Mənhəcin əsasları

Titulo

23.06.2016

Orucun həqiqi mənası





Mübarək Ramazan ayını yaşadığımız bu günlərdə dünyanın əksər müsəlmanları oruc tutur. Onlar sübh açılandan gün batana kimi yemək-içməkdən və cinsi yaxınlıqdan könüllü imtina edir. Bəs, bu ibadətin başlıca mənası nədədir?

Niyə heç nəyə ehtiyac duymayan Uca Yaradan, öz məxluqlarını yeməkdən, su içməkdən və cinsi yaxınlıqdan imtina etməyi tələb edir? Bu ibadətin hikməti nədədir? Oruc müsəlmanın mənəvi  halına və onun Rəbbi  ilə münasibətinə necə təsir göstərir?

Təəssüf ki, günümüzdə bir çox müsəlmanlar, səhvən güman edir ki, orucun əsas mənası qida və içki qəbulundan və cinsi yaxınlıqdan imtina etməkdən ibarətdir. Çox az qisim insan “Niyə Uca Allah müsəlmanlara, İslamın beş sütunundan biri olan bu böyük ibadəti əmr edib?” sualını özünə verir.

Əslində Ramazanda tutulan oruc – təkcə yeməkdən və cinsi yaxınlıqdan müvəqqəti imtina deyil. Ramazan ayında oruc tutmaq – böyük mənəvi məktəbdir ki, öz dərsləri ilə müsəlmanlara daha yaxşı: Uca Allaha yaxın və sevilən qul, ətrafındakı insanlar üçün isə ən xeyirxah insan olmaq imkanını verir.

Gəlin böyük oruc məktəbinin ən əsas dərslərindən bəzilərinə nəzər salaq. Ola bilsin ki, biz bu dərsləri dərk edib və anlayıb, Böyük Yaradanın yaxın və sevilən qulları ola biləcəyik!


Oruc bizə tövhidi öyrədir

Bir düşünün, indi siz oruc tutubsunuz. Bəzən elə olur ki, tez-tez evdə və ya işdə təklikdə qalırsınız. Susuzluq və aclıq hiss edirsiniz. Amma, buna baxmayaraq, siz heç vaxt yeməyə və ya suya toxunmağa cəsarət etməyəcəksiniz. Niyə?! Çünki, anlayırsınız ki, Uca Allah indi sizi görür, siz Ondan heç nə gizlədə bilməyəcəksiniz! Axı “O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür.” (Müqəddəs Quran, “Hədid” surəsi, 4-cü ayə).
Allah etdiyiniz hər şeyi görür, siz də buna tamamilə əminsiniz. Onda bütün bunlardan sonra dualarımızda Allahdan başqa kimi isə çağıra bilərik?! Hansısa bir daş, amulet, medalyon, ağac və başqa cansız əşyaların bizə xeyir və ya ziyan gətirə biləcəyinə necə ümid edə bilərik?!

Ölmüş əməlisaleh insanlardan necə nə isə istəyə bilərik, bir halda ki, onlar artıq nə görür, nə də eşidirlər!? Axı Uca Allah ölülər haqqında deyir: “Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin (onlara) ibadət etdiyinizi danacaqlar.” (Müqəddəs Quran, “Fatir” surəsi, 14-cü ayə).

Axı biz əminik ki, təklikdə qaranlıq otaqda qaldıqda, orucu poza bilmərik, çünki Uca Allah bu haqda biləcək. Bəs onda bundan sonra, biz necə şüurlu olaraq Allahdan qeyrisinə ibadət, dua edərək və qorxaraq bununla Uca Yaradanın hər şeyi görmək və eşitmək kimi atributları və keyfiyyətlərini məxluqata aid edirik?! Buna görə Uca Allah bizə deyir: “Siz də (bunu) bildiyiniz halda (heç kəsi) Allaha tay tutmayın.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 22-ci ayə).

Digər tərəfdən, Uca Allahın sizi tövhidə əsaslanan oruca – siz yalnız Onun üçün oruc tutduğunuza və Onun böyüklüyünü və Hər şeyi bilən olduğunu dərk etdiyinizə görə necə mükafatlandırdığına diqqəti edin. Səhih hədisdə rəvayət olunur ki, Uca Allah deyir: “Adəmoğlunun bütün əməlləri özü üçündür. Oruc istisna olmaqla, o Mənim üçündür və onun mükafatını da Mən verəcəyəm”. (əl-Buxari).

Uca Allahın orucu bütün ibadətlər arasından necə seçdiyinə baxın: “O Mənim üçündür və onun mükafatını da Mən verəcəyəm”. Niyə? Ona görə ki, namaz və həcc kimivə.s , başqa ibadətlərdən fərqli olaraq, oruc vaxtı sizin ac və susuz olduğunuzu ətrafdakılar görmür. Siz isə Hər şeyi görən və Hər şeydən xəbərdar olan Allahın sizi gördüyünü anlayırsınız. Bu sizin üçün kifayətdir. Çünki siz yalnız Ona ibadət edir və yalnız Onun razılığını qazanmaq üçün oruc tutursunuz.

Oruc bizdə Uca Allaha sevgini tərbiyə edir

Orucun həqiqi mənası barəsində düşünün! Sübh vaxtından günəş batana qədər insanlar könüllü olaraq yeməkdən, sudan və şəhvətdən imtina edir. Məgər aclığın, susuzluğun və cinsi istəyin ödənilməsi insanın ən sevdiyi məşğuliyyətlər deyildirmi? Ən sevdiyiniz məşğuliyyətləri nə üçün könüllü tərk etdiyinizi bir fikirləşin. Məgər ona görə yox ki, Uca Allah sizin üçün hər şeydən üstündür? Axı insan sevdiyi şeylərlə yalnız onun üçün daha sevimli və istəkli olana görə fəda edir. Bu səbəbdən səhih hədisdə Uca Allah deyir: “O öz nəfsi istəklərini Mənim üçün tərk edir”(Muslim).

Allahı sevən və mömin kimi yaşayan insan Uca Allahın onu sevməsinə müvəffəq olur. Qüdrətli Allahın bir insanı sevməsindən daha yaxşı nə ola bilər?! Məgər belə insan bədbəxt ola bilərmi?! Uca Allah deyir: “Əgər onu sevdimsə, onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən istəsə, istədiyini mütləq ona verərəm. Sığınacaq diləsə, mütləq ona sığınacaq verərəm”. (Buxari)

Oruc bizə tövbəni və günahları tərk etməyi öyrədir

Ramazan – hər birimiz üçün yaxşılığa doğru dəyişikliklər ayıdır. Bu ay bizim üçün günahlardan qurtulmaq və öz əxlaqımızı yaxşılaşdırmaq  üçün fürsətidir. Fikirləşin, bu ayda, günəş çıxandan günbatana qədər, biz, Allahın razılığını qazanmaq üçün yemək-içməkdən imtina edirik. Necə olur ki, bizim üçün halal olan şeylərdən bu ayda imtina edirik, lakin qadağan edilmiş əməlləri etməyə davam edirik?! Məgər bu ziddiyyət deyil?! Biz yeməyi və suyu tərk edirik, amma valideynlərə pis münasibəti, siqaret çəkməyi, dedi-qodunu, namazı vaxtsız qılmağı və başqa günahları tərk etmirik. Beləliklə, Ramazanda oruc bizə öyrədir ki, istədiyimiz təqdirdə, biz yeyib-içməyi tərk etdiyimiz kimi öz günahlarımızı da tərk edə bilərik.

Əhmədin rəvayət etdiyi səhih hədisdə bildirilir ki, bir dəfə Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) minbərə çıxaraq “Amin! Amin! Amin!”, – dedi. Səhabələr ondan soruşdu: “Ey Allahın elçisi, niyə minbərə qalxıb üç dəfə “Amin” dedin?” O cavab verdi: “Cəbrail (ona salam olsun) (mələk) mənim yanıma gəldi və “Kim Ramazan ayında bağışlanmadısa, cəhənnəmə girsin“, – dedi, mən də “Amin” dedim.”

Bu hədisin mənası nədən ibarətdir? Bu hədisin mənası ondadır ki, Mərhəmətli Allah bu ayda bizə başqa aylarda olduğundan daha rəhmlidir və yalnız düşüncəsiz insan bu şansı əldən verər.

Axı bu ayda, iblisin hiylələri zəifləyir,  müsəlmanlar daha çox yaxşı əməl etməyə can atır.
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyirdi: “Ramazan ayının birinci gecəsi daxil olduqda, şeytanlar və cinlərdən azğın olanları zəncirlənir və cəhənnəmin qapıları bağlanır, Cənnətin qapıları açılır. Carçı ucadan söyləyir: Ey xeyir istəyən, davam et, Ey şər istəyən, dayan.” (Buxari).

Digər tərəfdən, bir düşünün, günün çox hissəsini halal qidadan, içməkdən, cinsi əlaqədən çəkinib iftar etdikdən sonra necə haram yeyib, spirtli içki içmək, siqaret çəkmək və ya zina etmək və bununla da özünə, ətrafdakılara zərər vermək olar?! Allah bütün müsəlmanların günahlarını bağışlasın!

Hörmətli müsəlman, unutma ki, Uca Allah həmişə səni görür, və O sənə bu böyük ibadəti  –  Allah Təala Ramazanda orucu əmr edib ki, sən yaxşılığa tərəf dəyişəsən və günahları tərk edəsən. O bu böyük ibadəti, çoxlarının yanlışlıqla düşündüyü kimi, pəhriz edəsən və ya orqanizmin lazımsız şlaklardan qurtulsun deyə əmr etməyib. Bax, Uca Allah özü Öz Kitabında oruc barəsində nə deyir: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.”(Müqəddəs Quran, “Bəqərə” surəsi, 183-cü ayə).

Əziz müsəlman, fikir ver ki, Uca Allah bu orucu sənin təqvalı olman və günahlarını tərk etmən üçün əmr edib. Uca Allah istəyir ki, sən yaxşılığa doğru dəyişəsən və yaxşılıqları çoxaldasan. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sözləri üzərində fikirləş: “Hər kim (oruc vaxtı) nalayiq sözləri və pis əməlləri tərk eləməsə, onun yeyib-içməsini tərk etməsinə Allahın heç bir  ehtiyacı yoxdur” (Buxari).

Başqa bir hədisdə, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Oruc tutanların arasında elələri vardır ki, öz orucuna görə qazancı ancaq aclıq və susuzluqdur” (Təbarani). Yəni öz orucuna görə heç bir mükafat qazanmır, çünki oruc tutmaqla yanaşı pis əməllərdən əl çəkmirlər .
Uca Allahdan diləyirik ki, bizi Öz mükafatından və lütfündən məhrum etməsin!

Oruc bizə insanlara yaxşılıq etməyi öyrədir

Fikirləşin, biz indi oruc tuturuq,  hər gün güclü aclıq və susuzluq hiss edirik. Bəlkə də, heç 11 ay ərzində biz bu hissləri bilməmişik. Deməli, Ramazan ayında, biz istər-istəməz yoxsul qardaş və bacılarımızı – kasıb və ehtiyaclı müsəlmanları yada salırıq. Axı, ola bilsin ki, onlar bizdən fərqli olaraq belə aclığı təkcə Ramazanda deyil, hər ay keçirirlər! Bütün bunlar, bizi yenə də Uca Allaha verdiyi lütfə görə şükür etməyə və ehtiyaclı müsəlmanlara kömək etməyə həvəsləndirir.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Qul öz qardaşına kömək etməyə davam etdikcə, Allah da ona kömək etməyə davam edər” (Muslim). O (Allahın ona salavat və salamı  olsun) həmçinin demişdir: “Kim oruc tutana iftar verərsə, ona oruc tutanın savabı qədər savab  yazılar.”(Tirmizi).

Oruc bizi səbri və yüksək əxlaqı öyrədir

Səbir – elə keyfiyyətlərdən biridir ki, buna görə müsəlman Allahdan ən böyük savaba nail olur. Uca Allah deyir: “Yalnız səbr edənlərə mükafatları hesabsız veriləcəkdir” (Müqəddəs  Quran, “Zumər” surəsi, 10-cu ayə). Lakin, çoxumuz bu keyfiyyəti özümüzdə tərbiyə edə bilməməyimizdən şikayət edir. Ramazan isə dözümlü olmağı bizə öyrədir və bunu bacara bildiyimizi bizə sübut edir.

Çünki bu ayda biz aclığa və susuzluğa dözərək səbir göstəririk. Eyni zamanda bu ayda bizim daha da böyük səbrə ehtiyacımız var, çünki oruclu olan kəsin, hətta ona qarşı ədalətsizlik edilirsə də, münaqişə etməsi qadağandır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyir: “Əgər bir kimsə ona söyərsə və ya onunla dalaşarsa iki dəfə “mən orucam” desin” (Buxari).

Başqa bir hədisdə rəvayət olunur ki, bir nəfər Peyğəmbərə (Allahın ona salavat və salamı olsun): “Mənə nəsihət et”. O dedi: “Qəzəblənmə”. Bundan sonra həmin adam öz istəyini bir neçə dəfə təkrarladı, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) isə hər dəfəsində “Qəzəblənmə” – deyirdi. (Buxari).

Mərhəmətli Allahdan bu müqəddəs ayda günahlarımızı bağışlamasını, və bizləri Onu sevən və Onun sevdiyi qullardan etməyini diləyirik! Amin!
“De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.
( “Ali İmran” surəsi, 31-ci ayə)

Hazırladı: Ramin Abu Davud

www.selefxeber.az

"SunnaPortal.com" saytından tərcümə olunub.
Blogger tarafından desteklenmektedir.