Mənhəcin əsasları

Titulo

1.04.2016

Səhabələr ətrafında yayılmış şübhələr və onlara cavab: Yeddinci şübhə və cavabı

Yeddinci şübhə: Deyirlər ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat edəndən sonra Fatimə, Əbu Bəkr əs-Siddiqin yanına gəlib atasından qalan mirasını tələb edəndə, Əbu Bəkr ona miras payını vermədi. Onlar, Fatimənin tələb etdiyi Fədək mirasının mahiyyətində ixtilaf etmişlər.

Bəziləri deyirlər ki, fədək Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Fatiməyə miras qalmışdı. Digərləri isə deyirlər ki, o Xeybər günü Peyğəmbərdən Fatiməyə hədiyyə edilmişdi.
Fədəkin Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) miras qalması haqqında deyilən birinci rəvayət Buxari, Müslim və digər alimlərin kitablarında rəvayət olunmuşdur. Rəvayətdə deyilir ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfatından sonra Fatimə Əbu Bəkr əs-Siddiqin yanına gəlib Peyğəmbərdən ona qalan Fədək mirasını, Xeybər və digər yerlərdə qalan miras payını istəyir. Əbu Bəkr əs-Siddiq isə deyir: Mən, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: Biz miras qoymuruq, bizim qoyduqlarımızın hamısı sədəqədir". Buna bənzər üç rəvayət nəql olunur[1].
Əbu Bəkrin, Fatiməyə dedikləri bu olub. İmam Əhmədin rəvayətində isə deyilir: "Biz Peyğəmbərlər, özümüzdən sonra miras qoymuruq"[2].
İki səhih kitabında deyilir: Biz miras qoymuruq, bizim qoyduqlarımızın hamısı sədəqədir. Bundan sonra Fatimə (Allah ondan razı olsun) Əbu Bəkr əs-Siddiqə qarşı (Allah ondan razı olsun) qəzəblənir.
Fatimə, Əbu Bəkrin, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sözünü səhv başa düşdüyünü, yaxud da səhv eşitdiyini deyə bilər. O, özü Quranın bu ayəsinin ümumi mənasını dəlil gətirirdi. Ayədə deyilir: "Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!"[3]
Əhli sünnə bu məsələdə Əbu Bəkr üçün üzr axtarmırlar. Onlar, Fatimə üçün üzr axtarırlar. Çünki onların fikrincə Əbu Bəkr Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mütəvatir (həddindən artıq çox) yolla nəql olunan hədisə əsaslanmışdı. Həmin hədisi, Əbu Bəkr, Ömər, Osman, Əli, Abbas, Əbdürrəhman ibn Ovf, Səd ibn Əbu Vaqqas və Zubeyr ibn əl-Əvvam rəvayət ediblər. Adı çəkilən rəvayətçilər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) "Biz miras qoymuruq, bizim qoyduqlarımızın hamısı sədəqədir" - dediyini nəql edirlər. Fatimə (Allah ondan razı olsun) Əbu Bəkrin bu sözünü qəbul etmədiyindən dolayı, Əhli sünnə Əbu Bəkr üçün deyil, Fatiməyə üzr axtarırlar. Onların fikrinə görə, Əbu Bəkr bu məqamda Fatiməyə qarşı heç bir yanlışlıq etməmişdi.
Onlar (bidətçilər) deyilər ki, Fatimə, Əbu Bəkrə qarşı qəzəblənmişdi. Biz isə deyirik ki, Allah Əbu Bəkrdən razı qaldıqdan sonra, Fatimənin ona qarşı qəzəbi heç bir zərər verən deyil. Belə ki, Allah təala buyurur: "(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı"[4].
O gün, Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) beyət edən möminlərin önündə dayanan Əbu Bəkr idi. Allahın və elçisinin razı qaldığı kimsəyə, başqasının qəzəbi zərər verməz.
İndi isə deyilən dəlilə təfsilatı ilə cavab verək.
Onlar bunun miras payı olduğunu deyirlər. Biz isə deyirik ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Biz miras qoymuruq, bizim qoyduqlarımızın hamısı sədəqədir". Hədisin mənasına görə, bizim qoyub getdiyimiz nə varsa sədəqədir. Ona görə Müslimin rəvayət ediyi hədisin bəzi sənədlərində deyilir: "Biz nəyi tərk etmişiksə, o sədəqədir". Bidətçilər isə hədisi təhrif edib deyirlər ki, hədisdə belə deyilir: Biz sədəqə qoyub getməmişik. Yəni onlar deyirlər ki, burada "Mə" artikulu inkar mənasında işlədilmişdir. Yəni, biz sədəqə qoymamışıq. Əhli sünnəyə görə isə buradakı "Mə" artikulu bağlayıcıdır. Bu iki səhih kitabında rəvayət olunan daha doğru rəvayətdir. Bu rəvayəti təsdiq edən digər rəvayət belədir: "Biz nəyi tərk etmişiksə, o sədəqədir". Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) özündən sonra miras qoymur. Doğru rəyə əsasən bütün peyğəmbərlər özlərindən sonra miras qoymurlar.
Onlar bu məqamda Allahın bu ayəsini dəlil gətirirlər. Ayədə deyilir: "Mən özümdən sonra gələn qohum-əqrabamdan (yerimə keçəcək əmioğlularımın və digər vərəsələrimin məsləkimi ləyaqətlə davam etdirməyəcəyindən) qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul (vəli) bəxş et ki, o həm mənə, həm də Yəqub nəslinə (onlara lütf edilmiş peyğəmbərliyə) varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o (öz əqidəsi, itaəti və gözəl axlaqı ilə) riza (Sənin rizanı) qazanmış olsun!"[5]
Onlar deyirlər ki, bu ayədə peyğəmbərlərin miras qoyduqları isbat olunur. Həmçinin başqa bir ayədə Süleyman Peyğəmbər haqqında deyilir: "Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür!"[6]
Bu iki ayənin təfsiri belədir. Belə ki, "Mən özümdən sonra gələn qohum-əqrabamdan qorxuram...", birinci ayə haqqında deyirik.
İlk olaraq, yalnız malının varisi olmaq üçün əməlisaleh bir insanın Allahdan övlad istəməsi nalayiq bir hərəkətdir. Belə olan təqdirdə biz bunu pak peyğəmbər, Zəkəriyyə haqqında necə deyə bilərik ki, o, malının varisi olması üçün, Allahdan övlad istəyirdi.
İkinci: Məşhur rəvayətə görə Zəkəriyyə, dülgərliklə məşğul olan kasıb bir insan idi. Zəkəriyyənin nə mal-dövləti vardı ki, özü üçün Allahdan varis də istəsin. Əslində Allahın peyğəmbərləri, özlərindən sonra mal-dövlət miras qoyub getmirlər. Onlar öz mallarını xeyirli işlər üçün sədəqə edirlər.
Üçüncü: Bu ayənin, "...həm mənə, həm də Yəqub nəslinə varis olsun..." - dəlalət etdiyi mənaya əsasən demək olar ki, Yəqub peyğəmbərin ailəsi neçə nəfərdən ibarət idi? Yəhyanın, Yəqubun ailəsi ilə nə əlaqəsi var? Yəqubun ailəsi, Musa, Davud, Süleyman, Yəhya, Zəkəriyyə və onların qövmü sayılır. Ümumiyyətlə İsrail Oğullarının bütün peyğəmbərləri Yəqub ailəsindəndir. Çünki İsrail elə Yəqubdur. Demək, nəinki peyğəmbərlər, hətta İsrail oğullarının hamısı, Yəqubun ailəsindən sayılırlar. Belə olan təqdirdə Yəhyanın miras payı nə qədər olacaq? Sonra həmçinin Yəhya başqa bir varislə miras payından məhrum sayılır. Heş şübhəsiz, Allah təalanın bu ayəsi: "...həm mənə, həm də Yəqub nəslinə varis olsun...", ayədə mal-dövlət varisliyinin nəzərdə tutulduğunu deyənlərə qarşıdır. Zəkəriyyə və Yəqub hər ikisi peyğəmbər idilər. Ona görə Zəkəriyyə, Yəqubun adını çəkir ki, Allah təala onlara özlərindən sonra, peyğəmbərlik, elm və hikmət mirasına varislik edən bir övlad versin.
Dördüncü: Bu cavabda deyə bilərik ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Biz Peyğəmbərlər, özümüzdən sonra miras qoymuruq.", "Biz miras qoymuruq, bizim qoyduqlarımızın hamısı sədəqədir".
Başqa bir rəvayətdə isə deyilir: Peyğəmbərlər nə dinar, nə dirhəm miras qoymamışlar. Onların mirası elm olmuşdur[7].
İndi isə ikinci ayəyə nəzər salaq. Allah təala buyurur: "Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür!"[8]. Bu ayədə də mal-dövlət varisliyi nəzərdə tutulmur. Süleyman, Davuddan, peyğəmbərlik, elm və hikmət mirası götürmüşdür. Bu sözlərin iki əsası var:
Birinci: Məşhur rəvayətlərə görə Davud peyğəmbərin yüz arvadı, üç yüz kənizi və çox övladı var idi. Necə ola bilər ki, onun varisi yalnız Süleyman olsun? Süleymanın bütün qardaşlarının da mirasda payları var. Onunla bərabər mal-dövlət varislərinin olduğu halda təkcə onun adının qeyd edilməsi məqsədəuyğun deyildir.
Əgər bu adi mal-dövlət varisliyi olsaydı, o zaman onun, Allahın kitabında qeyd edilməsi faydasız olardı. Övladın öz atasının malına varis olması təbiidir. Demək, Allahın dedikləri, adi bir hal haqqında deyilən sözlərdir! Amma əslində bu belə deyildir. Heç şübhəsiz ki, Allah təala burada xüsusi bir mirası, peyğəmbərlik mirasını qəsd edir.
Həmin yerlərin, Xeybər günü Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Fatiməyə bir hədiyyə olması haqqında deyilənlərə münasibətimiz belədir. Demək, onlar öz kitablarında rəvayət edirlər ki, Xeybərin fəthindən sonra bu ayə "Qohum-əqrabaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə!"[9] nazil olanda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Fatiməni çağırıb Fədək torpaqlarını ona verdi[10].
Gəlin bir an bu məqamda dayanaq:
Birinci: Bu hekayə uydurmadır.Bu ayə, deyilən vaxtda nazil olmamışdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Fədəki, Fatiməyə (Allah ondan razı olsun) verməmişdir. Səhih rəvayətlərə görə Fatimə, Fədək torpaqlarını hədiyyə deyil, bir miras olaraq tələb edirdi. Xeybərin fəthi yeddinci ilin əvvəlində baş vermişdi. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızı Zeynəb hicrətin səkkizinci[11], Ummu Kulsum isə doqquzuncu ilində vəfat etmişdir[12]. Necə ola bilər ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Fatiməyə hədiyyə edib, Ummu Kulsumu və Zeynəbi kənarda qoysun? Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz övladları arasında fərq qoymasını demək ona qarşı bir ittihamdır.
Bəşir ibn Səəd, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib: "Ey Allahın elçisi, mən bir övladıma bostan bağışlamışam və sənin də bu işdə şahid olmanı istəyirəm." - bu sözləri deyəndə, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdu: "Sən bütün övladlarına vermisən?" O, dedi: Xeyr.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Ged, mən zülmə şahidlik edə bilmərəm"[13].
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) övladlar arasında qeyri bərabər münasibəti zülm adlandırmışdır. Belə zülmkarlığa əl qoymayan lütfkar Peyğəmbər, özü bu zülmü edə bilərmi? Təbii ki, heç vaxt. Biz Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə vəsflərdən uzaq tuturuq. Əgər bu hədiyyəydisə, Fatimə bunu ya götürməli, yaxud da götüməməliydi. Əgər Fatimə bu hədiyyəni götürmüşdüsə, nə üçün gəlib onu istəyirdi. Əgər hədiyyəni götürməmişdisə, onda götürülməyən hədiyyə verilməmiş sayılır.
Ona görə bunun miras, yaxud hədiyyə olması hər iki baxımdan batil iddiadır. O nə miras, nə də hədiyyə deyildi. Bu işdə çox qəribə bir məqam da budur ki, Əbu Bəkr əs-Siddiqin vəfatından sonra Ömər ibn əl-Xəttab xəlifə təyin olundu. Sonra Osman, daha sonra isə Əli xəlifə təyin olundu. Fədəkin, irsən yaxud hədiyyə kimi, Fatiməyə (Allah ondan razı olsun) məxsus olduğunu fərz etsək, o zaman bu, Fatimənin mülkü sayılardı. O, Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) altı ay sonra vəfat etmişdir. Belə olan təqdirdə Fədək kimə qalmalıdı? Təbii ki, onun varislərinə. Əlavə varislərin olduğuna görə, Əliyə onun dörddə bir hissəsi düşürdü. Kişilərə qadınların payının iki misli düşməklə, Həsənə, Hüseynə, Zeynəbə və Ummu Kulsuma qalan hissəsi düşürdü. Amma Əli (Allah ondan razı olsun) xəlifə olanda Fədəki övladlarına vermədi. Əgər Əbu Bəkr, Ömər və Osman, varisləri Fədəkdən məhrum etməklə zalımlıq edirdilərsə, eləcə də Əli, varisləri Fədəkdən məhrum etməklə zalımlıq etmiş sayılır. Çünki beləliklə o, haqsız yerə övladlarını mirasdan məhrum etmişdi.
Lakin biz, bütün səhabələri, Əbu Bəkri, Öməri, Osmanı və Əlini (Allah onlardan razı olsun) bu kimi vəsflərdən pak tuturuq. Həmçinin deyirik ki, Fədək, nə miras nə də ki, hədiyyə idi.
Həmçinin deyirlər ki, Fatimə Fədəkdən məhrum edildikdə qəzəblənərək atasının qəbri üzərinə gedib ona şikayətləndi. Bu deyilənlər hamısı yalandır. Hətta deyərdim ki, bu, Fatiməyə (Allah ondan razı olsun) yaraşmayan bir hərəkət sayıla bilər. Belə ki, Allah təala, əməlisaleh bəndəsi, möhtərəm peyğəmbəri Yəqub əleyhissəlam haqqında buyurur: "(Yəqub) belə cavab verdi: "Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi (Yusifin vaxtilə gördüyü yuxunun çin çıxacağını, sizin və mənim ona təzim edəcəyimizi) bilirəm!"[14]
Heç Fatiməyə yaraşarmı ki, dərd-sərini ölmüş Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ərz etsin. Amma biz Fatiməyə qədr-qiymət verərək deyirik ki, o dərd-sərini Allahdan başqa heç kəsə ərz etmir.
Fatimənin, Əbu Bəkrə  (Allah ondan razı olsun)  qarşı qəzəblənməsi və qəzəbli halda dünyasını dəyişməsi haqqında yayılan bu məlumat məşhurdur. Bəli, o qəzəblənib. Əvvəldə də demişdik ki, biz, Əbu Bəkr əs-Siddiq üçün deyil, Fatimə üçün üzrxahlıq etməyə yer axtarırıq. Fatimə (Allah ondan razı olsun) məsum (xətasız) deyil. Məşhur rəvayətə görə Əbu Bəkr (Allah ondan razı olsun) Fatimənin könlünü almış və o da Əbu Bəkrdən razı qalmışdır. Bu rəvayəti bir çox elm adamları İmam Şəbidən səhih mürsəl rəvayətlə nəql etmişlər[15]. Şəbi böyük tabiinlərdəndir. Daha doğrusunu Allah bilir.
Məşhur rəvayətə əsasən Fatimənin cəsədini Əsma binti Umeys və Əbu Bəkr əs-Siddiqin yoldaşı Əsma yumuşlar. Necə ola bilər ki, Əbu Bəkr əs-Siddiqin yoldaşı Fatimənin cəsədini yusun, amma Əbu Bəkrin onun ölmündən xəbəri olmasın? Səhih rəvayətə əsasən Fatimə gecə ikən, Əbu Bəkrə xəbər verilmədən basdırılmışdır.


[1] Birinci rəvayət; Səhihi Müslim: Kitabul Cihad vəs Seyr, Bab, Hukmul Fey, 1757. İkinci rəvayət; Səhihi Buxari, Kitabu Fardul Xums, Bab, Fardul Xums, 3093. Səhihi Müslim, Kitabul Cihad vəs Seyr, 1759. Üçüncü rəvayət; Səhih əl-Buxari, Kitabul Mənaqib, Bab, Mənaqib Qərabəti Rəsulullah s.a.v. 3712. Səhihi Müslim, Kitabul Cihad və Seyr, 1758.
[2] Müsnədi Əhməd: 3, 225, 9655.
[3] ən-Nisa: 11.
[4] əl-Fəth: 18.
[5] Məryəm: 5-6.
[6] ən-Nəml: 16.
[7] Buxari, (müəlləq rəvayət): Kitabul Elm. Bab, əl-İlmu qabləl qovli vəl əməl. Əbu Davud: Kitabul Elm. Bab, əl-Həss alə taləbil elm, 2641. Hədisin sənədi səhihdir.
[8] ən-Nəml: 16.
[9] əl-İsra: 26.
[10] Təfsirus Safi: 2, 186.
[11] Siyəri Əlam ən-Nubəla: 2, 250. əl-İsabə: 4, 206.
[12] Siyəri Əlam ən-Nubəla: 2, 252. əl-İsabə: 4, 466.
[13] Səhihi Müslim: Kitabul hibat, 1672.
[14] Yusif: 86.
[15] Fəthul Bari: 6, 232.

Blogger tarafından desteklenmektedir.