Mənhəcin əsasları

Titulo

14.09.2016

Mumeyyilər kimlərdir və ya ixvanlığın yeni siması (2-ci hissə)

Ramin Abu Davud

Yoxladılar və məsləhət gördülər:
Qamət Süleymanov
Səid İsrafilov
İsmail Abu Xalid
Useyd Turabov
Tural Yusubov
Osman Sələfi


Rəhman və Rəhim olan Allahın adı ilə


“Sərhədlərin silinməsi” prinsipinin banisi olan ideoloqların ikinci fitnə dalğası

Böyük alimlər Adnan Arurun azğın qaydalarını və onun özünü təkzib etdikdən və ondan çəkindirdikdən sonra, onun nüfuzuna ciddi şəkildə xələl gəldi və nəticə etibarilə onun törətdiyi fitnə zəiflədi və süquta uğradı. Hələ digər nüfuzlu sələfi alimlər bu barədə danışmazdan əvvəl, şeyx Rabi (Allah onu qorusun), cərh və tədil elmində mütəxəssis olan digər alimlər Adnan Arurun azğın qaydalarına rəddiyyə vermişlər. Əksər sələfilər bir daha əmin oldular ki, şeyx Rabi və digər alimlər bunu etməkdə haqlı idilər.

Lakin Arur “sərhədlərin silinməsi” (təmyi’) ideologiyasının yayılmasında liderliyi itirdikdən sonra, bu azğın əməli uğrunda mübarizədə estafeti Əbul-Həsən Məribi adlı şəxs ələ aldı.

Misir əsilli Məribi hələ uzun illər öncə Yəmənə köçüb, Mərib əyalətində məskən salıb. Arurun və onun bidətçi qaydalarının tənəzzülündən sonra Məribi strategiyanı bir balaca dəyişdirməyə və “sərhədlərin silinməsi” (təmyi’) ideyasını gücləndirməyə vadar oldu. O, Sələfi alimlərin Arurla əlaqəli çəkindirmələrinə məruz qalmamaq üçün bu addımı atdı. Beləliklə, Arurun əvvəlki qaydalarına cüzi dəyişikliklər etməklə və yeni, daha hiyləgər qaydalar işləyib hazırlamaqla Məribi Arurun fitnəsindən daha təhlükəli və dağıdıcı bir fitnənin yayılmasına rəhbərlik etməyə nail oldu.

Şeyx Rabi (Allah onu qorusun) bu fitnələri aşağıdakı kimi təsvir edib:
“Sələfi mənhəcilə və dövrümüzdəki ardıcılları ilə mübarizəyə yönəldilmiş çoxsaylı böyük fitnələr arasında davamlı surətdə, bir-birinin ardınca baş verən fitnələr yer alır. Bu fitnələrdən – ilk əvvəl Adnan Arurun, daha sonra Məğravinin, daha sonra isə Əbul-Həsən Məribinin fitnəsi gəlir. Sonuncunun fitnəsi insanlar üçün daha çox çaşdırıcı oldu. Məhz bu səbəbdən, bu fitnə sələfi mənhəcinin və onun ardıcıllarının rastlaşdığı ən təhlükəli fitnəyə çevrildi. Çünki bu fitnənin ideoloqları böyük fəsadlar törədərək özlərini Sələfi mənhəcinin nümayəndələri olduğunu nümayiş etdirmək üçün əllərindən gələni etdilər” [18].

Əbul-Həsən Məribinin hiyləsi və onun azmış şəxsiyyətlərin müdafiəsi üçün uydurduğu yeni hiyləgər və fəndgir qaydaları səbəbilə bir çox sələfi alimlər onu Əbul-Həsən əvəzinə “Əbul-Fitən” (fitnələrin atası) adlandırmışlar.

Xüsusilə, şeyx Salih Suheymi (Allah onu qorusun) Məribini bidətçi və “fitnələrin atası” adlandıraraq izah etmişdir ki, o, öz məkrli üsullarını işə salaraq utanmadan alimlər qarşısında yalan danışır və yaltaqlıq edir. Odur ki, onun halını dərindən öyrənmədən bəzi böyük alimlər ondan çəkindirmir və onu tövsiyyə etməyə davam edirlər” [19].

Lakin Məribi və onun tərəfdarları nə qədər hiyləgər və məkrli qaydalar təbliğ edirlərsə etsinlər, şeyx Albani (Allah ona rəhmət etsin) demişkən: “Siz onları bəhrələrindən tanıyacaqsınız”.  Beləliklə, Məribi də Arur kimi öz azğın qaydalarını tətbiq etməklə ixvanlar və digər xəvariclər sırasından müxtəlif azmış şəxsiyyətləri, o cümlədən müasir xəvariclərin ideoloji atası olan Seyyid Qutbu müdafiə və tövsiyyə etməyə davam edirdi. Müxtəlif ixvanlar və Misirin “Nur” ixvan partiyasının üzvlərindən və həmçinin də digərlərindən ibarət olan “oturaq xəvariclər” (xəvaric qaədə) Məribi üçün “sələfilərə” çevrilərək onun və onun tərəfdarları tərəfindən tərif və dəstəyə layiq oldular. Bundan əlavə Məribi müxtəlif xəvaricləri təkzib və ifşa etmiş sələfi alimləri haqsız şəkildə “həddadilər”, “fitnəkarlar” və digər alçaldıcı sözlərlə adlandırmağa başladı.

Məribi və onun azğın qaydalarından çəkindirmiş alimlər arasında aşağıdakıların adları var:
  • Şeyx Muqbil əl-Vadii (Allah ona rəhmət etsin)
  • Şeyx Əhməd Nəcmi (Allah ona rəhmət etsin) [20]
  • Şeyx Zeyd Mədxali (Allah ona rəhmət etsin)
  • Şeyx Muhəmməd ibn Əbdul-Vəhhab Bənna (Allah ona rəhmət etsin)
  • Şeyx Rabi əl-Mədxali (Allah onu qorusun) [21]
  • Şeyx Salih Suheymi (Allah onu qorusun)
  • Şeyx Səid Raslan (Allah onu qorusun)
  • Şeyx Vəsiyullah Abbas (Allah onu qorusun)
  • Şeyx Ubeyd Cabiri (Allah onu qorusun)
  • Şeyx Muhəmməd bin Hədi (Allah onu qorusun)
  • Şeyx Abdullah Buxari (Allah onu qorusun) [22]
  • Şeyx Süleyman Ruheyli (Allah onu qorusun)
  • Şeyx Muhamməd Bəzmul (Allah onu qorusun) [23]
“Sərhədlərin silinməsi” ideologiyasının təkamülünü daha yaxşı başa düşmək üçün Məribinin ixtira etdiyi bəzi əsas qayda və prinsiplərini təqdim edirik. Qısa şəkildə bu qaydaların necə də azmış qaydalar olduğunu göstərəcəyik.

  1. “Biz (insanları) düzəltməliyik, məhv etməməliyik” (نصحح ولا نهدم). 
Yəqin oxucu dərhal diqqət yetirdi ki, bu qayda Arura məxsus “Biz (şəxsləri) düzətlməli, lakin onları cərh etməməliyik” (نصحح ولا نجرح) şəklində azğın qaydadan demək olar ki, heç fərqlənmir. Lakin diqqətlə düşündükdə görərik ki, əslində Məribinin bu qaydası Arurun qaydasından daha da azğındır.
    Şeyx Rabi (Allah onu qorusun) demişdir: 
    Bu qaydaya Əbul-Həsən tərəfindən verilmiş ad, Adnan (Arur) tərəfindən verilmiş addan daha pisdir. Çünki Adnan hesab edir ki, (azmış şəxsləri) təkzib etmək yalnız onları cərh etməkdir, Əbul-Həsən isə onların təkzib olunmasını məhv etmək hesab edir [24].

    1. “Geniş mənhəc” prinsipi (المنهج الواسع الأفيح)
    Əbul-Həsən Məribi açıq şəkildə bəyan etdi ki, müxtəlif bidətçi firqələri Əhli-Sünnənin sıralarına daxil etmək üçün Əhli-Sünnə və bidətçilərin arasında mövcud olan sərhədləri silmək və genişləndirmək istəyir. O demişdir:
    “Biz, özündə həm Əhli-Sünnəni, həm də bütün ümməti birləşdirən böyük və geniş mənhəc istəyirik”. 
    Şeyx Rabi onun sözlərini şərh edərək demişdir:
    “Bu sözlərlə o, məşhur (ixvan) qaydasını nəzərdə tutur: “Ümumi məqsədlərimiz əsasında əməkdaşlıq edək və ixtilaf etdiyimiz məsələlərdə bir-birimizi bağışlayaq” [25].

    Həmçinin “Sələfi dəvətinin əsasları və fərqləri” adlı mühazirəsində Məribi demişdir: 
    “Uğurlu insan əməlisaleh sələflərin tərcümeyi-hallarını oxuyan və sonra da onların Quran və Sünnə üzərindən olan fəhmləri  əsasında özündə həm Əhli-Sünnəni və həm də bütün ümməti birləşdirən geniş bir mənhəc hasil edən kəsdir”.

    Şeyx Rabi (Allah onu qorusun) bu sözlər haqqında aşağıdakıları demişdir:
    “Əbul-Həsən (Məribi) özündə təbliğçilərdən, qutubçulardan, məğraviçilərdən və arurçulardan ibarət olan, bütün firqələri özündə birləşdirən yeni bir mənhəc arzusundadır” [26].

    Beləliklə, Məribi açıq şəkildə bəyan etdi ki, o, ixvanların ideologiyasına riayət edir və Əhli-Sünnə və digər firqələr arasında mövcud olan sərhədləri silmək istəyir. Məhz bu səbəbdən Məribi dəfələrlə öz mühazirələrində və tez-tez baş tutan məclislərdə iddia edirdi ki, “Müsəlman qardaşlar” və “Təbliğ Cəmaatı” firqələri Əhli-Sünnə vəl-Cəmaənin ardıcıllarıdır və bidətçi firqələr deyillər  [27].

    Baxmayaraq ki, Şeyx İbn Bəzdən (Allah ona rəhmət etsin) soruşanda ki:
    “Allah sizi mükəfatlandırsın! Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) firqələrin meydana gəlməsi barədə hədisi məşhurdur: “Həqiqətən mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Birindən başqa hamısı Cəhənnəmdədir...”. Sual belədir:  Şirk və bidət törədən “Təbliğ Cəmaatı”, həmçinin partiyaçılıq (hizbilik) və rəhbərə qarşı çıxmaq ideologiyasına malik “Müsəlman qardaşlar”, bu iki firqə yeganə firqəyə daxildirmi? ...”
    Şeyx bələ cavab verdi:“Bəli, onlar 72 (bidətçi) firqəyə daxildirlər. Əhli-Sünnə əqidəsinin ardınca getməyən hər kəs 72 (bidətçi) firqələrə daxildir” [28].

    Öz yeni “geniş mənhəcinə” əsaslanan Məribi, həmçinin qutubçuları və “oturaq xəvariclər” sırasından özlərini sələfi kimi qələmə verən  müxtəlif hizbçiləri müdafiə və tövsiyyə edir. Şeyx Rabi onun bu zəlalətinə işarə edərək demişdir:
    “Ətraflı cavab” adlı mühazirəsində ondan (Məribidən) Əbu İshaq (əl-Huveyni), Muhəmməd Həssən və bəzi digər hizbçilər barəsində soruşulduqda, o, (Məribi) belə cavab vermişdir: “Şübhəsizdir ki, ixtilaflı məsələlərdən uzaq ibrətamiz mühazirələri dinləmək və faydalar çıxarmaq icazəlidir. Axı əgər bizə Kitab əhlindən nəql etmək icazəli buyrulubsa, o zaman böyüklüyündən və kiçikliyindən asılı olmayaraq bəzi ixtilaflara malik olduğumuz qardaşlarımız haqqında nə demək olar” [29].

    Məribi həmçinin “geniş mənhəc” prinsipini tətbiq edərək Misirdə fəaliyyət göstərən Yasir Burhami, Muqaddim, Səid ibn Əbduləzim və digər “isgəndəriyyəli hizbçilər” “oturaq xəvariclərin” rəhbərlik etdiyi “Hizbun-Nur” xəvaric siyasi partiyasının ünvanına böyük təriflər yağdırmış və onları tövsiyyə etmişdir. Bu insanlar öz siyasi partiyalarını bu gün qanuni (şəri) müsəlman rəhbərlərin demək olar ki mövcud olmadığı əqidəsi əsasında təsis ediblər və bu səbəbdən qanuni rəhbərin təyin olunması üçün siyasi mübarizənin aparılmasını icazəli və hətta vacib hesab edirlər [30].  Lakin bütün bunlara baxmayaraq, Məribi bu partiyanın liderlərini və ardıcıllarını sələfi adlandırır və bəyan edir ki, “onların üzərində böyük məsuliyyət və vəzifə var” və bu partiya “parlaq gələcəyi olan, çox ümidlər verən” bir partiyadır [31]. Allahdan bizi bu cür zəlalətdən qorumasını diləyirik.

    1. “(Bir şəxsin) Ümumi sözlərini təfsilatlı sözlərinə əsasən açıqlamaq lazımdır” (حمل المجمل على المفصل)
    Bu qayda, həqiqətən doğru bir İslam qaydasıdır. Lakin bu qayda qeyd-şərtsiz olaraq yalnız Uca Allahın və Muhamməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sözlərinə münasibətdə istifadə olunur. Allahın və Onun  Peyğəmbərinin (Allahın ona salavat və salamı olsun) sözlərinə münasibətdə bu qaydanın doğruluğu onunla izah olunur ki, Allahın sözləri heç bir halda bir-birinə zidd ola bilməz. Odur ki, Uca Allahın aydın olmayan və ya ümumi sözlərini təfsilatlı sözlərə əsasən açıqlamaq lazımdır. İmam Şəvkani demişdir:
    “Müsəlmanlar yekdildirlər ki, məsumun (yəni, Peyğəmbərin) sözlərindən başqa, digər insanların sözləri açıq-aydın mənasına zidd olaraq açıqlanmır” [32].

    Lakin Məribi müxtəlif bidətçilərin və azmış şəxsiyyətlərin müdafiəsi üçün bu qaydanı tətbiq etməyə başladı. Onun bu qaydasının təfsirinə müvafiq olaraq, əgər hər hansı bir insan bidət bir söz desə, buna görə onu qınamaq və ya günahlandırmaq olmaz, mütləq qaydada bu sözləri mənanın anlaşıldığı digər sözlərlə açıqlamaq lazımdır. Beləliklə, Məribinin bu qaydasının təfsirinə əsasən belə çıxır ki, Sünni müsəlman heç vaxt doğru yoldan aza və bidət sözlər söyləyə bilməz. Bundan əlavə, bu qaydanın təfsirindən belə çıxır ki, insan Uca Allahın bənzəridir və unutqanlıq, həvasına tabe olmaq, təkəbbürlük və digər insana xas zəifliklər səbəbilə özü-özünə zidd gedə bilməz.

    Biz artıq Məribini “geniş mənhəc” prinsipini tətbiq edərək təbliğçiləri, ixvanları və müxtəlif xəvaricləri necə müdafiə etdiyinə və onları Əhli-Sünnə adlandırdığına əmin olduq. Məribinin bu firqələri Əhli-Sünnə sıralarına daxil etmək üçün istifadə etdiyi əsas silahlarından biri məhz onun “ümumi sözləri təfsilatlı sözlərə əsasən açıqlamaq lazımdır” qaydasıdır.

    Məribinin müxtəlif azmış şəxsiyyətləri və onların bidətlərini müdafiə etmək üçün bu qaydanı tətbiq etməsinə dair bəzi nümunələr gətirək.

    Məribi bu qaydanı, müasir xəvariclərin ideoloji atası, öz əsərlərində “vəhdətul-vücud” adlı bidətçi fəlsəfəni təbliğ edən Seyyid Qutuba münasibətdə tətbiq edirdi [33]. Əksər dərslərində öz yeni qaydasına əsaslanan Məribi Seyyid Qutbun bu cür bidətçi əqidəyə sahib olduğunu inadla inkar etmişdir. O demişdir: 
    (Qutubun) bu sözləri ümumidir və aydın deyil, odur ki, bu sözləri onun digər təfsilatlı sözləri ilə açıqlamaq lazımdır”.

    Şeyx Rabi Məribinin bu sözlərini izah edərək demişdir: 
    “Onun (Seyyid Qutubun) “Hədid” və “İxlas” surələrinin təfsirində “varlığın vəhdəti” ideologiyasını və Yaradanın məxluqlarla mücəssəməsini təsdiqləyən sözləri son dərəcə aydındır, ümumi və ya qeyri-aydın deyildir. Lakin sən özün, aydın sözləri qeyri-aydın edir və bununla alimlərin sözlərini və (şəxsiyyətlərlə əlaqəli)  qərarlarını rədd edib, qəbul etmirsən” [34].

    Məribi Məğravi və onun müsəlman ümmətinin təkfir olunmasına dair çoxsaylı ifadələrinə münasibətdə də məhz bu qaydanı tətbiq etmişdir [35]. Öz dərslərindən birində Məğravinin ünvanına böyük təriflər yağdırdıqdan və onu müdafiə edikdən sonra Məribi demişdir:
    “Bununla belə bəziləri çıxıb, onun (Məğravinin) əqidəsinə uyğun olmayan sözləri onun ayağına yazırlar. Onun bəzi sözlərindən belə başa düşülsə də belə, ədaləti qorumaq naminə onun bu sözlərinə digər sözləri ilə birgə baxmaq lazımdır” [36].
    Şeyx Rabi Məğravinin islam ümmətinin təkfir olunmasına dair çoxsaylı aydın ifadələrini sitat gətirdikdən sonra demişdir:
    “Təəccüblüsü ondadır ki, Əbul-Həsən (Məribi) hesab edir ki, onun (Məğravinin) bütün bu aydın, təfsilatlı və birmənalı ifadələri ümumi və təfsilatda ehtiyac olan sözlərdir! Əgər bu belədirsə, mən artıq onun hansı dildə başa düşüb və anlamasını və hansı məzhəbə qulluq etdiyini bilmirəm!?” [37]
    Daha sonra Məribi öz qaydasının şəklini bir balaca dəyişdirdi və ona bir az fərqli tərzdə tərif verdi:
    Sünninin həm xeyir və həm də şəri nəzərdə tutan ümumi sözlərini xeyir nöqteyi-nəzərindən anlamaq lazımdır. Bidətçinin ümumi sözlərini şər nöqteyi-nəzərindən anlamaq lazımdır[38].
    Yəni, əgər Məribi əvvəl bu qaydanı bidətçilərə (Seyyid Qutb və s. kimi) tətbiq edirdisə, indi bu qaydanın yeni tərifinə əsasən, onu ancaq sünniyə tətbiq etmək olar. Şeyx Rabi Məribunin bu şəkli dəyişdirilmiş qaydasını sitat gətirərək demişdir:
    “Əbul-Həsənə (Məribi) rəddiyyə olaraq bunları deyəcəm: “Əgər bidətçi və sünni özündə Allahın, Onun Peyğəmbərlərinin, Onun Kitablarının, Peyğəmbərlərdən və ya səhabələrdən birinin ünvanına nalayiq sözlər ehtiva edən ümumi sözlər söyləyərsə, sünninin sözlərini “xeyir” nöqteyi nəzərindən, bidətçinin sözlərini isə “şər” nöqteyi-nəzərindən təfsir edəcəksən!? Və ya əgər iki insan: sünni və bidətçi, yaxud sünni və münafiq – və ya kafir – kimisə zinada ittiham edən sözlər söyləsə, sünninin bu sözlərini  xeyir” nöqteyi nəzərindən, digərinin sözlərini isə “şər” nöqteyi nəzərindən təfsir edəcəksən!?! [39] Və ya əgər sünni və bidətçi mürtədlik (riddə) ehtiva edən sözlər söyləsə, belə çıxır ki, bu, bidətçiyə münasibətdə mürtədlik hesab olunacaq, sünniyə münasibətdə isə biz bu sözləri xeyir nöqteyi nəzərindən anlamalıyıq?! [40]
    Məribinin bu qaydasının təfsirinə rəddiyyə olaraq üç əsas məqamı qeyd etmək lazımdır:

    Birincisi: Hətta belə fərz etsək ki, “ümumi sözləri təfsilatlı sözlərə əsasən açıqlamaq lazımdır” qaydasını istənilən müsəlmana və ya sünniyə tətbiq etmək icazəlidir, o zaman sual meydana gəlir: sünninin bütün azmış sözlərini onun digər sözləri ilə açıqlamaq lazımdır ya yox? Axı qaydanın özü açıq-aşkar ona işarə edir ki, yalnız ümumi sözləri aydın sözlərlə açıqlamaq lazımdır. Nəticə etibarilə bu qaydanın əksi ona işarə edir ki, aydın sözlərin açıqlamasına ehtiyac yoxdur və bu səbəbdən onları açıq-aydın mənalarına müvafiq olaraq anlamaq lazımdır.

    Bu qaydata görə Məribiyə əsas rəddiyyə də məhz bundan ibarətdir. Axı Məribinin problemi ondadır ki, o, bu qaydanı müxtəlif azmış şəxsiyyətlərin aydın və təfsilatlı sözlərinə tətbiq edərək, daha sonra onların ifadələrinin “ümumi” və “aydın olamayan” olduğunu əsassız şəkildə iddia edir.

    Yuxarıda deyilənləri daha yaxşı anlamaq üçün biz, üsulçuların (üsul əl-fiqh elminin alimləri [41]) “sözlərin” müxtəlif mənalara işarə etməsi nöqteyi-nəzərindən tərifinə müraciət etməliyik.

    Şeyx Rabi sözlərin mənasının müəyyən olunması ilə əlaqəli aşağıdakıları demişdir:
    “Üçüncü fəsil: üsulçuların nöqteyi nəzərindən mücməl (ümumi), nass (aydın), zahir və mübəyyən (təfsilatlı) sözlər.“Mücməl” (المجمل)  - ümumi sözlər: bu, mənaları aydın olmayan sözlərdir. Və ya eyni zamanda iki mənanı eyni dərəcədə kəsb edən sözlərdir”.“Mübəyyən” (المبين)  - təfsilatlı sözlər: ümumi sözlərə zidd olan sözlərdir. Bu, ya “nass”, ya “zahir” olan və ya ümumi (mücməl) sözlərini təfsilat edən, istifadə zamanı yalnız bir mənanı kəsb edən sözlərdir.“Nass” (النص)  - yalnız bir mənanı kəsb edən sözlərdir.“Zahir” (الظاهر)  -  açıq-aydın məna kəsb edən, başqa məna kəsb etmə ehtimalı az olan sözlər.Beləliklə, ümumi sözlər (mücməl), mənaları aydın olmayan sözlərdir. Və ya omonimlər kimi eyni zamanda iki mənanı eyni dərəcədə kəsb edən sözlərdir. “Qızıl”, “göz” və digər mənaları kəsb edən “ayn” (العين) sözü kimi [42]. Həmçinin heyzin başlanması və həm də ondan təmizlənmə mənasına gələn “qur” (القرء)  sözü kimi [43].
    Beləliklə bəlli olur ki, heç bir halda insanların başqa cür anlaşılmayan aydın və təfsilatlı sözlərini “ümumi” adlandırmaq doğru deyildir. Xüsusilə də əgər bu qayda Əhli-Sünnənin müxtəlif düşmənlərinin müdafiəsi üçün edilirsə heç doğru deyildir. Odur ki, şeyx Rabi sözlərin təyinatı nöqteyi-nəzərindən mənasını izah etdikdən sonra Məribinin yeni uydurulmuş qaydasını təkzib etmək üçün aşağıdakıları demişdir:
    “Sən ondan (Məribidən) soruşa bilərsən: sən bidət və azmış yolların ardıcıllarının ya ümumiyyətlə başqa məna kəsb etməyən (nass), ya da az ehtimalla başqa məna kəsb edən (zahir), gün kimi aydın sözlərini görəndə niyə bu sözləri ümumi hesab edirsən və daha sonra bu sözləri “təfsilatlı sözlər” adandırdığın sözlərlə izah edirsən?!” [44]
    Həmçinin şeyx Rabi (Allah onu qorusun) demişdir:
    Seyyid Qutbun (varlığın vəhdətini iddia etməsi barədə) bu cür sözləri həmçinin onun “Ziləl əl-Quran” (6/3479-3480) adlı təfsir kitabında “Hədid” surəsinin təfsirində də yer alır. O, həmçinin öz şerlər toplusunda həm mənzum formada, həm də nəqli (hekayə) formada açıq şəkildə bu barədə bəyan etmişdir. Bundan əlavə o, məxluqun Yaradanla birləşməsini, varlığın vəhdətini, bütün dinlərin vəhdətini, reinkarnasiya və ruhun təkrar qayıdışına etiqadı özündə ehtiva edən Nirvana fəlsəfəsini müdafiə edərək bir daha özünün bu ideologiyaya sadiqliyini təsdiqləmişdir. Onun (Qutbun) bütün sözləri (varlığın vəhdətini  iddia etməsinə dair) aydın və açıq-aşkardır. Buna həm də onun öz sözlərinin məzmunu açıq-aşkar işarə edir. Əgər fərz etsək ki, onun bütün bu sözləri “aydın deyil”, o zaman belə çıxır ki, ilk olaraq Abdullah Əzzamın [45] uydurduğu, daha sonra isə onun ardınca qutbçuların, “müsəlman qardaşların” və Adnan Arurun riayət etdiyi bu bəhanə səbəbi ilə aydın və təfsilatlı sözlər ümumiyyətlə mövcud deyil . Daha sonra Əbul-Həsən (Məribi) də onların nümunəsinə əməl etdi. O, uzun müddət bu  bəhanəni təbliğ edərək elə bir fitnə törətdi ki, bu fitnəni yalnız Allah aradan qaldıra bilər[46].
    İkincisi: Bu fəslin əvvəlində də deyildiyi kimi, bu qayda, qeyd-şərtsiz olaraq yalnız Allaha və onun Peyğəmbərinə münasibətdə istifadə olunur. İnsanların ifadələrinə gəldikdə isə, əsl budur ki, kimin söylədiyindən asılı olmayaraq, yalnış məna kəsb edən sözlər qəbul edilməməlidir. Şeyx Ubeyd Cabiri (Allah onu qorusun) demişdir:
    “Ümumi sözləri təfsilatlı sözlərlə açıqlamaq lazımdır” qaydasına gəldikdə isə, imam Şəvkəni bu qaydanın Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) başqa heç kimin sözlərinə münasibətdə tətbiq olunmadığına dair yekdil rəyi rəvayət etmişdir. Mənim anlayışımda o, (Şəvkəni) bu qaydanın bütün şəriət mətnlərinə (yəni, həm Peyğəmbərin sözlərinə və həm də Quran ayələrinə - müəllifin qeydi) müstəsna tətbiqini nəzərdə tutur. Lakin bu gün bu qaydaya, bəzən bidətlərə münasibətdə yumşaqlığa və dözümlülüyə gətirib çıxaran əlavə mənalar verirlər. Bu səbəbdən də əgər, məsələn, bir insan hər hansı bir bidətə düşürsə, onlar deyir ki, “Ümumi sözləri təfsilatlı sözlərlə açıqlamaq lazımdır”.
    Lakin bu doğru deyil, çünki xətanı təkzib etmək lazımdır, hətta əgər bu xətaya Əhli-Sünnədən bir nəfər yol versə də belə. Çünk, Əhli-Sünnə yəni, sələfilər, yəni Əhli-Əsər, yəni, Əhli-Hədis – onlar insanların sözlərini iki ölçüyə əsasən dəyərləndirirlər: şəri mətnlər (Quran və Sünnə) və icma (alimlərin yekdil rəyi). Beləliklə, hətta Əhli-Sünnə imamlarından biri tərəfindən deyilibsə belə, şəri mətnlərə və icmaya zidd olan bütün sözlər təkzib və rədd edilir” [47] .

    Bundan əlavə, anlamaq vacibdir ki, Əhli-Sünnə alimləri insanların yalnız yalnış məna kəsb edən sözlərini yox, həmçinin həm yalnış və həm də doğru məna kəsb edən sözlərini təkzib edirdilər. Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:
    Sələflərin və imamların fərqləndirici xüsusiyyəti odur ki, onlar  şəriətlə və məntiqlə məlum olan sözlərin və ifadələrin düzgün istifadəsinə diqqət yetirirlər. Buna böyük əhəmiyyət verməklə, onlar həmçinin öz ifadələrində maksimal olaraq yalnız şəriət terminlərindən istifadə etməyə çalışırlar. Odur ki, əgər kimsə özündə zəlalət, Qurana və Sünnəyə ziddlik ehtiva edən sözlərdən istifadə edərsə, onlar bu sözləri təkzib edir və bu sözləri söyləyən şəxsə rəddiyyə verirlər. Bundan əlavə, əgər kimsə həm doğru və həm də yalnış cür anlaşıla bilən bidətçi söz və ifadələr istifadə edərdisə, sələflər bu cür sözləri və ifadələri də bidətə aid edərdilər. Onlar deyirdilər: “Bu sözləri və ifadələri istifadə edən, bir bidəti digər bidətlə təkzib etmişdir. O, bir yalnış fikri, digər bir yalnış fikirlə təkzib etmişdir[48].
    Məhz bu səbəbdən, əksər Əhli-Sünnə imamları, həm yalnış, həm də doğru cür anlaşıla bilən ümumi və aydın olmayan sözlər istifadə etdiklərinə görə vəqifilər [49] ləfziləri [50] bidətdə ittiham edərək onlardan çəkindirməyə başladılar.

    Azmış cəhmilər və mötəzililərin törətdiyi böyük fitnə səbəbi ilə Əhli-Sünnə alimləri “Quran Allahın kəlamıdır və Allahın məxluqu deyildir” deməli olurdular. Odur ki, Əhli-Sünnə alimləri “Quran Allahın kəlamıdır” deyən və burada dayanan, sözünə davam edərək “və Allahın məxluqu deyildir” demək istəməyən insanları vəqifilər adlandırırdılar.   Lakin vəqifilər cəhmilər və mötəzililər kimi açıq-aşkar şəkildə Quranın məxluq olduğunu demirdilər. Beləliklə, vəqifilər ümumi ifadələrdən istifadə edərək, Quranı (Allahın kəlamını) məxluq hesab edib-etmədiklərinin başa düşülməsinə imkan vermirdilər.

    Ləfzilərə gəldikdə isə, Əhli-Sünnə alimləri bu adla “Mən Quran oxuyanda, mənim ləfzim  [51] məxluqdur” deyənləri adlandırırdılar. Bu cür ifadə ümumi və eyni zamanda, həm Əhli-Sünnə əqidəsinə müvafiq və həm də ona zidd olaraq başa düşülə bilər.

    Əgər bunu deyən öz artikulyasiyasını (tələffüz, yəni, dodaqlarının hərəkətini və öz səsini) nəzərdə tutursa, bu cür ifadə düzgündür, çünki insanın artikulyasiyası Allahın məxluqudur. Lakin əgər o, tələffüz etdiyi Quranın özünü (Allahın Kəlamını) nəzərdə tutursa, o zaman bu ifadə yalnışdır, çünki Quran Allahın Kəlamıdır, Onun sifətidir və Onun məxluqu deyildir” [52]. Şeyxülislam İbn Teymiyyə demişdir: 
    “Kəlam (qiraətçinin oxuduğu Quran) Allahın kəlamıdır, səs isə qiraətçinin səsidir” [53].

    Beləliklə, vəqifilərin və ləfzilərin ümumi ifadələri cəhmilərə və mötəzlililərə öz əqidələrini Əhli-Sünnədən gizlətmələrinə imkan verirdi. Məhz bu səbəbdən Əhli-Sünnənin əksər imamları onları bidətdə ittiham etdilər və vəqifiliyə və ləfziliyə düşərək ümumi sözlər istifadə edənlərdən çəkindirməyə başladılar.

    Bununla əlaqədar olaraq İbn Teymiyyə demişdir:
    “İmam Əhməd və Əhli-Sünnənin digər imamları “Ləfzilər cəhmilərdir” deyərək (bu cür ümumi ifadələri) təkzib etdilər və tənqidə məruz qoydular. Həmçinin onlar demişdirlər: “Cəhmilər üç firqəyə bölündülər: Birinci firqə dedi: “Quran məxluqdur”. İkinci firqə dedi: “Biz dayanırıq və Quranın məxluq olub-olmadığını demirik”. Üçüncü firqə dedi: “Quranın qiraəti və “ləfzi” məxluqdur” [54].
    Üstəlik bu cür ümumi və aydın olmayan ifadələr səbəbi ilə Əhli-Sünnə imamları və alimləri hətta böyük alimləri də bidətdə ittiham ediblər. Şeyx Rabi (Allah onu qorusun) Məribinin “ümumi sözləri təfsilatlı sözlərlə açıqlamaq lazımdır” qaydasına gətirdiyi dəlilləri təzkib edərək demişdir:
    “Əgər Əbul-Həsənin (Məribi) iddia etdiyi kimi doğrudan da qayda belədirsə, bəs o zaman Qurandan və Sünnədən buna işarə edən dəlillər hanı? (Bu qaydaya rəddiyyə kimi) Əhli-Sünnənin imamı imam Əhmədin sözlərinə baxaq. Quranın üzərində dayananı (yəni, onun məxluq olmadığını deməyəni) o, bidətçi və azmış adlandırmışdır. Baxmayaraq ki, onlar arasında Yaqub bin Şeybə kimi Sünnə və hədislərin ardıcıllarından olan böyük alimlər də var idi [55].
    İmam Zəhəbi (Allah ona rəhmət etsin) Yaqub ibn Şeybənin tərcümeyi-halında yazmışdır:
    “Əbu Bəkr Mərruzi nəql etmişdir: “Yaqub ibn Şeybə öz “vəqifiliyini” Bağdadda büruzə verdi və bu səbəbdən Əbu Abdullah (yəni, imam Əhməd) ondan çəkindirməyə başladı. Həmçinin (xəlifə) Mütəvəkkil, Əbdurrahmən ibn Yəhya ibn Hakana əmr etdi ki, Əhməd ibn Hənbəldən kimlərin hakim vəzifəsini tuta biləcəyi barədə soruşsun. Əbdurrahmən nəql etmişdir: “Mən ondan (Əhməddən) Yaqub ibn Şeybənin halı barədə soruşduqda, o, mənə cavab verdi: “O, bidətçi və həva əhlindəndir”. Xatib demişdir: “O, onu “vəqifiliyi” səbəbi ilə bu cür təsvir etmişdir” [56].
    Həmçinin, imam Zəhəbi Yaqub ibn Şeybə ilə birgə vəqifiliyə düşən bəzi insanların adını çəkərək demişdir:
    “Minə yaxın imam onların əleyhinə çıxmışdır. Daha dəqiq isə: bütün erkən və sonrakı imamlar onların cəhmilərin təkfirini inkar etmələrinə qarşı çıxıblar və Quranın məxluq olmadığını təsdiqləyiblər” [57].
    Şeyx Rabi Məribini təkzib edərək, imam Zəhəbinin dediyi sözləri bütövlükdə sitat gətirərək demişdir:
    “Bəs niyə bu min imam və imam Zəhəbinin özü bu alimlərə münasibətdə “ümumi sözləri təfsilatlı sözlərlə açıqlamaq lazımdır” qaydasını tətbiq etməyiblər!?” [58].

    Həmçinin, şeyx Rabi Məribiyə rəddiyyə verərək demişdir:
    “Bununla bərabər, Sünnə imamlarından, o cümlədən adını çəkdiklərimdən heç kim, Əbul-Həsən Məribi kimi belə deməyiblər ki, əgər yalnış sözləri sünni biri deyərsə, onları yaxşı mənada başa düşmək lazım, yox əgər bidətçi biri deyərsə, onları pis mənada başa düşmək lazımdır” [59].

    Üçüncüsü: Şübhə yoxdur ki, Əhli-Sünnənin artıq bu həyatdan getmiş görkəmli və nüfuzlu alimləri ilə, sağ və doğru əqidəyə malik olduqları hələ sübut edilməli olan adi dəvətçilər arasında fərq mövcuddur.

    Lakin burada bir neçə mühüm məqamı anlamaq lazımdır:

    Birincisi, alimin dediyi yalnış ifadə istənilən halda qınanır və təkzib edilir, hətta əgər alimin özünü bidətdə ittiham etməsələr belə.

    İkincisi, alimlərin heç də bütün yalnış ifadələrinə bəraət qazandırmırlar.

    Üçüncüsü, əgər alimlərdən hər hansı biri, yalnış sözlər söyləmiş alimə bəraət qazandırırsa, onlar adətən o alimə bəraət qazandırmayaraq onu bidətdə ittiham edən digər alimləri pisləmirlər.

    Dördüncüsü, bu bəraətlər, bu alimin ətrafında mövcud olan, onun yalnış mənanı nəzərdə tutmadığına işarə edən və “ümumi sözləri təfsilatlı sözlərlə açıqlamaq lazımdır” qaydasına əsaslanmayan güclü xarici faktorlara və dolayı (köməkçi) dəlillərə (قرائن) əsaslanır. Əks halda, Əhli-Sünnə imamları yalnış sözlər söyləmiş bütün alimlərə və adi sünnilərə bəraət qazandırar və onları bidətdə ittiham etməzdilər.

    Odur ki, Məribi imam Şubəyə məxsus - “Həqiqətən, bu hədislər sizi Allahı zikr etməkdən və namazlardan yayındırır, elə isə onlarla məşğul olmaqdan əl çəkməyəcəksinizmi?” - sözü dəlil gətirərək alimlərin bu sözləri həqiqi mənada yox, “ümumi sözləri təfsilatlı sözlərlə açıqlamaq lazımdır” qaydası əsasında təfsir etdiklərini iddia etdikdə, şeyx Rabi ona bu rəddiyyəni vermişdir:
    “Birincisi, bu, üsulçuların “ümumi sözləri təfsilatlı sözlərlə açıqlamaq lazımdır” qaydası kateqoriyasından deyil”.İkincisi, Şubə çox böyük imam idi və hətta hədis elmində “möminlərin əmiri” hesab edilirdi. O, öz həyatını elm almağa, oxumağa və müxtəlif hədis rəvayətçilərinin tənqidinə həsr etmişdir. O, bircə hədis eşitmək üçün uzun və çətin səyahətə yollanırdı. Bu amillər, onun bu sözləri deməklə həqiqi mənanı kəsb etmədiyinə işarə edən böyük dəlillərdir. Eyni şeyi Misar (Allah ona rəhmət etsin) haqqında da demək olar.Onun bu sözləri deməklə həqiqi mənanı nəzərdə tutmadığına digər bir dəlil də, bəzi mühəddislərin (hədis alimlərin) “qərib” [60] hədislərlə məşğul olduqları və onları yaymağı sevdikləri faktıdır. Lakin sələflər qərib hədislərə böyük diqqət ayırmağı qadağan edirdilər. Şubənin şagirdi olan Əbu Xəlifə bu işi “lovğalıq” adlandırırdı. Əbul-Həsən də eyni şeyi rəvayət etmişdir.Üçüncüsü, Şubəyə bu və digər güclü dəlillər səbəbi ilə bəraət qazandıranlar arasında imam Əhməd də var idi. Lakin o, Davud Zahiri və Yaqub ibn Şeybə kimi bir çox böyük alimlərə bəraət qazandırmamışdır. Həmçinin Əhli-Sünnə imamları Quran məsələsində mövqeləri səbəbi ilə İsmail ibn Uleyyəyə, Mühasibiyə, Kərabisiyə bəraət qazandırmayaraq onları bidətdə ittiham ediblər. Bəs Əbul-Həsən (Məribi), Məğravi və Seyyid Qutb kimilər haqqında nə demək olar? (Xəlifə) Ömər (Allah ondan razı olsun) Sabiqə bəraət qazandırmamışdır. İbn Ömər də Məbəd Cühaniyə bəraət qazandırmamış və onunla (dində) əlaqəsi olmadığını elan etmişdir. Halbuki, bundan əvvəl o, Cühanini tanımırdı və Cühaninin bidəti hər kəsə məlum deyildi.Beləliklə, əqidə, cərh-tədil kitabları və digər islam kitabları bəzi şəxslərin əməlləri  və ifadələrinin ünvanına tənqidlə doludur. Bu kitabların müəllifləri barədə nə deyirsən? Axı onlar sənin insanları fəal şəkildə dəvət etdiyin bu qaydanın ardınca getməyiblər.Məgər alimlərin davranışı vasitəsilə insanları fitnəyə saldığın qaydanın heç də qayda olmadığına işarə etmirmi? Əgər bu alimlər sənin mənhəcinlə getsəydilər və ona çağırsaydılar, bu gün tənqid və cərh mövcud olmazdı” [61].

    Həmçinin şeyx Rabi demişdir:
    “Həqiqət budur ki, bütün ifadələrə bəraət qazandırmaq olmaz, hətta əgər onlar Şubə kimilərinin ağzından çıxırsa belə. Əgər Şubə onların (Davud, Yaqub, Kərabisi, Mühasibi və s.) dediklərini desəydi də, Əhməd onların barəsində dediklərini onun barəsində də deyərdi.Beləliklə, yekun olaraq aşağıdakıları demək olar: Əhli-Sünnənin bəzi böyük alimlərinin təsadüfi ifadələrinə, bu ifadələrin onların mənhəcinə, əqidəsinə, elminə, dəvətinə və Sünnəni qorumasına zidd olması səbəbi ilə bəraət qazandırırlar. Həmçinin bu sözlər onların əqidəsinə və mənhəcinə və s.-ə zidd olduğu üçün bu sözləri pis mənada anlamağa imkan verməyən digər güclü dolayı dəlillər (القرائن القوية) səbəbi ilə.Lakin bəzən bəzi alimlər hətta bu halda da onlara bəraət qazandırmayaraq tənqidə məruz qoyurlar. Bununla belə, heç kim sənin yalnış qaydana əsaslanaraq onları pisləmir (qınamır) və bunu etmələrini qadağan eləmir” [62].

    Beləliklə, Məribinin əsli şəri olan qaydanı şərh etməsindən belə çıxır ki, sünni və ya bəzilərinin sünni hesab etdiyi şəxs heç vaxt zəlalətə düşə və bidət sözlər söyləyə bilməz. Axı biz onun dilə gətirdiyi həqiqi bidət sözləri nə vaxtsa dediyi doğru sözləri ilə təfsir etməliyik. Odur ki, dərin düşündükdə, bu qaydanın Məribinin təfsirinə müvafiq olaraq tətbiq edilməsi nəticəsində bu qaydanın ixvanlara məxsus  “yaxşı və pis əməllərin müvazənə (çəkilməsi)” (mənhəc muvəzənət) qaydasından da azğın qaydaya çevrildiyini görmək olar. Çünki insanın nə cür bidət söyləməsindən asılı olmayaraq, onu həmişə müdafiə etmək və bu sözlərin aydın olmayan sözlər olduğunu və onun “tamamilə başqa şeyi” nəzərdə tutduğunu demək olar.

    Şeyx Rabi (Allah onu qorusun) Məribinin bu qaydasına rəddiyyə olaraq yazmışdır:
    “Məgər oxucu görmür ki, bu qayda, “müvazənə mənhəci” qaydasından da pis qaydadır? Çünki “müvazənə” qaydasında həm yaxşı və həm də pis əməllər göstərilir, bu qayda isə insanın pis əməlləri haqqında danışmağı tamamilə qadağan edir” [63].
    1. “Dəqiqləşdirməyin vacibliyi” (təsəbbut التثبت) bəhanəsi ilə Sünnə alimlərinin çəkindirmələrini qəbul etməkdən boyun qaçırmaq
    “Sərhədlərin silinməsi” ideologiyasının əksər tərəfdarları, alimlərin müxtəlif azmış şəxslər barədə çəkindirmələrini rədd etmək üçün “dəqiqləşdirməyin vaciblyi” (təsəbbut) prinsipi barədə danışmağı sevirlər. Onlardan hər biri bu prinsipi elə bidətçi nöqteyi-nəzərdən təqdim edir ki, heç kim onları müxtəlif azmış şəxsləri müdafiə və tövsiyyə etməkdən əl çəkməyə məcbur edə bilməsin.

    Şeyx Rabi Məribinin bu prinsipə əməl etməsi barədə demişdir:
    “Əbul-Həsən (Məribi) “dəqiqləşdirməyin vacibliyi” bəhanəsi ilə həqiqəti inkar edərək Arurun və digər azmış şəxslərin mənhəcinin ardınca gedir. Odur ki, o deyir: “Mən özüm çəkindirilən insanın sözlərini eşitmədikcə və ya oxumadıqca, kiminsə barəsində çəkindirmələri qəbul etmirəm”. Beləliklə o, bu azğın prinsiplə nüfuzlu alimlərin dəlillərə əsaslanan fətvalarını inkar edir” [64].
    Şeyx Rabi bu prinsipin (təsəbbut) təbliğçilərinin həqiqi niyyətləri barədə aşağıdakıları demişdir:
    “Onların “təsəbbut” adlandırdığı bu qayda yalnış qaydadır. “Dəqiqləşdirməyin vacibliyi”   prinsipi altında onlar həqiqəti öyrənmək və onun həqiqliyinə əmin olmaq istəmir, əksinə bu qayda ilə həqiqəti inkar etmək istəyirlər. Odur ki, biz onların dəqiqləşdirməyin vacibliyi bəhanəsi ilə möhtərəm alimlərin (müxtəlif şəxsiyyətlərin) halları barədə çoxsaylı ifadələrini rədd etdiklərini görürük. Beləlikləş, bu bəhanə zahirən islami görünsə də, əslində dağıdıcı və iblisanədir [65].

    Beləliklə, biz Məribinin “sərhədlərin silinməsi” ideologiyası ilə bağlı yalnız bəzi zəlalətlərini sadaladıq. Məribi həmçinin Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri haqqında nalayiq ifadələr işlədərək onları təhqir etmək bidətinə də düşmüşdür. Lakin bu məqalədə məhz “sərhədlərin silinməsi” (təmyi’) ixvan ideologiyasının yayılması problemini nəzərdən keçirdiyimiz üçün, oxucunun vaxtını Məribinin digər zəlalətləri ilə tanışlığa sərf etməmək qərarına gəldik.

    Bu fəslin yekunu olaraq qeyd etmək lazımdır ki, Məribinin fitnəsi Sələfi Dəvəti üçün Arurun fitnəsindən daha təhlükəli olsa da, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həqiqi varisləri – Əhli-Sünnə alimləri – Allahın köməyi ilə Əbul-Həsən Məribinin “sərhədlərin silinməsi” ideologiyasını təkzib etdikdən və bu ideologiyanın azğınlığını göstərdikdən sonra, bu fitnə səngidi. Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) dediyi kimi:
    “Bu elmi sonradan gələn hər bir nəsildən, o nəslin ədalət sahibi olan adamları daşıyacaqlar. Onlar bu elmdən, ifrata varanların təhriflərini, azğınların əlavələrini və cahillərin yanlış izahlarını, aradan götürəcəklər” [66].

     Laki, təəssüflər olsun ki, Məribinin və onun qaydasının tənəzzülü ilə, “sərhədlərin silinməsi” ixvan prinsipinin ideoloqlarının fitnəsi tamamilə yox olmadı. Bu dəfə Uca Allahın hikməti və qədərinə müvafiq olaraq, Sələfi Dəvəti “sərhədlərin silinməsi” ideoloqlarının bu günə qədər davam edən yeni və daha güclü fitnəsi ilə üz-üzə qaldı. Yeni “sərhədlərin silinməsi” (təmyi’) ideologiyası bir qədər şəklini dəyişərək və təkmilləşərək sələfilər arasında “hələbilik” adı altında acınacaqlı bir şəkildə məşhurlaşdı.

    Sonda deyir ki, həmd Aləmlərin Rəbbi Allaha məxsusdur və Onun Peyğəmbərinə salamı və salavatı olsun...


    [18] Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/280
    [20] Şeyx Əhməd Nəcmi Məribiyə rəddiyyə olaraq “əl-Tənbih əl-Vəfiy alə Müxalifət Əbil-Həsən əl-Məribi” adlı kitab qələmə almışdır
    [21] Şeyx Rabi Məribinin bidətlərinə bir neçə rəddiyyə yazmışdır. Bu rəddiyyələr daha sonra “Şeyx Rabinin kitablar və fətvalar məcmusunda” ayrıca bir cilddə toplanmışdır
    [22] Şeyx Abdullah Buxari Məribiyə rəddiyyə olaraq “əl-Fəth ər-Rabbaniy fi Rəddi alə Əbil-Həsən əs-Süleymani” kitabını qələmə almışdır
    [23] Bu çəkindirmələrdən çoxunun əslini burada dinləmək olar https://www.youtube.com/watch?v=nI-1ERjisBA.
    [24] Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/374
    [25] Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/80
    [26] Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/48
    [27]Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/345
    [28] Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/351
    [29] Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/48
    [30] “Aleksandriyalı hizbçilərin” xəvaric baxışları barədə daha ətraflı bu keçiddən oxumaq olar: http://sunnaportal.com/?p=4541
    [31] Məribinin “Hizbu Nur” xəvaric partiyasının ünvanına bu və digər təriflərini bu keçiddən izləmək olar: https://www.youtube.com/watch?v=yS858tl2UW8
     [32]  “Əs-Səvərim əl-Əhdəəd”, səh. 96-97
    [33] Varlığın vəhdəti – yəni, Yaradan və məxluqlar bir bütövdür. Bu əqidə böyük küfrdür.
    [34] Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/94
    [35] Məğravi demişdir: Günah, şirk, təbərrüc (qadının yad kişilər qarşısında öz gözəlliyini nümayiş etdirməsi), zəlalətlər, mürtədlik və Allahın dinindən çıxmaq kimi günahlar ətrafında cəmləşən və birləşən və bundan xəbəri də olmayan müsəlman ümmətindən nə gözləyirsiniz!? Onun başına daha nə gəlməlidir?! Siz daha nə gözləyirsiniz!?” (“Bəqərə” surəsinin təfsiri, 14-cü kaset).
    Həmçinin, o, demişdir: “Quran nazil edilmişdir, lakin, biz onu buraxmışıq; Sünnə gəlib, amma biz onu tərk etmişik. Biz Allahın Kitabının, Onun elçisinin Sünnəsinin və əqidəmizin qayğısına qalmırıq. Cəmiyyət parçalanıb və günahlara qapılıb. Cəmiyyət tənəzzül edib, onun əksəriyyəti isə mürtədlərdir (Bax, oradaca).
    Bunlar Məğravinin müsəlman ümmətini təkfir etməsinə dair yalnız bir neçə ifadəsidir.
    [36] Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/32
    [37] Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/127
    [38] Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/92
    [39] Əgər zinada təqsirli bilinən şəxsin zina aktını görən 4 şahid yoxdursa, zinada ittiham edən üçün cəza ictimai şəkildə 80 dəfə qamçılanmaqdır. Bununla bərabər, bu cəzanın tətbiqində şəriət sünni və bidətçi, mömin və ya asi arasında fərq qoymur. Çünki, digər bir şəxsi zinada ittiham edən istənilən halda cəzasını çəkməlidir.
    [40] Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/93
    [41] Üsul əl-fiqh, fiqhin ümumi dəlillərini öyrənən və tətbiqini öyrədən bir elmdir. Həmçinin, bu elm müctəhidin – bu dəlilləri praktikada tətbiq edən şəxsin halını öyrənir.
    [42]  “Ayn” (العين) sözü ərəb dilində çox məna kəsb edir. Ən çox istifadə olunan mənalar arasında – “casus” və “bulaq” sözləri də var.
    [43] Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/114
    [44] Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/114
    [45] Abdullah Əzzam (1941-1989) – İordaniyaya köçərək orada “müsəlman qardaşlar” hərəkatının iordan filialının fəal üzvü olan fələstinli. Digər ixvanlar kimi, o da İordaniyadan Səudiyyə Ərəbistanına köçməyə məcbur olmuş, orada universitetdə müəllim işləyərk qutbçuluğun təbliğinə davam etmişdir. 1979-cu ildə Əfqanıstanda sovet işğal qoşunlarına qarşı müharibə başladıqda, Abdullah Əzzam Əfqanıstana yollanmış və mücahidlər arasında onların çox da yaxşı tanış olmadığı təkfir ideyasını yaymış və tədricən Əfqanıstanda təkfirçilərin əsas liderlərindən birinə çevrilmişdir. 1984-cü ildə o, Usamə bin Ladenlə birgə Əfqanıstanın sovet-əleyhinə qoşunları üçün vəsaitlərin yığımı üzrə “Kömək bürosu”  idarəsini açmışdır. Əksər mütəxəssislər hesab edir ki, “Əl-Qaidə” xəvaric təşkilatının baniləri məhz Abdullah Əzzam və Bin Laden olub.
    [46] Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/124-125
    [48] “Daru Təarud”, 1/145
    [49] Vəqifilər (الواقفية)  – ərəb dilində “dayanmaq” mənasını verən “və-qə-fə” (وقف),  felindən
    [50] Ləfzilər (اللفظية) - ərəb dilində “söz, ləfz, tələffüz, ifadə” mənasını verən “ləfz” (لفظ)  sözündən
    [51] Ərəb dilində “ləfz” (لفظ) sözü özündə 2 müxtəlif mənanı birləşdirir: 1) “tələffüz” (artikulyasiya, tələffüz) 2) “məlfuz” – insanın dediyi, yəni, onun nitqinin tərkibi
    [52] Bax, Şeyx Salih Əli Şeyx, “Şərh əl-Əqidə əl-Vəsıtiyyə”, 1/364 (“əş-Şamilə” elektron kitabxanası)
    [53] Məcmu əl-Fətəva, 98/12
    [54]  “Daru Təarud”, 1/145
    [55] Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/93
    [56] “Siyəru Aləmin-Nübələ” 12/478
    [57]  “Siyəru Aləmin-Nübələ” 12/478
    [58]  “Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi”, 13/104
    [59] “İbtal Məzaim Əbil Həsən”, 5
    [60] Qərib (nadir, qəribə) termini hədisşünaslıq elmində müxtəlif məna kəsb edir. Bu kontekstdə sələflər qərib hədisləri pislədikdə, məhz zəif hədislərin növlərini nəzərdə tuturdular, məsələn mətruk, mətrux, münkər və s. (bax, şeyx Abdullah Buxarinin “ət-Təliqat ər-Radıyyə alə Mənzuməti əl-Bəykuniyyə” kitabı, səh. 141). Həmçinin imam Şubədən bir şəxsin (hədisin rəvayətçisinin) nəql etdiyi hədisin hansı hallarda qəbul edilmədiyi haqqında soruşduqda, Şubə (Allah ona rəhmət etsin) cavab vermişdir: “Əgər bir şəxs tez-tez məşhur imamlardan, onların məşhur şagirdlərinin bilmədiyi hədisləri rəvayət etməyə başlayıbsa, o zaman rəvayətçinin bu hədisləri qəbul olunmur” (bax, şeyx Abdullah Buxarinin “ət-Təliqat ər-Radıyyə alə Mənzuməti əl-Bəykuniyyə” kitabı, səh. 262-263). Odur ki, alimlərin burada bəhs etdiyi bu incə məqamı, “qərib” sözünün digər məşhur mənası ilə, yəni, “rəvayətçilər zəncirindən yalnız bir rəvayətçinin rəvayət etdiyi hədislə” qarışdırmaq lazım deyil (bax. Şərh əl-Mənzumə əl-Bəykuniyyə, Şeyx Useymin, səh. 80). Bu artıq “qərib” sözünün tamamilə fərqli mənasıdır. Ən düzünü isə Allah bilir.
    [61] “Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi 13/104
    [62] “Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi ”, 13/104
    [63] “Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi”, 13/40
    [64] “Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi”, 13/78-79
    [66] Bu hədisi Beyhəqi  rəvayət edib və şeyx Albani hədisi “səhih” kimi təsnifatlaşdırıb
    Blogger tarafından desteklenmektedir.