
12. Təfsirçilərin şeyxi sayılan Təbəri "Cəmiul Bəyan" adlı kitabında (6\ 166) buyurur: "Mənə görə bu rəylərin ən doğrusu həmin ayələrin əhli kitabdan olan kafirlər haqda nazil olmasını deyən rəydir. Çünki bu ayələrdən öndəki və sonrakı ayələrdə onlar haqda danışılır. Deməli bu ayələr də onlara aiddir. Sadəcə olaraq Allah təalə bizə onlardan xəbərdar olmamız üçün bu haqda xəbər verir. Əgər kimsə deyərsə: (Allah təalə bu xəbəri Allahın hökmü ilə hökm verməyənlər haqda ümumi etmişdir. Sən bu ayəni necə xüsusiləşdirirsən?!). Buna cavab olaraq deyirik: Onlar (əhli kitab) nazil olmuş kitabda (tövratda) olan bir hökmü açıq-şkar inkar etdikləri zaman bu ayələr nazil oldu və Allah təalə onların bu hərəkətinin küfr olmasını bəyan etdi. Bu söz həmçinin Allahın hökmünü inkar edənlərə də aiddir. Belə olduqda İbn Abbasın buyurduğu kimi o adam Allaha küfr etmiş olur" .
13. İmam İbn Batta əl-Əbkəri "Əl-İbanə" kitabında (2\ 723) " Fəsil: Sahibini İslamdan çıxarmayan günahlar" adlı fəsldə bir çox günahları qeyd etdikdən sonra Allahın hökmü ilə hökm verməməyi də qeyd edib, ardınca bir neçə səhabələrdən və tabiinlərdən bu günahın İslamdan çıxartmayan kiçik küfr olmasına dair rəvayətləri qeyd etmişdir".
14. Əbul Leys əs-Səmərqəndi deyir: "Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər," yəni onu iqrar etməyən və açıqlamayanlar "əlbəttə, kafirdirlər!" .
15. İmam İbn Əbdül Bərr "Ət-Təmhid" kitabında (5\ 74) buyurur: "Hökm verərkən bilərək və qəsdən həddi-hüdudu aşmaq böyük günahlardandır. Bu haqda İslam alimləri müttəfiqdirlər. Sələfilərdən bu məsələyə aid şiddətli rəvayətlər vardır. "Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!""Zalimdirlər" "Fasiqdirlər"(əl-Maidə surəsi 44, 45 və 46). Bu ayələr kitab əhli haqda nazil olmuşdur. Hüzeyfə və İbn Abbas adlı səhabələr deyirlər ki, bu ayə bizim ümmətimizə də aiddir. Lakin İslam ümmətindən kimsə bu küfrü edərsə bununla o, İslamdan çıxmır. Yalnız bir halda kafir ola bilər, əgər Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə küfr edərsə bu zaman kafir olar. Bu məna bir çox sələfilərdən İbn Abbas, Əta və Tavus kimi alimlərdən Quranın təfsiri kimi rəvayət edilmişdir".
16. Əl-Fəxr ər-Razi deyir: Ikrimə demişdir: "Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər,..." ayəsi qəlbi ilə inkar edənlərə və dili ilə rədd edənlərə aiddir". Amma qəlbində Allahın hökmünü tanıyar və dili ilə bunu iqrar edər, sonra buna zidd olan bir əməl edərsə və onunla hökm verməzsə o Allahın hökmü ilə hökm verəndir. Belə halda o, bu ayənin məzmununa daxil deyildir. Bu daha doğru cavabdır...Allah daha yaxşı bilir" .
17. İmam əs-Səmani Maidə surəsindəki ayənin təfsirində (2\ 42) buyurur ki, "Bilmək lazımdır ki, xəvariclər bu ayəni dəlil gətirir və deyirlər: Kim Allahın hökmü ilə hökm verməsə o, kafirdir. Əhli sünnə vəl camaat isə deyirlər ki, müsəlman Allahın hökmünü tərk etməklə kafir olmur".
18. Zəməxşəri deyir: "Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər," onu alçaldanlar "əlbəttə, kafirdirlər" və "zalimdirlər" və "fasiqdirlər" bu onların küfrlərində iddialı olduqlarına görədir .
19. İmam İbn əl-Arabi "Əhkamul Quran" kitabı (2\ 624)-də buyurur: "Bu məsələnin (Allahın hökmü ilə hökm verməməyin) bir neçə müxtəlif halı vardır: Əgər o adam öz hökmünü Allahın hökmü kimi təqdim edib onunla hökm verərsə bu artıq Allahın nazil etdiyini dəyişməkdir və bu əməl küfrdür. Əgər Allahın hökmünü öz nəfsinin istəyinə və ya asiliklə tərk edərsə bu günahdır. Əhli sünnənin etiqadına görə belə (böyük) günahların bağışlanması mümkündür".
20. Əbul Abbas əl-Qurtubi "Əl-Mufhim" kitabı (5\ 117)-də Maidə surəsinin 44-cü ayəsinin təfsirində deyir: "Günah sahiblərinə kafir deyən xəvariclər bu ayəni dəlil gətirirlər. Bu ayədə onlar üçün heç də sübut yoxdur. Çünki bu ayələr hədislərdə qeyd olunduğu kimi Allahın kəlamını təhrif edən yəhudilər haqda nazil olmuşdur. Yəhudilər kafir bir tayfadırlar. Ayənin hökmü də nazil olma səbəbində müştərək olanlara (Allahın hökmünü dəyişənlərə, təhrif edənlərə) aiddir. Bunun açıqlaması belədir: Əgər bir müsəlman hər hansı məsələ haqda Allahın hökmünü bilər sonra bununla hökm verməzsə bunun iki halı vardır: Birinci hal: Əgər o, Allahın bu hökmünü inkar edərsə artıq bu adamın kafir olmasında ixtilaf yoxdur. Ikinci hal: Əgər o, bunu inkarən etməzsə onda böyük günah sahibi olmuş olar. Çünki o, bu hökmün əsasını təsdiqləyir və onunla hökm verməyin vacib olduğunu bilir. O, öz əməli ilə onu tərk etdikdə asilik etmiş sayılır. Bu hökm şəriətdə zəruri hesab edilən hər bir məsələni: namaz və s-ni. əhatə edir. Bu, əhli sünnənin məzhəbidir".
21. Onun tələbəsi Əbu Abdullah əl-Qurtubi deyir: yəni, bunu halal görərək və etiqad edərək edərsə o zaman kafir olar. Amma kim bunu edər və haram bir iş etiqad edərsə o fasiq müsəlmanlardandır. Onun işi isə Allaha qalmışdır. Istəsə ona əzab verər, istəsə onu bağışlar .
22. Əbus Səud isə buyurur: "yəni, Allahın hökmünü təhqir və inkar edərək onunla hökm verməyənlər "əlbəttə kafirdirlər!" ayəsinə daxildir". Çünki onlar Allahın hökmlərini təhqir edirlər .
23. Ən-Nəsəfi buyurur: "Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər," yəni, onu təhqir edənlər "əlbəttə, kafirdirlər" .
24. Şeyx Əbu Mənsur deyir: "Bu üç vəsf inkar etdiklərinə görə verilə bilər və bununla eyni halda kafir, zalim və fasiq ola bilər. Çünki, sırf fasiq və zalim kafir sayılır" .
25. Əbu Bəkr əl-Cəssas deyir: "Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər" ayəsində qəsd edilən küfr, inkar və şirk, yaxud inkar edilməyən nemət küfrüdür. Əgər məqsədi Allahın hökmünü inkar etmək, yaxud başqa bir hökmü "Bu Allah hökmüdür" deyərək onunla hökm verməkdirsə bu zaman o İslamdan çıxaran küfr edər və bununla mürtəd olar.
Bu ayənin, Israil övladları (yəhudilər) haqda nazil olub bizim ümmətə də aid olmasını deyən alimlər ayəni belə təfsir edirlər. Yəni, bu ümmətdən kim Allahın hökmünü inkar etsə, yaxud başqa bir hökm ilə hökm verib sonra "Bu Allah hökmüdür" deyərsə o zaman kafir olar. Çünki, yəhudilər də belə etdiklərinə görə kafir sayılmışdılar.
Əgər məqsəd nemət küfrüdürsə, nemət küfrü Allahın verdiyi nemətə onu inkar etmədən naşükürlük zamanı baş verir. Belə əməl sahibi isə İslamdan çıxmır. Lakin ayəyə nəzər saldıqda deyilən küfrdə məqsəd birinci mənadır. Çünki ayədə deyilən "Kafir" vəsfi, Allahın hökmü ilə hökm verməyənlərə birbaşa şamil edilmişdir.
26. Beydavi deyir: "Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər," yəni, onu təhqir və inkar edənlər, "əlbəttə, kafirdirlər". Çünki onlar Allahın hökmlərini təhqir edir və başqa qanunlarla hökm verirlər. Ona görə də Allah təalə onları bu vəsflərlə: "kafir", "zalim" və "fasiq" vəsf etmişdir. Küfrləri inkara görə, zülmləri Allahın şəriətinə zidd hökm verdiklərinə və fasiqlikləri isə ondan kənara çıxdıqlarına görədir .
27. "Təhaviyyə Əqidəsi" kitabının şərhçisi Ibn Əbul Izz deyir: "Burada diqqət yetiriləcək çox əhəmiyyətli bir məsələ vardır. Allahın nazil etmədiyi bir qanun ilə hökm vermək bəzi hallarda insanı İslamdan çıxarır, bəzən isə böyük və ya kiçik günah sayılır. Bəzən məcazi mənada küfr və ya kiçik küfr olur. Bu həmin hakimin vəziyyətindən asılıdır.
- Əgər o, Allahın nazil etdiyi qanunlarla hökm verməyin vacib olmadığını, yaxud istədiyi ilə hökm verməyi, yaxud bu qanunların Allah tərəfindən olduğunu bildiyi halda onları təhqir etməyi etiqad edərsə böyük küfr etmiş olar.
- Əgər Allahın nazil etdiyi qanunlarla hökm etməyin vacibliyini etiqad etdiyi halda məsələnin şərii qanununu bilə-bilə başqası ilə hökm verərsə, bu əməlinə görə cəzalanacağını da etiraf edərsə belə halda o günahkardır (asidir). Bu, məcazi mənada küfr və ya kiçik küfr sayılır" .
28. Ibn əl-Cövzi deyir: Kəsərli rəy budur: Kim Allahın qanunlarını, bu qanunların Allah tərəfindən nazil olduğunu bildiyi halda onları inkar edərək onunla hökm verməzsə o kafirdir. Çünki yəhudilər də belə etmişdilər. Kim nəfsinin istəklərinə uyaraq inkar etmədən Allahın qanunları ilə hökm verməzsə o fasiqdir, zalimdir. Əli İbn Əbu Talha İbn Abbasdan rəvayət edərək deyir: "Kim Allahın hökmü ilə hökm verməyi inkar edərsə o kafirdir. Lakin kim onu iqrar edər amma onunla hökm verməzsə zalim və fasiqdir" .
29. Şeyxul İslam Ibn Teymiyyə "Məcmuul Fətava" kitabı (3\ 627)-də buyurur: "Insan, hamının haram bildiyini halal, yaxud halal bildiyini haram edərsə və ya hamının etiraf etdiyi bir şəriəti dəyişərsə həmin adam kafir, mürtəd olar. Bu haqda fiqh alimləri yekdil rəydədirlər. Bu kimi məsələlər haqda Allah təalə buyurur: "Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm verməyənlər əlbəttə, kafirdirlər!" (əl-Maidə: 44). Yəni, bu ayə Allahın hökmündən başqa bir hökmlə hakimlik etməyi halal görənlərə aiddir".
"Minhacus-Sunnə" kitabı (5\ 130) -da buyurur: Allah təalə Qurani Kərimin bir ayəsində buyurur: "Amma xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar" (ən-Nisa: 65). Hər hansı insanın baş verən ixtilafda Allahı və Onun Peyğəmbərini (sallallahu aleyhi və səlləm) hakim (münsif) tumayıncaya qədər mömin olmayacağına dair Allah təalə and içmişdir. Allahın bə rəsulunun hökmünə zahirən və batinən əməl edən, lakin öz nəfsinin şəhvətlərinə itaət edərək asilik adən digər günahkarların misalındadır. Xəvariclər bu ayəni Allahın hökmü ilə hökm verməyən "Vulatul Əmri" (əmr sahiblərini), hakimləri kafir etmək üçün əsas gətirərək öz etiqadlarının Allah hökmü olduğunu iddia edirlər. Bu haqda alimlər çox danışıblar və mənim dediklərimə isə ayənin məzmuni dəlildir".
"Məcmuul Fətava" kitabı (7\ 312) -də buyurur: "Əgər bir insanın qəlbində iman ilə nifaq yerləşə bilirsə, deməli hər hansı bir insanın qəlbində iman ilə küfr də ola bilər. Ibn Abbas və onun tələbələrinin buyurduqları kimi, ayədə deyilən küfr İslamdan çıxaran küfr deyildir. Imam Əhməd və digər Sünnə alimləri də bu rəyi dəstəkləməkdədirlər".
30. Alim Ibn əl-Qeyyim əl-Cövziyyə "Mədaricus Salikin" kitabı (1\ 336)-da buyurur: "Doğru rəy odur ki, Allahdan qeyrisinin dedikləri ilə hökm vermək, həmin hakimin etiqadından asılı olaraq, iki küfrü əhatə edir: böyük və kiçik. Əgər həmin hakim hökm etdiyi məsələdə Allahın hökmünün vacibliyini etiqad edir və əks halda buna görə əzab olunacağını da təsdiqləyir, lakin asilik edərək Allahın hökmü ilə hökm verməzsə bu kiçik küfrdür. Əgər həmin hakim bu hökmün həqiqətən də Allah hökmü olduğunu yəqinliklə bilər sonra Allahın hökmünün tətbiqinin vacib deyil ixtiyari olduğunu etiqad edərsə, böyük küfr sayılır. Əgər o səhvən və ya bilmədən, cahillikdən edərsə onun hökmü xəta edənlərin hökmü ilə eynidir".
Həmçinin "Əs-Salat və hukmu tərikihə" kitabı (səh-72)-də buyurur: "Burada daha bir əsas qayda vardır. Küfr iki növdür:
1. Əməli küfr.
2. Inadkarlıq və inkar küfrü.
Inadkarlıq və inkar küfrü: Peyğəmbər (sallallahu aleyhi və səlləm)-in Allah təalə tərəfindən gətirdiyi və buyurduğu bir hökmü, məsələn, Allahın adlarını, sifətlərini, fellərini və hökmlərini, inadkarlıq və inkarən rədd etməkdir. Bu cür küfr hər baxımdan imana zidd çıxır.
Əməl küfrü: bu növ küfr bəzi hallarda imana zidd olur, bəzən isə yox. Məsələn, bütə səcdə etmək, Quranı təhqir etmək, Peyğəmbəri (sallallahu aleyhi və səlləm) öldürmək və söymək imana ziddir. Lakin Allahın hökmü ilə hökm verməmək və namaz qılmamaq qəti olaraq əməli küfrdən sayılır".
31. Ibn Kəsir "Təfsirul Quran əl-Azim" kitabı (2\ 61)-də bu ayənin: "Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər" (əl-Maidə: 44) təfsirində buyurur: (Ayədə belə əməl sahiblərinə kafir deyilməsinin səbəbini açıqlayır:) Çünki onlar bilərək, qəsdən, inadkarlıqla Allahın hökmünü inkar etdilər. Sonrakı "...əlbəttə, zalimdirlər!" ayəsinin təfsirində (belə əməl sahiblərinə zalim deyilməsinin səbəbini açıqlayır:) çünki onlar Allahın bütün insanlara qarşı adillik və bərabərlik ilə tətbiq edilmə əmrini, lazımi hökmdə tətbiq etmədilər. bununla onlar, zalim ilə məzlum arasında insafla hakimlik etməyərək, müxalif, zalim və həddini aşan bir tayfa oldular".
32. Şam vilayətinin alimi şeyx Camal əl-Qasimi buyurur: "Alimlərin çoxu, Allahın qoyduğu qanunlar ilə hökm verməyən hakimin kafir olmasını təhqir və inkar etmək şərtləri ilə əlaqələndirirlər. Alimlər bu rəyə Ikrimə və Ibn Abbasın sözündən əsas gətirirlər" .
33. Əl-Mənar kitabının müəllifi deyir: "Bir çox müsəlmanlar, özlərindən əvvəlki millətlərin öz qanunlarını yenilədikləri kimi onlar da öz qayda-qanunlarını yeniləmişlər. Bu qanunları hakim tutaraq Allahın nazil etdiyi qanunlardan yayınmışlar. Allahın Öz kitabında nazil etdiyi qanunları heç bir şübhəsiz təsdiq etdikdən sonra onunla hökm verməyi tərk edənlər haqda Allahın dediyi üç vəsf öz əksini tapır. Lakin hərə öz vəziyyətinə görə bu sifətlərlə vəsf olunur məsələn:
- Kim oğurluğun, zinakarlığın və ya iftiranın, şəriət buyurduğu qaydadan xoşlanmayıb, insanların ixtira etdikləri qanunları daha üstün tutub, onun hökmünü şəriət buyurduğu kimi kəsməkdən imtina edərsə, sözsüz kafirdir.
- Kim başqa bir səbəbə görə Allahın nazil etdiyi qanunlarla hökm verməyərək kiminsə haqqını basarsa və ya adillik etməzsə o zalimdir. Əks halda isə fasiqdir.
Biz, dinə daha sıx bağlanmış müsəlmanların, adi məhkəmədə işləyən hakimlərin kafir olduqlarını etiqad etdiklərini görürük. Onlar bu məsələdə əl-Maidə surəsinin 44-cü ayəsinin zahirinə əsaslanırlar. Məhkəmədə işləyən hakimlərə kafir demək, rəhbərlərə və dövlət başçılarına da kafir deməkdir. Çünki bu qanunlar onlar tərəfdən qoyulmuş və ya bu qanunların işləməsinə onlar icazə vermişlər... Lakin onların başa düşdükləri zahiri mənanı fəqihlərdən və ümumiyyətlə alimlərdən heç kəs deməmişdir" .
34. Şeyx Əbu Hibətullah Ismail Ibn Ibrahim əl-Əsərdi buyurmuşdur: "Kim Allahın Peyğəmbərinə (sallallahu aleyhi və səlləm) nazil etdiyi qanun və şəriətlə hökm etməyin vacib olmadığını, özünün ixtira etdiyi qanunların daha doğru olduğunu etiqad edər və insanlar arasında onunla hökm verərsə kafir olar. Bu hakimlər Allahın nazil etdiyindən başqası ilə hökm verməyin qadağan olduğunu bildikləri halda onunla hökm verməz, başqa ixtira olunmuş qanunlarla hökm verməyi halal görərlərsə onlar kafirdirlər. Əks halda onlar cahillik və zəlalət üzərindədirlər. Onlar sadəcə olaraq bilməyən bir tayfadırlar" .
35. Əsrin və sələfilərin ən mötəbər alimi Əbdül Əziz Ibn Abdullah Ibn Bəz buyurur: Allahın nazil etdiyi qanunlardan başqası ilə hökm verənlər dörd qismə bölünürlər:
1. Kim, mən qoyulma qanunları İslam şəriətindən üstün tutduğum üçün qoyulma qanunlar ilə hökm verirəm deyərsə o böyük küfr edir.
2. Kim, mən qoyulma qanunlar ilə hökm verirəm, çünki İslam şəriəti ilə qoyulma qanunlar ikisidə eynidir nə fərqi var, deyərsə o böyük küfr edir.
3. Kim, mən qoyulma qanunlar ilə hökm verirəm, lakin İslam şəriəti daha üstündür və eyni zamanda Allahın nazil etmədiyi qanunlarla da hökm vermək olar, deyərsə böyük küfr edir.
4. Kim, qoyulma qanunlar ilə hökm verməyin qadağan olduğunu etiqad edib sonra onunla hökm verərsə, İslam şəriəti ilə hökm vermək daha üstündür və başqası ilə hökm vermək qadağandır deyərsə, amma özü səhlənkarlıq edərək onunla hökm verməzsə, yaxud rütbə baxımından ondan yuxarı təbəqədə oturan hakimin əmri ilə edərsə kiçik küfr etmiş sayılır. Belə müsəman İslamdan çıxmır, lakin bu əməl böyük günahlardandır" .
36. Əsrin mühəddisi sayılan Məhəmməd Nasiruddin əl-Əlbaninin sözü:
Qoyulma qanunlar ilə hökm verməyi halal görən adam, yaxud Allahın haram etdiklərini: zina, sələm və başqa bu kimi ittifaq edilmiş haramları halal edən adam böyük küfr, zülm və fasiqlik edir.
Amma kim qoyulma qanunlarla hökm verməyi halal görməyib onlarla hökm verərsə onun küfrü, zülmü və fasiqliyi kiçik olar.
Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ibn Məsudun rəvayət etdiyi hədislərin birində buyurur: "Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfrdür". Peyğəmbər (sallallahu aleyhi və səlləm)-in burada məqsədi, kiçik fasiqlik və kiçik küfrdür. O, belə əməllərdən çəkindirmək üçün bu sözləri birbaşa, açıqlamadan demişdir. Həmçinin başqa rəvayətdə deyilir: "Insanlarda küfr sayılan iki xüsusiyyət vardır: kiminsə əsl-nəcabətinə tənə etmək, meyid üzərində vay-şivən qoparmaq". Həmçinin digər hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm)buyurmuşdur: "Məndən sonra kafir olub bir-birnizin boynunu vurmayın" .
37. Sonra bu iki alim İbn Bəz və Albaninin sözləri Şeyx Ibn Useyminin yanında oxunduqda o da bu sözləri, məsələnin təhlilini təsdiqləmişdir.

Belə təhlükəli məsələ haqda dediklərimiz, İslam aləminin qədimdə və əsrimizdə yaşayan alimlərinin dəyişməyən sözləridir. Haqq olmayan yerdə, zəlalət və batildən başqa nə ola bilər?
Blogger tarafından desteklenmektedir.