Mənhəcin əsasları

Titulo

26.09.2016

Şeyx Məhəmməd Saleh əl-Useyminin (rahiməhullah) Azərbaycan müsəlmanlarına nəsihəti



بسم الله الرحمن الرحيم

Həmd olsun Allaha - aləmlərin Rəbbinə!

Peyğəmbərlərin sonuncusu, müttəqilərin imamı Muhammədə, onun ailəsinə və bütün səhabələrinə  salam və salavat olsun.

Bu mənim Azərbaycanda yaşayan qardaşlarıma nəsihətimdir.

Allahdan diləyim budur ki, söyləyəcəyim sözlər onlara çatan an onların əhval-ruhiyyələri xoş olsun.

Məlumdur ki, uca Allah peyğəmbəri Muhammədi - ona Allahın salavatı və salamı olsun - hidayət və haqq dinlə göndərmişdir. Hidayət faydalı elm, haqq din isə saleh əməldir. Uca Allah Muhammədin - ona Allahın salavatı və salamı olsun - özündən öncəki peyğəmbər qardaşlarına əmr etdiyi kimi ona da insanları heç bir şəriki olmayan tək Allaha ibadət etməyə çağırmağı əmr etmişdir. Allah təala buyurur:
"(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: "Məndən başqa heç bir ilah yoxdur. Buna görə də yalnız mənə ibadət edin!" - deyə vəhy etməyək". (əl-Ənbiya, 25).
Ilk öncə şəriksiz və tək Allahdan başqasına ibadət etməməklə, qəlbini hər hansı bir bir məxluqa bağlamamaqla, Allahdan başqasının qadir olmadığı işlərdə yaradılanlardan kömək istəməməklə izzət və cəlal sahibi Allahı təkləşdirmək hər bir insana vacibdir. Onun qorxusu, ümidi, təvəkkülü, tövbəsi və mütiliyi bütünlüklə Allah üçün olmalıdır. Bilsin ki, Allahdan başqasına edilən hər bir ibadət batildir. Onlar insana heç bir fayda verə bilməzlər. Əksinə onu Allahın razılığından və Cənnətindən uzaqlaşdırarlar. Həmçinin bilsin ki, yaradılanlardan heç kəs insana nə fayda, nə də zərər verə bilməz.

Necə ki, uca Allah peyğəmbərinə - ona Allahın salavatı və salamı olsun- buyurmuşdur:
"De: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm." (əl-Əraf, 188). 

O, həmçinin buyurmuşdur:
"De: "Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm." (əı-Ənam, 50). 

Başqa bir ayədə isə ona belə buyurmuşdur:
"De: "Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm! (Bunu ancaq aləmlərin Rəbbi olan Allah edə bilər!). De: "Məni Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm! (Mənim əlimdən) Allah dərgahından olanı və Onun göndərdiklərini (Quranı və dini hökmləri) təbliğ etməkdən başqa (heç bir şey gəlməz)." (əl-Cinn, 21).

Bilsin ki, övliyalara, peyğəmbərlərə, rəsullara, mələklərə dua etsə belə ona nə cavab və nə də fayda verə bilməzlər.
Uca Allah buyurur:
"Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər. Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar. (Ya Peyğəmbər!) Heç kəs sənə hər şeydən xəbərdar olan (Allah) kimi xəbər verə bilməz!" (Fatir, 14).
Peyğəmbər -ona Allahın salavatı və salamı olsun- Abdullah ibn Abbasa belə buyurmuşdur:
"Dua etdikdə Allaha dua et, kömək dilədikdə Allahdan dilə. Bil ki, əgər bütün ümmət sənə fayda vermək üçün bir yerə toplaşsa belə, Allahın sənin qədərinə yazdığından başqa bir fayda verə bilməz. Yox əgər sənə zərər vermək üçün toplaşsa, Allahın sənin qədərinə yazdığından başqa bir zərər verə bilməz."

Peyğəmbər -ona və ailəsinə Allahın salavatı və salamı olsun- İbn Abbasa -Allah ondan razı olsun- əmr etmişdir ki, dua etdikdə başqasına deyil, yalnız Allaha dua etsin. Həmçinin kömək dilədikdə başqasından deyil, yalnız Allahdan diləsin. O bildirmişdir ki, ümmət bir yerə toplaşsa belə ona nə bir fayda, nə də bir zərər verə bilməz. Bu, Allaha təvəkkülün və tövbənin həqiqi şəkildə gerçəkləşməsidir.

Sonra mən onlara tövsiyə edirəm ki, Allahın və Rəsulunun əmr etdiyi şəkildə düzgün namaz qılsınlar. Onlar namaz vaxtlarına xüsusi riayət etsinlər. Nə tez, nə də gec olmamaq şərti ilə, hamısını öz vaxtında qılsınlar. Uca Allah bu haqda belə buyurur:
"Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir." (ən-Nisə, 103).

Namaz vaxtlarına gəlincə, məlumdur ki, sübh namazı dan yeri söküləndən günəş doğana qədər, zöhr (günorta) namazı günəşin zeniti keçməsindən hər şeyin kölgəsi özü boyda olana qədər, əsr (ikindi) namazı bundan sonra günəş saralana, zəruri vaxtı isə günəş batana qədər, məğrib (axşam) namazı günəşin batmasından şəfəqi itənə qədər, işa (gecə) namazı günəşin şəfəqinin itməsindən gecə yarısına qədərdir.

Namazı rahatlıqla yəni, tələsməyərək arxayınlıqla qılsınlar. Çünki namaz tələsik qılınarsa batil olar.

Peyğəmbər -ona və ailəsinə Allahın salavatı və salamı olsun- namazı tələsik qılan kişiyə belə buyurmuşdur:
"Get yenidən qıl! Həqiqətdə sən namaz qılmadın." Həmin adam eyni əməlinə görə peyğəmbər tərəfindən -ona və ailəsinə Allahın salavatı və salamı olsun- bir neçə dəfə qaytarıldıqdan sonra ona belə demişdir: "Səni haqla göndərən Allaha and olsun ki, bundan yaxşısını bacarmıram. Öyrət məni!" Peyğəmbər -ona və ailəsinə Allahın salavatı və salamı olsun- ona düzgün namaz qılmağı öyrədərək buyurmuşdur: "Namaz qılmaq istədikdə kamil dəstəmaz al, sonra qibləyə yönəlib təkbir et, sonra Qurandan bildiyini oxu, sonra tələsmədən rüku et, sonra qalx və ayaq üstə arxayın (tələsmədən) dayan, sonra səcdə et və səcdədə arxayın ol, sonra qalx və arxayıncasına otur, sonra səcdə et və səcdədə arxayın ol və bunu namaz boyu təkrar et!"
Həmçinin tövsiyə edirəm ki, zəkat versinlər. Zəkat Allah təalanın mal-dövələtə vacib etdiyi bir paydır. O, varlılardan götürülüb kasıblara verilir. Uca Allah zəkatın kimlərə verilməsini bəyan edərək buyurmuşdur:
"Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) minskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!" (ət-Tövbə, 60).
Onlara nəsihət edirəm ki, Ramazan ayında şəriətin tələblərinə uyğun olaraq oruc tutsunlar. Bu, onların sübh aıçılandan günəş batana qədər özlərini orucu pozan şeylərdən qorumalarından, haram buyurulanlardan çəkinmələrindən və üzərlərinə vacib olan əməlləri yerinə yetirmələrindən ibarətdir. Orucun əsas mahiyyəti də elə budur. Uca Allah buyurur:
"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!" (əl-Bəqərə, 183).
Peyğəmbər -ona Allahın salavatı və salamı olsun- buyurmuşdur:
"Kim pis sözdən, pis əməldən və ya onları etməyə səyindən əl çəkməzsə, onun yemək və içməkdən imtina etməsinə Allahın heç bir ehtiyacı yoxdur."
Gücü çatan hər bir kəsin həccə gedib Beytul-Haramı (Kəbəni) ziyarət etməsini tövsiyə edirəm. Bu haqda uca Allah buyurur:
"Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!" (Ali-İmran, 97).
Həmçinin valideyinlər ilə gözəl davranmağı, qohumluq əlaqələrini kəsməməyi, qonşularla xoş münasibət qurmağı, kasıblara, yoxsullara, yetimlərə əl tutmağı, qonaqpərvərliyi, sözlərində doğru olmağı, insanlara nəshət verməyi tövsiyə edirəm. Peyğəmbər -ona Allahın salavatı və salamı olsun- üç dəfə təkrarlayaraq buyurmuşdur:
"Din nəsihətdir." Soruşmuşlar: Ey Allahın elçisi kimə nəsihətdir? O: "Allaha, Kitabına, Rəsuluna, müsəlmanlara və onların imamlarına." - deyə cavab vermişdir.
Insanları Allahın dininə mülayimlik, yumşaqlıq, hikmət, hallarına acıma və rəhmlə dəvət etmələrini tövsiyə edirəm.

Həmçinin nəsihət edirəm ki, bir-birlərinə xeyirli işlər görməyi əmr edərək, pis əməllərdən çəkindirsinlər. Bu, hökm baxımından fərdul-kifayədir (yəni, bir dəstə insanın icra etməsi ilə vacibliyi digərlərinin üzərindən götürülmüşdür).
Uca Allah buyurmuşdur:
"(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir. (Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar." (Ali-İmran, 104).

Nəsihət edirəm ki, fitnə-fəsad törətməsinlər, bir-birinə kin-küdurət və nifrət bəsləməsinlər, düşmənçilikdən əl çəksinlər. Çünki bu, möminlərin əxlaqından deyildir. Möminlər bir-birini sevər, bir-biri ilə mehriban davranar və bir-birinə dayaq durarlar. Bu haqda peyğəmbər -ona Allahın salavatı və salamı olsun- buyurmuşdur:
"Möminlərin bir-birinə olan sevgisi, mərhəməti və davranışı bir bədənin misalına bənzəyir. Əgər bədənin hər hansı bir əzası ağrayarsa digərləri də qızdırma və yuxusuzluqdan əziyyət çəkər". 

O, həmçinin buyurmuşdur:
"Möminlərin bir-birinə dayaq olması onları bir binaya bənzədir." 
Peyğəmbər -ona Allahın salavatı və salamı olsun- bu sözləri dedikdən sonra barmaqlarını bir-birinə keçirmişdir.

Tövsiyə edirəm ki, dini elimləri öyrənsinlər. Peyğəmbər -ona Allahın salavatı və salamı olsun- buyurmuşdur:
"Allah kimin üçün xeyir istəyərsə, onu dində fəqih (yəni, elm sahibi) edər. "

Elmi, Allahın kitabına və Onun elçisinin -ona Allahın salavatı və salamı olsun- sünnəsinə əsaslanaraq öyrənsinlər. Müəyyən şəxslərə və məzhəblərə təəssübkeşçilikdən əl çəkərək, hər an və hər vaxt haqqı özlərinə meyar götürsünlər.
Uca Allah buyurur:
"Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır." (ən-Nisa, 59).
Nəsihət edirəm ki, sözlərində, əməllərində və bütün işlərində din qardaşlığı prinsiplərinə riayət etsinlər.
Uca Allah bu haqda buyurur:
"Həqiqətən, möminlər (dində) qardaşdırlar." (əl-Hucurat, 10). 

Başqa bir ayədə isə buyrulur:
"Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!" (Ali-İmran, 103).

Allahdan özümə və sizə dünya və axirətdə səadət və müvəffəqiyyət diləyirəm.

Bu, qardaşınız Muhamməd ibn Saleh əl-Useyminin sizə olan nəsihətidir.

Həmd olsun Allaha - aləmlərin Rəbbinə! Peyğəmbərimiz Muhammədə, Onun ailəsinə və bütün səhabələrinə salam və salavat olsun.
Blogger tarafından desteklenmektedir.