Mənhəcin əsasları

Titulo

Möminlərin anaları

Qurani-Kərimdə möminlərin anaları

İnsanın digərlərinə əziyyət verməkdən uzaq duraraq haqlarına girməməsi onun yüksək əxlaqının olmasına dəlalət edir. Ağıl sahibləri bilirlər ki, möminlərə əziyyət vermək və onlara böhtan atmaq açıq-aydın elə bir günahdır ki, Qiyamət günü həmin günah öz sahibini Allah qarşısında alçaldaraq zəlil edəcəkdir.
Şübhə yoxdur ki, mömin kişi və qadınları incidərək əziyyət vermənin ən pisi və ən şərlisi Allah Təalanın dininə, kitabına və Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun) yardım edərək şəriətini çatdırmaq üçün onun ətrafına yığdığı əhli beytindən, həyat yoldaşlarından və səhabələrindən olan kimsələrə əziyyət verərək onları söyüb təhqir etməkdir. Qədim zamanlardan bu günə qədər münafiqlər tərəfindən onlara müxtəlif üsullarla əziyyət verilmişdir. Lakin əfsuslar olsun ki, müsəlmanların sülhə, əmin-amanlığa, bir-birilərinə qarşı dözümlülüyə və birliyə daha çox ehtiyac duyulan bu günlərdə bəzi özlərini dindar adlandıranlar birlikdən dəm vurduqları haldı müxtəlif yerlərdə, eləcə də informasiya vasitələrində dözümsüzlük nümayiş etdirərək ölkədə parçalanma və nifaq toxumu yaymaqla məşğuldurlar. Bu radikal  qüvvələr ölkədə yalnız öz düşüncələrinə uyğun vətəndaşları qəbul edir,  digərlərini düşmən kimi qələmə verir, müxtəlif ləqəb və adlarla adlandırır və hətta insanları dözümsüzlüyə belə səsləyirlər.  Buna bariz nümunə kimi hamımızın sevməsi vacib olan, İslamın ən böyük şəxsiyyətlərindən sayılan, möminlərin anası, xanım Aişəyə (Allah ondan razı olsun) dil uzadaraq ölkəmizdə və eləcə də dünyada olan böyük bir qism insanların hissiyyatı ilə oynayanları misal çəkmək olar. Bu cür çirkinliyə əl atan kəslər əqidəsini Allah və Onun Rəsulu (Allahın ona salavat və salamı olsun) yolunda yurdundan, canından, malından keçən, nəyin bahasına olursa olsun İslamı yer üzünə yayan kəsləri sevməyə səsləyən Qurani Kərimdən deyil, yalnız və yalnız hansısa xurafatlardan götürənlər ola bilir. Çünki Allah Təala Qurani Kərimdə peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyat yoldaşlarını iman edənlərin anası adlandırır, lakin bununla yanaşı özlərini iman əhli kimi qələmə vermiş bəziləri bu şərəfə nail olmaq istəməyərək ya Allah Təalanın sözünü yalanlayır, ya da ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) zövcələrini özlərinə ana saymamaqla özlərini iman əhlinin dairəsindən çıxarmış olurlar. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və onun ailəsinə edilən təhqir və nalayiq sözləri hər bir qeyrətli müsəlman rədd etməli və belə edənləri də haqq yoluna çağırmağı özünə bir şərəf bilməlidir. Mən də öz növbəmdə Allah qatında bu şərəfə nail olmağım arzusunda olaraq belə bir qısa mövzu hazırlayıb Peyğəmbəri və onun ailəsini müdafiə edərək onların fəzilətindən yazmağı özümə borc bildim…

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) zövcələri möminlərin analarıdır

Allah Təala buyurmuşdur:
“Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun həyat yoldaşları da onların analarıdır” (“əl-Əhzab” 6).
Sözsüz ki, bu ayədə peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyat yoldaşlarının möminlərin anaları adlandırılması yalnız məhrəmlik bildirən həqiqi ana mənasında işlədilməmişdir. Çünki onlar həqiqi ana kimi digər möminlərə məhrəm sayılsaydılar onlara hicab bağlamaq kimi qadınlara xas olan bəzi əməllər əmr olunmazdı. Həmçinin bəziləri bu ayədə peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyat yoldaşlarına aid heç bir fəzilətin olmadığını və sadəcə bu ayədə keçən analıq sözünün mənası odur ki, onun zövcələri ilə evlənmək qadağandır deyirlər. Bəli, digər ayədə də deyildiyi kimi Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) vəfatından sonra onlarla evlənməyin qadağan olması ilə yanaşı həmçinin bu ayə onları ana adlandıraraq üstün tutmaqda, sevgidə və hörmətdə sanki ana kimi yaxın olduqlarını bildirmişdir. Allah Təala Peyğəmbərinin (Allahın ona salavat və salamı olsun) zövcələri ilə evlənməyi qadağan edərək buyurmuşdur:
“Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əbədi olaraq icazəli deyildir. Həqiqətən, bu, Allah yanında böyük günahdır!” (“əl-Əhzab” 53).
Həmçinin Qurani Kərimin digər qiraətində Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) də özünün möminlərə ata olması bildirilmişdir. Həmçinin Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) hədisində özünün möminlərə ata kimi olduğunu bildirərək buyurmuşdur:
“Mən sizin üçün ata yerindəyəm” (Əbu Davud).
Bu o demək deyildir ki, o möminlərə ata yerində olması ilə mömin qızların əsl atası sayılır və onlarla evlənə bilməz və.s. Əksinə, bununla bilinir ki, o möminlərlə sevgidə və şəfqətdə öz övladı kimi davranır və möminlər də həmçinin onunla ataya olan hörmət və sevgi ilə, hətta bundan da üstün olan bir əxlaqla davranmalıdırlar.
Ümumən ayə və hədislərdə hörmət, şərəf və üstünlük bildirən bir neçə şeylərə ana adı verilmişdir. Buna misal olaraq Allah Təala Məkkə şəhərinin bütün şəhərlərdən üstün və hörmətə layiq olduğunu bildirmiş və onu “şəhərlər anası” adlandıraraq buyurmuşdur:
“Bu (Quran) da mübarək, özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə şəhərlərin anası olan (Məkkə əhlini) və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar (vaxtlı-vaxtında qılarlar)”. (“əl-Ənam” 92)
Həmçinin buyurmuşdur:
“(Ya Peyğəmbər!) Şəhərlərin anası (olan Məkkə) əhlini və onun ətrafındakıları (bütün başqa insanları) haqqında heç bir şübhə olmayan (bütün məxluqatın bir yerə cəm olacağı) toplanış (qiyamət) günü ilə qorxutmağın üçün beləcə sənə ərəbcə Quran vəhy etdik. (Axirətdə insanların) bir qismi (möminlər) Cənnətdə, bir qismi (kafirlər) isə Cəhənnəmdə olacaqdır!” (“əş-Şura” 7).
Digər bir neçə ayələrdə Allah Təala Lövhi-məhfuzun da dəyərini bildirərək onu “kitabın anası” adlandıraraq buyurmuşdur:
 “Şübhəsiz ki, o, yanımızdakı kitabın anasında (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, çox hikmətlidir” (“əz-Zuxruf” 4).
Həmçinin Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) Fatihə surəsinin Quranda olan fəzilətini bildirmək üçün onu Quranın anası adlandıraraq buyurmuşdur:
“Quranın anasını oxumayanın namazı yoxdur”. (Buxari və Müslim rəvayət etmişdir).
Həmçinin Azərbaycan dilində işlədilən “ana vətən”, “ana torpaq” və “ana yol” sözləri də üstünlük və fəzilət bildirən ifadələrdir.
Böyük şiə alimlərindən olan Şeyx Murtəza (ö.h. 436) bir mövzu haqda danışarkən demişdir: “Burada anadan məqsəd Aişədir. Çünki Allah Təala demişdir: “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun həyat yoldaşları da onların analarıdır”. Bu ayə iki cür təfsir olunmuşdur. Birincisi: Allah Təala bildirmək istəyir ki, onlar bizə anaların haram olduğu kimi haramdırlar. İkincisi: Analarımıza qarşı vacib olduğu kimi onlara qarşı da təzim göstərmək və hörmət etmək bizə vacibdir. Hər ikisinin də birlikdə qəsd olunması mümkündür və aralarında heç bir ziddiyyət yoxdur”. (“Rasəilu əş-Şərif əl-Murtəda” 4/64.)
Şeyx Təbərsi (ö.h. 548) demişdir: “Onun həyat yoldaşları da onların analarıdır”. Mənası budur ki, onlar möminlər üçün hörmət edilməkdə və nikah etməyin haram olmasında anaları kimidirlər”. (ət-Təbərsi, “Təfsiru Məcməil-Bəyən” 8/122).
Şəhid Səni ləqəbi ilə tanınmış Şeyx Zeynəddin ibn Əli əl-Amili (ö.h. 965) demişdir: “Deyirik: Peyğəmbərin zövcələri ilə evlənməyin haram olması qeyd etdiyimiz kimi Quranda təkidlə qadağan edilmiş (digər) ayədən bəllidir. Allah Təalanın “Onun həyat yoldaşları da onların analarıdır” dediyi Möminlərin anaları adlandırılmasından və ya Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) də ata adlandırılmasından deyil. Çünki bu ayədə onlarla evlənməyin haram olması və onların hörmət edilmələri … kinayə olaraq işlənmişdir. Buna baxmayaraq onlara baxmaq  və onlarla təklikdə qalmaq icazəli deyildir. Onların qızlarına da möminlərin bacıları deyilmir. Çünki qızları möminlərə (evlilik üçün) haram deyildir. Artıq Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Fatiməni Əli ilə, Fatimənin iki bacısı olan Ruqeyyəni və Ummu Gülsümü də Osman (Allah onların hamısından razı olsun) ilə evləndirmişdir”. (əl-Amili, “Məsəlikul-Əfhəm” 7/81).
Şeyx Məhəmməd Bəhr əl-Ulum (ö.h. 1326) demişdir: “Xəbərdarlıq: Bil ki, ana sözü üç cür adlandırılmışdır: Nəsəb anaları, Süd anaları, hörmət və təzim anaları. Bunlar da Peyğəmbərin həyat yoldaşlarıdırlar (Allahın ona salavat və salamı olsun). Həqiqətən də onlar Allahın bu ayəsinə  görə möminlərin analarıdırlar. “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun həyat yoldaşları da onların analarıdır”. Onlarla məhrəmiyyət olmadan nikah etməyin haramlığında onlara analıq adı verildiyinə görə deyil, nassa (digər ayədəki açıq-aydın dəlilə) görə (onlarla evlənməyin haramlığında) nəsəb anaları ilə müştərəkdirlər”. (Məhəmməd Bəhr əl-Ulum, “Bi Luğatil Fəqih 3/206).
Şeyx Təbatəbai (ö.h. 1402) demişdir: Ayədəki “Onun həyat yoldaşları da onların analarıdır” (Allah tərəfindən) qoyulmuş bir şəriətdir. Yəni onlar möminlərə təzim göstərməyin vacibliyində və Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) sonra onlarla evlənməyin haram olmasında anaları yerindədirlər”. (ət-Təbatəbai, “əl-Mizan” 16/277).
Şeyx Məhəmməd Sadr demişdir: “Allah Təalanın “Onun həyat yoldaşları da onların analarıdır” sözünə görə  Peyğəmbərin həyat yoldaşlarının hər biri “möminlərin anası” adlanır. Bu da şərəfləndirmə nisbətidir”. (Məhəmməd əs-Sadr, “Mə Vara əl-Fiqh” 8/492).
Günümüzün ən böyük şiə alimlərindən biri sayılan Ayətullah əl-Uzma Nasir Məkarim Şirazi demişdir: “Bu fəsildəki ikinci hökm Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) zövcələri ilə bağlıdır. Belə ki, onlar bütün möminlər üçün ana kimi hesab olunurlar. Əlbəttə ki, o mənəvi və ruhi analıqdır. Necə ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ümmət üçün ruhi və mənəvi atadır. Bu mənəvi bağlılığın təsiri Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) zövcələrinin ehtiramını qoruyub-saxlamaq və onlarla evlənməyin haramlığından ibarətdir. Necə ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) vəfatından sonra onlarla evlənməyin haramlığı barədə bu surənin (digər) ayələrində açıq-aydın hökm varid olmuşdur… Bir məsələ ortaya çıxır. O da dediyimiz kimi evlənməmək məsələsinə əlavə olaraq onlara ehtiram və təzim etməkdir. Ona görə də müsəlmanların qadınları da (müsəlman kişilərinə əlavə olaraq) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) zövcələrinə ehtiram üçün “ana” deyərək müraciət edə bilərlər. Bu sözə sübut budur ki, Qurani Kərim deyir: “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır”. Bu Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hər bir qadın və kişilərə daha yaxın olduğu mənasını verir. Gələn cümlənin şəxs əvəzliyi də geniş mənalı olan bu ünvana qayıdır. Ona görə də Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) zövcəsi Ummu Sələmədən (Allah ondan razı olsun) varid olan ifadədə  demişdir: “Mən sizdən olan kişilərin və qadınların anasıyam”.
Burada bir sual ortaya çıxır: “Onun həyat yoldaşları da onların analarıdır” ifadəsi, “əl-Mucədələ” surəsinin 2-ci ayəsindəki “Sizdən öz qadınları ilə zihar edən kimsələrin zövcələri (əslində) onların anaları deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır. Onlar, əlbəttə, pis və yalan söz danışırlar” – sözlər ilə ziddiyyət təşkil edirmi? Belə olan halda müsəlmanların onlardan doğulmadığına görə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) zövcələri onların anaları necə ola bilərlər? Bu suala cavab verərkən diqqət etmək lazımdır ki, hansısa bir qadına “ana” deyərək müraciət etmək, ya cismi cəhətdən olur, ya da ki, ruhi cəhətdən. Cismi cəhətə gəldikdə isə bu müraciət yalnız o qadından doğularkən real sayılır. Keçən ayələrdə də varid olan budur ki, insan üçün cismi ana yalnız onu doğandır. Ruhi ata və ana isə odur ki, insan üzərində onun mənəvi haqqı vardır. Buna misal Peyğəmbərdir (Allahın ona salavat və salamı olsun). Hansı ki, o, ümmət üçün mənəvi ata sayılır. Ona görə də onun zövcələri də ananın dərəcəsini və ehtiramını qazanmışdır. Zihar barəsində cahiliyyət ərəblərinə yönələn qarışıqlıqda onlar həyat yoldaşlarına “ana” deyə müraciət edirdilər. Etiraf ediləsidir ki, onların məqsədləri mənəvi ana deyildi. Əksinə qəsdləri həyat yoldaşlarının onların cismi anaları olmaları idi. Ona görə də (belə hesab etməni) boşamanın bir növü sayırdılar. Biz bilirik ki, cismi analıq adi sözlərlə həyata keçən deyildir. Əksinə onun şərti cismi doğumdur. Ona görə də onların sözü “pis və yalan söz” idi. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) zövcələrinə gəldikdə isə, onların cismi ana olmadıqlarına baxmayaraq Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) məqam və ehtiramından onlar da qazandıqları üçün ruhi anadırlar və onlara (doğma) analar kimi ehtiram etmək vacibdir. Gələn ayələrdə Quranın Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) zövcələri ilə evlənməyi haram etməsini görəcəyik. Həqiqətən də o haramlıq onlara və Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) olan ehtiramın digər bir məsələsidir və onun geniş şəkildə açıqlanması Uca Allahın izni ilə qeyd olunacaqdır”. (Nasir Məkarim Şirazi, “əl-Əmsəl” 13/160-171).
Ardı var…
Mənbə: Sələfxəbər
Blogger tarafından desteklenmektedir.