Mənhəcin əsasları

Titulo

29.09.2016

PEYĞƏMBƏRLƏRİN VƏ SALEH İNSANLARIN QƏBUL OLUNMUŞ DUALARINDAN BİR NEÇƏ NÜMUNƏ

ADƏM PEYĞƏMBƏRİN DUASI
Adəm (aleyhissələm) İblisin hiyləsinə aldanır və Allah-təalanın ona qadağan etdiyi ağacdan dadaraq Allaha asi olur. Necə ki, Allah-təala buyurmuşdur:

فَدَلاَّهُمَا بِغُرُورٍ فَلَمَّا ذَاقَا الشَّجَرَةَ بَدَتْ لَهُمَا سَوْءَاتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ الْجَنَّةِ وَنَادَاهُمَا رَبُّهُمَا أَلَمْ أَنْهَكُمَا عَن تِلْكُمَا الشَّجَرَةِ وَأَقُل لَّكُمَا إِنَّ الشَّيْطَآنَ لَكُمَا عَدُوٌّ مُّبِينٌ›

"Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi? " [1]
Bundan sonra Adəm (aleyhissəlləm) Allah-təalaya dua edərək tövbə edir, Ondan bağışlanma və əfv diləyir. Allah-təala da onun tövbəsini qəbul edir.
Allah-təala buyurmuşdur:
فَتَلَقَّى آدَمُ مِن رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ›

"(Nəhayət) Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O, (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir. " [2]

İBRAHİM PEYĞƏMBƏRİN DUASI
Allah-təala buyurmuşdur:
وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَـذَا الْبَلَدَ آمِنًا وَاجْنُبْنِي وَبَنِيَّ أَن نَّعْبُدَ الأَصْنَامَ›

"(Ya Rəsulum!) Xatırla ki, bir zaman İbrahim belə demişdi: "Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə! "" [3]
İbn Kəsir (rahiməhullah) demişdir ki, artıq Allah-təala onun duasını qəbul edərək buyurmuşdur:
أَوَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا حَرَمًا آمِنًا وَيُتَخَطَّفُ النَّاسُ مِنْ حَوْلِهِمْ أَفَبِالْبَاطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَةِ اللَّهِ يَكْفُرُونَ›

"Məgər (müşriklər) ətraflarındakı (başqa şəhərlərdəki) adamlar qamarlanıb götürüldüyü (əsir alındığı, öldürüldüyü, qarət edildiyi) halda, (içərisində yaşadıqları Məkkəni) onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi? İndi batiləmi inanırlar? Allahın nemətinimi danırlar? " [4]
Həmçinin, buyurmuşdur:
رَّبَّنَا إِنِّي أَسْكَنتُ مِن ذُرِّيَّتِي بِوَادٍ غَيْرِ ذِي زَرْعٍ عِندَ بَيْتِكَ الْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُواْ الصَّلاَةَ فَاجْعَلْ أَفْئِدَةً مِّنَ النَّاسِ تَهْوِي إِلَيْهِمْ وَارْزُقْهُم مِّنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَشْكُرُونَ›

"(İbrahim peyğəmbər dedi:) "Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Həcəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər!" "
Həmçinin buyurmuşdur:
وَقَالُوا إِن نَّتَّبِعِ الْهُدَى مَعَكَ نُتَخَطَّفْ مِنْ أَرْضِنَا أَوَلَمْ نُمَكِّن لَّهُمْ حَرَمًا آمِنًا يُجْبَى إِلَيْهِ ثَمَرَاتُ كُلِّ شَيْءٍ رِزْقًا مِن لَّدُنَّا وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ›

"(Qureyşlilər) dedilər: "Əgər biz səninlə birlikdə haqq yolu (İslam dinini) tutub getsək, (əksəriyyəti təşkil edən müşriklərin əlilə) yurdumuzdan tezliklə didərgin salınarıq". Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin (hər cür meyvənin) daşınıb gətirildiyi, (daxilində Kəbə yerləşən) qorxusuz-xətərsiz (müqəddəs) bir yerdə (Məkkədə) sakin etmədikmi? Lakin onların əksəriyyəti (Allahın onlara bəxş etdiyi bu nemətin qədrini) bilməz!" [5]
Bu Allah-təalanın lütfündən, səxavətindən, rəhmətindən və bərəkətindəndir ki, Məkkədə bar verən ağac olmadığı halda İbrahim peyğəmbərin duasının qəbulu olaraq ətraf yerlərdən oraya hər cür meyvələrdən daşınıb gətirilir. [6]

ƏYYUB PEYĞƏMBƏRİN DUASI
Əyyub peyğəmbərin (aleyhissələm) bol-bol miniyi, davarı, əkini, övladları və s. var idi. Lakin Allah-təala onu imtahan edərək əlində olan mal-dövlətini ondan alır. Allahı zikr etmək üçün qəlb və dilindən başqa bədəninə də xəstəlik salır. Hətta yoldaşları belə ondan çirginərək uzaq durur və şəhərin bir kənarına çəkilərək tək yaşamaq məcburiyyətində qalır. Lakin ona sadiq qalan, hətta, onun ehtiyacını ödəmək üçün başqalarına belə qulluqçuluq edən yalnız həyat yoldaşı olur. Bütün bu çətinliklərə baxmayaraq Əyyub peyğəmbər (aleyhissələm) səbr edərək Rəbbinə dua etməkdə davam edir və Allah-təala da onun duasını qəbul edir.
Allah-təala buyurmuşdur:
وَأَيُّوبَ إِذْ نَادَى رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنتَ أَرْحَمُ الرَّاحِمِينَ فَاسْتَجَبْنَا لَهُ فَكَشَفْنَا مَا بِهِ مِن ضُرٍّ وَآتَيْنَاهُ أَهْلَهُ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةً مِّنْ عِندِنَا وَذِكْرَى لِلْعَابِدِينَ›

"(Ya Rəsulum!) Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: "Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!"
Biz (Əyyubun) duasını qəbul buyurduq, onu düçar olduğu bəladan (xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən) qurtardıq. Dərgahımızdan (Əyyuba) bir rəhmət və (Allaha) ibadət edənlərə ibrət dərsi (öyüd-nəsihət) olsun deyə, (həlak olmuş) övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik. " [7]



ZƏKƏRİYYƏ PEYĞƏMBƏRİN DUASI
Allah-təala buyurmuşdur:
هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ قَالَ رَبِّ هَبْ لِي مِن لَّدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاء›

"(O zaman) Zəkəriyyə Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən! " " [8]
Həmçinin, buyurmuşdur:
وَزَكَرِيَّا إِذْ نَادَى رَبَّهُ رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنتَ خَيْرُ الْوَارِثِينَ. فَاسْتَجَبْنَا لَهُ وَوَهَبْنَا لَهُ يَحْيَى وَأَصْلَحْنَا لَهُ زَوْجَهُ إِنَّهُمْ كَانُوا يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا وَكَانُوا لَنَا خَاشِعِينَ›

"(Ya Rəsulum!) Zəkəriyyəni də (yada sal)! Bir vaxt o "Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!)" - deyə yalvarıb Rəbbinə dua etmişdi.
Biz (Zəkəriyyənin) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (dünyaya uşaq gətirməyə) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə  Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər." [9]

PEYĞƏMBƏRİMİZİN (sallallahu aleyhi va əlihi va səlləm) ƏLİ ÜÇÜN ETDİYİ DUASI
Əli (radiyallahu anhu) belə rəvayət edir:
"Mən minik üzərində idim. Peyğəmbər  (sallallahu aleyhi va əlihi va səlləm) yanımdan keçərkən, Allahım, əgər əcəlim yaxınlaşıbsa, mənə rəhm et... əgər başıma bəla gələcəksə, məni səbrli et - dediyim zaman dedi: "Necə dedin?" Mən duamı təkrarladım. Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: "Allahım, ona afiyət və ya şəfa ver." Əli deyir: "Həmin duadan sonra heç vaxt ağrıdan şikayət etmədim." [10]

PEYĞƏMBƏRİN (sallallahu aleyhi va əlihi va səlləm) ƏNƏS İBN MALİK ÜÇÜN ETDİYİ DUA
Ummu Suleymdən (radiyallahu anhə) rəvayət olunur ki, o, Peyğəmbərə (sallallahu aleyhi va əlihi va səlləm) belə dedi:
"Ey Allahın Rəsulu, bu xidmətçin olan Ənəsdir. Onun üçün Allaha dua et." Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: "Allahım, onun malını və övladlarını çoxalt. Ona verdiyin hər bir şeyi bərəkətli et. Ömrünü uzat və günahını bağışla." Ənəs (radiyallahu anhu) deyir ki, "vallahi, həqiqətən də, malım çoxdur, övladlarımın və nəvələrimin sayı bu gün yüzü keçir. Ömrüm o qədər uzanmışdır ki, hətta, insanlardan belə utanıram və arzu edirəm ki, Allah mənim günahımı da bağışlasın." [11]

PEYĞƏMBƏRİN (sallallahu aleyhi va əlihi va səlləm) URVA ƏL-BƏRİQİ ÜÇÜN ETDİYİ DUA
Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) Urva əl-Bəriqiyə (radiyallahu anhu) bir qoyun alması üçün bir dinar verir. O isə həmin bir dinarla iki qoyun alaraq birini bir dinara satır və bir qoyun və bir dinarla Peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) yanına gəlir. Bunu görən Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) onun ticarətinin bərəkətli olması üçün dua edir. Ticarəti o qədər çox və bərəkətli olur ki, hətta, torpaq alsaydı belə ondan qazanc əldə edərdi. [12]

ÖMƏR İBN XƏTTABIN DUASI
      Zeyd ibn Əsləm atasından, o da Ömərdən (radiyallahu anhum) belə dediyini rəvayət edir: "Allahım, mənə sənin yolunda şəhid olmağı qismət et və ölümümü Sənin Peyğəmbərinin şəhərində elə." Allah-təala onun duasını qəbul edərək Mədinədə şəhid olmasını nəsib edir. [13]

HƏSƏN ƏL- BASRİNİN DUASI
Xəvariclərdən olan bir kişi Həsən əl Basrinin elm məclisinə gələrək onlara əziyyət verərdi. Bir gün Həsən əl Basridən həmin kişinin uzaqlaşdırılması üçün əmirə müraciət etməsini tələb edirlər. Lakin o, buna məhəl qoymur. Bir gün Həsən əl Basri dostları ilə oturarkən həmin kişi onların yanına gəlir və Həsən əl Basri deyir: "Allahım, onun bizə verdiyi əziyyəti artıq bilirsən. Onu bizdən istədiyin kimi uzaqlaşdır." Kişi tez yerə yıxılır və evinə ölmüş halda aparılır. [14]

SƏİD İBN CUBEYRİN DUASI
Səid ibn Cubeyrin (rahiməhullah) bir xoruzu var idi. O gecələr həmin xoruzun səsinə oyanaraq gecə namazı qılardı. Lakin, gecələrin birində xoruz həmişəki kimi banlamayaraq səssiz qalır. Səidin gecə namazına durmaması ona çox ağır gəlir və deyir: "Bu xoruza nə olmuşdur! Allah onun səsini kəssin." Elə bu qarğışdan sonra bir daha xoruzun səsi eşidilmir.[15]

DƏNİZ TƏLATÜMÜNDƏ EDİLƏN DUA
Əbu Muhəmməd ibn əbu Zeyd deyir ki, Abdullah ibn Hubeyb Əndəlus alimi və duası qəbul olunanlardan idi. Bir gün gəmidə gedərkən dənizdə təlatüm baş verir. Bunu görən Abdullah ibn Hubeyb dəstəmaz alaraq əllərini göyə qaldırır və deyir: "Allahım, əgər bu səfərim xalis Sənin və Peyğəmbərin sünnəsinin dirçəlişi üçündürsə, bizi bu çətinlikdən xilas et və bizə əzabını göstərdiyin kimi rəhmətini də göstər." Elə həmin an Allah-təala onları öz lütfi ilə düşdükləri bəladan xilas edir." [16]

DUA İLƏ QURAQLIĞA YAĞAN YAĞIŞ
İbadət əhlindən olan bir kəs nəql edir ki, mən ailəm ilə səhrada yaşayırdım. Ətrafımızda olan bütün gölməçələr qurumuşdu. Ailəmə su gətirmək üçün uzaqlara üz tutdum. Lakin heç bir yerdən su əldə edə bilmədiyimi görüb evə qayıtdım. Yenə də sağa-sola göz gəzdirərək su axtarmağa başladıq. Bir damcı da olsa belə su tapmadıq. Uşaqlarım susuzluqdan taqətdən düşmüşdülər. İzzət və qüdrət sahibi, dualara cavab verən və bəndələrini darda qoymayan Rəbbimizə yalvararaq dua etməyi qərara aldım. Təyəmmüm edərək qibləyə yönəlib iki rükət namaz qıldıqdan sonra əllərimi qaldıraraq göz yaşlarımı axıda-axıda Rəbbimizin bu sözlərini:
أَمَّن يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاء الْأَرْضِ أَإِلَهٌ مَّعَ اللَّهِ قَلِيلًا مَّا تَذَكَّرُونَ›

"(Allahdan qeyri ibadət etdikləriniz yaxşıdır) Yaxud əli hər yerdən üzülüb darda qalan bir kimsə, ona dua etdiyi zaman onun duasını qəbul buyuran [sizdən] şəri sovuşduran, sizi yer üzünün varisləri edən kəs? Məgər Allahla yanaşı başqa bir (ibadətə layiq) İlahmı var? Siz nə az düşünüb daşınırsınız!" [17] - xatırlayaraq səmimi qəlbdən dua etməyə başladım. Vallahi yerimdən durarkən göydə bir buludun belə olmadığı halda uzaqdan bulud parçasının evimizin üstünə gəldiyini gördüm. Elə həmin an yağış yağmağa başladı. Bütün ətrafımızdakı gölməçələr su ilə doldu. Həmin sudan içib qüsl edərək dəstəmaz aldıq və Allah-təalaya çoxlu həmd-səna etdik. Bir qədər sonra mənzilimizdən uzaqlaşaraq ətrafa göz gəzdirdim, lakin yağışdan bir əsər əlamət görmədim və bildim ki, Allah-təala bu yağışı mənim duam ilə yalnız bizə yağdırmışdır.[18]


-----------------------------------------------------------------------
[1] - 7) "əl-Əaraf" - 22.
[2] - 2) "əl-Bəqərə" - 37.
[3] - 14) "İbrahim" - 35.
[4] -29) "əl-Ankəbut" - 67.
[5] - 28) "əl-Qasas" - 57.
[6] - "Təfsir-ibn Kəsir".
[7] -21) "əl-Ənbiyə" - 83-84.
[8] -3) "Əli İmran" - 38.
[9] - 21) "əl-Ənbiyə" - 89-90.
[10] - Tirmizi, 3564. Hədis səhihdir demişdir.
[11] - Müslim, 4/1928.
[12] - Buxari, 6/632; Əhməd 4/376.
[13] - Musannəfu Abdi-r-Razzəq, 10/440.
[14] - İbn əbi-d-Dunyə, "Mucəbu-d-dua",səh. 66.
[15] - İbn əbi-d-Dunyə, "Mucəbu-d-dua" səh. 66.
[16] - Səlim ibn İd əl-Hiləli, "ən-Nubəzu-l-mustətabə fi-d-dəavati-l-mustəcəbə", səh. 71.
[17] - "ən-Nəml" - 62.
[18] -"Min acəibi-d-dua",səh. 47.
Blogger tarafından desteklenmektedir.