Mənhəcin əsasları

Titulo

29.06.2016

FİTRƏ ZƏKATI BARƏDƏ HƏR ŞEY

Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Məhəmməd və onun ailəsinə və səhabələrinə. Bundan sonra:
Əziz müsəlmanlar, Allah Təalə Ramazan ayının sonunda bayram namazından öncə bizə Fitrə Zəkatını verməyi buyurmuşdur. Bu məqalədə Fitrə zəkatının hökmündən, hikmətindən, cinsindən, miqdarından, vacib olan vaxtından, kimə və harada verilməsindən danışacağıq.
Hökmünə gəldikdə: vacib bir əməldir, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) müsəlmanların üzərinə vacib etmişdir. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) vacib etdiyi bir iş, Allahın vacib etdiyi bir işə bərabərdir, buna dəlil olaraq Allah Təalə belə buyurur: “Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, bil ki, Biz səni onlara gözətçi göndərməmişik.” (Müqəddəs Quran, “Nisa” surəsi, 80-ci ayə), başqa ayədə isə Uca Allah buyurur: “Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.” (Müqəddəs Quran, “Nisa” surəsi, 115-ci ayə).
Həmçinin Allah Təalə buyurur: “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun.” (Müqəddəs Quran, “Həşr” surəsi, 7-ci ayə).
Fitrə zəkatı böyüyə, kiçiyə, qadına, kişiyə, köləyə, azad olan hər bir müsəlmana vacibdir. Abdullah İbn Ömər belə deyir: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir saa (saa-ölçü vahididir, dörd mudda bərabərdir, bir mudda iki ovucdur) xurmanı və ya bir saa arpanı Ramazan ayında fitrə zəkatı olaraq böyüyə, kiçiyə, qadına, kişiyə, köləyə, azad olan müsəlmana vacib etdi.
Hər bir kəs ən birinci öz payına düşən, həmçinin də himayəsində olan qadınların, uşaqların adına zəkatı çıxartmalıdır.
Fitrə zəkatının hikmətinə gəlincə isə, onda kasıblara yaxşılıq etmək, onları bayram günü dilənməkdən çəkindirmək, həmçinin bayram günündə varlılarla eyni sevinci paylaşmaq kimi hikmətlər vardır. Beləliklə, bu bayram hamı üçün eyni keçir. Fitrə zəkatını çıxaran şəxsin də bununla Ramazan ayının bitməsi ilə Allahın nemətinə şükür etməsi açıq-aydın bilinir.
İbn Abbas (Allah ondan razı olsun) deyir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) pis söz və boş-boş işlərdən təmizlənmək və kasıbları yedizdirmək üçün fitrə zəkatını vacib etdi. Kim onu namazdan öncə verərsə o qəbul olunan zəkatdır, kim də onu namazdan sonra verərsə o sədəqələrdən olan bir sədəqədir.” (Əbu Davud, İbn Macə).
Fitrə zəkatının hansı şəkildə verilməsinə gəldikdə isə, o, yalnız qida məhsulları ilə verilməlidir. Buna xurma, düyü, buğda, üzüm və başqa bu kimi yeyinti məhsulları aiddir.
Abdullah İbn Ömər belə deyir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir saa (saa — ölçü vahididir, dörd mudda bərabərdir, bir mudda iki ovucdur) xurmanı və ya bir saa arpanı Ramazan ayında fitrə zəkatı olaraq fərz etdi.”
Arpa o həmin dövrün insanlarının istifadə etdiyi qida məhsulu idi.
Abu Səid əl-Xudri deyir: “Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dövründə bir saa yemək çıxardıb kasıblara verərdik, o zamanda bizim yediklərimiz arpa, kişmiş, xurma, qurut (qurudulmuş pendir) idi.” (əl-Buxari).
Fitrə zəkatını yeməyin dəyərində pul şəklində vermək icazəli deyil, çünki bu Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əmrinə müxalifdir, buna dəlil Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sözləridir: “Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə, o qəbul olunmaz”, başqa rəvayətdə isə belə deyir: “Kim bizim işimizdən olmayan bir iş edərsə, o qəbul olunmaz.”
Həmçinin fitrə zəkatını qida məhsulunun pul dəyərində çıxartmaq səhabələrin əməlinə müxalifdir, hansılar ki, o zaman bir saa yemək çıxardardılar.
Fitrə zəkatı müəyyən bir mal ilə və müəyyən bir vaxta fərz olunmuş bir ibadətdir və onun əksini etmək icazəli deyil. İnsanların bir miqdar pulu bir yerə yığıb onunla ərzaq malları alaraq paylaması isə icazəlidir. Lakin fitrə zəkatı adı ilə kiməsə pul vermək icazəli deyil.
Fitrə zəkatının miqdarı Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dövründə olan qabın həcminə bərabərdir, indiki hesablamalarla təxminən 2.5 kq təmiz düyü ilə hesablanır.
Fitrə zəkatının vaxtına gəldikdə isə, bayram gecəsində günəş batandan sonra fitrə zəkatını çıxartmaq vacibdir.
Fitrə zəkatını iki – fəzilətli və icazəli – vaxtı var.
Fəzilətli vaxtı bayram namazından öncədir, belə ki, Əbu Səid Əl xudri demişdir: “Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dövründə biz zəkatı bayram günü bir saa miqdarında çıxardardıq.” (əl-Buxari).
İbn Ömər (Allah ondan razı olsun) belə deyir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insanlar bayram namazına çıxmadan öncə Fitrə zəkatını verməyi əmr etdi.” (Muslim).
Məhz buna görə də bayram namazını bir az gec qılmaq daha yaxşıdır ki, insanlar fitrələrini çıxartmağa çata bilsinlər.
İcazəli vaxtı bayramdan bir və ya iki gün öncədir.
İbn Ömər bayramdan bir və ya iki gün öncə qarşısına çıxan qarşısına çıxan hər bir şəxsə, kiçiyə də, böyüyə də belə fitrəni verərdi. (əl-Buxari).
Fitrə zəkatını bayram namazından sonraya qədər gecikdirmək olmaz. Üzrsüz olaraq bayram namazından sonraya gecikdirilən fitrə zəkatı qəbul olunmur, çünki Peyğəmbərimizin əmrinə müxalifdir.
İbn Abbasın (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə qeyd olunduğu kimi, kim fitrəni namazdan öncə versə onda o qəbul olunan zəkatdır, kim də namazdan sonra versə o sədəqələrdən olan bir sədəqədir, üzrlü olaraq gecikdirənə isə fitrəni vermək icazəlidir. Misal üçün, insan fitrə zəkatını verməyi unutsa, lakin bayramdan sonra yadına düşərsə, o zaman fitrəni vermək ona icazəlidir.
Fitrə zəkatının verilmə məkanına gəldikdə isə, müsəlman onu öz ölkəsində və ya başqa dövlətdə yaşayan kasıblara verməlidir. Sözsüz ki, ən çox ehtiyacı olan kasıblara verilməsi daha yaxşıdır.
Fitrə zəkatına ən çox ehtiyacı olanlar kasıblardır, zəkatın hamısını bir kasıba vermək də icazəlidir, bir neçə yerə bölüb bir neçə kasıba da vermək icazəlidir.
Həmçinin ət-Tövbə surəsində keçən ayədə zikr olunan insanlara fitrə zəkatını vermək icazəlidir.
Bu ayədə Allah Təalə buyurur: “Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir.”(Müqəddəs Quran, “Tövbə” surəsi, 60-cı ayə).
Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Məcid Məmmədov
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Mənbə: Sələf Xəbər
Blogger tarafından desteklenmektedir.