Mənhəcin əsasları

Titulo

1.10.2016

DUANIN GEC QƏBUL OLMASININ, YAXUD DA HEÇ QƏBUL OLMAMASININ SƏBƏB VƏ HİKMƏTLƏRİ

Möminin başına gələn imtahanlardan biri də odur ki, Rəbbinə üz tutaraq təkrar-təkrar, uzun müddət və səmimi qəlbdən dua edə, lakin duasının qəbul olduğunu hiss etməyə. O zaman bunu görən Şeytan fürsətdən istifadə edərək həmin insana vəsvəsə verər və Rəbbi barədə cürbəcür pis zənlərə qapanmasına çalışar.

Lakin kimin başına belə bir iş gələrsə, Şeytanın vəsvəsələrinə uymayaraq, Rəbbi barəsində gözəl zəndə olsun və bilsin ki, əgər o duanın qəbul olması üçün bütün şərtləri yerinə yetirərək, səmimi qəlbdən Allaha dua etdikdən sonra duasının qəbul olmamağında böyük bir hikmət vardır ki, bunu da yalnız hər şeydən xəbərdar və hikmət sahibi olan Allah daha gözəl biləndir.

Yeri gəlmişkən həmin hikmətlərdən bir neçəsini qeyd etmək yaxşı olardı ki, hər bir dua edən qul həmin hikmətləri heç vaxt unutmasın.

1. Duanın qəbul olmaması Allahın qulunu etdiyi imtahandır və ona səbr etmək lazımdır
Duanın tez qəbul olması imtahan olduğu kimi, eləcə də gec və ya qəbul olmaması da Allah-təalanın qulunun səbrini yoxlaması üçün bir imtahandır. Allah-təala buyurmuşdur:

كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ وَنَبْلُوكُم بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً وَإِلَيْنَا تُرْجَعُونَ›

"Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükr edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-calalla) imtahana çəkərik. Və siz (Qiyamət günü əməllərinizin əvəzini almaq üçün), ancaq Bizim hüzurumuza qaytarılacaqsınız! " [1]

Ona görə də qul xeyir ilə imtahan olunarsa şükür etməli, şər ilə imtahan olunarsa səbr etməlidir. Duanın qəbul olmaması heç də bəla deyildir. Əsl bəla qulun öz yaradanını unudaraq qəflət içərisində yaşamasıdır. Ola bilsin ki, duasının qəbul olmadığını görən insan yenə də davamlı olaraq uzun- uzadı dua edər və Rəbbinə olan qəflətdən qurtulmuş olar.

2. Allahın qulu üçün seçdiyi, qulun özü üçün seçdiyindən daha üstün və xeyirlidir
Allah-təala sonsuz hikmət sahibidir. Yalnız hikmət olaraq verir və yalnız hikmət olaraq alır. Lakin ola bilsin ki, insan zahiri baxımdan bunu dərk etməyə. Necə ki, həkim xəstəni müalicə etdiyi zaman xəstə müalicə əsnasında müəyyən ağrılar duyur və həmin müvəqqəti ağrılara səbr edərək nəhayət Allahın izni ilə şəfaya nail olur.
Allah-təala buyurmuşdur:

فَعَسَى أَن تَكْرَهُواْ شَيْئًا وَيَجْعَلَ اللّهُ فِيهِ خَيْرًا كَثِيرًا... ›

"...Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun." [2]

Zülm etmək heç də Allah-təalanın gözəl ad və sifətlərinə uyğun deyil­dir. Əksinə, sevdiyi quluna dünyada və axirətdə ona xeyir verəcək şeyləri nəsib edir. Məhz qul ola bilsin ki, istədiyinin aqibətindən xəbərdar olmadığı üçün Allah-təaladan elə bir şey tələb edə ki, zahirən onu özünə xeyir sana, lakin əslində isə bu ona xeyir yox, şər olsun. Necə ki, körpə uşaq şirin şeyi çox yeməsini istər, lakin sonda isə ona ziyan verəcəyini anlamaz.
Allah-təala buyurmuşdur:

كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَّكُمْ وَعَسَى أَن تَكْرَهُواْ شَيْئًا وَهُوَ خَيْرٌ لَّكُمْ وَعَسَى أَن تُحِبُّواْ شَيْئًا وَهُوَ شَرٌّ لَّكُمْ وَاللّهُ يَعْلَمُ وَأَنتُمْ لاَ تَعْلَمُونَ›

"(Allahın düşmənlərinə qarşı) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz. " [3]

Ümumi olaraq bilmək lazımdır ki, insanın xeyir sanaraq arzuladığı hər bir şey ona xeyir gətirmir, əksinə şər də ola bilər.

3. Duasının qəbul olmaması ilə imtahan olunan insan, Allahın sevimli qullarının zümrəsinə daxil ola bilər
Çünki Allah-təalanın qulunu imtahan etməsi ona olan sevgisinə dəlalət edir. Necə ki, Ənəsdən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
"Əcrin böyüklüyü imtahanın ağırlığına görədir. Əgər Allah-təala bir qövmü sevərsə, o qövmü imtahana çəkər. Kim razı olarsa, ona Allahın razılığı, kim qəzəblənərsə, ona Allahın qəzəbi vardır." [4]

4. Allah-təala qulunun ona qarşı razılığını imtahan edir
Əgər qul başına gələn hər bir müsibətlərə görə Rəbbindən narazılıq etməyərək, əksinə razı olarsa, şübhəsiz ki, Allah-təala da ondan razı olar və onu istəyinə qovuşduraraq razı salar. Mömin Rəbbinə hər zaman, davamlı olaraq dua edərək ondan nəsə istəyərsə, yaxud başına gələn müsibətin aradan qaldırılmasını tələb edərsə, lakin duasının qəbul olduğunun əsər-əlamətini görməzsə o zaman Allah-təala həmin bəndəsinin qəlbinə baxar. Əgər o Rəbbindən tam şəkildə heç bir narazılıq etmədən razı olarsa, Allah-təala da onu razı salması üçün duasını qəbul edərək istədiyini verər və başına gələn müsibətini aradan qaldırar. Həqiqətən də, səmimi qəlbdən uzun müddət dua edən, lakin duasının qəbul olmadığını görərək Rəbbindən zərrə qədər də olsa narazı olmayıb əksinə, razı olan qul həqiqi iman sahibidir. Lakin Allahın əmrindən narazı olaraq etiraz etmək heç də möminin sifətlərindən deyildir. Allah-təala buyurmuşdur:

أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُواْ الْجَنَّةَ وَلَمَّا يَأْتِكُم مَّثَلُ الَّذِينَ خَلَوْاْ مِن قَبْلِكُم مَّسَّتْهُمُ الْبَأْسَاء وَالضَّرَّاء وَزُلْزِلُواْ حَتَّى يَقُولَ الرَّسُولُ وَالَّذِينَ آمَنُواْ مَعَهُ مَتَى نَصْرُ اللّهِ أَلا إِنَّ نَصْرَ اللّهِ قَرِيبٌ›

"(Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta, Peyğəmbər və iman gətirənlər birlikdə: "Allahın köməyi nə vaxt gələcək?" - demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır! " [5]

Həmçinin, Əyyub və Yaqub peyğəmbərin (aleyhiməssələm) başına gələn hadisə bizim üçün gözəl bir örnəkdir.

5. Allah-təala ilə ünsiyyətdə olaraq onun məhəbbətinə nail olmaq
Bəzən qulun duasının gec və ya heç qəbul olmamasının xeyri, onun Allah-təaladan tələb edərək müvəqqəti fani dünya həyatı üçün nəyisə istədiyindən qat-qat üstün ola bilər. Çünki insan duanın bütün vacibatlarını və ədəblərini yerinə yetirərək, daima ümidlə, səmimi qəlbdən dua edərsə, Allah-təalanın məhəbbətini qazanmış olar ki, bunun da mükafatı əbədi olan Cənnətdir. Çünki Allahın məhəbbətini qazanmaq onun Cənnətini qazanmaq deməkdir.

6. Duanın gec və ya qəbul olmaması qulun öz nəfsini hesaba çəkməsinə səbəb olur
Ola bilsin ki, duanın gec və ya heç qəbul olmamasının səbəbi dua edənin özündən asılı olsun. Məsələn: Əgər dua edənin yeməyində haram varsa və ya duasının qəbulunun qarşısını alan günahlara yol verirsə, yaxud dua əsnasında duanı dili və qəlbi ilə yox, yalnız etdiyi duanın mahiyyətinə varmadan dili ilə edirsə, duasının qəbuluna mane olmuş olar. Belə halda, duasının qəbulunu görməyən hər bir iman sahibi öz nəfsini hesaba çəkərək özündə olan naqisliyi axtarar, günahlardan çəkinərək tövbə edər və Rəbbinə tərəf dönər ki, buna səbəb onun duasının qəbul olmaması olar. Halbuki, əgər duası tez qəbul olarsa, özündən qafil olaraq nəfsini hesaba çəkməz və əksinə özünü güclü iman sahibi zənn edərək həlak etmiş olar.

7. Ola bilsin ki, insan günahları ilə duasının qəbuluna mane ola
Elə insan vardır ki, daima Rəbbindən narazılıq edərək duasının qəbul olmadığından şikayətlənir. Lakin özünə diqqətlə nəzər salsan görərsən ki, dua etdiyi Rəbbinə heç bircə dəfə də olsun boyun əyərək namaz qılmamışdır. Əksinə, haramlara qurşanaraq həmişə Ona üsyanda olmuşdur. Beləsi duasının qəbul olmadığından gileylənməsin! Əksinə, Allaha şükür etsin ki, onun sağlamlığını günahlarına görə əlindən almamışdır və unutmasın ki, Rəbbinə qarşı üsyanda davam edərsə, başına gələcək müsibətlərə görə yalnız özünü qınamalıdır. Ona görə də kimliyindən asılı olmayaraq hər bir bəndə onu yaradanı unutmamalı və qafilliyindən tövbə edərək Ona tərəf yönəlməlidir ki, bu da onun dualarının qəbul olmasına səbəb olar. Əgər belə edərsə, Rəbbini razı salar və üzərinə bütün xeyir qapılarının açıq olduğunun yəqinliklə şahidi olar.
Allah-təala buyurmuşdur:

وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُواْ لِي وَلْيُؤْمِنُواْ بِي لَعَلَّهُمْ يَرْشُدُونَ›

"(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda (söylə ki), Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. " [6]

8. Şeytanla mübarizə apararaq savab qazanmaq
Şeytan insanın açıq-aydın düşmənidir. Qulu Allah-təalanın yolundan azdırmaq üçün hər cür hiylələrə əl atır. Xüsusən də, insanda bir boşluq görərsə, həmin boşluqdan istifadə edərək vəsvəsə verməyə başlayır. Qul Rəbbinə dua edərsə, lakin duası qəbul olmazsa, o zaman Şeytan bu fürsəti əldən verməyərək qulun qəlbinə Allah barəsində pis zəndə olması, yaxud duanı tərk edərək qəbul olmasından ümidini üzməsi üçün müxtəlif fikirlər irəli sürər. Belə halda, əgər qul Şeytanla mübarizə apararaq onun vəsvəsələrinə məhəl qoymadan Allah barədə gözəl zəndə olarsa və ümidini üzməyərək dua etməkdə davam edərsə, Şeytanı qəzəbləndirərək Rəbbini razı salmış olar. Çünki Şeytanla mübarizə aparmaq ən böyük ibadətlərdəndir.

Əgər bir kəs duasının qəbul olmadığını görərsə və Şeytanın vəsvəsələrinə qələbə çalaraq duasında səmimi qəlblə davam edərsə, şübhəsiz, belə etməsi Rəbbinin yanında məqamının ucalığına səbəb olar ki, bu nailiyyəti əldə etməsi onun duasının qəbul olmasından qat-qat üstün olar.

9. Ola bilsin ki, dua qəbul olsun, lakin dua edənin bundan xəbəri olmasın
Artıq duanın fəzilətindən bəhs edərkən bizə məlum oldu ki, əgər insan duanın qəbul olmasına səbəb olan bütün amilləri yerinə yetirər və qəbuluna mane olan bütün şeyləri tərk edərsə, onun duası müxtəlif olaraq [7] Allah-təala yanında mütləq qəbul olmuş olar. Belə olduğu halda, bəs nə üçün qul duasının qəbul olmadığından narahat olur? Halbuki, o, duasının səmərəsini bu dünyada görməsə belə, axirətdə Allahın izni ilə mütləq görəcəkdir.

----------------------------------------------------------------------
[1] - 21) "əl-Ənbiyə" - 35.
[2] - 4) "ən-Nisə" - 19.
[3] - 2) "əl-Bəqərə" - 216.
[4] - İbn Macə, 4031; əl-Albani, "Sahihu-t-Tirmizi", 2/286.
[5] - 2) "əl-Bəqərə" - 214.
[6] - 2) "əl-Bəqərə" - 186.
[7] - Bax: səh, 8.
Blogger tarafından desteklenmektedir.