Mənhəcin əsasları

Titulo

7.06.2016

Oruc ilə əlaqəli fiqhi məsələlər

  1. Orucun hökmü:
  2. Ramazan orucunun fəziləti:
  3. Oruc tutmaq kimlərə vacibdir?
  4. Xəstə və müsafir üçün oruc tutmaq yaxşıdır, yoxsa iftar etmək?
  5. Hamilə və südverən qadının orucu:
  6. Miskinlərə verilən yeməyin miqdarı:
  7. Orucun ərkanları:
  8. Orucu pozan amillər:
  9. Oruc tutmağın ədəb-ərkanları:
  10. Oructutan hansı əməlləri edə bilər?
  11. Nafilə oruclar:
  12. Oruc tutmaq qadağan olunan günlər:
  13. Etikaf
1. Orucun hökmü:
Ramazan orucu İslamın əsaslarından, fərz əməllərindən biridir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) təzim və şükür edəsiniz"[1.1].
İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "İslam, beş əsas üzərində qurulmuşdur. Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına (Lə iləhə illəllah), Məhəmmədin Allahın elçisi (Muhəmmədən rəsuləllah) olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Beytül-Həramı həcc etmək və Ramazan orucunu tutmaq"[1.2].
İslam ümməti, Ramazan orucunun vacibliyini, onun İslamın beş əsasından biri olduğunu, dinin zəruri əməllərindən sayıldığını və onun vacibliyini inkar edənin İslamdan çıxaraq mürtəd olduğunu yekdilliklə vurğulamışlar[1.3].


2. Ramazan orucunun fəziləti:
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Kim Ramazan orucunu iman və ihtisabla (savabını Allahdan diləməklə) tutarsa keçmiş günahları bağışlanar"[1.4].
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Uca Allah demişdir: Adəm övladının, orucdan başqa etdiyi hər bir əməl onun özünündür. Oruc mənimdir, mən də onun savabını verəcəyəm. Oruc, qoruyucudur. Sizlərdən kimsə oruc tutduğu gün, pis sözlər danışmasın, səsini yüksəldib qəzəblənməsin və cahil əməlləri etməsin[1.5]. Əgər kimsə onu söysə, yaxud onunla savaşmaq istəsə iki dəfə, "mən orucam" - desin. Məhəmmədin canı əlində olana and olsun ki, oructutanın ağızından gələn iy, qiyamət günü Allah yanında misk (ən gözəl ətir) iyindən daha gözəldir. Oructutan iki dəfə sevinir: İftar edəndə yeməyinə sevinir, Rəbbi ilə qarşılaşdıqda isə tutduğu oruc ilə sevinəcəkdir"[1.6].
Səhl ibn Səəd (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Cənnətdə bir qapı vardır, adı Rəyyandır. Qiyamət günü o qapıdan oructutanlar daxil olacaqlar. Onlardan başqa heç kəs bu qapıdan daxil olan deyildir. O zaman belə deyiləcəkdir: Oructutanlar haradadır? Onlar bunu eşidib irəli gedəcəklər. Onalardan başqa heç kəs bu qapıdan keçməyəcəkdir. Onlar keçib qurtardıqdan sonra qapı bağlanacaq, sonra başqa heç kəs o qapıdan keçmədən, qapı bağlanacaqdır"[1.7].


3. Oruc tutmaq kimlərə vacibdir?
"Alimlər yekdilliklə vurğulamışlar ki, oruc tutmaq hər bir aqil, həddi büluğa çatan, sağlam, qeyri müsafir olan müsəlmana vacibdir. Qadınlar isə oruc tutmaq üçün heyz (aybaşı) və nifasdan (doğuşdan sonra qanaxmadan) pak olmalıdırlar"[1.8].
Orucun dəli və həddi büluğa çatmayanlara vacib olmaması Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu hədisinə əsasəndir: "Üç insandan qələm qaldırılmışdır (etdiklərinin məsuliyyətindən azad olunmuşdur): Dəli ağıllanana qədər, yatan oyanana qədər, uşaq həddi büluğa çatana qədər"[1.9].
Orucun xəstə və müsafirə vacib olmaması Uca Allahın bu ayəsinə görədir: "(Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar..."[1.10].
Lakin xəstə və müsafirin tutduğu oruc məqbul sayılır. Çünki onlara oruc tutmamaq haqqında verilən icazə bir rüxsətdir (asanlıqdır). Onlar qeyr rüxsəti götürsələr, bu da xeyirlidir.


4. Xəstə və müsafir üçün oruc tutmaq yaxşıdır, yoxsa iftar etmək?
Əgər xəstə və müsafir üçün oruc tutmaq çətin deyilsə, o zaman oruc tutmaq daha yaxşıdır. Əgər çətinlik olarsa o zaman iftar etmək daha yaxşıdır.
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) deyir ki, "bir dəfə Ramazan ayında Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) döyüşə çıxmışdıq. Bəziləri oruc tutmuş, bəziləri isə iftar etmişdilər. Oructutan iftar edəni, iftar edən də oructutanı qınamırdı. Onlar, oruc tutmağa qüvvəsi olanlar üçün oruc tutmağı, oruc tutmağa taqəti olmayanlar üçün isə iftar etməyi daha məqsədəuyğun hesab edirdilər"[1.11].
Oruc tutmağın heyzli (aybaşı) və nifaslı (doğuşdan sonra qanaxması olan) qadınlara vacib olmaması Əbu Səidin (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədisə əsaslanır. Hədisdə deyilir: "Qadın heyzli olarkən namaz qılmır, oruc tutmur. Elə deyilmi? Bax bu onun dininin naqis olmasıdır"[1.12].
Heyzli və ya nifaslı qadın oruc tutarsa onun orucu məqbul sayılmaz. Çünki orucun məqbul sayılması üçün qadının heyz və nifasdan təmizlənməsi şərtdir. Buna görə onlar tutmadıqları günlərin orucunu qəza etməlidirlər. Aişə (Allah ondan razı olsun) deyir ki, "biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında heyz olarkən, tutmadığımız orucları qəza etmək əmr olunurdu, amma qılmadığımız namazları qəza etmək isə əmr olunmurdu"[1.13].
Qoca kişi, qadın və xəstəliyinin sağalacağına ümid olmayan xəstələrin boynuna düşən vacib nədir?
Qocalıq və bu kimi səbəblərə görə cruc tutmaqda aciz olan kimsələr iftar edib, hər günün əvəzinə bir nəfər miskini yedizdirməlidirlər. Uca Allah buyurur: "...Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər..."[1.14]
Əta deyir ki, mən İbn Abbasın bu ayəni oxuduğunu və sonra belə dediyini eşitdim: "Bu ayə nəsx (hökmü ləğv) olunmamışdır. Ayə, oruc tutmağa taqədti olmayan qoca kişi və qadınlara aiddir. Onlar tutmadıqları hər günün əvəzində bir nəfər miskini yedizdirməlidirlər"[1.15].


5. Hamilə və südverən qadının orucu:
Hamilə və südverən qadının oruc tutmağa taqəti olmasa, yaxud övladına zərər toxunacağından qorxsa o zaman iftar edə bilər. O tutmadığı orucu qəza etmir. Əvəzində fidyə verir.
İbn Abbas demişdir: "İlk vaxtlarda, oruc tutmaq iqtidarında olan qoca kişi və qadınlara iftar etmək ixtiyarı verilmişdi. Onlar istəsələr iftar edər və hər günün əvəzində bir miskin yedizdirərdilər. Amma oruclarının qəzasını etməzdilər. Sonra deyilən hökm, bu ayə ilə nəsx (ləğv) olundu: "Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar..."[2.1]. Bu ayə nazil olandan sonra taqəti olmayan qoca kişi və qadın, təhlükə hiss edən hamilə və südverənlər (dayələr) iftar edib hər günün əvəzində bir miskin yedizdirməli oldular"[2.2].
Həmçinin İbn Abbas demişdir: "Ramazan ayında hamilə öz canına, südverən (dayə) övladına görə ehtiyatlanarsa iftar edir (orucunu açır) və hər günün əvəzində bir miskin yedizdirir, orucu qəza etmirlər"[2.3].
Nafi demişdir: "İbn Ömərin qızı qureyşlilərdən bir nəfərdə ərdəydi. O, hamilə idi. Ramazan ayının bir günü qadın susuzluqdan əziyyət çəkdi. İbn Ömər ona, iftar edib hər günün əvəzində bir miskin yedizdirməyi əmr etdi"[2.4].


6. Miskinlərə verilən yeməyin miqdarı:
"Ənəs ibn Malik, bir il oruc tutmağa taqəti olmadığı üçün, bir qab sərid[2.5] (yeməyi) hazırlayıb, otuz miskini doyuzdurduğunu deyir"[2.6].


7. Orucun ərkanları:
1. Niyyət etmək: Bu haqda uca Allah buyurur: "Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər..."[2.7]
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Həqiqətən əməllər niyyətlərə görədir. Hər kəs etdiyi niyyətinin qarşılığını görəcəkdir..." [2.8]
Niyyət, hər gecə sübhdən öncə edilməlidir[2.9]. Hədislərin birində Həfsə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Sübh namazından öncə oruc tutmağa niyyət etməyənin orucu məqbul sayılmır"[2.10].
2. Günəş doğandan, günəş batana qədər orucu pozan bütün amillərdən uzaq durmaq:
Uca Allah buyurur: "Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın..."[2.11]


8. Orucu pozan amillər:
Orucu pozan amillər altıdır və onlar aşağadakılardır:
1, 2. Qəsdən yemək və içmək. Əgər bilmədən yeyər və ya içərsə bu orucu batil etmir və kəffarəsi də yoxdur. Demək Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Kim oruclu olarkən unudaraq yeyər və ya içərsə orucunu davam etdirsin. Həqiqətən Allah onu yedizdirib, içizdirmişdir"[2.12].
3. Qəsdən qusmaq. Əgər qusmaq qəsdən olmazsa buna görə qəza və ya kəffarə yoxdur.
Demək, Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Kim ixtiyarı olmadan qusarsa orucunu qəza etmir. Kim ki, özünü qusdurarsa o orucunu qəza etməlidir (əvəzinə bir gün oruc tutmalıdır)"[2.13].
4, 5. Heyz (aybaşı) və nifas (doğuşdan sonra qanaxma). Alimlərin yekdil rəyinə əsasən hətta günün ən son anında bu iki haldan biri baş verərsə oruc batil sayılır.
6. Cinsi yaxınlıq. Buna görə aşağıdakı hədisdə deyilən kəffarə verilməlidir: Əbu Hureyrə deyir ki, "biz Peyğəmbərin yanında oturmuşduq. Bu zaman bir kişi gəlib dedi: Ey Allahın elçisi, mən həlak oldum!
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Nə olub?"
Kişi dedi: Mən oruclu olarkən yoldaşımla cinsi yaxınlıq etmişəm.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Sənin azad etməyə qulun varmı?"
Kişi dedi: Xeyr.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Sən iki ay ardıcıl olaraq oruc tuta bilərsənmi?"
Kişi dedi: Xeyr.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Altmış nəfər miskini yedizdirməyə imkanın varmı?"
Kişi dedi: Xeyr.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir an susdu. Bu əsnada Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir zənbil xurma gətirdilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Sual soruşan kişi haradadır?
Kişi dedi: Mən buradayam.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Bu xurmanı götür kəffarəni ver.
Kişi dedi: Ey Allahın elçisi, özümdən də kasıbına vercəyəm?! Allaha and olsun ki, bu mahalda mənim ailəmdən daha ehtiyaclı olanı yoxdur.
Bunu eşidən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) güldü, hətta arxa dişləri göründü. Sonra dedi: "Yaxşı, onda (xurmanı) ailənə yedizdirərsən"[2.14].


9. Oruc tutmağın ədəb-ərkanları:
Oruc tutanın aşağadakı ədəb-ərkanlara diqqət yetirməsi müstəhəbdir (yaxşıdır):
1. Səhur etmək: Ənəs (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Səhur edin, həqiqətən səhur etməkdə bərəkət vardır"[2.15].
Bir qurtum su içmək də səhur sayılır. Demək Abdullah ibn Amr (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir. "Heç olmasa bir qurtum su ilə səhur edin"[2.16].
Səhuru sübh namazının azanına qədər gecikdirmək yaxşıdır. Ənəs, Zeyd ibn Sabitin belə dediyini rəvayət edir: "Biz Peyğəmbərlə birlikdə səhur etdik, sonra Peyğəmbər birbaşa namaza getdi. Mən ondan soruşdum ki, bəs azanla səhur arasında nə qədər vaxt keçdi? O dedi: Əlli ayə oxunan qədər"[2.17].
Azan eşidilərkən əldə olan yemək və içməyi tamamlamaq olar. Demək Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Kimsə əlində yemək qabı olduğu halda azanı eşitsə, ehtiyacı olan qədər yemədikcə qabını yerə qoymasın"[2.18].

2. Boş-boş, əxlaqsız danışıq və s. bu kimi oruca zidd olan əməllərdən uzaq olmaq:
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "...Sizlərdən kimsə oruc tutduğu gün, pis sözlər danışmasın, səsini yüksəldib qəzəblənməsin və cahil əməlləri etməsin[2.19]. Əgər kimsə onu söysə, yaxud onunla savaşmaq istəsə iki dəfə, "mən orucam" - desin..."[2.20].
Əbu Hureyrə (Allah ondan razı olsun) digər rəvayətdə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Kim yalan danışmağı və ona əməl etməyi, cahilliyi tərk etməzsə Allahın, onun yeməyini və içməyini tərk etməsinə, ehtiyacı yoxdur"[2.21].

3. Xeyirxah işlər görmək və Quran oxumağı öyrənib, öyrətmək:
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) insanların ən xeyirxahı idi. O, Ramazan ayında mələk Cəbrayılla qarşılaşdıqda daha çox xeyirxah olurdu. Ramazan ayı bitənə qədər mələk Cəbrayıl hər gün Peyğəmbərlə görüşürdü. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona Quranı oxuyurdu. Cəbrayıl onunla qarşılaşanda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sakit əsən faydalı küləkdən də xeyirxah olurdu"[2.22].

4. İftarı tezləşdirmək:
Səhl ibn Səəd (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "İnsanlar iftarı tezləşdirdikləri təqdirdə xeyir içərisində olacaqlar"[2.23].

5. Aşağıdakı hədisdə deyilənlərdən hər-hansı biri ilə iftar etmək:
Ənəs (Allah ondan razı olsun) deyir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) (oruclu olarkən) namazı (məğribi) qılmadan öncə bir neçə yaş xurma ilə orucunu açardı. Əgər yaş xurma olmasaydı onda adi xurma ilə iftar edərdi. Əgər xurma da olmasaydı o zaman bir neçə qurtum su ilə iftar edərdi"[2.24].

6. İftar edərkən aşağıdakı hədisdə deyilən duanı oxumaq:
İbn Ömər (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) iftar edərkən belə deyərdi:
"ذهب الظمأ و ابتلت العروق و ثبت الأجر انشاء الله"
"Susuzluq getdi, damarlar islandı və inşallah savab da tam oldu"[2.25].


10. Oructutan hansı əməlləri edə bilər?
1. Sərinləmək üçün çimmək:
Əbu Bəkr ibn Əbdürrəhman, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bəzi səhabələrinin belə dediyini rəvayət edir: "Peyğəmbər əl-Ərac[2.26] adlı yerdə idi. O, oruclu olduğu halda susuzluqdan və ya isti havadan dolayı başına su tökürdü"[2.27].

2. Ağızı və burunu mübaliğə etmədən yaxalamaq:
Ləqit ibn Səburə (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Oruclu olmadığın vaxtlar, burnunu dərindən təmizlə"[2.28].

3. Qan aldırmaq (hicam etdirmək):
İbn Abbas deyir ki, "Peyğəmbər oruclu olduğu halda qan aldırdı"[2.29].
Bədən zəifliyinin baş verməsi ehtimal edildikdə qan aldırma bəyənilmir (məkruhdur). Sabit əl-Bunani deyir ki, Ənəs ibn Malikdən (Allah ondan razı olsun) soruşurlar: "Siz oruclu insanın qan aldırmasını bəyənilməyən hal (məkruh) sayırdınızmı? O deyir: Xeyr. Yalnız zəifləməkdən ehtiyat edirdik"[2.30].

4. Öz nəfsinə hakim olan kimsə həyat yoldaşını öpə və ya (cinsi yaxınlıq yox, adi) yaxınlıq edə bilər.
Aişə (Allah ondan razı olsun) deyir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) oruclu olarkən qadınlarını öpür və adi yaxınlıq edirdi. Amma o sizin aranızda öz nəfsinə ən çox hakim olan idi"[2.31].

5. Sübh namazının vaxtı girəndə cənabətli olmaq:
Aişə və Ummu Sələmə (Allah onlardan razı olsun) deyirlər ki, "Səhər açılanda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ailəsi ilə yaxınlıq etdiyi üçün cənabətli olur, sonra çimib orucunu tuturdu"[2.32].

6. Orucu açmadan, axşamdan səhərə qədər davam etdirmək:
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun), Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə eşitdiyini deyir: "Orucunuzu (iftar etmədən bir neçə günün orucunu) birləşdirməyin. Kim orucunu birləşdirmək istəsə onda səhərə qədər birləşdirsin. Səhbabələr dedilər: Ey Allahın elçisi, bəs sən oruclarını birləşdirirsən axı? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Mən sizin kimi deyiləm. Mən yatarkən məni yedizdirən və içizdirən var"[2.33].

7. Misvak, ətir, krem, sürmə, damcı dərman və iynədən istifadə etmək:
Oructutana bu şeylərdən istifadə etməyin icazəli olması bu haqda bir qadağa gəlməməsidir. Əgər oructutana bu kimi şeylərdən istifadə etmək haram olsaydı Allah və rəsulu bunu bəyan edərdi. "...Rəbbin unudan deyildir"[2.34].


11. Nafilə oruclar:
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu günləri oruc tutmağa rəğbətləndirmişdir.
1. Şəvval ayının ilk altı gününü oruc tutmaq:
Əbu Əyyub əl-Ənsari (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Kim Ramazan orucunu tutub, sonra əlavə olaraq Şəvval ayından altı gün oruc tutarsa bir il oruc tutmuş kimi sayılar"[3.1].
2.3. Aşura və aşuradan bir gün öncə, həmçinin həccdə olmayanların Ərəfa günü oruc tutması müstəhəbdir:
Əbu Qatadə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Ərəfa gününün orucu haqqında soruşuldu və cavabında dedi: "Ərəfa gününün orucu, ötən ilin və ilin qalan günahlarını bağışlayır". Sonra Aşura gününün orucu haqqında soruşuldu və cavabı belə oldu: "Aşura günü oruc tutmaq ötən ilin günahlarını bağışlayır"[3.2].
Ummul Fədl bint əl-Haris deyir ki, "bir qrup insan Ərəfa günü Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) oruc olub-olmaması haqqında ixtilaf etdilər. Bəziləri onun oruc tutduğunu deyir, digərləri isə onun oruc tutmadığını deyirdilər. Mən bu vəziyyəti görüb ona bir qab süd göndərdim. O Ərəfada dəvəsinin üzərində dayanmış halda südü içdi"[3.3].
Əbu Ğətəfan ibn Tarif əl-Mirri deyir ki, mən İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini eşitdim: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Aşura günü oruc tutub, bunu camaata əmr etdiyi zaman insanlar dedilər: Ey Allahın elçisi, bu gün yahudi və xaçpərəstlərin təzim etdikləri bir gündür! Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "İnşallah gələn il doqquzuncu günü də oruc tutarıq". İbn Abbas (Allah ondan razı olsun) deyir ki, gələn il Aşura günü olmamış Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat etdi[3.4].

4. Məhərrəm ayının əksər hissəsini oruc tutmaq:
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Ramazandan sonra ən fəzilətli oruc, Allahın haram ayı Məhərrəmin orucudur. Fərz namazdan sonra ən fəzilətli namaz gecə namazıdır"[3.5].

5. Şaban ayının əksər hissəsini oruc tutmaq:
Aişə (Allah ondan razı olsun) deyir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) aylar arasında yalnız Ramazan ayını tam oruc tutardı. Aylar içərisində isə ən çox Şaban ayında oruc tutardı"[3.6].

6. Birinci və dördüncü günlər oruc tutmaq:
Usamə ibn Zeyd (Allah ondan razı olsun) deyir ki, "Allahın Peyğəmbəri həftənin birinci və dördüncü günləri oruc tutardı". Ondan bunun səbəbi haqqında soruşanda belə demişdir: "Həqiqətən bəndələrin əməlləri birinci və dördüncü günlər (Allaha) ərz olunur"[3.7].

7. Hər ayın üç gününü oruc tutmaq:
Abdullah ibn Amr (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənə belə dedi: "Hər ay üç gün oruc tut. Bir yaxşı işə görə onun on mislində savab yazılır. Bu isə il boyu oruc tutmaq deməkdir"[3.8].
Yaxşı olar ki, ayın bu üç günü hicri aylarının on üçü, on dördü və on beşi olsun. Əbu Zərr (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Ey Əbu Zərr, əgər ayın üç gününü oruc tutası olsan, onda on üç, on dörd və on beşinci günlər oruc tut"[3.9].

8. Günaşırı oruc tutmaq:
Abdullah ibn Amr (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Allah üçün ən sevimli oruc, Davudun orucudur. O bir gün oruc tutar, bir gün iftar edərdi"[3.10].

9. Zül-Hiccənin doqquzu:
Huneydə ibn Xalid öz arvadından, o da Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bəzi zövcələrindən rəvayət edir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Zül-Hiccə ayının doqquzunda, Aşura günündə, hər ayın üç günü, həftənin birinci və dördüncü günlərində oruc tutardı"[3.11].


12. Oruc tutmaq qadağan olunan günlər:

1. İki bayram günü:
Əbu Ubeyd movlə İbn Əzhər deyir ki, "Mən Ömər ibn əl-Xəttabla bayram namazını qılmışam. O deyirdi ki, Peyğəmbər bu iki gündə: Orucdan iftar etdiyiniz və qurbanlarınızdan yediyiniz gün - oruc tutmağı qadağan etmişdir"[3.12].

2. Təşriq günləri[3.13]:
Ummu Haninin köləsi, Əbu Murra deyir ki, "mən və Abdullah ibn Amr, onun atası Amr ibn əl-Asın yanına daxil olduq. O bizə yemək təqdim etdi və dedi: Yeyin. Abdullah dedi: Mən orucam. Amr ibn əl-As dedi: Ye, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə bu günlərdə iftar etməyi əmr edər, oruc tutmağı qadağan edərdi". İmam Malik deyir ki, rəvayətdə deyilən bu günlər "təşriq" günləridir[3.14].
Aişə və İbn Ömər (Allah onlardan razı olsun) deyirlər ki, "Təşriq günlərində heç kəsə oruc tutmağa icazə verilmir. Yalnız kəsməyə qurban tapmayanlar istisnadır[3.15]"[3.16].

3. Təkcə cümə günü:
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitdim: "Heç kəs təkcə cümə günü oruc tutmasın. Onunla bərabər bir gün əvvəl və ya bir gün sonra oruc tutsun"[3.17].

4. Təkcə şənbə günü:
Abdullah ibn Busr əs-Suləmi bacısı Səmmadan, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: " Şənbə günü, fərz oruclardan başqa oruc tutmayın. Əgər kimsə şənbə günü yeməyə üzüm tənəyindən, yaxud agac parçasından başqa bir şey tapmasa, onu çeynəsin (yəni, nə ilə olsa oruc olmadığını bildirsin)"[3.18].

5. Şaban ayının ikinci yarısı:
Burada yalnız adəti üzrə oruc tutanlar istisnadır. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Şaban ayı yarı olduqdan sonra oruc tutmayın"[3.19].
Əbu Hureyrə (Allah ondan razı olsun) digər rəvayətdə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Heç kəs Ramazana bir iki gün qalmış oruc tutmasın. Yalnız adəti üzrə oruc tutan kimsə bu günlər oruc tuta bilərlər"[3.20].

6. Ramazan ayının başlayıb-başlamaması haqqında şəkk edilən gün:
Ammar ibn Yasir (Allah ondan razı olsun) deyir: "Kim şəkk edilən gün oruc tutarsa Əbul Qasimə (Məhəmməd Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun)) asi olar"[3.21].

7. Bütün ili oruc tutmaq:
Qadağan olunan günlərdə oruc tutmayıb, ilin qalan günlərini oruc tutmaq da qadağandır.
Abdullah ibn Amr (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənə belə demişdi: "Ey Abdullah ibn Amr, sən il boyu oruc tutur, gecələr namaz qılırsan. Sən belə etməklə gözlərini korlayır, canını zəiflədirsən. Daim oruc tutan, oruc tutmuş sayılmır"[3.22].
Əbu Qatadə (Allah ondan razı olsun) deyir ki, bir kişi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib deyir: "Ey Allahın elçisi, sən orucu necə tutursan? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun bu sözünə qəzəbləndi. Ömər onun bu halını gördükdə dedi: Allahı Rəbbimiz, İslamı dinimiz, Məhəmmədi peyğəmbərimiz olaraq razılıqlar qəbul etmişik. Biz Allahın və onun elçisinin qəzəbindən Allaha sığınırıq. Ömər bu sözləri o qədər təkrar etdi ki, nəhayət Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəzəbi söndü. Sonra Ömər dedi: Ey Allahın elçisi, bütün ili oruc tutana necə baxırsan? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "O nə oruc tutar, nə də iftar edər (yəni, orucundan heç bir fayda götürməz)"[3.23].

Əri yanında olan qadının, ərinin icazəsi olmadan oruc tutması qadağandır.
Əbu Hureyrə Peyğəmbərin belə dediyini rəvayət edir: "Əri yanında olan qadın ərinin icazəsi olmadan oruc tutmasın"[3.24].


13. Etikaf[3.25]
Ramazan ayının sonuncu on günündə etikaf etmək sünnədir, müstəhəbdir. Etikaf etmədə məqsəd savab qazanmaq və qədr gecəsinə müvəffəq olmaqdır. Uca Allah buyurur: "Mərhəmətli, rəhmli Allahın adı ilə! Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)"[3.26].
Aişə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər Ramazan ayının son on günü etikaf edər və deyərdi: "Qədr gecəsini Ramazan ayının son on günündə axtarın"[3.27].
Aişə (Allah ondan razı olsun) digər rəvayətdə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Qədr gecəsini Ramazan ayının son on gününün tək günlərində axtarın"[3.28].
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu günlərdə ibadət etməyə təşviq edir və deyirdi:
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Kim qədr gecəsini imanla, savabını Allah diləməklə ibadət edərsə, keçmiş günahları bağışlanar"[3.29].
Uca Allahın bu ayəsinə görə etikaf yalnız məsciddə olur. Ayədə deyilir: "..məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin..."[3.30].
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də etikafını məsciddə edərdi.
"Yaxşı olardı ki, etikaf edən kimsə vaxtını Allaha itaətə sərf etsin. Məsələn, namaz qılmaq, Quran oxumaq, sübhənəllah (uca Allah pis və eyibli sifətlərdən pakdır), əlhəmdulilləh (həmd Allaha məxsusdur), lə iləhə illəllah (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur), Allahu əkbər (Allah ucadır) deməklə zikr etmək, əstəğfirullah (Allahdan günahlarımın bağışlanmasını diləyirəm) deyib günahların üçün bağışlanma diləmək, Peyğəmbərə (Allahummə salli alə Muhamməd və alə əli Muhəmməd - deyib) salavat demək, dua etmək, elmi məsələləri xatırlamaq və s.
Etikafda olanın, özünə aid olmayan söz və əməllərlə məşğul olması məkruhdur (bəyənilmir). Həmçinin adi danışığın bir ibadət olduğunu zənn edib, ondan çəkinmək də bəyənilməyən haldır (məkruhdur)"[3.31].
Zəruri ehtiyac olduqda etikaf edilən yerdən çıxmaq olar. Həmçinin etikafda olarkən saç daramaq, başını qırxmaq, dırnaqlarını tutmaq və bədənini təmizləmək olar.
Etikaf iki halda batil olur: Ehtiyac olmadan etikaf edilən yerdən çıxdıqda və həyat yoldaşı ilə yaxınlıq etdikdə.
***

[1.1] əl-Bəqərə: 183-185.
[1.2] Buxari: 1/ 49/ № 8. Müslim: 1/ 45/ № 16, № 20. Hədis onun rəvayətinə əsasən verilmişdir.Tirmizi: 4/ 119/ № 2736. Nəsai: 8/ 107.
[1.3] Fiqhus Sünnə: 1/ 366.
[1.4] Buxari: 4/ 115/ № 1901. Nəsai: 4/ 157. İbn Macə: 1/ 526/ № 1641. Müslim: 1/ 523/ № 760.
[1.5]Kitabın müəllifi hədisin tərkibində, و لا يصخب و لا يجهل (səsini yüksəldib qəzəblənməsin, cahil əməlləri etməsin) sözlərini bir hədisin sözü kimi qeyd etmişdir. Amma əslində (səsini yüksəldib qəzəblənməsin) sözləri bir, (cahil əməlləri etməsin) sözləri isə digər hədisdə qeyd olunmalıdır. (tərc.)
[1.6] Buxari: 4/ 118/ № 1904. Müslim: 2/ 807/ № 1151, № 1163. Nəsai: 4/ 163.
[1.7]Buxari: 4/ 111/ № 1896. Hədis onun rəvayətinə əsasına verilmişdir. Müslim: 2/ 808/ № 1152. Amma digər üç alimin rəvayətində isə hədisin ardı rəvayət olunur. Onlar, Tirmizi: 2/ 132/ № 762. İbn Macə: 1/ 525/ № 1640. Nəsai: 4/ 168.
[1.8] Fiqhus Sünnə: 1/ 506. Ər-Rəyyan nəşri.
[1.9] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 3514. Tirmizi: 2/ 102/ № 693.
[1.10] əl-Bəqərə: 184.
[1.11] Hədis səhihdir. Səhih Sünən Tirmizi: № 574. Müslim: 2/ 787/ № 1116. Tirmizi: 2/ 108/ № 708.
[1.12] Hədis səhihdir. Müxtəsər səhih əl-Buxari: № 951.Buxari: 4/ 191/ № 1951.
[1.13] Hədis səhihdir. Səhih Sünən ət-Tirmizi: № 630. Müslim: 1/ 265/ № 335. Əbu Davud: 1/ 444/ № 259, № 260. Tirmizi: 2/ 141/ № 784. Nəsai: 4/ 191.
[1.14] əl-Bəqərə: 184.
[1.15] Hədis səhihdir: əl-İrva: № 912. Buxari: 8/ 179/ № 4505.
[2.1] əl-Bəqərə: 185.
[2.2] Hədisin sənədi möhkəmdir. Beyhəqi: 4/ 230.
[2.3] Hədis səhihdir. Albani əl-İrva kitabında (4/ 19) hədisi Təbərinin (№ 2785) rəvayət etdiyini demiş və hədisin sənədinin Müslimin şərti əsasında səhih olduğunu qeyd etmişdir.
[2.4] Hədisin sənədi səhihdir. əl-İrva: 4/ 20. Darəqutni: 2/ 207/ 15.
[2.5] Ərəblərin milli yeməyidir. Bu yeməyin hazırlanmasında, ətdən, ət suyundan və çörəkdən istifadə olunur. (tərc.)
[2.6] Hədisin sənədi səhihdir. əl-İrva: 4/ 21. Darəqutni: 2/ 207/ 16.
[2.7] əl-Bəyyinə: 5.
[2.8] Buxari: 1/ 9/ № 1. Müslim: 3/ 1515/ № 1907. Əbu Davud: 6/ 284/ № 2186. Tirmizi: 3/ 100/ № 1698.İbn Macə: 2/ 1413/ № 4227. Nəsai: 1/ № 59.
[2.9] Bu məsələ haqda elm adamları fikir ayrılığındadırlar. Bəziləri hər gecə niyyət etməyin zəruriliyini demişlər. Digərləri isə Ramazan ayının əvvəlində bir dəfə bütün ayın orucuna niyyət etməyin kifayət etdiyini demişlər. Lakin hər halda ehtiyat üçün hər gün niyyət edilsə daha yaxşı olar. Onu da deyək ki, oruc tutanın hər səhər səhur etməsi onun niyyətinin əlamətidir. (tərc.)
[2.10] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6538. Əbu Davud: 7/ 122/ № 2437. Tirmizi: 2/ 116/ № 726. Nəsai: 4/ 196.
[2.11] əl-Bəqərə: 187.
[2.12] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6573. Buxari: 4/ 155/ № 1923.Müslim: 2/ 809/ № 1155. Hədis onun rəvayətinə əsasən verilmişdir. İbn Macə: 1/ 535/ № 1673. Tirmizi: 2/ 112/ № 717.
[2.13] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6243. Tirmizi: 2/ 111/ № 716. Əbu Davud: 7/ 6/ № 2363. İbn Macə: 1/ 536/ № 1676.
[2.14] Buxari: 4/ 163/ № 1936. Müslim: 2/ 781/ № 1111. Əbu Davud: 7/ 20/ № 2373.Tirmizi: 2/ 113/ № 720. İbn Macə: 1/ 534/ № 1671.
[2.15] Buxari: 4/ 139/ № 1923. Müslim: 2/ 770/ № 1095. Tirmizi: 2/ 106/ № 703. Nəsai: 4/ 141. İbn Macə: 1/ 540/ № 1692.
[2.16] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 2945. İbn Hibban: 8/ 253/ № 3476.
[2.17] Buxari: 4/ 138/ № 1921. Müslim: 2/ 771/ № 1097. Tirmizi: 2/ 104/ № 699. Nəsai: 4/ 143. İbn Macə: 1/ 540/ № 1694.
[2.18] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 607. Əbu Davud: 6/ 475/ № 2333. Hakim: 1/ 426.
[2.19]Kitabın müəllifi hədisin tərkibində, و لا يصخب و لا يجهل (səsini yüksəldib qəzəblənməsin, cahil əməlləri etməsin) sözlərini bir hədisin sözü kimi qeyd etmişdir. Amma əslində (səsini yüksəldib qəzəblənməsin) sözləri bir, (cahil əməlləri etməsin) sözləri isə digər hədisdə qeyd olunmalıdır. (tərc.)
[2.20] Bu hədisdən bir hissədir. Hədisin tam variantını əvvəldə qeyd etmişdik. Buxari: 4/ 118/ № 1904. Müslim: 2/ 807/ № 1151, № 1163. Nəsai: 4/ 163.
[2.21] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: № 921. Buxari: 4/ 116/ № 1903. Əbu Davud: 6/ 488/ № 2345. Tirmizi: 2/ 105/ № 702.
[2.22] Buxari: 1/ 30/ № 6. Müslim: 4/ 1803/ 2307.
[2.23] Buxari: 4/ 198/ № 1957. Müslim: 2/ 771/ № 1098. Tirmizi: 2/ 103/ № 695.
[2.24] Həsənun Səhih. əs-Silsilətus Səhihə: № 2065. Əbu Davud: 6/ 481/ 2339. Tirmizi: 2/ 102/ № 692.
[2.25] Duanın ərəbcəsi belədir: "Zəhəbə -z- əmau, vəbtəllətil uruq, və səbətəl əcru inşəllah". Hədis həsəndir. Səhih Sünən Əbu Davud: № 2066. Əbu Davud: 6/ 482/ 2340.
[2.26] Mədinə şəhərinin yaxınlığında yerləşən kənd adıdır.
[2.27] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 2072. Əbu Davud: 6/ 492/ № 2348.
[2.28] Hədis səhihdir: Səhih Sünən Əbu Davud: № 129. Əbu Davud: 1/ 236/ № 142.
[2.29] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 2079. Buxari: 4/ 174/ № 1939. Əbu Davud: 6/ 498/ № 2355. Tirmizi: 2/ 137/ № 772. Amma onun rəvayətində bu sözlər əlavə olunur: "...ehramda olarkən..."
[2.30] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: № 947. Buxari: 4/ 174/ № 1940. Qan vermək də, qan aldırmaq hökmündədir. Əgər qanverən şəxs bədəninin zəifləyəcəyindən ehtiyatlanarsa bunu gündüz vaxtı etməsin. Yalnız qaçılmaz hallarda bunu edə bilər.
[2.31] Buxari: 4/ 149/ № 1927. Müslim: 2/ 777/ № 1106. Əbu Davud: 7/ 9/ № 2365. Tirmizi: 2/ 116/ № 725.
[2.32] Buxari: 4/ 143/ № 1926. Müslim: 4/ 779/ № 1109. Əbu Davud: 7/ 14/ № 2371. Tirmizi: 2/ 139/ № 776.
[2.33] Hədis səhihdir: əs-Silsilətus Səhihə: № 269. Buxari: 4/ 208/ № 1967. Əbu Davud: 6/ 487/ № 2344.
[2.34] Məryəm: 64.
[3.1] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 2125. Müslim: 2/ 822/ № 1164. Tirmizi: 2/ 129/ № 756. Əbu Davud: 7/ 86/ № 2416. İbn Macə: 1/ 547/ № 1716.
[3.2] Hədis səhihdir. əl-İrva: № 955. Müslim: 2/ 818/ № 1162.
[3.3] Buxari: 4/ 236/ № 1988. Müslim: 2/ 791/ № 1123. Əbu Davud: 7/ 106/ № 2424.
[3.4] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 2136. Müslim: 2/ 797/ № 1134. Əbu Davud: 7/ 110/ № 2428.
[3.5] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 2122. Müslim: 2/ 821/ № 1163. Əbu Davud: 7/ 82/ № 2412. Nəsai: 3/ 206. Tirmizi: 1/ 274/ № 436.
[3.6] Buxari: 4/ 213/ № 1969. Müslim: 2/ 810/ № 1156. Əbu Davud: 7/ 99/ № 2417.
[3.7] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 2128. Əbu Davud: 7/ 100/ № 2419.
[3.8] Buxari: 4/ 220/ № 1976. Müslim: 2/ 812/ № 1159. Əbu Davud: 7/ 79/ № 2410. Onun rəvayətində, "...Bir yaxşı işə görə onun on mislində savab yazılır..." - cümləsi yoxdur. Nəsai: 4/ 211.
[3.9] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 7817. Tirmizi: 2/ 130/ № 758. Nəsai: 4/ 222.
[3.10] Buxari: 3/ 16/ № 1131. Müslim: 2/ 816/ № 1159. Nəsai: 3/ 214. Əbu Davud: 7/ 117/ № 2431. İbn Macə: 1/ 546/ № 1712.
[3.11] Buxari: 4/ 238/ № 1990. Müslim: 2/ 799/ № 1137. Əbu Davud: 7/ 102/ № 2420. Nəsai: 4/ 220.
[3.12] Buxari: 4/ 238/ № 1990. Müslim: 2/ 799/ № 1137. Əbu Davud: 7/ 61/ № 2399. Tirmizi: 2/ 135/ № 769. İbn Macə: 1/ 549/ № 1722.
[3.13] Təşriq günləri, qurban bayramından sonrakı günlərdir. Bu günlərin sayının iki və ya üç olması haqqında fikir ayrılığı mövcuddur. Bu günlərin "təşriq günləri" adı ilə adlandırılmasına səbəb, həmin gün qurban ətlərinin günəş şüaları altında qurudulmasına görədir. Digər səbəb kimi deyirlər ki, qurbanlar günəş çıxandan sonra kəsildiyi üçün bu gün belə adlandırılmışdır. Həmçinin deyirlər ki, bayram namazı günəş çıxdıqdan sonra qılınır deyə bu gün belə adlandırılmışdır. Digər səbəb kimi deyirlər ki, "Təşriq" sözü hər namazdan sonra təkbir etmək mənasını verdiyi üçün bu günlər də belə adlandırılmışdır. Bax, "Fəthul Bari" 4/ səh 285.
[3.14] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 2113. Əbu Davud: 7/ 63/ № 2401.
[3.15] Demək, həcc zamanı qurban kəsməyə imkanı olmayanlar bunun əvəzində üç gün həccdə, yeddi gün isə evinə döndükdən sonra oruc tuturlar. (tərc.)
[3.16] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: № 978. Buxari: 4/ 242/ № 1997.
[3.17] Buxari: 4/ 232/ № 1985. Müslim: 2/ 801/ № 1144. Əbu Davud: 7/ 64/ № 2403. Tirmizi: 2/ 123/ № 740.
[3.18] Hədis səhihdir. əs-Silsilətus Səhihə: № 2116. Əbu Davud: 7/ 66/ № 2404. Tirmizi: 2/ 123/ № 741. İbn Macə: 1/ 550/ № 1726.
[3.19] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1339. Əbu Davud: 6/ 460/ № 2320. Tirmizi: 2/ 121/ № 735. İbn Macə: 1/ 528/ № 1651. Rəvayətlər bir-birinə yaxın ifadələrlə rəvayət edilmişdir.
[3.20] Buxari: 4/ 127/ № 1914. Müslim: 2/ 762/ № 1082. Əbu Davud: 6/ 459/ № 2318. Tirmizi: 2/ 97/ № 680. Nəsai: 4/ 149. İbn Macə: 1/ 528/ № 1650.
[3.21] Hədis səhihdir. əl-İrva: № 961. Tirmizi: 2/ 97/ № 681. Əbu Davud: 6/ 457/ № 2317. Nəsai: 4/ 153. İbn Macə: 1/ 527/ № 1645.
[3.22] Buxari: 4/ 224/ № 1979. Müslim: 2/ 815/ № 1159.
[3.23] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 2119. Müslim: 2/ 818/ № 1162. Əbu Davud: 7/ 75/ № 2408. Nəsai: 4/ 207.
[3.24] Buxari: 9/ 293/ № 5192. Müslim: 2/ 711/ № 1026. Əbu Davud: 7/ 128/ № 2441. Tirmizi: 2/ 140/ № 779. İbn Macə: 1/ 560/ № 1761. Onun rəvayətində əlavə mövcuddur.
[3.25] Etikafın mənası: Ev-eşiyindən çıxıb bütün gününü məsciddə ibadətə həsr etməkdir. (tərc.)
[3.26] əl-Qədr surəsi.
[3.27] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: № 987. Buxari: 4/ 259/ № 2020. Tirmizi: 2/ 144/ № 789.
[3.28] Buxari: 4/ 259/ № 2017. Müslim: 2/ 628/ № 1169.
[3.29] Buxari: 4/ 255/ № 2014. Müslim: 1/ 523/ № 760. Əbu Davud: 4/ 146/ № 1359. Nəsai: 4/ 157.
[3.30] əl-Bəqərə: 187.
[3.31] Fiqhus sünnə: 1/ 404. Məlumat müxtəsər verilmişdir.

Blogger tarafından desteklenmektedir.