Mənhəcin əsasları

Titulo

23.05.2016

Ramazan ayına hazırsanmı?


Qarşıdan xeyir və bərəkət, Allahın mərhəməti ilə dolu ramazan ayı gəlir. Bu ayı qarşılamaq baxımından insanlar müxtəlif müfhumda düşünürlər. Bəziləri bu ayı yeyib-içmək, müxtəlif şirniyyat və teleproqramlara baxmaq mövsümi edirlər. Ay ərzində hansısa qidadan məhrum olmamaq üçün, yaxud qiymətinin bahalaşacağını düşünərək əvvəlcədən hazırlıq işləri də aparırlar.
Digər qism insanlar isə ramazan ayında orucu mükəmməl tutmağı düşünərək bunun üçün şaban ayından, bəziləri isə daha erkən hazırlığa başlayırlar. Əsl hazırlıq, təqdirəlayiq hal elə budur.
Biz də ramazan ayına hazırlaşarkən aşağıdakı məqamlara diqqət etsək ramazan ayını sözün əsl mənasında xeyirli və bərkətli keçirmiş olarıq.

1. Səmimi qəlbdən tövbə etmək:

Əslində insan daim tövbə etməlidir. Lakin bu mübarək ay gəlməmişdən öncə bir daha tövbə etmək məsləhətdir. İnsan öz günahlarından tövbə etməli, haqqını taptadığı insanın haqqını ödəməlidir ki, bu aya daha pak daxil olsun. Axı Allah gizlidə etdiyimiz günahlardan xəbərdardır. Birdə ki, bu tövbə sənin ramazan ayı ərzində ibadət və itaətini daha səmərəli edəcəkdir.

Uca Allah buyurur:
“Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!” (Nur surəsi, 31).

əl-Əğarr bin Yəsar (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir:
“Ey insanlar Allaha tövbə edin! Mən hər gün ona yüz dəfə tövbə edirəm.” (Muslim rəvayət etmişdir: 2702).

2. Dua etmək:

Sələflərdən nəql olunan məlumatlarda deyilir ki, onlar altı ay dua edərdilər ki, Allah onları ramazan ayını oruc tutmağa müvəffəq etsin. Ramazandan sonra beş isə ay dua edərdilər ki, Allah tutduqları orucu qəbul etsin.

Müsəlman rəbbinə dua etməlidir ki, ramazan ayında oruc tutmağı nəsib etsin. Allahdan sağlam can, doğru etiqad, ibadətdə müvəffəqiyyət və əməlin qəbul edilməsini istəmək lazımdır.

3. Ramazan ayının gəlişi ilə sevinmək:

Ramazan ayının gəlişi Allahın müsəlmana bəxş etdiyi ən böyük nemətlərindəndir. Çünki ramazan ayı xeyir mövsümidir. Bu mövsimdə cənnətin qapıları açılar, cəhənnəmin qapıları isə bağlanar. Bu ay Quran ayıdır.

Uca Allah buyurur:
“De: Allahın neməti və mərhəməti ilə – ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!” (Yunus surəsi 58-ci ayə).

4. Vacib oruclardan azad olmaq:

Əbu Sələmə deyir ki, mən Aişənin (Allah ondan razı olsun) belə dediyini eşitmişəm:
“Məni ramazan ayından oruclarım qalırdı. Mən onları ancaq şaban ayında qəza etməyə imkan tapırdım.” (Buxari: 1849; Muslim: 1146).

İbn Həcər demişdir: “Aişənin şaban ayında qəza oruclardan azad olması onu göstərir ki, qəzaları növbəti ramazana qədər saxlamaq olmaz.” (Fəthul Bari: 4/191).

5. Orucluqla əlaqədar əhkamları və ramazan ayının özəlliklərini öyrənmək;

6. Ramazanda səni ibadətdən yayındıracaq işlərdən azad olmaq;

7. Ev əhli ilə oturub oruc haqqında danışmaq, azyaşlı uşaqları oruca həvəsləndirmək;

8. Evdə oxumaq üçün müəyyən kitabları tədarük etmək, yaxud yaxın qohumlara, dostlara, qonşulara, ətrafdakı insanlara kitab hədiyyə etmək;

9. Ramazan ayına hazırlıq olsun deyə şaban ayında oruc tutmaq:

Aişə (Allah ondan razı olsun) deyir ki,
“Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) şabanda oruc tutur, biz də elə güman edirdik ki, hər gün oruc tutacaq. Bir müddət isə oruc tutmur, biz də elə güman edirdik ki, daha oruc tutan deyil. Mən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) ramazandan başqa heç bir ayı tam oruc tutan görməmişəm. Ən çox oruc tutduğu ay isə şaban ayı olurdu.” (Buxari: 1868; Muslim: 1156).

Usamə bin Zeyd (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) dedim: “Ey Allahın rəsulu, mən səni şaban ayında tutduğun oruc qədər başqa aylarda oruc tutan görməmişəm! Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi:
“Rəcəb və ramazan ayları arasında əksər insanların qafil qaldıqları ay şaban ayıdır. Bu ayda əməllər aləmlərin Rəbbinə qalxır. Mən də istəyirəm ki, əməlim qalxanda oruclu olum.” (Nəsai: 2357. Şeyx Albani hədisin həsən olduğunu söyləyib).

Hədisdə şaban orucunun hikməti açıqlanmışdır. Belə ki, bu ayda əməllər Allah dərgahına qalxır deyə oruc olmaq yaxşıdır. Bəzi alimlər bu orucların digər hikmətini də söyləyiblər. Şaban ayında tutulan oruc, sanki fərz namazdan öncə qılınan sünnə namazlarıdır. Bu ibadət insanı fərz əməli yerinə yetirməyə hazırlayır. Eyni sözləri ramazandan öncə şabanda tutulan oruclar haqqında da söyləmək olar.

10. Quran oxumaq:

Sələmə bin Kuheyl demişdir: “Bizim vaxtımızda şaban ayına qarilər ayı deyilirdi.”

Amr bin Qeys şaban ayı daxil olanda evinə qapanar və vaxtını yalnız Quran oxumağa sərf edərdi.

Əbu Bəkr əl-Bəlxi deyir: “Rəcəb ayı əkin əkmək, şaban ayı suvarmaq, ramazan ayı isə məhsul yığımı ayıdır.”

O həmçinin demişdir: “Rəcəb ayı külək, şaban ayı bulud, ramazan ayı isə yağış timsalındadır. Rəcəb ayından əkin əkməyən, şaban ayında suvarmayan, ramazan ayında necə məhsul yığmaq istəyir?!”

Budur rəcəb ayı keçib, indi şaban ayındayıq. Ramazan orucuna müvəffəq olmaq istəyirsənsə, şaban ayında etməli olduqlarını et.

Sənin Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun), sələflərin belə edərdilər.



İndi özün qərar ver. Sən bu işdə haradasan?!

Allah bizi şaban ayında müstəhəb oruc tutub, ramazanda fərz orucları layiqincə əda edən möminlərdən etsin… Amin!

Dualarınızda dünya müsəlmanları üçün dua etməyi unutmayın.

Ölkəmizin əminamanlığı, torpaqlarımızın işğaldan azad edilməsi üçün dua etmək də borcumuzdur.

Allah tezliklə torpaqlarımızın mənfur düşməndən azad edilməsində ölkəmizə yardımçı olsun… Amin!


www.selefxeber.az
Blogger tarafından desteklenmektedir.