Mənhəcin əsasları

Titulo

27.06.2016

Qədr gecəsi


Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə. Bundan sonra:
Əziz müsəlman qardaş və bacılar ramazan ayının son on günündə Allahu təalə digər günlərdən savayı bir günü Qədr gecəsi ilə şərəfləndirib və bunu Allah təalə öz kitabında buyurub: “Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq.Hər bir hikmətli iş o gecədə ayırd edilir-dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk –sənin Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir.Ondan başqa ibadətə layiq olan haqq məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir.” (əd-Duxan 3-8).
Allah təalə bu günü çoxlu xeyir, bərəkət və fəzilətli olması ilə vəsf edir, bu günü bərəkəti odur ki, mübarək Quran bu gündə nazil olub.
Qədr gecəsi haqqında Allah təalə ayıca bir surə nazil etmişdir. Allah təalə belə buyurur: “Həqiqətən, Biz Quranı Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir.O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur.” (əl-Qadr 1-5).
Qədr gecəsi şərəfli və əzəmətlidir. Allah təalə o gecədə il boyu baş verənləri öz dərgahında yazır.
“Qədr gecəsi min aydan xeyirlidir.” – yəni fəzilətin, şərəfin, savabın və əcirin çox olması ilə min aydan daha xeyirlidir,İman və savabını Allahdan umaraq o gecəni ibadətlə keçirəni keçmişdəki günahları bağışlanar.
“O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər” – mələklər Allahın yaratdıqlarından olan bir məxluqdur, onlar gecə və gündüz yalnız Allaha ibadət etməklə mükəlləfləniblər, necə ki, Allah təalə buyurur: “Onun yanında olanlar Ona ibadət etməyə təşəxxüs göstərmir və bundan yorulmurlar. Onlar gecə-gündüz, usanmadan Onun şəninə təriflər deyirlər.” (əl Ənbiyə 19-20), Qədr gecəsində mələklər yerə xeyir, bərəkət və rəhmətlə enirlər. Ruh dedikdə mələk Cəbrail (Allahın ona salamı olsun) nəzərdə tutulur, Allah təalə onu şərəfinə və fəzilətinə görə zikr etmişdi.
“O gecə sübh açılanadək əmin-amanlıq olur.” – yəni qədr gecəsi möminlər üçün əmin-aman bir gecədir, çünki o gecədə cəhənnəm odundan və əzabından çox insan azad olunur, qədr gecəsi sübh açılanadək bitir və o gecənin əməlləri də bununla qurtarır.
Bu əzəmətli surədə Qədr gecəsinə aid bir neçə faydalara toxunulur:
1) Allah təalə bu gecədə quranı nazıl edib, o quran ki, insanlara dünya və axirətdə səadətə qovuşmaq üçün onlara müjdədir.
2) Qədr gecəsi haqqında sual onun ucalığına və böyüklüyünə dəlalət edir: “Sən haradan biləsən ki, Qədr gecəsi nədir?”
3) O gecə min aydan daha xeyirlidir.
4) O gecədə mələklər xeyir, rəhmət və bərəkətlə nazil olur.
5) İnsanın o gecəni Allaha itaətdə keçirməsi onun cəhənnəm əzəbından salamat edir.
6) Allah təalə o gecənin fəzilətinə aid kamil bir surə nazil edib hansı ki, o qiyamət gününə gədər oxunacaq.
Səhih əl-Buxari və Muslimdə Qədr gecəsinin fəzilətinə aid olan hədisdə, Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə demişdir: “Kim Qədr gecəsini imanla və savabını Allahdan umaraq keçirərsə onun keçmiş günahları bağışlanar.” (Buxari, Muslim).
İman dedikdə Allaha iman edərək və savabını, əcrini Allahdan umaraq deməkdir. Bu həm bilən həm də bilməyənə aiddir, çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu əcrə nail olmaq üçün bilməyi əsas tutmamışdır.
Qədr gecəsi Ramazan ayında olur, çünki Allah təalə quranın o gecədə və o ayda nazil olduğunu bizə xəbər vermişdir, necə ki, Allah təalə buyurur: “Həqiqətən, Biz Quranı Qədr gecəsində nazil etdik!” (əl Qadr 1), digər ayədə isə belə buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir.” (əl-Bəqara 185).
Bununla bizə aydın olur ki, Qədr gecəsi ramazan ayındadır. Qədr gecəsi bizdən əvvəlki ümmətlərdə və bizim ümmətimizdə də qiyamət gününə gədər mövcuddur. İmam Əhməd və ən-Nəsəinin kitablarında Əbu Zərrdən (Allah ondan razı olsun) rəvayət olunur ki, O dedi: “Ey Allahın Elçisi bizə qədr gecəsi haqqında xəbər ver o ramazanda yoxsa başqa aydadır?” O, dedi: “O Ramazandadır.” Sahabə dedi: “Peyğəmbərlər sağ olduğu müddətdə olub onlar öldükdən sonra isə qədr gecəsi də bitəcək yoxsa qiyamət gününə gədər davam edəcək?” O dedi: “O qiyamət gününə gədər davam edəcək.” (Əhməd, ən-Nəsəi)
Lakin bu gecənin fəziləti və əcri bu ümmətə xasdır, necə ki, Allah təalə bu ümmətə cümə gününü xüsusiləşdirib.
Qədr gecəsi Ramazan ayının son on gecələrində baş verir, buna dəlil olaraq Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə demişdir: “Qədr gecəsini Ramazan ayının son on gecəsində axtarın.” (əl-Buxari, Muslim).
Qədr gecəsini ramazan ayının son on gecəsinin tək gecəsində olmaq ehtimalı daha çoxdur,buna dəlil olaraq Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur: “Qədr gecəsəni Ramazan ayının son on gününün tək gecələrində axtarın.” (əl-Buxari).
Başqa rəvayətdə isə son yeddi gündə olmaq ehtimalıdır, İbn Ömər (Allah onların hər ikisindən razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) sahəbələrindən bir neçəsi yuxuda qədr gecəsinin ramazanın son yeddi gecəsində olacağını gördülər, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Görürəm, son yeddi gecədə olacağına dair gördüyünüz yuxular bir birinə uyğun gəlir, sizdən kim o gecəni axtararsa, onda onu son yeddi gecədə axtarsın.” (əl-Buxari, Muslim).
Muslimdə keçən hədisdə isə, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur: “Qədr gecəsini son on gecədə axtarın, əgər sizdən biriniz zəifləsə ya da gücü çatmasa onda nə badə özünü qalan yeddi gündən məhrum etsin.” (Muslim).
Qədr gecəsi Ramazanın iyirmi yeddinci gecəsi olması daha çox ehtimal olunur, Ubey İbn Kəab (Allah ondan razı olsun) belə deyir: “Allah and olsun ki, qədr gecəsini hansı gecədə olduğunu bilirəm, o gecəni bizə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qiyamda keçirməyi əmr etdi. O iyirmi yeddinci gecədir.” (Muslim).
Qədr gecəsi hər il müəyyən bir gecədə olması xass (şərt) deyil, əksinə hər il dəyişə bilmə ehtimalı da mövcuddur.
Misal üçün bu il iyirmi yeddinci gecə gələn il iyirmi beşinci gecə də ola bilər, bu Allahın istəyi və hikməti ilə olan bir işdir, buna dəlil olaraq Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur: “Qədr gecəsini ramazanın son on gecəsinin tək gecələrində-ayın axırına doqquz, yaxud yeddi, yaxud da beş gecə qalmış axtarın.” (əl-Buxari).
Fəthul Bəri kitabında belə deyilir: “Qədr gecəsi Ramazan ayının son on günün tək gecəsində olması daha çox ehtimal olunur və hər il bu dəyişir.”
Bu fəzilətli gecədə insanların namazlarının, zikirlərinin, dualarının və digər əməllərinin çoxalması üçün Allah təalə qədr gecəsini hansı gecədə olmasını rəhmət olaraq qullarından gizdədib, bununla onlar Allaha yaxınlaşaraq savabları çoxalır, həmçinin aralarında kimin o gecəni tələb etməkdə həris olduğunu və kimin də tənbəl və məsuliyyətsiz olduğunu insanlara bir imtahan olaraq gizlədib. Həqiqətən kim bir işin tələbində həris olarsa, O, məqsədə çatana gədər ona o çətinlik yüngül gələr.
Əziz müsəlmanlar həqiqətən qədr gecəsində xeyir qapıları açılar, dua edənlərə cavab verilər, əməl edənlər üçün əzəmətli savablar yazılar, qədr gecəsi min aydan daha xeyirlidir, odur ki, ona nail olmağa çalışaq.
2016-cı il qədr gecəsi üçün ehtimal olunan tək gecələr bunlardır:
1. Ramazan ayının 21-ci gecəsi iyunun 26-dan 27-nə keçən gecə
2. Ramazan ayının 23-cü gecəsi iyunun 28-dən 29-na keçən gecə
3. Ramazan ayının 25-ci gecəsi iyunun 30-dan iyulun 1-nə keçən gecə
4. Ramazan ayının 27-ci gecəsi iyulun 2-dən 3-nə keçən gecə
5. Ramazan ayının 29-cu gecəsi iyulun 4-dən 5-nə keçən gecə
Allahım bizi ramazan ayının orucunu gözəl şəkildə tutanlardan et və onu bizdən gəbul et, bizi qədr gecəsinə nail olmaqda kömək ol və bizim savablarımızı çoxalt.
Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Məcid Məmmədov
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Mənbə: Sələf Xəbər
Blogger tarafından desteklenmektedir.